Aida İmanquliyeva
yaradıcılığında müqayisəli ədəbiyyat
Görkəmli
ərəbşünas alim Aidaİmanquliyevanın 73 illiyinə
həsr olunub.
Müasir ərəb ədəbiyyatının başlanğıc tarixi ədəbiyyat tənqidçiləri tərəfindən Napoleonun Misiri işğal etdiyi 1798-ci il hesab edilir. Bu tarixdən sonra ərəb ziyalıları bir çox sahədə olduğu kimi, ədəbiyyat sahəsində də Qərblə sıx əlaqədə olmuş, Qərbin təcrübəsindən yararlanmışlar.
Ərəb ölkələri arasında “Bilədu-Şam” (Şam diyarı) adlandırılan regionun xristian Avropa ilə əlaqəsi hər zaman mövcud olmuş, missionerlər bu ərazilərdəki xristian ərəblər üçün təhsil mərkəzləri açmışlar. Erkən yaşlarından bu təhsil ocaqlarında təlim-tərbiyə görmüş, XX əsr müasir ərəb ədəbiyyatında yeni bir cığır başladan bu ziyalılar arasında məhcər ədəbiyyatının (Mühacir ərəb ədəbiyyatı)öndə gələn nümayəndələrindən olan Mixail Nuaymə də vardı. Ərəb məhcər ədəbiyyatçıları arasında çoxçeşidli mədəniyyət qaynaqlarından bəhrələnməsi ilə seçilən Mixail Nuaymənin yaradıcılığında müxtəlif ədəbi-fəlsəfi cərəyanların izləri olduqca aydın görünməkdədir.
Rus ədəbiyyatından tutmuş, amerikan, Avropa ədəbiyyatına müsəlman sufi düşüncə tərzi, Qərb və Uzaq Şərqdəki düşüncə cərəyanlarına dərindən bələd olan Mixail Nuaymənin ədəbi-fəlsəfi irsinin tədqiq edilib, onun timsalında ərəb məhcər ədəbiyyatını yalnız Azərbaycan oxucusuna deyil, eyni zamanda dünya ictimaiyyətinin də diqqətinə çatdıran, bu dəyərli irsin tədqiqinə yeni aspektdən yanaşan, elmi-ədəbi tədqiqatın önəmli bir parçası olan “müqayisəli ədəbiyyat” fonunda Nuaymə yaradıcılığının müqayisəli tədqiqatını aparan görkəmli ərəbşünas alim məhz Aida İmanquliyeva olmuşdur.
Qeyd edək ki, hər hansı bir ədibin və ya ədəbi cərəyanın müqayisəli şəkildə tədqiqata cəlb olunması asan məsələ deyil. Xüsusən də bu tədqiqat müxtəlif mədəniyyətləri öz yaradıcılqlarında təcəssüm etdirən ərəb məhcər ədəbiyyatçılarının nümayəndələrində daha çətindir. Məsələn, ədəbiyyatla yanaşı, Həllac Mənsur, İbn Ərəbi, İbn Fariz, İbn Sina, Əbul Alə əl-Məarri, Cəlaləddin Rumi kimi müsəlman mütəfəkkirlərinin, xristian mistik cərəyanlarının, amerikan transsendentalistlərinin və Uzaq Şərq düşüncə və inanc sistemlərindən Latso, Budda, Brahma kimi fikir öndərlərinin təlimlərinin bilicisi olan M. Nuaymə ədəbi irsinin müqayisəli tədqiqatını apara bilmək ən azından həmin mütəfəkkirləri onun qədər bilməyi tələb edir. Bu baxımdan Mixail Nuaymənin ədəbi-fəlsəfi irsini yuxarıda adlarını qeyd etdiyimiz ədib və mütəfəkkirlərlə müqayisəli şəkildə tədqiq etmək Aida xanımın, sadəcə, ərəb ədəbiyyatı mütəxəssisi kimi deyil, eyni zamanda fərqli ədəbi və fəlsəfi cərəyanların da dərin bilicisi olduğunu göstərir.
A. İmanquliyevanın bu sahədəki tədqiqatlarını yüksək qiymətləndirən görkəmli şərqşünas alim, akademik Vasim Məmmədəliyevin sözləri ilə desək, “Aida İmanquliyeva məhcər ədəbiyyatının ən görkəmli nümayəndələri Cübran Xəlil Cübranın və Əmin ər-Reyhaninin daha çox Qərb romantizminin, Mixail Nuaymənin isə rus tənqidi realizminin təsirinə məruz qaldığını göstərmiş və bunun əsas səbəbini onların dünyagörüşü, düşdükləri mühit, ədəbi-bədii qayəsi və yaradıcılıq istiqamətləri ilə bağlamışdır. Müəllif çox doğru olaraq belə bir nəticəyə gəlmişdir ki, Cübran və ər-Reyhanidə R. U. Emersonun, U. Uitmenin, N. Toronun, Şellinin, Bayronun, Hüqonun təsiri daha çox hiss edildiyi halda, Poltavada təhsil almış Mixail Nuaymənin bədii yaradıcılığında L. Tolstoyun, İ. Turgenevin, A. Çexovun, ədəbi-tənqidi məqalələrində isə V. Belinskinin təsiri müşahidə olunur”.
