“Ağacoyma
sənəti çətin və şərəfli bir peşədir”
Qəbələ
şəhəri ancaq öz füsunkar təbiəti ilə
deyil, xalq tətbiqi sənəti, yeməkləri və qonaqpərvərliyi
ilə seçilir. Turizm sahəsinə ayrılan diqqət nəticəsində
Qəbələ öz gözəlliyini hamıya
nümayiş etdirmək imkanı əldə edir.
Qəbələni
yerli və xarici turistlərə özünəməxsus tərzdə
təqdim edən sənətkarlardan biri də Şahin
ustadır.
Bir
çoxlarının yararsız kötük və ya
tullantı odun parçası kimi baxdığı şeydən
o, sənət əsəri ərsəyə gətirir. Əlinə
keçən hər bir odun parçasından nəsə
düzəldir. Bu, suvenir də ola bilər, hansısa məişət
əşyası da, dərs ləvazimatı da, milli atribut da,
hansısa şirkətin loqosu da. Çünki o, ağaca
baxarkən onun içində gizlənən sənəti
görür.
Şahin
Rəhimov 41 illik ömrünün 16 ilini tətbiqi sənətə
həsr edib. İndiyə qədər ərsəyə gətirdiyi
əsərlərin sayını itirib. Hər gün nəsə
ortaya qoyur. Şahin usta işinin vurğunu olduğunu söyləyir.
“Ağacoyma sənəti çətin və şərəfli
bir peşədir. Bu, elə sənətdir ki, bu işdən
zövq almamaq mümkün deyil. Kələ-kötür odun
parçasını qoyursan qabağına, əlinə iskənə
alıb işləyirsən. Müəyyən müddət
keçir və bir də görürsən ki, həmin kələ-kötür
odun parçasından möhtəşəm bir sənət əsəri
ortaya çıxıb”,- Şahin usta deyir.
O,
mövzu sarıdan korluq çəkmədiyini bildirir. Şahin
usta tətbiqi sənəti qısaca belə xarakterizə edir:
“Beyin fikirləşir, əllər çatdırmır”. Bu
baxımdan tətbiqi sənət ustalarının iş
vaxtı ilin 12 ayı, günün 24 saatıdır. Bəzən
yatanda gördüyü bir yuxu onun üçün ilham
qaynağı ola bilir. Şahin usta düzəltdiyi hər bir əşyanın
onun üçün doğma və əziz olduğunu söyləyir.
Bəzən olur ki, min bir əziyyətlə yonub düzəltdiyi
suveniri satmağa əli gəlmir. “Ancaq nə etmək olar ki,
mən də bu işdən dolanmalıyam”,- deyən Şahin
usta evinin qarşısında kiçik bir dükan
açıb. Burada satışa çıxarılan əl
işlərinin qiyməti 5 manatdan 3000 manata qədərdir. O,
portret sifarişləri də qəbul edir.
Şahin
ustanın dükanı Qəbələnin Vəndam qəsəbəsində,
rayona Bakıdan girişdən 10 kilometr məsafədə,
yolun sol kənarında yerləşir.
Zaman.-2012.-12-14
may.-S.6.