“Onun hər plakatı bir tarixi mənbədir”
Rəssamlıq insanın mənəvi duyğularını cəmiyyətlə
bölüşməyin ən
maraqlı, ən gözəl yoludur. Əsas odur
ki, rəssam fırçasını duya,
rənglərin sehrindən
baş çıxara
biləsən. Ömrünü rəssamlığa həsr
etmiş şəxslərdən
biri də Rəssamlar İttifaqı
və Jurnalistlər Birliyinin üzvü Kirman Abdindir. Oxucularımız, yəqin ki,
Kirman bəyi tanıdılar. Belə ki,
o, uzun müddət redaksiyamız tərəfindən
ərsəyə gətirilən
“Tumurcuq”da da fəaliyyət göstərib.
Bu günlərdə Kirman Abidinin Vəcihə Səmədova adına
Sərgi Salonunda təşkil edilmiş “Əsrlərin yaddaşı
- nəsillərin yaddaşı”
adlı bədii plakat sərgisi sənətsevərlərə onun
daxili aləmi ilə bir daha
tanış olmaq imkanı yaratdı. Sərgidə qrafikanın plakat
janrında 50 ədəd
əsər təqdim olunmuşdu ki, bunların əksəriyyəti
Qarabağ problemini, erməni vəhşiliyini
özündə əks
etdirirdi. O plakatlarda
düşmən tapdağı
altında inləyən
Şuşanın, Laçının,
Kəlbəcərin, Ağdamın
və bu kimi neçə-neçə
bağrı yağı
güllələri ilə
dəlinmiş torpaqlarımızın
hayqırtısını eşitməmək
mümkün deyildi. Qeyd edək ki, bu,
rəssamın sayca ikinci sərgisi idi.
Kirman
Abdin bizimlə söhbətində əksəriyyəti siyasi
məzmun daşıyan əsərləri barədə belə
açıqlama verdi: “Məqsədim əsrlər boyu
xalqımızın başına gətirilən müsibət
və dəhşətləri bu və ya digər formada gənclərə,
gələcək nəsillərə çatdırmaqdır. Qoy
gənclərimiz geriyə baxanda faciələrimizi
görsünlər və bunu yaddaşlarında əbədi həkk
etsinlər. Əks halda, onlar dəhşətlərlə, həmçinin
qəhrəmanlıqlarla dolu keçmişimizdən çox
uzaq düşəcəklər. O ki qaldı bu kimi fikirlərimin
plakat janrında çatdırmağıma... Mənim fikrimcə,
əsrlər boyu xalqımızın başına gətirilmiş
müsibətləri gələcək nəsillərə
çatdırmaqda rəssamlar üçün plakat janrı
daha mükəmməldir”.
Qeyd
edək ki, son vaxtlar ölkəmizdə plakat janrında bir süstlük
yaranmışdı. Bu mənada Kirman Abdinin həmin janra yeni
nəfəs gətirdiyini söyləmək olar. Elə Xalq rəssamı
Fərhad Xəlilov da bu məsələni xüsusi
vurğuladı. Azərbaycan Karikaturçu Rəssamlar
Birliyinin sədri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq
namizədi Bayram Hacızadə isə Kirman Abdinin eyni zamanda
karikatur janrında böyük uğurlar
qazandığını vurğuladı. Onun sözlərinə
görə, Kirman bəy bu janr üzrə beynəlxalq
mükafata layiq görülmüş ilk azərbaycanlı rəssamdır.
Kirman
Abdinin sərgisi ilə bağlı Əməkdar incəsənət
xadimi Ziyadxan Əliyevin də fikirlərini öyrəndik. O
dedi ki, Kirman Abdin cəmiyyətdə baş verən hadisələrə
rənglərin dili ilə münasibət bildirməyi bacaran rəssamlardandır.
Tariximizin keşməkeşli dövrləri onun plakat
yaradıcılığının ana xəttini təşkil
edir. Onun plakatları insanları düşünməyə
sövq edir. Bəli, rəssam haqlıdır: “Əsrlərin
yaddaşı nəsillərin yaddaşından
çıxmasın gərək”. O, Kirman bəyin əsərlərinin
ən yaxşı sosial reklam olduğunu da bildirdi.
Sərgidə
həmsöhbət olduğumuz Bakı Dövlət Universitetinin
tələbəsi Orxan İsmayılov Kirman bəyi zəmanəmizin
plakat ustası kimi dəyərləndirməklə
yanaşı dedi: “Kirman bəy tariximizin qaranlıq, faciəli
səhifələrinə bu plakatlar vasitəsilə daha
aydın nəzər salıb. Elə bu səbəbdən də
onun əsərləri yaddaşlara tez həkk olunur”. Sərgidəki
əsərlərdən duyğulanan
Azərbaycan Rəssamlıq Akademiyasının I kurs tələbəsi
Şahzadə Məmmədovanın isə fikri belə oldu: “Mən
plakat janrının bu qədər maraqlı olduğunu
bilmirdim. Kirman müəllimin əsərləri ilə
tanışlıqdan sonra bu janrın bu günümüz
üçün nə qədər əhəmiyyətli və
vacib olduğunu dərk etdim”. Onun sözlərinə görə,
“Bakı, 20 Yanvar, 1990” plakatı o müdhiş gecəni, “Yetər
parçalanmaq” itirilmiş torpaqları gözlərimiz
önündə canlandırır. Bu mənada onun hər
plakatı bir tarixi mənbədir. Bu sözləri rəssamın “Qan yaddaşı”, “Əsrin
müqaviləsi”, “Daş olsaydım əriyərdim, torpaq idim
dayandım” və digər əsərləri barədə də
demək olar”.
ELVİN ƏLİYEV,
GÜLƏR RƏSUL
Zaman.-2012.-11 may.-S.12.