Kitab karvanı
folklor paytaxtında(2)
Bu il Azərbaycanın
folklor paytaxtı elan edilən Masallıda hələ bayram əhvali-ruhiyyəsi
yaşanırdı. Çünki rayonda keçirilən Beynəlxalq
Folklor Festivalı bir neçə gün idi ki, başa
çatmışdı. Amma bu gözəl tədbirin
doğurduğu ab-havanı rayon mərkəzinə gələn
yeni qonaqlar da hiss edirdilər. Beynəlxalq Folklor
Festivalının əsas təşkilatçılarından
olan Rayon Mədəniyyət və Turizm İdarəsinin rəisi
Lətifə xanım Mövsümova
ilə ilk söhbətimiz də bu mövzuda oldu.
Ömrünün çoxunu mədəniyyətimizin
inkişafına həsr edən Lətifə xanım dedi:
- Bu festival bizim üçün sınaq
idi. Buna görə də ciddi hazırlıq
görmüşdük. Folklor Festivalına
respublikamızın bir çox şəhər və
rayonlarından, eyni zamanda qardaş Türkiyədən,
Dağıstandan, Kabarda-Balkardan, İran İslam
Respublikasından, Latviyadan folklor kollektivləri, xalq
mahnılarının ifaçıları, tanınmış
sənət adamları qatılmışdılar. Zəngin
etnik tərkibi və folkloru olan Dağıstanın “Şalva”
mahnı və rəqs ansamblının, Kabarda-Balkar rəqqaslarının
çıxışları da alqışlarla
qarşılandı. Latviya müğənnisi An Marinin
doğma dildə ifaları yaddaqalan oldu. Latış
qızının Azərbaycan xalq mahnısı “Sarı gəlin”i Azərbaycan dilində məharətlə
oxuması festival iştirakçılarına böyük hədiyyə
idi. Bu respublikanın dünyada məşhur olan “Vilki” qrupunun
çıxışları da tamaşaçılarda xoş
ovqat yaratdı. Naxçıvan yallısı hər zaman
olduğu kimi, folklor festivalında da qəlbləri
coşdurdu. Naxçıvandan gəlmiş mahnı və rəqs
kollektivi “Şərur yallısı” ilə ürəkləri
fəth etdi. Türkiyədən gəlmiş folklor
kollektivinin, iranlı aşıqların
çıxışları da festivalı zənginləşdirdi.
Əlli ildən
çox el şənliklərinə xoş ovqat bəxş edən,
şən mahnı və rəqsləri ilə
respublikamızdan uzaqlarda da sevilən rayonumuzun “Halay”
ansamblı bu festivalda da yaddaqalan çıxışlar etdi.
Tədbir çərçivəsində rayonun Boradigah,
Mahmudavar, Qızılavar, Şərəfə, Türkoba,
Hişkədərə və digər yaşayış məntəqələrində
keçirilən şənliklər, el sənətkarları
ilə görüşlər, onların əl işlərinə
baxış da folklorumuzun zənginliyini bir daha nümayiş
etdirdi. Bu gün kitab karvanının Masallıya gəlişi
də biz mədəniyyət işçiləri və
kitabsevərlər üçün bayramdır. Çünki
kitab elmin, yüksəlişin, inkişafın təməli və
mədəniyyəti zənginləşdirən ən dəyərli
vasitədir.
Nəsir
Muxtarlı: “Kitab oxunmayan yerdə cəhalət hakim olar”
Şəhərin
mərkəzindəki Nizami parkına böyük axın
vardı. Tədbir hələ başlamasa da uşaqlar
böyük meydanda stolların
üzərinə düzülmüş kitablarla tanış
olurdular. Şeirləri sevə-sevə əzbərlənən
şair İlyas Tapdıq müəllimlərin və
uşaqların əhatəsində idi. Onlar növbə ilə
İlyas müəllimlə şəkil çəkdirir,
şairdən avtoqraf alırdılar. Firudin bəy
Köçərli adına Respublika Uşaq
Kitabxanasının direktor müavini Zahirə Dadaşova,
kitabxananın əməkdaşları Almaz Əşrəfova,
Şəlalə Əmrahova və Könül Səmədzadə
uşaqlara yeni kitablar barədə məlumat verirdilər.
