“Qəbələ beynəlxalq aləmdə Qərb və Şərq mədəniyyətlərinin qovuşması rəmzinə çevrilməkdədir”

 

Azərbaycanın ən gözəl məkanlarından biri olan Qəbələ həm də çoxlu sayda tarixi abidələrlə zəngindir. Bu tarixi abidələr isə Qəbələnin tarixinin min illər bundan əvvəllərə gedib çıxdığını göstərir. 

Bizim Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarova ilə söhbətimiz də bu füsunkar yurd yerimizin qədim tarixi, adət-ənənələri, xalq sənəti nümunələri barədə oldu. Qəbələnin şanlı keçmişə malik olduğunu və yüz illər boyu Azərbaycan Albaniyasının ana şəhərlərindən biri olaraq milli dövlətçiliyimizin inkişafında xüsusi rol oynadığına diqqəti cəlb edən Nargilə xanım əsas məqsədlərinin gənclərin milli dövlətçilik, vətənpərvərlik ruhunda yetişdirilməsinə yardım etməyin olduğunu söylədi. O: “Qəbələnin hansı daşını tərpətsən, haraya ayaq bassan orada min illər bundan əvvəlki tariximizin izlərini görəcəksiniz. Qəbələnin hər daşı, hər ağacı, hər qayası canlı bir tarix, ulularımızın bizə yadigar qoyub getdiyi əvəzsiz  incilərdir”,-deyir.

Nargilə xanım televiziya kanallarının, internetin geniş şəbəkəsinin həyatımızın mühüm hissəsinə çevrildiyi bir vaxtda mədəniyyət evlərinin, klubların, muzeylərin, kitabxanaların adamların əsl istirahət ocaqlarına  çevrilməsinin asan olmadığını da bildirdi.

O, qeyd etdi ki, Qəbələ rayonunda 14 mədəniyyət evi, 22 klub, tarixi-mədəniyyət qoruğu, 27 kitabxana, incəsənət məktəbi, rəsm qalereyası, Heydər Əliyev mərkəzi, tarix-diyarşünaslıq muzeyi və onun filialı, Şəhidlər muzeyi, İ.B.Qutqaşınlının ev muzeyi, mədəniyyət və istirahət parkı var: “Rayon mədəniyyət mərkəzində C.Məmmədquluzadə adına xalq teatrı, “Çinar”instrumental ansamblı, Bum qəsəbə mədəniyyət evində “Zopu-Zopu”etnoqrafik folklorlar rəqs ansamblı , Nic qəsəbə mədəniyyət evində “Cəngi” adında folklor ansamblı, Hacallı kənd mədəniyyət evində “Gülüstan” qadınlardan ibarət folklor kollektivi fəaliyyət göstərir. Mədəniyyət evlərimiz, klublarımız, muzeylərimiz, kitabxanalarımız müxtəlif  bayram və tarixi günlərdə eləcə də işdən sonra istirahət saatlarında maraqlı tədbirlər, konsert proqramları hazırlayıb nümayiş etdirirlər. Mədəniyyət işçilərimiz xalqımızın tarixi qaynaqlarına böyük diqqətlə yanaşdıqlarından, millətin qan yaddaşına hopmuş adət və ənənələrimizin elementlərindən bacarıqla istifadə etdiklərindən hazırladıqları tamaşa və konsert proqramları  insanlar tərəfindən maraqla qarşılanır. Məsələn, Novruz bayramı münasibəti ilə Zərifə Əliyeva adına parkda geniş tədbir keçirdik. Tədbirdə meydan tamaşaları göstərildi, rayon mədəniyyət evinin “Çinar” instrumental ansamblının, “Gülüstan”folklor qrupunun, Hacallı kənd mədəniyyət evinin  “Gülüstan”, Əmirvar kənd klubunun “Qaynana” folklor qruplarının çıxışları alqışlarla qarşılandı. Rayon mərkəzi ilə yanaşı, ucqar dağ kəndlərində verdiyimiz konsertlər də geniş tamaşaçı auditoriyası yığır. İncəsənət məktəbi şagirdlərinin müxtəlif konsert proqramları ilə çıxışları, rəsm qalereyasında təşkil olunan rəsm sərgiləri də əhalidə maraq doğuran tədbirlər sırasındadır. Fərəh hissi ilə deyə bilərəm ki, indi rayonumuzun adı dünyanin mədəniyyət aləmində hörmətlə çəkilir. Ötən ilin iyulunda rayonumuzda keçirilən III Beynəlxalq musiqi festivalında 26 ölkədən 200-dən çox qonaq iştirak etdi. Dünya şöhrətli dirijor Yuri Basmetin rəhbərlik etdiyi “Yeni Rusiya” Dövlət Sinfonik Orkestrinin çıxışı, eləcə də “Muğam gecəsi” qəbəlilərlə yanaşı qonaqların da sürətli alqışlarına səbəb oldu. Qəbələ beynəlxalq aləmdə Qərb və Şərq mədəniyyətlərinin birləşib böyük bir harmoniya yaratması rəmzinə çevrilmişdir”.

