“Hərbi vətənpərvərlik tərbiyəsi işi fəaliyyətimizin əsas istiqamətlərindən biridir

 

Son illərdə sürətlə inkişaf edən Qəbələnin ictimai-siyasi həyatında önəmli rol oynayan təşkilatlardan biri də Qəbələ Rayon Gənclər və İdman İdarəsidir. 1994-cü ildə yaradılan bu qurum gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində əvəsiz xidmətlər göstərir.

 

 Qurum həm də rayon ərazisində gənclərlə işləyən təşkilatları, o cümlədən bədən tərbiyəsi və idman kollektivlərini koordinasiya edən mərkəz funksiyasını həyata keçirir. Qəbələ Rayon Gənclər və İdman İdarəsinin (Gİİ) rəisi Soltanov Fəxri Elxan oğlu da bizimlə söhbətində məsələnin məhz bu tərəfinə, yəni yetişməkdə olan gənc nəsilin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsinə diqqəti cəlb edərək dedi ki, əsas məqsədimiz vətəni sevən, milli ruhda köklənən, saf mənəvi əsaslara söykənən yeni bir nəsil yetişdirməkdir.

Fəxri müəllim: “İdarə tərəfindən il boyu gənclərin hərbi xidmətə yola salınma mərasimləri,  qələm sahibləri və gənc yazarlarla görüşlər, “İlham Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbirlər həyata keçirilir. Hərbi vətənpərvərlik tərbiyəsi işi isə fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Bu müstəvidə də məktəblilər arasında “Cəsurlar”, “Şahin”, “Vətən müdafiəsinə hazıram” və “Sərhəd” hərbi idman oyunları hər il yüksək səviyyədə keçirilir. Qalib məktəb komandaları zona birinciliklərində iştirak edirlər. “Gənclərin sağlam həyat tərzi” devizi altında keçirilən tədbirlərdə Qəbələ şəhər məktəbləri, Nohurqışlaq, Tüntül, Vəndam, Nic, Bum qəsəbəsi, Həmzəlli, Hacallı və digər məktəblər fəal iştirak etmişlər. Bu tədbirlərdə “Antinarkomaniya”, “Milli mənəvi dəyərlərin qorunması”, “Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması” və digər mövzularda tərbiyəedici söhbətlər aparılıb. Onu da deyim ki, gənclərlə keçirilən tədbirlərdə rayonun müvafiq orqanlarının əməkdaşları da müntəzəm olaraq iştirak edir, gəncləri maraqlandıran suallara cavablar verir, onların problemləri ilə yaxından tanış oluronun yerinə yetirilməsi yollarını arayırlar.”

Fəxri müəllim gənclərin asudə vaxtlarının təşkili istiqamətində Qəbələ şəhər stadionunda, Heydər bağında və Z. Əliyeva parkında yay mövsümündə çoxlu sayda idman yarışları, konsertlər və diskotekaların təşkil edildiyini də xüsusi vurğuladı. O qeyd etdi ki, Qəbələ rayon Gənclər və İdman idarəsi öz iş planına əsasən müntəzəm olaraq yeniyetmə və gənclərin idmanın futbol, şahmat, sərbəst güləş, daşqaldırma, taekvondo, atletika növləri ilə məşğul olmaları, həmçinin rayon və respublika miqyaslı yarışlarda iştirak etmələri üçün əlindən gələni edir.

Fəxri müəllim Qəbələdə futbolun sürətlə inkişaf etdirilməsindən də məmnunluqla danışır. O: “Bildiyimiz kimi, ölkə Prezidenti cənab İlham Əliyev hər bir  sahədə olduğu kimi idman sahəsinin inkişafına da xüsusi diqqət verirbu məsələni daim gündəmdə saxlayır. Buna misal kimi ölkə başçımız tərəfindən imzlanan “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı”nı göstərmək olar. Həmin dövlət proqramının müddəalarına uyğun olaraq Qəbələ rayon İcra Hakimiyyəti Başçısı tərəfindən 14 noyabr 2005-ci il tarixli 254 saylı Sərəncama əsasən İcra Hakimiyyəti və Qəbələ rayon Gənclər və İdman idarəsi tərəfindən birgə Tədbirlər Planı hazırlanaraq, təsdiq edilib. Dövlət Proqramında nəzərdə tutulan işlərin yerinə yetirilməsi məqsədilə 2005-ci ildə “Qəbələ” Peşəkar Futbol klubu  təsis edildi. Son illərdə futbol klubunun maddi-texniki bazası gücləndirilmiş, futbolçuların təlim-məşq proseslərini yüksək səviyyədə keçmələri üçün stadion ərazisindəki üstüörtülü idman kompleksi təmir edilərək yeni trenajor alətləri  idman avadanlıqları ilə təchiz edilmişdir. Bu da futbolçuların fiziki hazırlıq prosesi üçün mühüm rol oynayır. 2010-cu il ərzində stadion ərazisində FİFA və UEFA-nın tələblərinə cavab verən 2000 yerlik  süni örtüklü stadion  istifadəyə verilib. Hal-hazırda komandamız ev oyunlarını öz meydançasında keçirir. Bundan əlavə 4 ədəd süni örtüklü və 2 ədəd təbii örtüklü futbol meydançasının tikintisi davam etdirilir və 15000 yerlik üstüörtülü stadionun inşaası üçün ayrılmış sahədə hazırlıq işləri görülür”.

