Banin - bəy nəvəsi,
nazir qızı
Məşhur
Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin
və Musa Nağıyevin nəvəsi, Azərbaycan Xalq
Cümhuriyyətinin nazirlərindən biri, milyonçu Mirzə
Əsədullayevin qızı olan Ümmülbanu 1905-ci ilin
yanvar ayında anadan olub.
Öz tərcümeyi-halında o
yazır: “Mən doğma anamı görməmişəm.
1905-ci ildə inqilabı gərginliyi aradan qaldırmaq istəyən
hakimiyyət Qafqazı millətlərarası
qarşıdurmaya təhrik etdi. Azərbaycanlıları, erməniləri,
rusları, kürdləri, iranlıları üz-üzə
qoydular. Anamı qəddarlıqdan və ağlasığmaz
talanlardan qorumaq, eyni zamanda doğmaq üçün atam
doğma Bakıdan uzaqda yerləşən bir kəndə
göndərir. Doğuş çox ağır keçir,
yaxınlıqda həkim olmadığından anam həyatla
vidalaşır, mən isə sağ qalıram”. Bu hadisədən
sonra anasının şərəfinə qızını
Ümmülbanu adlandırırlar. 1920-ci ildə hakimiyyət
bolşeviklərin əlinə keçəndən sonra ailə
Azərbaycanı tərk etmək məcburiyyətində
qaldı. Banin atasını həbsxanadan azad etmək və
xarici pasport alıb, Türkiyəyə qaçmaq
üçün istəmədiyi, lakin hörmətli bir şəxsə
ərə gedir. O, 19 yaşında Türkiyədə əri
Balabəy Qocayevdən ayrılaraq Parisə,
doğmalarının yanına yollanır. Ögey anası ilə
olan gərgin münasibətləri Banini evdən
çıxmağa və müstəqil həyata
atılmağa məcbur edir. Banin iş axtarmağa
başlayır. Məlumatlara görə, Banin bir müddət
maneken, sonra mağazada satıcı, dəftərxanada katibə,
tərcüməçi işləyir. İmkanı
çatan bütün peşələrə yiyələnən
Banin fransalı dostlarının məsləhəti ilə
xatirələrini qələmə almağa başlayır
1946-cı
ildə dərc olunan “Qafqaz günləri” kitabı Baninə
müvəffəqiyyət qazandırır. Kitab işıq
üzü gördükdən sonra Andre Marlo, İvan Bunin,
Mikos Kazaçakis, Anri Monterlen, Ernst Yungen və
başqaları Baninə riqqətli məktublar yazırlar.
İki dünya müharibəsinin iştirakçısı,
alman yazıçısı və filosofu Ernst Yungenlə
Baninin dostluğu yarım əsrdən çox davam edib. Banin
Yungenə bir neçə kitab həsr edib. Onlar 1943-cü ildə
- Baninin Azərbaycanda sosial düzümün faciəsini
özündə əks etdirən “Bizimlə” romanı
işıq üzü gördükdən sonra tanış
olublar. Romanın təəssüratı altında olan Yungen
Baninə zəng vurur, özünü təqdim edir, növbəti
gün isə cazibədar azərbaycanlı yazıçı
ilə tanış olmaq üçün onun evinə
görüşə gedir. Baninə şöhrət gətirən
“Qafqaz günləri” kitabından sonra onun “Paris günləri”
(1947), “Ernst Yungenlə görüş” (1951), “Mən opiumu
seçdim” (1959), “Sonra” (1961), “Xarici Fransa” (1968), “Sonuncu
ümidin zovu” (1971), “Ernst Yungenin portreti” (1971), “Ernst Yungen
müxtəlif sifətlərdə” (1989) romanları geniş
oxucu kütləsi qazanır. Baninin sonuncu dərc olunmuş
kitabı - “Mariya mənə nə danışdı”
romanı 1991-ci ildə ölümündən 1 il əvvəl
işıq üzü görüb.
