Əhməd Cavad - Azərbaycan türklərinin istiqlal nəğməkarı (1)

 

Onun həyat yolu sal qayaları, dağları dələrək dənizlərə qovuşmağa can atan coşqun dağ çaylarını xatırladır. Bütün həyatı fırtınalarda, mənsub olduğu türk millətinin səadəti uğrunda mücadilələrdə keçdi.

 Dəfələrlə təqiblərə, həbslərə, işgəncələrə, təhqirlərə məruz qaldı, amma o, tutduğu haqq yolundan dönmədi, ən ağır vəziyyətlərində belə, türk millətinə xas olan mərdlik və iradə nümayiş etdirdi. Sınmadı, daha doğrusu ən ağır işgəncələrlə belə onu sındıra, məsləkinə xəyanət etdirə, haqqı nahaqqa qurban verməyə məcbur edə bilmədilər. O, əsarət altında olan türk xalqlarının, əvvəlcə, çar Rusiyası, sonra isə bolşeviklərin tapdağı altında inləyən doğma, canından və qanından  artıq sevdiyi Azərbaycanımızın milli-azadlıq mücadiləsi simvolu idi. Türklük sevdası canına, qanına elə hopmuşdu ki, o, özünü bunsuz sudan çıxarılan balıq kimi hiss edirdi. Əslində burada haşiyə çıxaraq bir önəmli fakta diqqəti cəlb etmək istəyirik. Ötən əsrin əvvəllərində türk dünyası yeni bir oyanış, intibah dövrü yaşamağa başlamışdı. Bu müstəvidə böyük Krım-Tatar türk yazarı İsmayıl Qaspıralı “Dildə, fikirdə, işdə birlik” şüarını ortaya ataraq, onu bütün türk gənclərinin əsas qayəsinə, son məqsədinə çevirməklə əsarətdə olan türklərin yeni azadlıq mücadiləsinin əsasını qoydu. Bu da, öz növbəsində, Çin səddindən tutmuş, Adriatik dənizinə, Balkanlara qədər uzanan böyük bir ərazidə yaşayan türk xalqları arasında onlarla yeni azadlıq mücahidlərinin meydana çıxmasında önəmli rol oynadı. Bu yolun davamçıları olan Bəkir Çobanzadə, Salman Mümtaz və digərləri kimi, o da bütün həyatını türk millətinin ətalət yuxusundan ayılmasına, əsarətdən xilas olunmasına həsr etdi. Onun silahı qələmi idi. Yenə də burada bir haşiyə çıxaraq deyim ki, Mehmet Akif Ersoy Anadolu türkləri və bütün türk dünyası üçün nə demək idisə, o da həm Azərbaycan, həm də Anadolu türkləri üçün o demək idi

Təsadüfi deyil ki, Azərbaycan milli-azadlıq mücadiləsinin öndəri və Şərqdə qurulan ilk demokratik cümhuriyyətinin banisi olan Məmməd Əmin Rəsulzadə onun haqqında: “O, şeirləri ilə türk xalqlarının, doğma Azərbaycanın apardığı istiqlal mübarizəsinə bir ordudan daha çox xidmət göstərdi. Onun qələmi minlərlə süngüyə bərabər idi”,- demişdi.

Bu, doğrudan da, belə idi. Çünki yazdığı hər misrası türk düşmənlərinə açılan güllə yağışı idi. bu güllə yağışının altında da günlərin birində sapı özümüzdən olan baltaların - bolşeviklərlə birləşərək, əllərini öz xalqlarının qanlarına batıran xainlərin əli ilə gedər-gəlməzə göndərildi...

Söhbət ötən əsrin ilk 30 ilində türkün azadlıq mücadiləsini özünün əsas həyat qayəsinə çevirərək, şeirləri ilə düşmənlərinin üzərinə od püskürən, “ Çırpınırdı Qara dəniz, baxıb türkün bayrağına”,-deyə hayqıran vətənpərvər şair Əhməd Cavaddan gedir

 

Əbədiyyətə aparan yol

 