Fəxri müəllim hazırda hən respublikamızda, həm də Qəbələdə əsas diqqətin uşaq futbolunun inkişaf etdirilməsinə yönəldildiyini də söylədi. Onun sözlərinə görə bu müstəvidə də “Qəbələ” Peşəkar Futbol klubunun nəzdində fəaliyyət göstərən Uşaq Futbol Akademiyasında yaş qruplarının sayı beşə çatdırılmışdır: “1994-95, 1996, 1997, 1998-99 və 2000-2001-ci il təvəllüdlü yeniyetmələrdən ibarət  6 yaş qrupunda fəaliyyət göstərən Akademiyada 160-dan artıq respublikanın müxtəlif regionlarından cəlb olunmuş yeniyetmə və gənclər müntəzəm olaraq məşqçi-müəllimlərin nəzarəti altında məşqlərini davam etdirirlər. Rayonun Hacallı kəndi ərazisində Uşaq Futbol  Akademiyası üçün 1500 yerlik yeni süni örtüklü futbol meydançasının tikintisi də artıq başa çatdırılmışdır. 2010-cu ildə U-17 qrupunda məşğul olan komandamız Respublika Çempionatının qalibi  olaraq I yeri qazanmışdır”.

Fəxri müəllim idmanın digər sahələrində də qəbələli idmançıların böyük uğurlar qazandığını bildirdi.

O, Qəbələdən olan Məhəmmədli Nurtəkinin Ukraynada keçirilən Sindo-Ryu Karate-Do idman növü üzrə Dünya kuboku yarışlarında birinci yeri tutduğunu qürurla vurğuladı: “Osetiyada keçirilən sərbəst güləş üzrə Beynəlxalq turnirdə qəbələli idmançı Cabbarlı Elvin üçüncü yeri tutaraq bürünc medal qazandı. Kempo karate və kob-do üzrə keçirilən Açıq dünya çempionatında isə Şəfiyev Kənan  və Şəfiyev Fərid üçüncü yeri tutublar.

Fuad Musayev isə Fri-Fayting idman növü üzrə İran İslam Respublikasının Tehran şəhərində keçirilən çempionatda 62 kiloqram çəki dərəcəsində I yeri tutub.

İsmayıllı rayonunda Xocalı şəhidlərinin xatirəsinə həsr edilmiş Respublika Şahmat turnirində Hüseynzadə Aydan I yeri tutaraq çempion olub. Əmiraslanlı Günel isə Taekvando idman növü üzrə Respublika Çempionatında üçüncü yeri tutub.

Bir sözlə idmançılarımızın bütün uğurlarını saymaqla qurtarmaz. İnanırıq ki, idmançılarımız gələcəkdə də istər respublika, istərsə də dünya birinciliklərində başımızı uca edəcək yerlər tutacaq, rayonumuza mükafatlarla qayıdacaqlar”.

2012-ci ilin “İdman İli” olduğunu xatırladan Qəbələ Rayon Gənclər və İdman idarəsinin rəhbəri bununla əlaqədar icra hakimiyyəti ilə bir yerdə xüsusi tədbirlər planının işlənib hazırlandığını da söylədi. O dedi ki, bu tədbirlər planına əsasən yanvar ayından başlayaraq rayonda olan idman məktəblərinin direktorları ilə görüşərək onlara qarşıda duran vəzifələr və görüləcək işlər barədə məlumatlar verilib: Bu müstəvidə də bu yaxınlarda “Vətənin Müdafiyəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilmişdir. Ümumiyyətlə  Biz  Gənclər və İdman idarəsi olaraq  2012-ci ilİdman İlini uğurla dəyərləndirərək Azərbaycan idmanına  layiqi töhfələr verməyi qarşımıza məqsəd qoymuşuq”.

 

  Zaman.-2012.-12-14 may.-S.7.