Meydan rəngbərəng çiçəklər
və lentlərlə yenidən bəzənirdi. Məktəb
ansamblları çıxışa
hazırlaşırdılar. Nağıl qəhrəmanları
hərəkətləri ilə səyyar sərgiyə gələnlərə
gülüş, təbəssüm bəxş edirdilər. Mədəniyyət
Evinin qarşısına toplanmış milli geyimli oğlan və
qızlar sakitcə dayanıb tədbirin başlanmasını
gözləyirdilər. Parkın qarşısından bazara
doğru uzanan küçəyə isə şəhər
sakinləri toplaşmışdılar...
Aparıcının səsi
hamını sakitləşdirdi. Çıxış
üçün ilk söz Masallı Rayon İcra Hakimiyyəti
başçısının müavini Nəsir Muxtarlıya
verildi. Nəsir müəllim, əvvəlcə, yeni dərs
ilinin başlanması münasibətilə şagird və
müəllimləri təbrik etdi, onlara bilik yollarında
uğurlar arzuladı. Sonra kitabın insan həyatındakı
rolundan bəhs etdi. O, qeyd etdi ki, bu gün kitabın həyatımızda
rolu özünü daha qabarıq göstərir:
“Çünki insanın mənəvi cəhətdən zənginləşməsində
kitab böyük rol oynayır. Bu gün istifadə etdiyimiz
kompyuter və digər kommunikasiya vasitələri kitabı tam
əvəz edə bilmir. Buna görə də
özünüzdə kitab oxumaq vərdişi yaradın və
daha çox kitab oxuyun. Bilməlisiniz ki, kitab oxunmayan yerə cəhalət
girər, o yerdə ədalət olmaz. Fikrimizcə, yalnız
siz məktəblilərin deyil, hər bir
soydaşımızın kitaba münasibəti dəyişməlidir.
İnanıram ki, bu səyyar sərgi məktəblilərimizin
kitaba marağının artmasında müəyyən rol
oynayacaq”.
Firudin bəy Köçərli adına
Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət
işçisi Fizurə xanım səyyar kitab sərgisi
iştirakçılarını salamlayaraq dedi:
- Masallı ölkəmizin gözəl, zəngin
rayonlarından biridir. Burada bir-birindən gözəl,
müasir məktəb binaları, mədəniyyət
ocaqları, idman kompleksləri var. Bütün bunlar sizin
yaxşı oxumağınıza, sağlam böyüməyinizə
xidmət edir.
Əziz məktəblilər, möhtərəm
Prezidentimiz İlham Əliyev 2007-ci ildə “Kitabxanaların
maddi-texniki bazasının
yaxşılaşdırılması haqqında” xüsusi sərəncam
imzalayıb. Bir il sonra isə 2008-2013-cü illər üzrə
kitabxana və informasiya sahəsini əhatə edən Dövlət
Proqramı elan edilib. Məqsəd, ilk növbədə,
ölkəmizdə əhalinin kitaba olan marağını
artırmaqdır. Bunun üçün ardıcıl işlər
görülür, müxtəlif layihələr həyata
keçirilir. Bu səyyar kitab sərgisi də belə layihələrdən
biridir. Məlumat üçün deyim ki, mədəniyyət
və turizm nazirinin sərəncamı və
kitabxanamızın əməkdaşlarının səyi ilə
gerçəkləşdirilən səyyar kitab sərgiləri
ötən il “Kitab karvanı İpək yolu ilə” devizi ilə
Goranboy, Gəncə şəhəri, Şəmkir, Tovuz,
Ağstafa və Qazax rayonlarında keçirilmişdi. Bu il isə
kitab dolu karvan Cənub bölgəmizə üz tutub. Ümid
edirik ki, bu yeni nəşrləri diqqətlə
oxuyacaqsınız. Bizimlə birlikdə əsərlərini
sevə-sevə oxuduğunuz uşaq şair və
yazıçıları da görüşünüzə gəliblər.
İndi onlar da sizin qarşınızda çıxış
edəcək, ürək sözlərini söyləyəcək
və yeni əsərlərini oxuyacaqlar.
