İllərə söylənən söz
Qəzənfər Paşayev – 75
75 il əvvəl sazlı-sözlü Tovuz rayonunun Düzqırıqlı
kəndində dünyaya
gələn və bu ömür ərzində bu dünya içində öz dünyasını
- Kərkük nəğmələrinə
köklənən xoyratlı,
manili söz dünyasını abad edən bu dəyərli
alim bu gün
Azərbaycanda İraq-türkman
dili və ədəbiyyatının ən
gözəl bilicisi, beynəlxalq aləmdə isə bu sahənin
ən görkəmli mütəxəssislərindən biri hesab edilir.
Dörd
il bundan öncə, 2008-ci ildə
Suriyanın Hələb
şəhərində keçirilən
Beynəlxalq Nəsimi
konfransına Bakıdan
gələn nümayəndə
heyətinin tərkibində
səmimiyyəti, gülər
üzü ilə seçilən bir alim də vardı.
Konfrans boyunca bir tərcüməçi
kimi onlarla bərabər idim. Hələbdən Dəməşqə
gedərkən yol boyunca maraqlı söhbətləri, xoş
rəftarı ilə hamımızı valeh etmişdi o gözəl insan - tanınmış folklorşünas və ədəbiyyatşünas alim,
filologiya elmləri doktoru, professor Qəzənfər
Paşayev. Sonralar onun yaradıcılığı
ilə daha yaxından tanış olarkən ensiklopedik biliyə malik, olduqca dəyərli bir ziyalı obrazının daha aydın cizgiləri ilə qarşılaşdım.
30-dan artıq kitabın,
o cümlədən “İraq
türkman folkloru”
(1992), “Kərkük dialektinin
fonetikası” (2003), “Kərkük
folklorunun janrları”
(2003), “Nəsimi haqqında
araşdırmalar” (2010) kimi
bir çox dəyərli monoqrafiyaların,
200-dən artıq elmi
məqalənin müəllifi
olan Q. Paşayevin çoxşaxəli yaradıcılığının
əsas qolu isə, göründüyü
kimi, İraqda 6 illik tərcüməçilik
fəaliyyəti müddətində
araşdırıb öyrəndiyi
bir mövzu - İraq türkmanlarının
folklorudur. Onun çoxcəhətli fəaliyyətinin
dəyərli nəticələrindən
biri, Sabir Rüstəmxanlının ifadəsi
ilə desək, “yurdun unudulmuş bir parçasının Azərbaycanın tarixi, mədəni, dil və folklor xəritəsinin içərisinə
qaytarılması olub”.
Bu yaxınlarda bu dəyərli alimin ömür yolundan bəhs edən irihəcmli, nəfis tərtibatlı bir kitab çap olunub. “Ömrün əbədiləşən illəri”
adlanan bu kitabda Qəzənfər Paşayevin çoxşaxəli
yaradıcılığına həsr edilən məqalələr toplanılıb.
Azərbaycan, Türkiyə
və İraqın görkəmli alim və yazıçılarının
qələminə məxsus
bu məqalələrdə
Q. Paşayev şəxsiyyətinin
parlaq cəhətlərindən,
onun ömür yolunun əsas məqamlarından söz açılır. Bəxtiyar
Vahabzadə, Bəkir Nəbiyev, Teymur Bünyadov, Vasim Məmmədəliyev, Yaşar
Qarayev, Tofiq Hacıyev, Nizami Cəfərov, Azad Nəbiyev,
Əzizə Cəfərzadə,
Qasım Qasımzadə,
Musa Adilov, Vaqif Vəliyev, Bəhlul
Abdulla, Nizaməddin Şəmsizadə,
Vaqif Arzumanlı, Məhərrəm Cəfərli,
Qəzənfər Kazımov,
Himalay Qasımov, Alxan Bayramoğlu, Tehran Alişanoğlu, İmamverdi
Həmidov, Vaqif Yusifli, Asif Rüstəmli,
Nahid Hacızadə, Ayaz Vəfalı, Flora Xəlilzadə və b. - Elmi-ədəbi ictimaiyyətə
yaxşı tanış
olan bu yazıçı
və alimlərin Q. Paşayev haqqında yazdıqları bütövlükdə
75 illik mənalı bir ömrün bir-birindən maraqlı və dəyərli məqamlarından soraq verir. Kitabın tərtibçisi Arəstə
xanım Paşayeva, redaktoru və ön sözün müəllifi isə xalq şairi Sabir Rüstəmxanlıdır.
