“Ədəbi
mühitimizdə ciddi canlanma yaratmaq üçün
Qarabağı almalıyıq!”
ƏZİZ MUSTAFA
Son illərdə Azərbaycanda ədəbi sahədə müəyyən canlanma hiss olunur. Necə deyərlər, durğunluq dövründən sonra ədəbiyyata yeni axın başlayıb. Bəs bu ədəbi canlanma ədəbiyyatımıza nə vəd edir? Bizi maraqlandıran bu və digər suallara cavab almaq üçün tənqidçi Əsəd Cahangirə müraciət etdik.
- Əsəd bəy, Azərbaycan ədəbi tənqidinin bugünkü vəziyyətini necə dəyərləndirərdiniz?
- Ədəbi tənqidimiz bu gün sözün
azadlığı baxımından heç vaxt
olmadığı qədər inkişaf edib, amma tənqidə
məhəl qoyan yoxdur. Halbuki sovet vaxtı tənqidi məqalə
yazıçının taleyini həll edirdi.
- Tənqidçi həmkarlarınızdan
kimləri oxuyursunuz?
- İradə Musayeva, Elnarə Akimova və Elnarə
Tofiqqızını. Onların yazılarındakı elmi baza,
cəsarət, obyektivlik xoşuma gəlir.
- Gəlin
sovet dövrü ədəbi tənqidçiləri ilə
müstəqillik dövrü tənqidçiləri
arasında oxşar və fərqli cəhətlərə
qayıdaq...
- Fərqlər
çoxdur: sovet dövrü tənqidçiləri - Mehdi
Hüseyn, Yaşar Qarayev, Qulu Xəlilov, Nadir Cabbarlı, Akif
Hüseynov daha professional idilər, çağdaş tənqidçilər
daha azaddırlar; əvvəlkilərə dövlət
qayğısı var idi, indikilərə yoxdur; əvvəlkilər
daha çox ideologiya və ya sosiologiya, indikilər isə daha
çox estetika ilə məşğuldurlar; əvvəlkilər
kirildə, indikilər latında yazırlar. Oxşar cəhətlər
isə, məncə, bir şeydədir: Bernard Şounun dili ilə
desək, hamı soldan sağa yazır.
- Son illərdə Azərbaycanda
şair və yazıçı bolluğu olduğu halda, ədəbi
tənqid sahəsinə gələnlər barmaqla sayılacaq
qədər azdır. Sizcə, buna səbəb
nədir?
- Hamı
istəyir ki, onun haqqında yazsınlar. Tənqidçi
isə başqası haqqında yazır. Bəlkə
elə buna görədir ki, həmişə kənar şəxs
durumunda qalır və o, Kamyünün yad adamına
oxşayır.
Şair, yaxud yazıçı olmaq üçün
istedad da bəs edir. Tənqidçi isə analitik istedada malik
olmaqla yanaşı, həm də zəhmət çəkib
başqalarını öyrənməlidir.
Ölümündən bir qədər əvvəl
ünlü fransız tənqidçisi Rolan Bart demişdi ki,
o artıq oxumur və bu, dünyanı az
qala şoka salmışdı: “Necə, tənqidçi
oxumur?!”
Tənqidçi hamı ilə üz-üzə gələn
adamdır. Birinin haqqında yazırsan, mini səninlə
düşmən olur. Bir sözlə, tənqidçilik
çətin peşədir.
- Bəzi tənqidi
yazılarınız ədəbi aləmdə güclü əks-səda
verir. Bunun səbəbini nədə
görürsünüz?
- Tənqidçidə
üç keyfiyyət olmalıdır: filosofluq,
yazıçılıq, cəngavərlik. Bunların
hansına malik olduğumu oxucular deməlidirlər. Amma bir şeyi dəqiq bilirəm ki, demək istədiklərimi
üstüörtülü ibarələrlə gizləmir,
açıq yazır, ədəbi mühitdəki mürəkkəb
münasibətlər sistemini bir kənara qoyuram. Məncə,
yazılarımın doğurduğu rezonansda bu amilin rolu az deyil.
- Yazılarınızdakı
açıq ifadə üsulu sizə müxtəlif
prizmalardan yanaşılmasına da gətirib
çıxarır. Bütün bunlar ədəbi-tənqidi
fəaliyyətinizə hər hansı bir səviyyədə
təsir göstərirmi?
-
Nitşe insanları iki qismə bölürdü: həşəratlara
və cəngavərlərə. Mənə cəngavərlərin
sözünün təsiri olur.
- Gənc, orta və yaşlı nəslə
mənsub olan yazarlar arasında qəribə bir
qarşıdurma, biri-birini bəyənməmək hiss olunur.
Bunu cəmiyyətdə gedən siyasiləşmə, hər
şeyə müxalifətdə olmaq kimi xoşagəlməz
bir ənənə ilə izah etmək olarmı?
- İnkişaf olan yerdə qarşıdurma olması təbiidir. Hətta
durğunluq adı verdiyimiz sovet dövründə də bu belə
olub. Bu qarşıdurma bizim dövrdə
xüsusilə kəskin və açıq forma alıb.