Banin
Fransada təkcə romanları ilə deyil, həm də rus,
ingilis, alman dillərindən gözəl bədii ədəbiyyat
tərcüməçisi kimi məşhur idi. Banin Buninin və
Dostoyevskinin yaradıcılığının ən
yaxşı bilicilərindən biri sayılırdı. Baninin
yaxın rəfiqəsi rus imperator sarayının freylini,
Romanovlar ailəsinin yaxını Canet Andronikova olur. Onun digər
rəfiqəsi isə Rusiyada məşhur olan
yazıçı-satirik Teffi idi. Məhz Teffinin yanında
Ümmülbanu bir çox məşhur rus
yazıçıları ilə, xüsusilə də İvan
Buninlə tanış olur
Banin
mühacirətdə olan yazıçılarla birlikdə
tez-tez görüşlərə qatılarmış.
Çox vaxt bu tədbirlərə ədəbiyyat üzrə
Nobel mükafatı laureatı İvan Bunin sədrlik edərmiş.
O, tədbiri təkcə hörmətinə görə deyil,
həm də gur səsinə görə idarə edərmiş.
Baninlə Bunin 13 iyun 1946-cı ildə tanış olublar.
İlk dəfə Ümmülbanu Bunini Teffinin evində qonaq
olarkən fotoşəkildə görmüşdü. Bir
müddət keçəndən sonra onlar
görüşürlər. 75 yaşı olmasına
baxmayaraq, Buninin belə şux dayanması Banini heyrətə
salır. Bunin Baninin Şərq gözəlliyinə heyran
olur. Bunin onu “Şamaxı şahzadəsi”
adlandırarmış.
Banin
öz həmyerliləri ilə görüşməkdən
qaçarmış. O, Azərbaycanın belə tezliklə
heç bir mübarizə aparmadan bolşevizmə tabe
olmasını qəbul edə bilmirmiş. Onunla ilk
görüşən azərbaycanlı Ramiz Abutalıbov olub.
Bu hadisə 1981-ci ilə - Parisdə Azərbaycan
xalçalarının sərgisinin keçirildiyi vaxta təsadüf
edir. Açılış ərəfəsində
Abutalıbov ona dəvətnamə göndərir. Təəccüblü
də olsa Banin yaşlı bir fransalı kişi ilə sərgiyə
təşrif gətirir. Yaşının çox olmasına
baxmayaraq, Banin cavan görünürmüş. O
özünün azərbaycanlı mənşəyi ilə həmişə
fəxr edərmiş. Dini “xalq üçün tiryək
adlandıran” bolşeviklərə cavab olaraq, Banin “Mən tiryəki
seçdim” kitabını yazır.
Ramiz
Abutalıbovun mətbuata verdiyi açıqlamada o, məşhur
Azərbaycan rəssamı ilə Banini tanış etməsindən
söhbət açır. Həmin rəssam vidalaşarkən
Baninə iki banka qara kürü sovqat verir. Sovqatı qəbul
edən Banin zarafatla “Elə bu?” - deyə soruşur. Rəssam
təəccüblə: “Bəs necə, madam?” - deyir. Banin
gülümsəyərək deyir: “Bakını tərk edərkən
biz orada dəfələrlə çox varidat
saxlamışıq”.
Fransız
ədəbiyyatına qaynayıb-qarışmasına
baxmayaraq, Banin öz xalqını heç vaxt yaddan
çıxarmayıb. O, Dağlıq Qarabağda baş verən
hadisələrdən olduqca dərin həyəcan
keçirmişdi. Banin Parisdə “Azərbaycan evi”
assosiasiyasının üzvü idi. O, Fransanın kütləvi
informasiya vasitələrində mütəmadi olaraq,
Qarabağ hadisələrində öz xalqını müdafiə
edən məqalələrlə çıxış edib.
1992-ci il, oktyabrın 29-da Fransanın “Fiqaro” qəzeti ölkəni
sarsıdacaq bir məlumat yayır: “İlk fransızdilli azərbaycanlı
yazıçı Banin vəfat edib...”
Zaman.-2012.-17-19 noyabr.-S.2.