Qəbələ sosial-iqtisadi inkişafın və tərəqqinin yeni mərhələsindədir

 

Prezident İlham Əliyev: “Qəbələ şəhəri xəritədə öz tarixi yerini bərpa edib. Qəbələ qədim yaşayış yurdudur, qədim şəhərdir. Qədim xəritələrdə Qəbələnin adını görmək mümkündür. Bu gün Qəbələnin tarixi şöhrəti özünə qaytarılıbdır”.

Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 16-da Nazirlər kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Cənab Prezident qeyd etmişdir ki, ötən il ölkə qarşısında duran bütün sosial-iqtisadi vəzifələr uğurla icra edilmişdir. Ölkənin hər yerində olduğu kimi Qəbələdə də nəzərdə tutulan proqnoz tapşırıqlar daha yüksək səviyyədə yerinə yetirilmişdir.

2011-ci ildə sosial-iqtisadi sahədə Qəbələ rayonunda da işlər uğurla davam etdirilmişdir.

Rayonun ictimai həyatında baş verən əsas əlamətdar hadisə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin 2011-ci ilin noyabr ayının 17-18-də Qəbələyə gəlişidir.

Səfər zamanı ölkə başçısı bir çox mühüm sosial və iqtisadi xarakterli obyektlərin açılışında iştirak etmiş,  inşaat işləri davam edən tikintilərdə işin gedişi ilə tanış olmuşdur.

Rayonun ərazisi 1548 kv. kilometr, əhalisi 96,8 min nəfərdir. Əhalinin 78,6 faizini azərbaycanlılar, 17,2 faizini ləzgilər, 3,9 faizini udilər, 0,2 faizini türklər, 0,1 faizini isə digər millətlərin nümayəndələri təşkil edir. Rayonda 1 şəhər, 3 qəsəbə, 60 kənd vardır. Yaşayış məntəqələrində 60 icra nümayəndəliyi, 55 bələdiyyə fəaliyyət göstərir.

Ötən müddət ərzində iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 220,007 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 82,025 min manat, yaxud 59 faiz çox olmuşdur.

2011-ci ildə əvvəlki ilə nisbətən ümumi məhsul buraxılışı sənayedə 655 min manat, yaxud 3 faiz, kənd təsərrüfatında 2,371 min manat, yaxud 5 faiz, tikintidə 77,202 min manat, yaxud 2,6 dəfə nəqliyyatda 310 min manat, yaxud 12 faiz, rabitədə 60 min manat, yaxud 8 faiz, ticarətdə 1,427 min manat, yaxud 7 faiz artmışdır.

Hesabat dövründə adambaşına düşən ümumi məhsul buraxılışı ötən ilin müvafiq dövrünə nisbətən 824 manat artaraq, 2,274 manata çatdırılmışdır.

Rayonun yerli gəlirlərinə aid edilən məbləğ 2011-ci ildə 5,672 min manat proqnoza qarşı 7.806,9 min manat (137,6 faiz), yaxud 2.134,9 min manat çox yerinə yetirilmişdir.

Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 11.233,6 min manat (81,5 faiz), yaxud 2.080 min manat az olmuşdur.

Yerli büdcənin hesabında 1 yanvar 2012-ci il tarixə 470,6 min manat vəsait qalığı yaranmışdır.

Rayon sənayesinin ümumi məhsul istehsalında və xidmətlərin göstərilməsində qeyri-dövlət bölməsinin xüsusi çəkisi 87,5 faiz təşkil etmişdir.

2011-ci ildə sənaye müəssisələrində çalışan 548 nəfər işçinin orta aylıq nominal əməkhaqqı 297 manat təşkil etmişdir.

Əsas kapitala yönəlmiş investisiyanın həcmi 124.165 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 93.123 min manat təşkil etmişdir. Əvvəlki illə müqayisədə əsas kapitala yönəlmiş investisiyanın həcmi 77.202 min manat, yaxud 2,6 dəfə artmışdır.

Qəbələ şəhərinin su təchizatının yenidən qurulması istiqamətində işə başlanılmış, 6 ədəd subartezian quyusu qazılmışdır, 2 ədəd 1000 kub/metrlik su anbarının 3-də betonlama işi başa çatmış, 1 ədəd su anbarı tikilməkdədir. 4 ədəd 500 kub/metrlik su anbarının betonlama işləri başa çatmışdır. Anbarlararası magistral su xəttinin  16.000 metr hissəsindən 13500 metr hissəsi çəkilmişdir. Müxtəlif diametrlik plastik borularla subartezian quyularından 1000 kub/metrlik su anbarına su xətti çəkilmişdir. Kanalizasiya sisteminin yenidən qurulması işlərinin layihə sənədləri hazırlanmış, yaxın vaxtlarda həmin işə başlanılması nəzərdə tutulmuşdur.

