Osmanlı dövlətinin sədrəzəmi (baş vəziri) - Şirvanizadə Mehmet Rüşdi Paşa

 

Mehmet Rihtim,filologıya elmlərı üzrə fəlsəfə doktoru, dosent.

Mövlanə İsmayıl Siracəddin Şirvaninin oğlu Şirvanizadə Mehmet Rüşdi Paşa 1828-ci ildə Amasiyada anadan olub. O, Osmanlı tarixində “Şirvanizadə” adı ilə məşhurdur. Amasiyada, əvvəlcə, böyük qardaşı Əbdülhəmid Əfəndidən, sonra isə atasından təhsil alıb. Mehmet Rüşdi Paşa 1850-ci ildə İstanbula gəlib, məşhur alimlərdən Vidinli Mustafa Əfəndinin tələbəsi olub. İcazənamə alaraq Bəyazid Məscidində dərs deməyə başlayıb.

Mehmet Rüşdi Paşa 1853-cü ildə Amasiyada vəqf müdiri olub, lakin növbəti ildə həmin vəzifədən istefa verərək İstanbula qayıdıb. İstanbulda da yenidən tədris işləri ilə məşğul olub. Onun fəaliyyətini Şeyxülislam Arif Əfəndi bəyənib və oğlu Siddiq Mollaya dərs verməsini istəyib. Mehmet Rüşdi Paşa tezliklə siyasi uğurlar qazanıb, Babi-Alidə (Osmanlı dövlətində mərkəzi hökumət) təşkil edilən ərazi komissiyasındakı fəaliyyəti ilə bağlı mərkəzi hökumətin Əli Paşa və Fuad Paşa kimi məsul şəxslərlə münasibətləri olub. Fuad Paşa Suriya məmurluğu zamanı Mehmet Rüşdi Paşanı da özü ilə aparıb, onun fəaliyyətindən razı qalıb. Əvəzində Fuad Paşa Mehmet Rüşdi Paşanın məxrəc qazılıqlarından birinə təyin olunmasını Şeyxülislam Sadəddin Əfəndidən xahiş edib. Lakin onun xahişi qəbul edilməyib. Fuad Paşa Şeyxülislamdan incimiş, 1861-ci ildə Mehmet Rüşdi Paşanı Ali Məclisin üzvü etmişdir. 1863-cü ildə daha irəli gedərək onu vəzir rütbəsi ilə Şam valisi təyin etmişdir. Belə ki, müəllimlikdən vəzirliyə ucalan bir neçə şəxsdən biri də Şirvanizadə olub. 1864-cü ildə Şam və Sayda əyalətlərinin bəzi livalarını və Qüds sancağını əhatə edən Suriya vilayəti təşkil olunduqda valilik Mehmet Rüşdi Paşaya həvalə edilib. O, 1865-ci ildə Humayun Vəqfi Nazirliyinə təyin olunub. Az sonra maliyyə naziri olub. 1866-cı ildə birinci dərəcəli Osmanlı nişanı ilə təltif edilib. 1868-ci ildə vəzifəsinə Xassə Xəzinəsi Nazirliyi də əlavə olunub.

1869-cu ildə Fuad Paşa vəfat etdikdən sonra Əli Paşa həm xarici, həm də daxili işləri aparmağın ağır olduğunu görüb, ayrıca Daxiliyyə Nazirliyi təşkil edir. Yeni nazirliyin rəhbəri Xassə Xəzinəsi Nazirliyi öhdəsində qalmaqla, Mehmet Rüşdi Paşa olmuşdur. Lakin Əli Paşa ilə münasibətlərinə xələl gətirdiyi üçün 1871-ci ildə yenidən Xassə Xəzinəsi Nazirliyi öhdəsində qalmaqla, ikinci dəfə Maliyyə Nazirliyinə gətirilib. Əli Paşanın maneələrinə baxmayaraq, sultanın qəzəbinə düçar olan Mehmet Rüşdi Paşa vəzifəsindən azad edilib və az sonra sürgün olunub. 1872-ci ildə Mehmet Rüşdi Paşa əfv edilib və İstanbula qayıdıb.  Az sonra meşə və mədən naziri təyin olunub. Lakin Vəqf Nazirliyi yenidən təşkil edildiyindən ikinci dəfə həmin vəzifəyə gətirilib. 1873-cü ildə üçüncü dəfə Maliyyə Nazirliyi ona həvalə olunub. Sərəsgər Hüseyn Avni Paşa ilə Mehmet Rüşdi Paşa sədrəzəm Əsəd Paşadan sultana şikayət ediblər. Sultan Əsəd Paşaya qəzəblənib və onun əvəzinə sədrəzəmlik  baş vəzirlik (indiki dövrə görə baş nazir ) vəzifəsinə Şirvanizadə Mehmet Rüşdi Paşanı təyin edib. Bu zaman Şirvanizadə Mehmet Rüşdi Paşanın 45 yaşı olub.

Onun sədrəzəmliyi 9 ay 10 gün çəkib və Sultan Əbdüləziz dövrünə (1861-1876) təsadüf edib. Mehmet Rüşdi Paşanın sədrəzəmliyi dövründə verilən ən mühüm fərman Misir xədivliyinə dair sənəddir. İran şahı Nəsrəddin Şah Avropa səfərindən qayıdarkən İstanbulda bir neçə gün dayanıb. O, Mehmet Rüşdi Paşanın da qonağı olub. Şah Paşaya şahın təsviri olan nişan təqdim edib. Onun dövründə bir sıra dəmir yolu layihələri reallaşdırılıb. Yeni layihələrin hazırlanması nəzərdə tutulub. 1874-cü ildə müşavir Fərid Paşanın vəsatəti ilə Humayun möhürü Mehmet Rüşdi Paşadan alınıb. Onu Hüseyn Avni Paşa əvəz edib.

Sədrəzəmliyinin son vaxtlarında Mehmet Rüşdi Paşanın yeganə oğlu Haqqı bəy iflic olub. Az sonra İstanbuldakı mülkünün bir hissəsi yanıb. İki ay xəstə yatan oğlu Haqqı bəy 25 yaşında vəfat edib. Mehmet Rüşdi Paşa bu hadisələrə görə çox təsirlənib. Həmin il Hələb valisi təyin edilib. Qeyd edək ki, bu addım onun saraydan uzaqlaşdırılması demək idi... Lakin Hüseyn Avni Paşa Hələbə yenicə çatan Mehmet Rüşdi Paşanı Hicaz valisi təyin edib. 1874-cü ildə (11 şaban 1291) qızdırma xəstəliyinə tutulmuş Mehmet Rüşdi Paşa Taifdə vəfat edib. Onu çox sevdiyi, Peyğəmbərin (s.a.s.) səhabələrindən olan Abdullah ibn Abbasın qəbrinin yaxınlığında dəfn ediblər.  Qeyd edək ki, Şirvanizadə Mehmet Rüşdi Paşa Əbülhəsən Məhəmməd ibn Həbibi Mavərdinin hikmətə dair ərəbcə əsərini türkcəyə tərcümə edib. İbnül Emin Mahmud Kamal İnal isə onun qələmə aldığı bir sıra şeirlərini toplayıb və nəşr etdirib.

 

 

Zaman.-2012.-20-22 oktyabr.-S.2.