Nargilə xanım qeyd etdi ki, rayonun ayrı-ayrı ifaçıları və kollektivləri respublika səviyyəli tədbirlərdə fəal iştirak edir. Onun sözlərinə görə, İncəsənət məktəbinin şagirdi Vüsal Daşdəmirli Ucarda keçirilən milli musiqi alətləri ifaçılarının və respublika müsabiqəsində uğurlu çıxışına görə diplomla mükafatlandırılıb, həmin məktəbin şagirdi Hacıbala Əbdürrəhmanov isə “Pöhrələr” adlı baxış müsabiqədə I yeri tutub: “Novruz bayramı  günlərində Bakının dənizkənarı parkında təşkil olunmuş bayram yarmarkasında Bum qəsəbə mədəniyyət evinin “Zopu-Zopu” etnoqrafik folklor rəqs ansamblının çıxışı maraqla qarşılandı.

Bizim üçün sevindirici haldan biri də qəbələli rəssamların əsərlərinin xaricdə keçirilən sərgilərdə də nümayiş etdirilməsidir. Ötən il Türkiyənin İstanbul şəhərində Türk Dəniz Qüvvətləri Muzeyində gənc rəssamlarımızın əsərləri nümayiş olunmuşdur. Sərgidə Türkiyənin rəsmi dövlət nümayəndələri, respublikamızın İstanbuldakı konsulluğunun əməkdaşları da iştirak etdilər.  İsmayıllıda keçirilən əl işləri sərgisində isə xalq tətbiqi sənəti ustalarımızın əsərləri yüksək qiymətləndirildi.. Ötən ilin dekabr ayında isə qəbələdə II Beynəlxalq incəsənət rəsm sərgisi keçirildi. “Sənət! Həyat! Torpaq!” mövzusunda keçirilən sərgidə 17 ölkədən 116 rəssam və heykəltaraş iştirak edirdi. Fərəhli haldır ki, burada da rəssamlarımızın əsərləri nümayiş etdirilirdi.

Rayon mədəniyyət evinin “Gülbuta”, Hacallı kənd mədəniyyət evinin “Gülüstan”  və Əmirvar kənd klubunun “Qaynana”  folklor qrupları  xalq yaradıcılıq sahəsində maraqlı tamaşaları ilə yadda qalıblar. Həmin qruplar xalq mərasimlərini öyrənir, ona səhnə həyatı verir, repertuarlarını zənginləşdirirlər. Bakı opera  və Balet teatrında “Azərbaycan doğma diyar” şüarı  altında keçirilən Milli azlıqların incəsənət festivalında Nic qəsəbə mədəniyyət evinin udinlərdən ibarət “Cəngi” qrupu da uğurla çıxış etdi. “Qaynana”folklor qrupunun ifasında yerli ləzgi xalqının adət və ənənələrini əks etdirən tamaşa da  maraqla qarşılandı”.