 

Əhalinin sosial müdafiəsi gücləndirilir

 

2011-ci ilin yekununa görə, Dövlət Sosial Müdafiə Fondunun Qəbələ Rayon Şöbəsi üzrə 12.230 nəfər pensiyaçı qeydiyyatda olmuşdur. Pensiyaçılara təyin olunmuş ümumi pensiya məbləği bir ayda 1.538,7 min manat, bir pensiya işi üzrə orta aylıq pensiya məbləği 130 manat 54 qəpik təşkil etmişdir. İl ərzində əhaliyə 16.644,6 min manat pensiya, 108,6 min manat dəfn müavinəti, 255,6 min manat məcburi dövlət sosial sığorta haqları hesabına digər müavinətlər, həmin vəsaitlərin əhaliyə çatdırılması üçün isə xidmət müəssisələrinə 72 min manat xidmət haqqı ödənmişdir. İlin yekununa görə gəlirlər üzrə proqnozda nəzərdə tutulmuş 4.485,8 min manata qarşı 4.330,4 min manat məcburi dövlət sosial sığorta haqları toplanaraq, illik proqnoza 96,5 faiz əməl olunmuşdur.

Əhalinin sosial müdafiəsi mərkəzi tərəfindən 2011-ci ildə 3,153 nəfərə sosial müavinətlər, 299 nəfərə Prezident təqaüdləri, 1690 nəfərə birdəfəlik müavinətlər və 370 ailəyə ünvanlı sosial yardım verilmişdir.

Qəbələ Rayon Məşğulluq Mərkəzində ötən il 615 vətəndaş qeydiyyatdan keçmiş, 310 nəfər müvafiq işlə təmin edilmişdir. Qeydiyyatdan keçmiş qeyri-məşğul əhalidən 16 nəfəri kompyuter istifadəçisi kursuna, 35 nəfər işaxtaran bir ay müddətinə haqqı ödənilən ictimai işə cəlb edilmişdir.

Qəbələ şəhərində inşa edilən “Olimpiya İdman Kompleksi”ndə, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasında, “Qafqaz Sport Otel”də, Fövqəladə Hallar Nazirliyinin N saylı hərbi hissəsində, Su və limonad istehsalı müəssisəsində, Nic qəsəbəsində Heydər Əliyev Fondunun sifarişi ilə tikilən 420 şagird yerlik tam orta məktəbdə, Qəbələ Beynəlxalq Hava Limanında, İmamlı kəndində inşa edilən 80 şagird yerlik məktəb binasında tikinti quraşdırma işləri başa çatdırılaraq istifadəyə verilmişdir.

 Qəbələ şəhərində inşa edilən Qəbələ Mədəniyyət Mərkəzində, Qəbələ Atçılıq Mərkəzində, Qəbələ şəhər məscidində, Qəbələ Futbol Akademiyasının Stadionlar Kompleksində, Yengicə kəndində inşa edilən “Yengicə istisu müalicə və sağlamlıq kompleksi”ndə, Topbağ kəndində inşa edilən 80 şagird yerlik ümumi orta məktəb və Bum qəsəbəsində 25 uşaq yerlik yeni uşaq bağçasının binalarında, Qəbələ şəhərində inşa edilən Milli Təhlükəsizlik Nazirliyinin Qəbələ rayon şöbəsinin inzibati binasında, Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması obyektində, Qəbələ Hava Limanı-Qəbələ şəhəri I dərəcəli avtomobil yolunun tikintisində, Nic qəsəbə 3 saylı 360 şagird yerlik, Tövlə kəndində 180 yerlik tam orta məktəblərinin binasında, Qaradeyin kəndində “Şərab zavodu”nun tikintisində tikinti-quraşdırma işləri davam etdirilir.

 

Təhsildə uğurlar

 

Son beş ildə tam orta məktəblərimizi bitirən məzunlarımızın ali məktəblərə qəbul göstəricisi 2010/2011-ci dərs ilində ən yüksək həddə çataraq, 393 nəfər olmuşdur ki, bunların da 20 nəfəri 600-dən artıq bal toplayaraq, respublikamızın ən nüfuzlu ali məktəblərinə qəbul olunmuşlar. Qəbələ şəhər 1,2, 3 və 4 saylı, Nohurqışlaq, Həmzəli, Vəndam 1, Zarağan 1 saylı tam orta məktəblərinin bu istiqamətdə əldə etdikləri nəticələr daha yüksək olmuşdur.

