“Azərbaycan çox ağıllı və balanslaşdırılmış siyasət aparır”

 

Son illərdə bir-birinin ardınca xarici ölkələrdə yeni diplomatik nümayəndəliklər açan Azərbaycan Qərb ölkələri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Bu baxımdan ölkəmizin Avropa Birliyinə üzv dövlətlərlə münasibətləri çox önəmlidir. Azərbaycan-Avstriya münasibətləri də bu qəbildəndir.

“Azərbaycan-Avstriya münasibətləri çox yüksək səviyyədədir. Qarşılıqlı rəsmi səfərlərin sayı son illərdə sürətlə artır”. Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Silvia Mayer-Kaybiç qəzetimizə müsahibəsində belə dedi. O, ölkələrimiz arasında diplomatik münasibətlərin tarixinin çox qədim olduğunu bildirdi. Diplomatın sözlərinə görə, hələ 100 il əvvəl Avstriya-Macarıstan imperiyasının Bakıda təmsilçiliyi olub.

Hazırda iki ölkə arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu deyən Silvia Mayer-Kaybiçin sözlərinə görə, 2011-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 150 milyon avro olub. Avstriya ölkəmizə əsasən, maşınqayırma və texniki ləvazimatlar, müxtəlif içki məhsulları, iribuynuzlu heyvanlar ixrac edir, Azərbaycandan isə neft və qaz alır.

Azərbaycanın regionda apardığı xarici siyasətə də toxunan xanım Kaybiç: “Bu qədər mürəkkəb coğrafiyada - Rusiya, İran və Türkiyə kimi böyük dövlətlərin qonşuluğunda Azərbaycan çox ağıllı və balanslaşdırılmış siyasət aparır. Bu uğurlu siyasət Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirir”,- dedi.

Səfir ölkəsinin Dağlıq Qarabağ probleminin həlli yoluna münasibətini də açıqladı və Avstriya dövləti olaraq, ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəklədiklərini söylədi: “Əgər yenidən müharibə başlasa, bunun zərbəsi bütün regiona dəyər. Bütün ölkələr müharibədən zərər çəkər. Müharibə ölümlər, anaların gözyaşı deməkdir”.

Azərbaycan cəmiyyətində tolerantlığın çox yüksək səviyyədə olduğunu bildirən Avstriya səfiri Azərbaycanda digər dinlərə, fərqli inanclara böyük ehtiramın olduğunu söylədi: “Birgəyaşayış anlayışı sizin ölkənizdə, sözün həqiqi mənasında, gerçək olur”.

Son illərdə bir-birinin ardınca xarici ölkələrdə yeni nümayəndəliklər açan Azərbaycan Qərb ölkələri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Bu baxımdan ölkəmizin Avropa Birliyinə üzv olan dövlətlərlə münasibətləri çox əhəmiyyətlidir. Müsahibimiz Avstriyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Silvia Mayer-Kaybiçdir.

- Avstriya-Azərbaycan münasibətlərinin tarixi nə qədər qədimdir?

- Ölkələrimiz arasında diplomatik münasibətlər düz 20 il əvvəl, 1992-ci ildə başlayıb. Əlbəttə, bu, Azərbaycan müstəqillik qazandıqdan sonrakı dövrlə əlaqəlidir. Əslində isə 100 il əvvəl Avstriya-Macarıstan imperiyasının Bakıda təmsilçiliyi olub. Bir neçə il əvvəl Azərbaycan Avstriyada öz nümayəndəliyini açdı. Həmin səfirlik eyni zamanda sizin ölkənizi Avstriyada yerləşən beynəlxalq qurumlarda təmsil edir. Avstriyada ATƏT-in, BMT-nin bəzi idarələrinin, Beynəlxalq Atom Enerjisi Agentliyinin ofisləri yerləşir. Avstriya isə öz səfirliyini burada 2010-cu ilin iyununda açdı.

- Hal-hazırda ölkələrimiz arasındakı əlaqələr hansı səviyyədədir?

- Əminliklə deyə bilərəm ki, Azərbaycan-Avstriya münasibətləri çox yüksək səviyyədədir.

Qarşılıqlı rəsmi səfərlərin sayı da son illərdə sürətlə artır. Ticarət dövriyyəmiz də yüksələn xətt üzrə inkişaf edir. Qarşılıqlı olaraq ticarət sahələrini və ixrac mallarını artırırıq.

- Ticarət dövriyyəmiz nə qədərdir?