Aida xanım “Qələmlər birliyi və Mixail Nuaymə” və “Yeni ərəb ədəbiyyatı korifeyləri” adlı əsərlərində bu müqayisəli elmi tədqiqatı ortaya qoymuş, dünya tədqiqatçıları arasında ərəb məhcər ədəbiyyatının yüksək səviyyədə araşdırılmasına öncüllük etmişdir.
Mixail Nuaymə nümunəsində A. İmanquliyevanın apardığı müqayisəli ədəbiyyat tədqiqatından, xüsusilə də Mixail Nuaymənin ədəbi irsinin rus ədəbiyyatı ilə müqayisəli şəkildə tədqiq olunmasından konkret misallar çərçivəsində bəhs etmək daha məqsədəuyğundur.
Erkən yaşlarından rus ədəbiyyatı və mədəniyyəti ilə yaxından təmasda olan Nuaymə bu ədəbiyyatın öncülləri sayılan Tolstoy, Dostoyevski, Turgenyev, Belinski, Çexov, Puşkin, Qoqol və başqa görkəmli ədiblərə olan heyranlığını hər zaman özü açıq bir şəkildə dilə gətirib. Nuaymə yaradıcılığında rus ədəbi irsinin təsiri özünü iki istiqamətdə göstərir: birincisi, ədəbiyyatda reformist fikirlərin səslənməsi və ədəbiyyatın ictimai rolunun olması, ikincisi isə, bu ədəbiyyatda daha çox, din, kilsə, varlıq mövzusunda Nuaymənin fikir dünyasının bəhrələndiyi yazıçıların mövcudluğu.
Ədəbiyyatda yenilik tərəfdarı olan Nuaymənin əsərlərində rus klassiklərinin təsir dairəsini müəyyən edən A. İmanquliyeva konkret misallar əsasında müqayisəli ədəbi çalışma aparıb. Məşhur rus tənqidçisi Belinskinin ədəbi-tənqidi görüşlərinin M. Nuaymənin ədəbi-tənqidi estetikasının formalaşmasındakı rolundan bəhs edən A. İmanquliyeva məhz bunun sayəsində Nuaymənin klassik ərəb tənqidi düşüncə tərzinin xaricinə çıxaraq, ədəbiyyatın əsas vəzifəsinin nədən ibarət olduğuna açıqlıq gətirdiyini ifadə edir. Belinski kimi Nuaymənin də ədəbiyyatın mühüm sahəsi olan teatr əsərlərinin cəmiyyətin doğru istiqamətdə addım atmasında, teatr səhnəsi vasitəsilə həqiqətlərin olduğu kimi birbaşa tamaşaçıya təqdim olunmasının əhəmiyyətindən bəhs edərək, bu iki görkəmli ədib arasında paralellər aparan Aida xanım Nuaymənin ərəb cəmiyyəti içərisindəki tərbiyəvi və reformist rolunun Belinskinin rus cəmiyyəti içərisindəki rolundan az olmadığını vurğulayır.
M.Nuaymənin hekayə müəllifi kimi formalaşmasında da rus ədiblərinin böyük rolu olmuşdur. Çexov və Turgenyev ilə Nuaymə arasında müqayisələr aparan A. İmanquliyeva xüsusən də ikincisinin Nuaymə üzərindəki təsirini ön plana çəkir. Hətta Nuaymənin “əl-Əba vəl-bənun” (“Atalar və oğullar”) adlı dram əsərinin Turgenyevin eyniadlı əsəri ilə bənzərlik təşkil etdiyini və bunun, sadəcə, ad oxşarlığı deyil, eyni zamanda əsərin sujetinin, qəhrəmanların rus yazıçısının əsəri ilə bənzərlik təşkil etdiyini xüsusi qeyd edən Aida xanım iki əsər arasında müqayisə apararaq dolğun təhlillərə yer verir.
M.Nuaymənin ədəbi şəxsiyyətinin, xüsusən onun din, kilsə, varlıq kimi mövzularda dünyagörüşünün formalaşmasında, şübhəsiz ki, rus ədibi və mütəfəkkiri Tolstoyun rolu böyük olub. Erkən yaşlarından etibarən Tolstoyun əsərlərini mütaliə edən Nuaymənin ədəbiyyatda dini motivli mövzuların işlənməsində ondan ilhamlandığını qeyd edən A. İmanquliyeva Nuaymənin kilsəyə və din adamlarına qarşı mövqeyinin dəyişməsində bu görkəmli rus ədibinin böyük rolu olduğunu vurğulayır.