Çıxışlardan
sətirlər
Şair İlyas Tapdıq: - Əziz məktəblilər,
siz xoşbəxt bir zamanda yaşayırsınız. Sizə
baxanda öz uşaqlığımı xatırlayıram. Mən
birinci sinfə 1941-ci ildə getmişəm. O zaman faşizmə
qarşı böyük müharibə
başlanmışdı. Yəni siz yaşda olanda bizim qismətimizə
müharibə, qan-qada düşmüşdü. Biz
yuxularımızda gündəlik döyüşlərdən
verilən xəbərlə yaşayırdıq. Siz isə hər
gün azad və müstəqil Azərbaycanımızda
aparılan geniş quruculuq işləri barədə
çoxlu xəbərlər eşidirsiniz. Sizin
üçün gözəl dərsliklər yazılıb,
müasir məktəblərdə təhsil
alırsınız.
Azərbaycanın sabahı sizə etibar
olunacaq. Vətəni də, onun torpağını da,
insanları da sevməyi bizə kitablar öyrədir. Kitab dərin dəryadır, kim ona
baş vursa, qiymətli incilər çıxarar. Kitab elə
bir süfrədir ki, onun nemətləri heç vaxt tükənmir.
Buna görə də kitabı çox sevin, daha çox
oxuyun...
Yazıçı Nüşabə
Məmmədli: - Mənə elə gəlir ki, kitab bayramı
ən gözəl bayramlardan biridir. Kimsə kitab oxuyanda
özünü oradakı müsbət qəhrəmanlara bənzədir.
Kimisə divə bənzədəndə xoşu gəlmir. Hər
kəs Məlikməmmədə oxşamaq istəyir. Bu, təbiidir.
Bu hissi bizə kitablar aşılayır. Çünki kitab
bizə yaxşı insan olmağı öyrədir. Son illər
uşaq və gənclərimiz daha çox nağıl qəhrəmanlarına
yox, milli qəhrəman Mübariz İbrahimova, Ramil Səfərova
və başqalarına bənzəmək istəyirlər.
Çünki biz müstəqil və azad olsaq da Qarabağ dərdimiz
var. Biz torpaqlarımızı azad etməliyik. inanırıq
ki, sizlərin arasından belə vətənpərvər qəhrəmanlar
yetişəcək. Bunun üçün isə yaxşı
oxumaq lazımdır ki, vətəni daha yaxşı
tanıyasan, bu torpağı daha çox sevəsən...
Yazıçı Sevinc Nuruqızı: -
Bu bayrama görə sizinlə birlikdə sanki Günəş
də sevinir. Qoy bu torpaqda günəş işığı
həmişə bol olsun. Rayonunuz çox gözəldir, məktəbləriniz
də. Sizə qalır yaxşı oxumaq. Biz də
yanınıza həmin niyyətlə gəlmişik. Sizə
hədiyyəmiz də elə kitablardı. Bu
gördüyünüz kitablar sizə hədiyyə kimi veriləcək.
Biz qələm sahibləri həm də ona görə gəlmişik
ki, bölgələrdə yaşayan oxucularımızı
tanıyaq. Gəlmişik ki, görək siz bizim
kitablarımızı oxuyub bəyənirsinizmi? Siz burada
şeir söylədikcə biz öz zəhmətimizin hədər
getmədiyini hiss edirik. Mən “Təhsil” nəşriyyatının
əməkdaşı kimi sizin dərsliklərin
hazırlanmasında da bilik və bacarığımı sərf
edirəm. Sevinirəm ki, sizin bilik qazanmağınızda, az
da olsa, mənim də əməyim var...
Payızın ilk günündə
istedadlı məktəblilər öz mahnı və rəqsləri
ilə səyyar kitab sərgisini daha canlı və yaddaqalan
etməyə çalışdılar.
Çıxışlar bir-birini əvəz etdikcə Nizami
parkına gələnlərin sayı çoxaldı. Folklor
paytaxtımızda keçirilən tədbir bizi Masallıya,
onun qonaqpərvər, zəhmətkeş insanlarına daha
çox bağladı.
SƏMƏD MƏLIKZADƏ
Zaman.- 2012.- 2-3
oktyabr.- S.7.