- Avstriya dövlətinin rəsmi statistikasına görə, 2011-ci il üçün ticarət dövriyyəmiz 150 milyon avro olub. Avstriya əsasən maşınqayırma və texniki ləvazimatlar, müxtəlif içki məhsulları, iribuynuzlu heyvanlar ixrac edir. Azərbaycandan isə neft və qaz idxal edirik.

- Ticarət dövriyyəmiz o qədər də yüksək deyil.

- Düzdür. Amma nəzərə alsaq ki, son 10 ildə bu rəqəm 10 dəfə artıb, o zaman inkişafı görə bilərik. İldən-ilə də bu rəqəm sürətlə yüksəlir.

- Azərbaycanda nə qədər Avstriya vətəndaşı yaşayır? Əsasən hansı sahələrdə fəaliyyət göstərirlər?

- Burada təxminən 60-70 nəfər vətəndaşımız yaşayır. Onların çoxu da iş adamıdır.

- Təhsil sahəsində hansı imkanlar var? Qarşılıqlı tələbə mübadiləsi mövcuddurmu?

- Azərbaycan tələbələri Avstriyada təhsil ala bilərlər. Orada hazırda təhsil alan tələbələr mövcuddur. Eyni zamanda tələbələr üçün həm Avstriyanın, həm də Azərbaycan hökumətinin ayırdığı qrantlar, təqaüd imkanları da var. Verdiyimiz viza statistikasına görə, təxminən 20 azərbaycanlı Avstriyada təhsil almaqdadır. Burada Qafqaz Universitetində isə “Erasmus” proqramı çərçivəsində 2 avstriyalı təhsil almaqdadır.

- Azərbaycanın qonşuları ilə münasibətlərini necə dəyərləndirirsiniz?

- Açıq demək lazımdır ki, bu qədər mürəkkəb bir coğrafiyada - Rusiya, İran və Türkiyə kimi böyük dövlətlərin qonşuluğunda Azərbaycan çox ağıllı və balanslaşdırılmış siyasət aparır. Bu uğurlu siyasət Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirir.

- Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edib. Bu barədə BMT-nin qətnamələri də var. Amma təəssüflər olsun ki, işğal hələ də davam edir. Digər tərəfdən, Azərbaycan gündən-günə inkişaf edir, hərbi potensialını artırır, Ermənistan isə böhran vəziyyətindədir. Sizcə, Azərbaycan indi nə etməlidir, hərbi yola müraciət etməlidirmi?

- Biz Avstriya dövləti olaraq, ATƏT-in Minsk Qrupunun fəaliyyətlərini dəstəkləyirik.

- Ancaq Minsk Qrupunun fəaliyyəti 20 ildə heç bir nəticə verməyib.

- Mən sizin kimi düşünmürəm. Danışıqlarda irəliləyişlər var. Ən azından danışıqlar davam edir. Dünyada elə münaqişələr var ki, tərəflər bir-biriləri ilə heç görüşmürlər. Bu konfliktdə isə görüşmələr davam edir, prezidentlər görüşürlər, xarici işlər nazirləri görüşürlər. Ən azından qarşılıqlı dialoq var. Digər tərəfdən əgər yenidən müharibə başlasa, bunun zərbəsi bütün regiona dəyər. Bütün ölkələr müharibədən zərər çəkər. Müharibə demək, ölümlər deməkdir, anaların gözyaşı deməkdir.

- Son dövrdə İran Azərbaycan əleyhinə bəyanatlar verir. Sizcə, Azərbaycan və İran arasında hansı fərqli və ortaq yönlər var?

- Azərbaycan İran ilə qonşudur. Ölkələr arasında tarixi əlaqələr var. Bildiyiniz kimi, İranda milyonlarla azərbaycanlı yaşayır. Digər tərəfdən, Azərbaycan Naxçıvana daxil ola bilmək üçün İranla əməkdaşlıq etməlidir. Hər iki ölkənin tarixlərində ortaq yönlər olsa da, bu gün Azərbaycan özünə tamamilə İrandan fərqli inkişaf yolu seçmişdir. Azərbaycan cəmiyyətində tolerantlıq çox yüksək səviyyədədir. Burada İrandan fərqli olaraq, digər dinlərə, fərqli inanclara böyük ehtiram var. Mən Azərbaycanda müxtəlif dini icmaların nümayəndələri ilə görüşürəm. Onlar da buradakı vəziyyətdən çox razılıq edirlər. Maraqlı faktlardan biri də odur ki, yüz illərdir Azərbaycanda sülh şəraitində yaşayan yəhudi icmaları da var. Birlikdə yaşama anlayışı sizin ölkənizdə, sözün həqiqi mənasında, gerçək olur.