Qəbul imtahanlarında 682 bal toplayaraq, ATU-nun müalicə işi fakültəsinə daxil olan Nohurqışlaq kənd tam orta məktəbinin məzunu Hacıbəyli Zeynəb və 677 bal toplayaraq, Azərbaycan Prezidenti Yanında İdarəçilik Akademiyasına daxil olan Həmzəli kənd tam orta məktəbin məzunu Babazadə İlkin Prezident təqaüdünə layiq görülmüşlər. Bu tədris ilində 19 nəfər müxtəlif ixtisaslardan olan gənc müəllim Təhsil Nazirliyinin keçirdiyi müsabiqədə uğurla iştirak edərək, rayonun ümumtəhsil məktəblərində ehtiyaca görə işlə təmin olunmuşdur.

 

Turizm inkişaf etdirilir

 

2011-ci il Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Turizm ili” və BMT tərəfindən Beynəlxalq “Meşə ili” elan edilmişdir. Bununla əlaqədar məktəblərdə meşələrin qorunması və davamlı istifadəsi sahəsində şagirdlərin maarifləndirilməsi üçün məqsədyönlü işlər aparılır. “Meşə ili” ilə bağlı 2011-ci ilin dekabr ayında “Meşələri qoruyaq” devizi altında gənc meşəçilərin respublika müsabiqəsinin rayon turu keçirilmiş, dörd nəfər məktəbli rayon turunun qalibi olmuş və respublika turunda iştirak etmək hüququ qazanmışlar.

Ölkə Prezidenti möhtərəm, cənab İlham Əliyev rayonumuza səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşündə bildirdi ki, son illər ərzində Qəbələ beynəlxalq mərkəzə çevrilmişdir. Burada ənənəvi keçirilən musiqi festivalları artıq dünyada çox məşhur olubdur və festivalda iştirak edənlərin sayı ildən-ilə artır, dünyanın aparıcı sənət adamları bu festivalda iştirak edirlər.

Qəbələ Beynəlxalq Hava Limanının açılış mərasimindəki nitqində ölkə başçısı qeyd etdi ki, bu aeroportun tikintisi 20 illik müstəqillik dövründə əldə edilmiş uğurlardan biridir. Əminəm ki, bu aeroportun fəaliyyətə başlamasından sonra Qəbələyə turist axını daha da güclü olacaqdır.

Cənab İlham Əliyev daha sonra çıxışında demişdir: “Qəbələ şəhəri xəritədə öz tarixi yerini bərpa edib. Qəbələ qədim yaşayış yurdudur, qədim şəhərdir. Qədim xəritələrdə Qəbələnin adını görmək mümkündür. Bu gün Qəbələnin tarixi şöhrəti özünə qaytarılıbdır”. Bu səpkidən olan xeyli beynəlxalq tədbirlərə Qəbələ ev sahibliyi etmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən III Beynəlxalq Musiqi Festivalı, türk dünyasının böyük ədibi, Qazax yazıçısı Oljas Süleymenovun 75 illik yubiley tədbiri, Qəbələ II Beynəlxalq-İncəsənət Rəsm Sərgisi, 23 ölkənin səfirlik nümayəndələrinin iştirakı ilə keçirilən infotur, Heydər Əliyev Fondunun Vitse Prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə “Ekoloji idarəçilikdə gənclərin rolu - bu gün və sabah” mövzusunda gənc ekoloqların beynəlxalq düşərgəsinin açılışı, 40-dan artıq ölkənin iştirak etdiyi XI belə tədbirlərdəndir.

 

Aqrar sahəyə qayğı artıb

 

Aqrar sahəyə dövlət qayğısının daim artması nəticəsində, bütövlükdə respublikada olduğu kimi, rayonumuzun kənd təsərrüfatı sahəsində də əhəmiyyətli dirçəliş hiss edilir. Xüsusilə qeyd etmək lazımdır ki, hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən imzalanmış “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli sərəncam kəndli sahibkarlar tərəfindən böyük ruh yüksəkliyi və minnətdarlıqla qarşılanmışdır.

Rayon komissiyası tərəfindən sərəncamın icrası ilə əlaqədar olaraq, 2011-ci ilin iyun ayında rayonun 2.296 torpaq sahibkarına əkin sahələrinin becərilməsinə görə 1.039.652 manat yardım hesablanmış və cari ilin avqust ayında plastik kartlar vasitəsi ilə onlara çatdırılmışdır. Bundan əlavə, 2011-ci ilin dekabr ayında daha 2.288 nəfər sahibkara 19.885 hektar sahədə buğda əkininə görə 795.420 manat yardım hesablanmışdır.