İndi azadlıq var. Amma bu azadlıq 70 illik əsarətdən
sonra qəfil əldə olunduğundan eybəcər formada
üzə çıxır və məsələnin ən
pis tərəfi də budur.
Sizin dediyiniz siyasiləşmə də dövrün qəfil
verdiyi bu azadlıqla bağlıdır. Ədəbiyyatın siyasətlə
qarışıq salınması “Azadlıq”, “Müsavat” kimi qəzetlərdə
başlanmışdı. “Azadlıq” radiosu
saytının “Oxu zalı” bu meyli kulminasiya həddinə
çatdırdı. Bu sayt ədəbiyyata
Azərbaycan Yazıçılar Birliyi və ona qarşı
duran yazarlar, xüsusilə də gənclər
arasındakı poliqon kimi baxır, ədəbi cəbhələşdirmə
siyasəti aparır.
- Məqsəd nədir?
- Son məqsəd
yazarlar arasından öz dininə, xalqına və dövlətinə
qarşı duran kollaborasionistlər - rusdillilər, Pamuklar və
Hüseynilər yetişdirməkdir. Maliyyə dəstəyi
aldıqları xarici qüvvələr düyməni bassa, onlar
yetişdirdikləri bu yazıçılara “Ermənilər,
bizi bağışlayın, Qarabağ sizindir!” sözlərini
dedirdəcəklər. Bunun ilk
işartıları artıq görünməkdədir.
- Müasir şair və yazarlar
arasından kimləri çox təqdir edirsiniz?
- Azərbaycan
bədii nəsr potensialının ən ciddi perspektivini Kamal
Abdullanın yaradıcılığında görürəm.
Kamalizm Azərbaycan nəsrinin əyalət
çərçivələrini dağıdıb, dünya
meridianlarına çıxmaq gücünü nümayiş
etdirir. Onun “Yarımçıq əlyazma”sı nəsrimizdə nəzəri
təfəkkür işığında yazılan ilk
postmodernist romandır. “Sehrbazlar dərəsi” öz mistik
aurası etibarilə hələ ki ilk və son milli romanımızdır. “Unutmağa kimsə yox” isə istər bədii təsir
gücü, istərsə də kamil dil və texnikası
baxımından nə Eko, nə Pamukun romanlarından geri qalır.
- Amma
Kamal Abdullaya qədər İsa Muğanna, Sabir Əhmədli,
Əkrəm Əylisli, Anar, Elçin, Yusif Səmədoğlu
və digər ciddi imzalar olub.
- Olub və
heç kəs onların xidmətini inkar etmir. Həyatın
inkişaf dialektikası isə daimi yeniləşmə tələb
edir. Sabir Əhmədli, Anar, Elçin,
İbrahimbəyov qardaşları nəsr düşüncəmizi
kənd çərçivəsindən
çıxardılar, gəlişmə məkan
kateqoriyası ilə müəyyənləşdi.
Düşüncə yönündən də bu, nəinki Əbülhəsən,
Əli Vəliyev, Mehdi Hüseyn, həta İlyas Əfəndiyev
və Ənvər Məmmədxanlının da nəsri
olmayıb, tamamilə yeni bir şey idi.
Yusif Səmədoğlu bu işi daha mürəkkəb
zaman, İsa Muğanna isə ondan da mürəkkəb
metafizik qatda həyata keçirdi. Məncə, Kamal
Abdullanın nəsrində bütün bu plastlar sintez olunur.
Poeziyada bu təyinat Salama məxsus idi. Və o bu
işi bacardığı qədər yerinə yetirdi, sadəcə
olaraq, kortəbii şəkildə. Amma bu,
onun zəif olduğu qədər də üstün tərəfidir.
Onun şeirləri dərin şüuraltı
qatlardan gəlir. Bizdə bu cür
çoxqatlı şeirlər Salamdan öncə yalnız bir
dəfə - Füzulidə olub.
- Bəs gənc nəsil yazarlar
arasında kimlərə daha çox ümid bəsləyirsiniz?
- Son nəsil
yazarlardan üçünün imzası getdikcə daha
qabarıq görünməyə başlayır - Kəramət
Böyükçöl və Cavid Zeynallı nəsrdə, Qismət şeirdə.
Kəraməti öz yaşıdları
arasında ən istedadlısı saymaq olar. Lakin o, “Feysbuk”a (“Facebook”) statuslar yazmaqdan əl
çəkib, mütaliəsini dərinləşdirməklə
məşğul olmalıdır. Sofist
istedadı ilə nə qədər getmək olar?
Üç il əvvəl
yazdığı “Çöl” romanının orbitində nə
qədər fırlanmaq olar? Ortaya təzə
işlər qoymaq lazımdır.