“Milli qeyrət” adlanan bu ön
sözdə şairin
Q. Paşayev şəxsiyyətinə
olan dərin hörmət və rəğbətinin şahidi
oluruq.
Kitaba daxil edilən, bəzi istisnalarla tarixi ardıcıllıqla
verilmiş məqalələrin
ilki 80-cı illərin
məqalələrindən olan “Ömrün əbədiləşən illəri”
adlanır. Şair, filologiya elmləri doktoru Qasım Qasımzadənin 1986-cı ildə
qələmə aldığı
bu məqalədə Qəzənfər Paşayevin
1985-ci ildə nəşr
edilən və ona böyük oxucu məhəbbəti qazandıran “Altı il Dəclə-Fərat sahillərində” kitabından
bəhs edilir. “Bir ölkə haqqında elmi-bədii-sosioloji
salnamə sayıla biləcək bu kitabın, onun müəllifinin təkcə
İraq deyil, ümumən, Yaxın Şərqin tarixi, bu günü, xüsusən də mədəniyyəti, ədəbiyyat
və incəsənəti
barədə mükəmməl
biliyini, dərin müşahidə qabiliyyətini
nümayiş etdirdiyi”ni
qeyd edən məqalə müəllifi,
Qəzənfər Paşayevin
yorulmaz işgüzarlığı
və əvəzsiz xidmətlərindən söz
açır. Qeyd edək ki, adını
Q. Qasımzadənin məqaləsindən
alan “Ömrün əbədiləşən illəri”
adlı bu məqalələr toplusu da bütünlükdə
elə bu yorulmaz işgüzarlıq
və əvəzsiz xidmətləri özündə
əks etdirən parlaq bir güzgüdür.
S. Rüstəmxanlının sözləri ilə desək, “əslində, təqdim olunan bu kitab bütövlükdə
yorulmaz bir qələm sahibinin, cəfakeş insanın ömür salnaməsidir;
onun haqqında dost məhəbbətidir, ürək
sözüdür”. Müxtəlif
dövrlərdə qələmə
alınan və müxtəlif qəzet və jurnallarda dərc edilən bu məqalələrin hər biri Qəzənfər
Paşayevin ömür
salnaməsinin bir-birindən
maraqlı və mənalı səhifələrinə
işıq salır, onun çoxşaxəli yaradıcılıq yolunu
oxucular üçün
daha da aydınladır.
“Şərq və Qərb ziyalı tipinin ən yaxşı keyfiyyətlərini
özündə birləşdirən
dəyərli ziyalı”
(B. Nəbiyev), “Kərkük
pərvanəsi” (B. Abdulla), “Azərbaycanda İraq türkmanlarının böyük
elçisi” (Sübhi Saatçı), Kərkük
və Azərbaycanı
- “bu iki adanı bir-birinə bağlayan körpünün
memarı” (Mahir Naqib), “Azərbaycan kərkükşünaslığının banisi” (Tofiq Hacıyev), “folklorumuzun Müşfiqi” (Nizami Cəfərov), “milli şüur oyadan insan” (Əli Şamil), “Örnək adam” (Vaqif Yusifli)
... - Bu dərin mənalı,
mənəvi çəkisi
olduqca böyük olan ifadələrin hamısı ona ünvanlanıb...
75 il bundan əvvəl
sazlı-sözlü Tovuz
rayonunun Düzqırıqlı
kəndində dünyaya
gələn və bu ömür ərzində bu dünya içində öz dünyasını
- Kərkük nəğmələrinə
köklənən xoyratlı,
manili söz dünyasını abad edən bu dəyərli
alim bu gün
Azərbaycanda İraq-türkman
dili və ədəbiyyatının ən
gözəl bilicisi, beynəlxalq aləmdə isə bu sahənin
ən görkəmli mütəxəssislərindən biri hesab edilir.
Ona böyük oxucu məhəbbəti qazandıran və “bir ədib kimi
şöhrət qazanması
üçün kifayət
edən” (Vasim Məmmədəliyev) “Altı
il Dəclə-Fərat
sahillərində” əsəri
Əbdüllətif Bəndəroğlunun
tərcüməsində İraqda
ərəb dilində
də nəşr edilmişdir.