Rayonun iqtisadiyyatının əsasını təşkil edən taxılçılıqda, ekstensiv amillərdən intensiv amillərə keçidlə əlaqədar xeyli irəliləyiş nəzərə çarpır. 2011-ci ilin məhsulu üçün 26.320 hektar sahədə payızlıq dənli bitkilər əkilmişdir. Onun 21.250 hektarını buğda, 5.070 hektarını isə arpa sahələri təşkil etmişdir. Əkilmiş sahələrdən 61.852 ton taxıl toplanmışdır. Hər hektardan məhsuldarlıq 23,5 sentner olmuşdur.

Məlum olduğu kimi, taxılçılığın inkişafına təsir edən mühüm amillərdən biri yüksək məhsuldar toxum növlərinin mövcud olmasıdır. Yüksək məhsuldar toxum növlərinin əldə olunması üçün, rayonda 6 özəl toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. Ötən il həmin təsərrüfatlarda 4,513 ton I və II reproduksiyalı toxumlar istehsal edilmiş və 2012-ci ilin məhsulu üçün münasib qiymətlərlə torpaq mülkiyyətçilərinə satılmışdır.

Heyvandarlıq sahəsində də əhəmiyyətli dirçəliş hiss edilir. Hazırda rayon üzrə iribuynuzlu mal-qaranın sayı artaraq, 52.273 başa, qoyun-keçilər 217.862 başa, quşların sayı 327.266 başa çatdırılmışdır.

2010-cu illə müqayisədə keçən il heyvandarlıq məhsulları istehsalı da xeyli artmışdır. Belə ki, ət istehsalı 64 ton artaraq, 5.548 tona, süd istehsalı 346 ton artaraq, 26.127 tona, yumurta istehsalı isə 81 min ədəd artaraq, 8,144 min ədədə, yun istehsalı 5 ton artaraq, 447 tona çatmışdır.

 Rayonda fərdi mal-qaranın baş sayının artmasına uyğun olaraq, iribuynuzlu maldarlıq komplekslərinin yaradılmasına ciddi ehtiyac vardır və bu sahədə müəyyən işlər aparılır. Belə ki, hər biri 500 başlıq olmaqla 2 modern heyvandarlıq komplekslərinin tikintisinə başlanmışdır.

Hazırda rayonda 2 iribuynuzlu, 1 xırdabuynuzlu özəl damazlıq təsərrüfatları fəaliyyət göstərir. Həmin təsərrüfatlar rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Bundan əlavə mal-qaranın damazlıq keyfiyyətlərinin yaxşılaşdırılması üçün rayonda 8 süni mayalanma məntəqəsi fəaliyyət göstərir. İl ərzində 2.297 baş inək və düyəşərdə süni mayalanma aparılmışdır ki, bu da yüksək məhsuldar heyvanların əldə olunmasına imkan yaradacaqdır.

 

Problemlər yerində həll edilir

 

Rayon icra hakimiyyəti başçısı tərəfindən imzalanmış sərəncama əsasən vətəndaşların qəbulunu həyata keçirmək məqsədilə komissiya yaradılmış və hər həftənin 4-cü günü yaşayış məntəqələrində vətəndaşların qəbulu aparılmışdır. Qəbullar zamanı səslənən fikir və qaldırılan problemlər yerində araşdırılmış və icra olunması üçün müvafiq tədbirlər görülmüşdür.

2011-ci ildə ümumilikdə 2.793 vətəndaş qəbul edilmişdir ki, onların 1.377 nəfəri rayon icra hakimiyyəti başçısının qəbulunda olmuşdur. Bütün qəbullar zamanı verilən tapşırığın icrasının təmin edilməsi məqsədi ilə aidiyyəti üzrə məsul şəxslərdən rəsmi olaraq arayışlar alınmışdır.

2011-ci ildə rayon icra hakimiyyəti başçısı yanında şura yığıncağında müzakirə edilən iyirmi doqquz məsələnin beşi və müraciətlərinə baxılması ilə əlaqədar olmuşdur.

 Qəbələ Rayon İcra Hakimiyyəti 2011-ci ildə əldə edilmiş uğurları daha da genişləndirmək üçün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrini, eyni zamanda qanunvericiliklə üzərinə düşən vəzifələrin yerinə yetirilməsinin təmin edilməsi istiqamətində 2012-ci ildə lazım gələn bütün tədbirləri həyata keçirəcəkdir.

 

 

 Zaman.-2012.-12-14 may.-S.4.