Alovlu şeirləri ilə adını türk dünyası ədəbiyyatı və milli-azadlıq mücadiləsi tarixinə əbədi olaraq yazdıran Axundzadə Cavad Məhəmmədəli oğlu (Əhməd Cavad) 120 il bundan əvvəl, 1892-ci il may ayının 5-də Gəncə qəzasına daxil olan Şəmkirin Seyfəli kəndində anadan olmuşdur. Hələ uşaq ikən oxumağayazmağa bütün varlığı ilə can atan, eşitdiyi hər bir şeiri dəqiqliklə yadında saxlayan və həmyaşıdlarından xüsusi istedadı ilə seçilən Əhməd Cavad hamının sevimlisinə çevrilmişdi. O, altı yaşında olanda atası haqqın rəhmətinə qovuşdu. Əhməd Cavad ilk təhsilini mollaxanada alıb. Uşaq ikən ailəsi tarix boyu Azərbaycan dövlətçiliyinin dayağı, mərkəzi, elm, mədəniyyət ocağı olan Gəncəyə köçür. Ailəsinin Gəncəyə köçməsi Əhməd Cavadın da həyatında mühüm dəyişikliyə səbəb olaraq, onun gələcək həyat yolunu müəyyən etməsində önəmli rol oynayır. Ailəsi atası vəfat edəndən sonra daim kədərli görünən Əhmədi ovutmaq və dərdlərini unutdurmaq, həmçinin onun elmin sirlərinə yiyələnməsi üçün o dövrdə nəinki Gəncəbasar və Qarabağ zonasında, həm də bütün Azərbaycanda məşhur olan Şah Abbas məscidinin nəzdində fəaliyyət göstərən ruhani seminariyasında oxumağa qoyurlar. Bu seminariyada dərs deyən müəllimlər uşaqlara yalnız dərs vermir, həm də onlarda milli vətənpərvərlik ruhu formalaşdırırdılar. Belə ki, seminariyada dərs deyən müəllimlərin əksəriyyəti milli ruhda köklənən, öz xalqını, millətini ürəkdən sevən ziyalılar idi. Onların arasında Hüseyn Cavid, tənqidçi Abdulla Sur, Şeyxülislam Pişnamazzadə kimi dövrünün tanınmış simaları var idi. Əhməd tezliklə seminariya müəllimlərinin ən sevimli tələbələrindən birinə çevrildi. Hüseyn Cavidlə tez-tez ünsiyyətdə olması və onun yazdığı şeirləri dinləməsi Əhmədi də yazmağa ruhlandırdı. O, ilk şeirlərini də məhz seminariyada oxuyarkən yazmağa başladı. Bundan əlavə, müəllimlərinin milli-mənəvi ruhlu söhbətlərini  dinləməsi, türk xalqlarının düşdüyü vəziyyət, gələcəyi barədə seminariyada gedən söhbətlər Əhməd Cavadın gələcək həyat yolunu müəyyən etməsində, onun bütün varlığı ilə türklərin əsarətdən xilas olması yolunda mücadiləyə başlamasında böyük rol oynadı.

Əhməd Cavad seminariyada ərəb, fars, rus dillərini dərindən öyrənərək adıçəkilən ölkələrin ədəbi və siyasi həyatı ilə də yaxından tanış olmaq imkanı əldə etdi. Yeri gəlmişkən, onu da deyək ki, Əhməd Cavadın seminariyada oxuduğu illər rus burjua inqilabının çar Rusiyasını silkələdiyi və bu müstəvidə onun həm xalqların milli azadlıq oyanışına yeni təkan verdiyi, həm milli özünüdərkin yüksəldiyi, həm də eyni zamanda bundan istifadə edən ermənilərin Bakı, Gəncə və Azərbaycanın digər yerlərində kütləvi qırğınlara əl atdığı dövrlərə təsadüf edir. Təbii ki, baş verən bu qırğınlar Əhməd Cavadın da qəlbində ağır izlər buraxaraq, onun türklüyə daha sıx sarılmasına gətirib çıxarır. Həmin dövrdə gənc Əhməd ətrafındakılara: “Bizi bu faciələrdən türk və islam dünyasının birliyi və həmrəyliyi xilas edə biləcək”,-demişdi. Ancaq az sonra bəzi müsəlman ölkələrinin Osmanlıya qarşı ingilis və fransızların əlində bir alətə çevrilməsi və ona arxadan xaincəsinə zərbələr endirməsi Əhməd Cavadın islam dünyasının birliyinə olan ümidlərini boşa çıxardı. Ona görə də o sonralar yana-yana: “Həyatımı islam dünyasının və türklərin birliyi, ümumi düşmənə qarşı mübarizəsinə həsr etməyi düşünürdüm. Amma nə yazıq ki, türkə düşmən olan bəzi xarici ölkələr farslar, ərəblər arasında Osmanlı düşmənçiliyini, sünni-şiə ədavətini körükləyə bildilər. Belə hesab edirəm ki, bundan sonra bizi və bütün islam dünyasını xarici düşmənlərdən fitnə-fəsadlardan yalnız türk birliyi xilas edə biləcək”,-demişdi.

 

Anadolu üçün göz yaşları

 

1912-ci ildə çar Rusiyasının Osmanlı Türkiyəsinə qarşı Balkan yarımadası ətrafında müharibəyə başlaması türk-müsəlman dünyasında ciddi narahatlığa səbəb olmuşdu. Bakıdan, Gəncəbasardan, Qarabağdan, Şirvandan, Qubadan, bir sözlə, Azərbaycanın hər yerindən vətənpərvər insanlar Qafqaz könüllüləri tərkibində Türkiyənin düşmənlərinə qarşı savaşa yollanırr. Əhməd Cavad da əqidə dostları İdris Axundzadə, İsa Əlizadə, Əli Əsədulla və digərləri ilə birlikdə İstanbula gedib, Balkan müharibəsində bir əlində silah, bir əlində qələm döyüşür.