Qismət erudisiyası ilə yaşıdlarından
seçilsə də, bu, onun şeirlərinə həm də
kitabdangəlmə səciyyə verir. Ədəbiyyatın
daha ciddi mənbəyi isə taledir. Təkcə
son günlər dərc etdirdiyi “Klassika məşqləri”
şeirində yox, demək olar ki, əksər yazılarında
Qismət hələ də “razminka” edir. Yaş
isə otuzu haqlayıb, bəs o nə vaxt özünə
çatacaq? Özünə çatmaq problemi onun müstəqil fikir və
mövqeyə yiyələnməyində də
özünü göstərir. Məncə,
kifayət qədər ağıllı bu gəncə
özü olmaq imkanı vermək lazımdır.
Cavidin bir
müddət öncə dərc etdirdiyi “Günəşi
gözləyənlər” romanı ondan daha yaxşı
romanlar gözləməyə əsas verdi.
Onun hələ oxuyub başa
çatdırmadığım “Leyla” romanı isə
şouya meyillənmək təhlükəsindən xəbər
verir. Ümumən, Cavid bu
üçlükdə orta mövqe tutur - onda həm Kəramətə,
həm də Qismətə məxsus problemlər var. Amma
onlarda olduğu qədər kəskin deyil. Debütant şairlərdən ən çox Emin
Piriyə inanıram. Onun şeirlərində
suqqestivlik keyfiyyəti var - oxuyursan və səni elektrik kimi
vurur, ən azı bir detalı ilə yadında qalır.
Çünki orada ədəbiyyat oyunu yox, tale
var.
Publisistik pafosun poeziyanı bəzən
açıq-aşkar üstələməsinə, sözlə
pinti davranmasına baxmayaraq, Aqşin Evrenin də şeirləri
pis təsir bağışlamır, xüsusən də qlobal
düşüncəsi ilə. Bu, artıq əyalət
respublikası yox, dünya vətəndaşının
düşüncələridir.
Ramil Əhmədin şeirdə, Musa Əfəndinin nəsrdəki
ilk addımları hələ ki öz büllur
saflığı, işığı ilə yadda qalır. Mətləb
Muxtarovun hər iki sahədəki debütlərinə isə
bu fikirlərin çoxunu aid etmək olar. Onun
“Araba sahibindən satılıqdır” hekayəsi son illər
hekayə janrının yaddaqalan nümunələrindəndir.
- Məncə, daha təhlükəli
meyil unutqanlıqdır. Məsələn,
Qarabağ yanğısı ədəbi əsərlərdə
ya öz əksini tapmır, ya da bu taleyüklü məsələyə
zəif şəkildə toxunulur. Bu, istedadlı
yazarların olmaması ilə əlaqədardır, yoxsa onun
arxasında bizdə milli vətənpərvərlik
şüurunun zəif olması dayanır?
- Bu,
Qarabağ məsələsinin sindrom xarakteri ilə
bağlıdır. İyirminci əsrin böyük
filosoflarından olan Santayanaya məxsus bir fikir var: “Çox
böyük tarix lazımdır ki, heç olmasa, bir az ədəbiyyat
alınsın”. Dünya ədəbiyyatının
2500 illik tarixi də bu fikri təsdiq edir. Antik yunan
tragediyası yunanların farslar, Şekspirin dramaturgiyası
İngiltərənin İspaniya, XIX əsr rus ədəbiyyatı
rusların fransızlar üzərindəki qələbəsindən
doğmuşdu.
Bəs məğlub xalqın
yazıçısını yaradıcılıq qələbəsinə
nə ruhlandırmalıdır? Buna
baxmayaraq, Qarabağ mövzusunda yazanlar az
deyil: Xalq yazıçısı Elçinin, Aqil Abbasın,
Elçin Hüseynbəylinin adlarını xüsusi qeyd etmək
olar. Sonuncunun “Gözünə gün
düşür” hekayəsi hətta ermənilər tərəfindən
plagiat olunaraq ssenariləşdirilmiş və Oskar
komissiyasına təqdim olunmuşdur.
- Sizə
elə gəlmirmi ki, günümüzdə İsmayıl
Şıxlı, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə
kimi öz sözü, nüfuzu olan yazıçı və
şairlərə ehtiyac var.
-
Sizi cəlb edən yəqin ki, onların vətəndaşlıq
mövqeyidir. Müasir yazıçı isə daha çox
qlobalist təfəkkürlüdür. Odur ki,
yazıçı və şairin İsmayıl
Şıxlı, Xəli Rza, yaxud Bəxtiyar Vahabzadə tipinin
yenidən meydana çıxacağını gözləmək
bir az çətin məsələdir.
- Qarşıdan Azərbaycan
Yazıçılar Birliyinin növbəti qurultayı gəlir.
Bu qurultaydan nələr gözləyirsiniz?
-
Şair Şaiq Vəlinin dili ilə desək, “olacaqlar,
olacaqlar!”
-
Sizcə, ədəbi mühitimizdə ciddi canlanma yaratmaq
üçün nə etmək lazımdır?
-
Qarabağı almalıyıq!
Zaman.-2012.-20 noyabr.-S.6.