Yalnız
Azərbaycan elmi ictimaiyyəti tərəfindən
deyil, eyni zamanda İraq, Türkiyə alim və yazıçıları
tərəfindən də
yüksək dəyərləndirilən
Q. Paşayev yaradıcılığına
müxtəlif illərdə
İraqda görkəmli
alimlər Əta Tərzibaşı, Əbdüllətif
Bəndəroğlu, Sinan
Səid, Məhəmməd
Xurşid, Mövlud Taha Qayaçı, Türkiyədə İsa
Özgan, Mustafa Arqunşah,
Mahir Naqib, Sübhi Saatçı, Cəlal Ərtuq və b. məqalələr
həsr etmişlər.
Bu məqalələrin də
əksəriyyəti ilə
“Ömrün əbədiləşən
illəri” kitabında
tanış oluruq. Bu kitabda alimin yaradıcılığı haqqında
məqalələrdən əlavə,
ona həsr olunan poema və
şeirlərə də
yer ayrılıb. Şair Hüseyn Kürdoğlu, İlyas Tapdıq, Həmid Abbas, Musa Ələkbərli,
Qiymət Məhərrəmli,
Oktay Rza, Yusif Nəğməkar və başqalarının
qələmə aldığı
bu səmimi misralar da alimin
şəxsiyyətinə, yaradıcılığına
olan dərin hörmət və məhəbbətdən soraq
verir.
Kitabın maraqlı cəhətlərindən
biri də hər bir bölümün
kiçik, lakin mənalı bir epiqrafla başlamasıdır.
”Uzaqdan axardı Dəclə və Fərat
İraq
görünərdi iraqdan
iraq
Nə
aydın görünür o ellər indi,
Qəzənfər
olalı bu yolda çıraq”.
-
İlk bölümü bu kiçik şeir parçası ilə
başlanan kitabın sonunda qədim Çin mütəfəkkiri
Konfutsidən gətirilən bir epiqrafdan sonra Qəzənfər
Paşayevin çap olunmuş əsərlərinin, tərtib
etdiyi kitabların siyahısı ilə tanış oluruq.
“Rusca-ərəbcə danışıq kitabı” (1974),
“İngiltərə haqqında” (1982), “Altı il Dəclə-Fərat
sahillərində” (1987), “İraq türkman folkloru” (1992), ...
“İraq türkman ləhcəsi” (2004), “Nəsimi haqqında
araşdırmalar” (2010), ... “Borcumuzdur bu ehtiram” (2010), “Dilimiz,
varlığımız” (2011) və b. Bu kitabların
yalnız adı onların dəyəri haqqında, onlara sərf
edilən ömür-gün haqqında çox söz deyir və
Konfutsidən gətirilən epiqrafın yerinə
düşdüyünə bizi bir daha inandırır: “Elm,
bilik elə bir həzz mənbəyidir ki, o, insana hər
şeyi, hətta fiziki iztirabı, necə
qocaldığını belə unutdura bilir”... Doğrudan da,
illər sürətlə ötüb keçir. Onları ləngitmək,
yolundan saxlamaq isə mümkünsüzdür... Amma istəsən,
onlara öz sözünü söyləmək, öz
nağılını danışmaq, öz bayatını, nəğməni
pıçıldamaq mümkündür... Sözə, elmə,
kitaba sərf olunan illər ömürdən keçib getsə
də, ömür kitabının səhifələrinə
çevrilir, sətirlərdə, sözlərdə
yaşayır. Və bir gün dostun, tanışın,
qohumun, yadın, yaxının, uzağın, ən əsası,
sənə dəyər verən, səni tanımaq istəyən
bir oxucunun əlində vərəqlənir. - “Ömrün əbədiləşən
illəri” kimi...
Gözəl
insan və dəyərli alim professor Qəzənfər
Paşayevin 75 illik yubileyini biz də təbrik edir, mənalı
ömrünün 8-ci onilliyini yaşayan, 7 cildlik
seçilmiş əsərləri yenicə çapdan
çıxan, Sula Benetin “Necə yaşayasan - yüzü
haqlayasan” əsərini tərcümə edən alimin həm
yaşının, həm də kitablarının “yüzü
haqlamasını” arzulayırıq.
Zaman.-2012.-15-16 noyabr.-S.12