1913-cü ildə Balkan müharibəsindən geri dönən Əhməd Cavad  Gəncədə Qafqazın Şeyxülislamı Məhəmməd Pişnamazzadəyə imtahan verərək, türk və fars dilləri müəllimi ixtisası üzrə gimnaziyanı bitirir. O, həmin il Gəncədə 1 nömrəli qızlar məktəbində müəllim işləməyə başlayır

Əhməd Cavad 1914-cü ildə Gəncəyə gəlmiş doktor Xosrov paşa Sultanovla tanış olur. Ələkbər bəy Rəfibəyli və Nəsib bəy Yusifbəylinin zəmanəti ilə  Əhməd Cavad Xeyriyyə Cəmiyyətinin katibi və cəmiyyətin sədri Xosrov bəyin müavini təyin edilir.

 

Yeni  Nesil portal

 

(YNP.az 2012-05-06)

 

Şair bu barədəİmdadşeirində deyir:            

Ziyafət görmədim, yaslıdır ellər,

Çoxalmış məzarlar dərdini söylər.

Talanmış şanələr, yolunmuş tellər

Olduğunu duydum, imdadə gəldim.

 

Qarlarla boyanmış məzlumlar qanı,

Ölənlər çox, fəqət məzarı hanı?

Ayaqlar altında şövkəti, şanı

Qalanları görüb fəryada gəldim.

 

1914-cü ildə I Dünya müharibəsi başlandı. Osmanlı bu  savaşda iştirak etmək istəmirdi. Amma həmin dövrdə orduda yüksək vəzifələr tutan alman generalları cəbhədə Almaniyanın vəziyyətini yüngülləşdirmək məqsədi ilə Osmanlını təxribata çəkərək, onu Rusiya ilə mənasız müharibəyə cəlb edə bildilər. Nəticədə müharibə Osmanlının sərhədlərindən onun içərilərinə keçdi. Rusiya ilə müharibə zamanı Sarıqamışda baş verən hadisə və nəticədə minlərlə mehmetciyin dağlarda donaraq ölməsi rusların Qarsı, Ərzurumu və Batumini işğal etməsinə səbəb oldu. Üstəlik, həmin dövrdə ruslar və ingilislər tərəfindən silahlandırılan ermənilər işğal edilmiş ərazilərdə dinc əhalini vəhşicəsinə öldürməyə başladılar. Nəticədə minlərlə insan qətlə yetirildi. Qətllərdən qaçan çoxlu sayda insan isə aclıq və xəstəlikdən tələf olmağa başladı.

 

Baş verənləri ürəkağrısı ilə izləyən Əhməd Cavad qan qardaşlarımıza humanitar yardım göstərmək üçün xeyriyyəçilik fəaliyyətinə başladı. Onun səyləri nəticəsində qısa müddətdə erməni vəhşiliyinin və rus işğalının qurbanı olmuş on minlərlə insana ərzaq, paltar, dava-dərmanla yardım göstərildi. Vəziyyətlə daha yaxından tanış olmaq üçün Batumiyə gedən Əhməd Cavad orada gördüklərindən, qaçqın və məcburi köçkünlərin ağır vəziyyətindən dəhşətə gəlmiş və bunu ömrünün sonuna kimi unuda bilməmişdi.  Batumiyə səfəri zamanı Əhməd Cavad Qızlar gimnaziyasında oxuyan Şükriyyə xanımla tanış olur. Amma atası qızını gözündən uzaqlara qoymaq istəmirdi. Ona görə də Əhməd Cavad Şükriyyə xanımı Gəncəyə qaçıraraq, onunla ailə həyatı qurur.

Buna paralel olaraq, Əhməd Cavad rus və erməni zülmünə məruz qalan Anadolu türklərinə yardım göstərməkdə davam edirdi. O, Bakıda qurulan “Azərbaycan xeyriyyə cəmiyyəti”inin xətti ilə Qarsa gedərək, oradakı aclıqdan əziyyət çəkən xalqa azərbaycanlıların topladıqları yardımları çatdırır.

 Qarsda gördüklərindən dəhşətə gələn Əhməd Cavad ürək ağrılarını yazdığı “Nə gördümsə” şeirində belə ifadə edir:

 

 Armağanım yaslı nəğmə,

Bir quş oldum, çıxdım yola.

Getdim gördüm dost elində

bir səs var, bir layla.

 

Sordum qərib minarədən:

Axşam olmuş, əzan hanı?

Bayquş qonmuş minbərlərə,

Deyən hanı, duyan hanı?”

 

Vicdan mənə əmr edər ki:

Belə gündə bayram etmə”.

Quran mənə yol göstərir:

Yoxsulları məyus etmə”.

 

 

 Zaman.-2012.-26-29 may.-S.18.