Görkəmli ərəbşünas alim məhcər ədəbiyyatçılarını rus ədəbiyyatçıları ilə müqayisə etməklə kifayətlənmir. O, eyni zamanda amerikan yazıçılarının, xüsusilə, amerikan transsendentalistlərinin öncüsü olan Emersonun məhcər ədəbi quruluşunun nümayəndələri üzərindəki təsirlərindən bəhs edir. Xüsusən də, Nuaymənin fəaliyyətinin üçüncü mərhələsində ədəbi yaradıcılığını transsendentalizmin təməl prinsipləri üzərinə bina etdiyini, bundan sonrakı yaradıcılıq fəaliyyətində daha çox varlıq, varlığın mahiyyəti, ölüm kimi fəlsəfi mövzulardan bəhs edən əsərlər qələmə aldığını vurğulayır. Həqiqəti dərketmədə rasional ağıldan daha çox, intuisiya yolu ilə qəlbi ön plana çəkən amerikan transsendentalistlərinin dünyagörüşləri ilə Nuaymənin bu çərçivədəki düşüncə forması arasında yaxınlıq var. Əslində bu düşüncə tərzi, sadəcə, amerikan transsendentalistlərində mövcud deyil. Bunu qədim hind inanclarında, müxtəlif mistik cərəyanlarda və müsəlman sufi ənənəsində də görmək mümkündür. Bu kimi reallıqları ön plana çəkən A. İmanquliyeva çoxçeşidli mədəniyyət qaynaqlarından bəhrələnməsi ilə müasir ərəb ədəbiyyatında iz qoyan Nuaymənin ədəbi yaradıcılığının fərqli mədəniyyətlərlə olan əlaqəsini üzə çıxarmışdır.
Burada bir məsələni də qeyd etmək lazımdır ki, ərəb ədəbi tənqidçiləri müasir ərəb ədəbiyyatında ilk novella nümunəsinin Misir yazıçı Məhəmməd Teymurun 1917-ci ildə qələmə aldığı “Fil-qitar” (“Qatarda”) adlı hekayəsinin olduğunu söyləyirlər. Ancaq A. İmanquliyeva bu mövzuda da ərəb ədəbiyyatçılarından bir addım önə çıxaraq, müqayisəli ədəbiyyat prizmasından yanaşmaqla adını qeyd etdiyimiz müəllifin novellasını M. Nuaymənin hələ 1914-1915-ci illərdə qələmə aldığı “Sənətuhəl-cədidə” (”Onun təzə ili”) və “əl-Aqir” (“Qısır”) adlı hekayələri ilə müqayisə edir. Nuaymənin hekayələrindəki süjet xəttinin Məhəmməd Teymurun hekayəsi ilə müqayisədə daha uğurlu olduğunu qeyd edir. Eyni zamanda Aida xanımın ifadəsi ilə desək, “M. Teymur hekayəsində qəhrəmanlarının zahiri görünüşlərini təhlil etməklə kifayətləndiyi halda, Nuaymə qəhrəmanlarının daxili aləmlərinə də nüfuz etməyi bacarmış, onların psixoloji vəziyyətlərini də oxucuya məharətlə çatdıra bilmişdir”. Nəticə etibarilə, Nuaymənin adlarını qeyd etdiyimiz iki əsərinin müasir ərəb ədəbiyyatında novella janrının ilk nümunəsi olaraq qəbul oluna biləcəyini müqayisəli şəkildə üzə çıxaran A. İmanquliyeva bir çox ərəb ədəbiyyatçısı ilə müqayisədə fərqli yanaşma nümayiş etdirmişdir.
A.İmanquliyevanın müqayisəli elmi araşdırmalarından göründüyü kimi, o, sadəcə, tanınmış ərəbşünas kimi deyil, eyni zamanda müxtəlif mədəniyyətlərin və fərqli ədəbi-fəlsəfi cərəyanların dərin bilicisi olaraq elm dünyasında öz dəst-xəttini qoymuş bir alimdir. Bu gün görkəmli alim öz həmkarlarının, tələbələrinin arasında olmasa da, onun ərsəyə gətirdiyi elmi əsərləri və yetişdirdiyi tələbələri alimin xatirəsini əziz tutur, açdığı elmi cığırla gedən tədqiqatçılar onun yolunu davam etdirirlər.
MAHİR HƏMİDOV,
FİLOLOGİYA
ÜZRƏ
FƏLSƏFƏ DOKTORU
Zaman.- 2012.- 9-10 oktyabr.- S.7