Misir - nağıllar və ehramlar ölkəsi  

 

Coğrafi baxımdan olduqca önəmli bir məkanda yerləşməsi Misiri Şərq və Qərb mədəniyyətlərinin qovşağı olan bir ölkəyə çevirib. İlboyu isti, mülayim iqlim, ekzotik təbiət, Nil çayı, Aralıq və Qırmızı dəniz sahilləri boyu uzanan əsrarəngiz çimərliklər, səhranın ortasında yaşıl bir adanı xatırladan yamyaşıl vadilər insanı sanki sehrləyir. Bu baxımdan Nil çayını ölkənin baş tacı hesab etmək olar. Misirin ən məhsuldar torpaqları Nil çayı deltasında yerləşir.  

Dünyanın ən ekzotik və insanda qeyri-adi hisslər doğuran, onu bir anın içində min illər bundan əvvəllərə aparan, keçmişi ilə gələcəyi arasında bir körpü yaradan ölkələrindən biridir Misir. Misir deyən kimi dərhal yada göz baxdıqca uzanıb gedən qum səhraları, ehramlar, Nil çayı, sfinkslər və bir də məscidlərdən ucalan azan səsləri yada düşür. Afrika ilə Avropanı və Asiyanı birləşdirən  Misir qədim sivilizasiyalar məskənidir. Bəlkə ona görə də açılmamış sirləri, insanı heyrətə gətirən möhtəşəm tarixi abidələri ilə hamını maqnit kimi özünə cəlb edir bu ölkə. Misiri görənlər onu Yaponiya ilə müqayisə edərək, gündoğar ölkə adlandırırlar. Amma Yaponiya ilə müqayisədə obrazlı şəkildə desək, Misirdə günəş batmır, çünki ölkədə ilboyu yaz və yay fəsilləri hökm sürür. Ona görə də Misir ilboyu dünyanın müxtəlif yerlərindən gələn turistlərlə aşıb-daşır. Adama elə gəlir ki, turistlər bu ölkənin daimi sakinləridir.

Misir yalnız bu gün deyil, qədimlərdə də insanların ən çox səyahət etdikləri ölkələrdən biri olub.

Vaxtilə Misirə səyahət edən dünyanın ən məşhur səyyahları və alimləri, o cümlədən tanınmış riyaziyyatçı Evklid, coğrafiyaşünas alim Strabon və digərləri bu ölkədə gördüklərindən heyrətləndiklərini gizlətməyiblər. Hətta bu ölkəni işğal edən Makedoniyalı İsgəndər belə Misirin özünəməxsus və təkraredilməz gözəlliyi qarşısında heyrətə düşərək, burada məskən salmağı qərara almış və bu məqsədlə günümüzdə İsgəndəriyyə kimi tanınan şəhəri inşa etdirmişdir. Misirə ilk dəfə işğalçı ordusu ilə ayaq basan Napoleon həyəcanını gizlədə bilməyərək əsgərlərinə müraciətlə: “Əsgərlər, 40 əsrdən artıqdır ki, piramidaların üzərindən sizə baxırlar”,- demişdi.

 Qeyd etdiyimiz kimi, Misir müxtəlif sivilizasiyaları özündə birləşdirən möhtəşəm abidələr ölkəsidir. Burada fironlar, yunan-Roma imperiyası dövrü, həmçinin islam, kopt mədəniyyəti inciləri və sivil arxitektura nümunələri bir-biriləri ilə qovuşaraq əsrarəngiz bir gözəllik yaradırlar.

Misirlilər çox açıqqəlbli, sülhsevər və qonaqpərvər xalqdır. Təsadüfi deyil ki, Misirdə olan dünyanın tanınmış simaları: “Bu dünyanı Misirsiz təsəvvür etmək mümkün deyil”, - deyiblər.

 

Gözəlliklər diyarı

 

Coğrafi baxımdan olduqca önəmli bir məkanda yerləşməsi Misiri Şərq və Qərb mədəniyyətlərinin qovşağı olan bir ölkəyə çevirib. İlboyu isti, mülayim iqlim, ekzotik təbiət, Nil çayı, Aralıq və Qırmızı dəniz sahilləri boyu uzanan əsrarəngiz çimərliklər, səhranın ortasında yaşıl bir adanı xatırladan yamyaşıl vadilər insanı sanki sehrləyir.

Bu baxımdan Nil çayını ölkənin baş tacı hesab etmək olar. Misirin ən məhsuldar torpaqları Nil çayı deltasında yerləşir. Ona görə də hər bir misirli üçün Nil çayı həm də qazanc mənbəyi deməkdir. Belə ki, Misirin ən məhsuldar torpaqları çayboyu yerləşir. Bu məhsuldar torpaqlarda ölkə vətəndaşları ildə iki, hətta üç dəfə məhsul  götürürlər. Ona görə də qədim tarixçi Herodot Nil haqqında: “Misir  öz varlığı üçün Nilə borcludur”, - deyib.