Nargilə xanım Qəbələnin turizm potensialının da çox böyük olduğunu vurğuladı. O dedi ki,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 93 tarixi mədəni abidə dövlət mühafizəsinə götürülüb. Onlardan biri, qədim Qəbələ şəhəri dünya əhəmiyyətli arxeoloji abidələr siyahısına aiddir: “8 memarlıq, 53 arxeoloji abidə isə ölkə, digərləri isə yerli əhəmiyyətlidir. Unikal təbii iqlim şəraiti, mineral bulaqları, lacivərd landşaftı ilə seçilən tarixi “İpək” yolunun üstündə yerləşən qədim Qafqaz Albaniyasının paytaxtı Qəbələ şəhərinin qalıqları ilə şöhrət tapmış rayonumuz çox böyük turizm imkanlarına malikdir. Bu imkanlardan bacarıqla istifadə edilməsi xüsusi sektorda turist-istirahət komplekslərinin sayının sürətlə  artmasına səbəb olub. Xüsusilə  “Qafqaz Resort” otel, “Sərin meşə”, “Duyma”, “Karvan”, “Yeddi gözəl”, “Sahil”, “Selbasar”, “Ay işığı”, “Qafqaz”, “Xanlar”, “Çənlibel”, “Soyuq bulaq”, “Gilan”, “Qəbələ”, “Karvan” pansionat və otellərində qonaqların mənalı, xoş istirahəti üçün hər cür şərait yaradılıb.  Onlardan “Qafqaz Resort”oteli beş ulduzlu  xidməti ilə ölkənin ən qabaqcıl otelləri sırasındadır. Məsələn, burada 200-350 nəfərlik konfrans zalı, 250 nəfərlik banket zalı vardır. 700 nəfərlik amfiteatr isə kütləvi tədbirlər üçün nəzərdə tutulub. Qəbələdə yeganə disko-klub da bu oteldədir. Xidmət heyəti dünya mətbəxinin o cümlədən AvropaTürk kulinariyasının ən ləziz yeməkləri ilə qonaqların xidmətindədir. Digər otelpansionatlar da turistlərə müxtəlif, yüksək səviyyəli xidmətlər göstərilir. Rayonumuzun ekzotik təbiəti ilə təmasda olmaq, möcüzəli Azərbaycan mətbəxinin surprizlərindən dadmaq üçün Qəbələyə gələn turistlərin sayı ildən-ilə artmaqdadır. Ötən il rayonumuza 39960 nəfər turist gəlmişdir. Bu ilin birinci rübündə onların sayı 6500 olmuşdur. Onların arasında mədəniyyətimizlə, tarixi abidələrimizlə maraqlananların sayının çox olması bizi sevindirir. Rayonumuzda  turizmin inkişafını nəzərə alaraq yerli kadrlara ehtiyacı ödəmək üçün turizm və otelşünaslıq üzrə peşə təhsili mərkəzinin açılması nəzərdə tutulub. Turizm iqtisadiyyatımızın əlverişli bir hissəsi olmaqla xırda və orta sahibkarlıq üçündə möhkəm baza yaradır, yeni yerlərinin açılmasına kömək edir. Bir sözlə turizim sahəsində rayonun müsbət imici formalaşır. Qəbələnin gözəl təbiəti ilə yanaşı zəngin tariximiz, milli adət və ənənələrimiz də turistləri cəlb edir. Ümumiyyətlə rayonumuzun sakinləri bu el-obanı gəzib-görmək istəyən hər bir xoş niyyət insanı qəlb açıqlığı ilə qəbul etməyə hazırdırlar”.

 

 

  RAFİQ RƏHİMOV

 

  Zaman.-2012.-12-14 may.-S.6.