- Paytaxtımızı necə görürsünüz?

- Bakı çox sürətlə inkişaf edən bir şəhərdir. Bura gələn hər bir xarici şəhərin gözəlliyinin təsiri altında qalır. Hazırda burada bir çox yeniliklər həyata keçirilir. Mən, xüsusilə, “Avroviziya” mahnı müsabiqəsini qeyd etmək istəyirəm. O zaman da Bakıda böyük işlər görüldü və işlərin bəziləri də hələ davam edir. Son illərdə yeni, möhtəşəm otellər açıldı. Ölkəyə gələn turistlərin sayı getdikcə artır.

- Azərbaycanın turizm sahəsində böyük potensialı var. Eyni zamanda Avstriyanın da bu sahədə böyük təcrübəsi var. Qarşılıqlı bu sahənin inkişafı üçün nə edirsiniz?

- Turizm Azərbaycan ilə Avstriyanın əməkdaşlıq etdiyi önəmli sahələrdən biridir. Hazırda davam edən bir neçə layihə də mövcuddur. Məsələn, Azərbaycan Dövlət Turizm Universiteti ilə Avstriyadan bir universitet arasında davam edən bir layihə var. Bu layihə sayəsində turizm sahəsində mütəxəssislər yetişdirilir. Bundan başqa, Qusar rayonundakı Şahdağ Qış-Yay Turizm Kompleksində də Avstriya şirkətləri fəaliyyət göstərirlər. Həqiqətən də, layihə möhtəşəmdir.

Avstriyanın da turizm sahəsində böyük təcrübələri var. Biz 100 ildir bu sahə ilə məşğul oluruq. Turizm elə bir sahədir ki, bir gündə bütün problemləri həll edə bilməzsən. Təcrübə lazımdır, nəhəng infrastrukturlar lazımdır, ən əsası isə mentalitet dəyişməlidir. Avstriya da bugünkü halına gələ bilmək üçün uzun illər çalışıb.

- Turizm deyəndə, qarşıya çıxan əsas problem viza məsələsidir. Qarşılıqlı vizaların sadələşdirilməsi üçün hansı addımlar atılır?

-Bildiyiniz kimi, Avstriya Şengen ölkələrinə daxildir. Ona görə də təkbaşına hansısa addım ata bilməz. Amma hazırda Avropa Birliyi ilə Azərbaycan arasında vizaların sadələşdirilməsi üçün danışıqlar davam etdirilir. Danışıqların ilkin mərhələsi noyabrda Bakıda keçiriləcək. Təəssüflər olsun ki, bura gəlmək istəyən avstriyalılar da çətinliklərlə üzləşirlər. Sənədlərin yığılması, barmaq izləri və s.

- Başqa ölkələr Azərbaycan vətəndaşlarına bu çətinlikləri çıxarırlar. Təbii olaraq bizim hökumət də eyni sistemi xaricilərə tətbiq edir.

-Amma burada sizin hədəfiniz, məqsədiniz nədir?! Əsas məsələ budur. Əgər siz turizmi inkişaf etdirmək istəyirsinizsə, xarici sərmayəni bura çəkmək istəyirsinizsə, vizaları sadələşdirməlisiniz.

-  Amma bunun qarşılıqlı olması normal deyilmi?

- Düzdür, amma yenə də hədəf nədir? Məqsəd nədir? Mən düşünürəm ki, hazırda həm Azərbaycan, həm də Avropa Birliyi qarşılıqlı olaraq vizaları sadələşdirmək istəyir. Bunun üçün də lazımi addımlar atılır. Gələcəkdə bu məsələ problem olmaqdan çıxacaq.

- Azərbaycanın başqa yerlərini gəzdinizmi? Hansı təəssüratlarınız var?

- Məni valeh edən Azərbaycanda bu qədər fərqli landşaftların, iqlimlərin olmasıdır. Mən Lənkəranda oldum, Qafqaz dağlarında oldum. Bir tərəfdə 5 min metrlik dağlar, bir tərəfdə dəniz. Bir də, insanların qonaqpərvərliyi mənə çox təsir edir. Bakı xaricində də, hara getsəm insanlar bizi çox mehriban qarşılayırlar.

 

 

  Zaman.-2012.-23 oktyabr.-S.10.