Misir özünəməxsus xüsusiyyətlərə malikdir. Belə ki, ölkə ərazisinin 96 faizini səhralar təşkil edir.

 

Sənaye və kənd təsərrüfatı

 

Misir neft-qazla zəngindir və bu da strateji baxımdan onun əhəmiyyətini daha da artırır. O, dünyanın pambıqçılıq ölkəsi hesab edilir. Dünya ölkələrinin pambığa olan ehtiyacının 3 faizini Misir ödəyir.

Ölkədə adambaşına düşən ümumdaxili məhsul 5,4 min dollar təşkil edir. Ölkə əhalisinin 32 faizi aqrar sahədə, 17 faizi sənayedə, 50 faizi isə ictimai-iaşə müəssisələrində çalışır. Misir xaricə əsasən neft və neft məhsulları, həmçinin toxuculuq məmulatları, pambıq göndərir. Xaricdən isə əsasən sənaye məhsulları, o cümlədən ərzaq, kimya məhsulları, taxta-şalban alır.

Misir əhalisinin sayına görə müsəlman ölkələri arasında ön yerlərdən birini tutur. Belə ki, 2010-cu ilin məlumatlarına görə, Misirin əhalisi 80,2 milyon nəfərdir. Əhalisinin 90 faizi müsəlman, 10 faizi xristiandır.   

 

Şarm əl-Şeyx- ecazkar inci

 

Şarm əl - Şeyx dünyanın havası ən təmiz guşələrindən biri hesab edilir. Ona görə də Şarm əl-Şeyx Qırmızı dənizin kəhrəbası hesab edilən ən gözəl turist məkanlarından biri kimi şöhrət qazanıb. Qırmızı dənizin müalicəvi suyu və Şarm əl-Şeyxdəki rahat mehmanxanalar və onlarda göstərilən yüksək xidmət bu məkanın turistlər tərəfindən daha çox sevilməsinə gətirib çıxarıb. Ona görə dünyanın hər yerindən bura turist axını olur. Şarm əl-Şeyx şərti olaraq 5 rayona bölünür. Onlardan turistlər üçün ən çox cəlbedici olanı, şübhəsiz ki, Naama Beydir. Burada gecə-gündüz turist əlindən tərpənmək olmur. Naama Beydə çoxlu sayda gecə klubları, diskotekalar, ətir qoxuyan çayxanalar turistlərin xidmətindədir. Naama Beydə “1001 gecə” əyləncə mərkəzi, akvapark və delfinari turistlərə dünyanın heç yerində rast gəlinməyən bir xidmət göstərir. Sahil boyu uzanan qumlu çimərliklər gecənin yarısı insana qəribə bir rahatlıq gətirir. Çimərlikdə uzanaraq ulduzları seyr etsən, sənə elə gələcək ki, əlini uzatsan, onlara çatacaq. Şarm əl-Şeyxə insanlar həm ailələri ilə, həm də fərdi qaydada istirahət etməyə gəlirlər. Bir sözlə, Şarm əl-Şeyx dəniz sahillərində uyuyan yamyaşıl bir adadır.

 

Piramidalar ölkəsi

 

Misir dünyada həm də  piramidalar ölkəsi kimi tanınır. Bu piramidaların sirlərini bu günə kimi açmaq olmayıb. Piramidaların özünəməxsus bir xüsusiyyəti də var. Bu da onların ətrafında insanların özlərini olduqca rahat hiss etmələridir. Son illərdə məlum olub ki, Misir piramidaları bir çox xəstəliklərin müalicəsində əvəzsiz bir rol oynayır.

Misirdəki məşhur Xeops ehramı dünyanın 7 möcüzəsindən biri  hesab edilir. Ehramın tikiməsində çəkisi  2 ton olan daşlardan istifadə edilib. Bu piramidanın hündürlüyü isə 147 metrdir. Həmin piramidanı tikmək üçün 2000-3000 ədəd irihəcmli daş sərf olunmuşdur. Herodotun verdiyi məlumata görə, Xeops ehramı 20 ilə tikilmişdir.

Ehramlar ilə yanaşı, burada qayadan yonulmuş 20 metr hündürlüyündə “Dəhşətlər atası” adı verilən böyük Sfinks (başı insan başı, bədəni aslan bədəni) heykəli qoyulmuşdur.

Bir sözlə, Misir ora gələn turistləri təəccübləndirməkdə davam edir. Siz buraya bir dəfə gəlsəniz, ömrünüzün sonuna kimi oraya bir də gəlmək, özünüzü burada yenidən rahat hiss etmək istəyəcəksiniz.

 

 

Hazırladı:Əziz Mustafa

 

Zaman.- 2012.- 13-15 oktyabr.- S.8.