Uilyam Folkner -Nobel mükafatı alan qəribə taleli yazıçı (2)

 

Həmin dövrdə Folkner ailəsi maddi baxımdan sıxıntı keçirirdi və bu da yazıçını yeni əsərlər üzərində işləməyə vadar edirdi. Ona görə də yazıçı hamını təəccübləndirən “dəhşətli bir şey” yazmaq qərarına gəldi və yeni mövzunu bir müddət başında götür-qoy etdi. Sonra isə yazı masası arxasına oturdu və üç həftə ərzində “Müqəddəs yer” romanını yazdı. 1931-ci ildə çap edilən bu əsər, həqiqətən də, maraqlı süjet əsasında qurulmuşdu. Romanda qanqsterlər tərəfindən həyatı puç edilən və bundan sonra pis yola düşməyə məcbur olan gənc bir qadının başına gələnlərdən danışılır. Bu roman dərhal oxucuların böyük marağına səbəb oldu və bestsellerə çevrilərək qısa müddətdə satılıb qurtardı.  Ədəbi tənqid də romanı yüksək qiymətləndirdi. “Müqəddəs yer”romanının bütün nüsxələrinin satılması yazıçıya müvəqqəti də olsa maddi problemlərini həll etməyə imkan verdi.

 1919-cu ildə Folkner Missisipi Universitetinə daxil olur. Ancaq onu yenə də oxumaq bir elə maraqlandırmırdı. Onun ədəbi yaradıcılıq sahəsində nə isə üzə çıxarmaq istəyi də alınmırdı. Ümumiyyətlə, həmin dövrdə Folkner özü də nə etdiyini bilmirdi. Hansı işin qulpundan yapışmaq istəyirdisə onu sona kimi başa çatdıra bimir və yarımçıq qoyurdu. Həyatının belə qeyri-müəyyən bir dövründə gözlənilmədən Folkner özünün yazdıqları ilə az-çox tanış olan teatr tənqidçisi və yazıçı Stark Yanq tərəfindən Nyu-Yorka dəvət edilir. O özünü bu böyük şəhərdə nələrin gözləyə biləcəyini düşünmədən Yanqın dəvətini qəbul edir və ali təhsilini yarımçıq qoyaraq, Nyu-Yorka gəlir. Hər halda, görünür o bu şəhərdə ədəbi fəaliyyətinin parlayacağına və ədəbi aləmlə daha sıx tanış olacağına ümid edirmiş. Amma o, Nyu-Yorka gələn kimi səhv etdiyini anladı. Böyük şəhərin ədəbi aləmi onu qəbul etmək, tanımaq belə istəmirdi. Əsərlərinin üzünə baxan yox idi, çünki bu şəhərin öz tanınmış yazarları var idi və tanınmamış bir gəncin yazılarını dərc etmək mətbu orqanlara sərf etmirdi. Bütün bu çətinliklərə baxmayaraq, Folkner Nyu-Yorku tərk edərək geri dönmək istəmirdi. Ona görə də o, özünü dolandırmaq üçün, əvvəlcə, kitab mağazasında satıcı, sonra isə poçt şöbəsində poçtalyon işləyir. Bu dövr yazıçının həyatında ən çətin dövrlərdən biri hesab edilir. Çünki varlı bir ailədə böyüyən və həyatda işləyərək özünü saxlamağın nə olduğunu bilməyən Folkner  indi bir neçə dollar üçün bütün günü tər tökməli, öz yeməyini özü hazırlamalı, paltarını yumalı, ütüləməli idi. 1925-ci ildə Folkner məşhur yazıçı Şervud Andersenlə tanış oldu. Andersen Folknerin şeirlərini oxuduqdan sonra hiss elədi ki, o bu cızma-qaralarla ədəbi sahədə uğur əldə edə bilməyəcək. Üstəlik, Amerikada şeirə qiymət də verən yox idi, amma oxucular arasında nəsrə maraq daha güclü idi və çap edilən  hər hansı roman və ya povest dərhal öz oxucusunu və ədəbi tənqidçisini tapırdı. Ona görə də Şervud Andersen Folknerə qələmini nəsr sahəsində sınamağı məsləhət gördü. Buna baxmayaraq, Folkner özünün şeirlərindən ibarət kitabını dərc etdirdi. Amma kitabın üzünə baxan olmadı, ədəbi tənqid isə Folknerin şeirlərini zibil yığnağı adlandırdı. Yalnız bundan sonra Folkner Şervudun məsləhətini nəzərə alaraq, qüvvəsini həmişəlik nəsr sahəsində sınamağı qərara aldı.

1926-cı ildə Folknerin “Əsgər qisməti”, 1927-ci ildə isə “Ağcaqanadlar” romanı çap edildi. Bu romanlar zəif  idi və ona görə də ədəbi tənqid və oxucular tərəfindən maraqla qarşılanmayaraq diqqətdən kənarda qaldı. Amma Folkner ruhdan düşmədi, o hiss edirdi ki, haçansa nəsr sahəsində istədiyini deyə biləcək. Ona görə  bu dəfə daha diqqətli yazmağa, səhvlərindən nəticə çıxarmağa çalışdı. Bu arada, daha dəqiq desək, 1927-ci ildə Folknerin şəxsi həyatında gözlənilməz dəyişiklik baş verdi. Vaxtilə onun sevgisini qiymətləndirməyərək başqa birisinə ərə gedən Estell Oldhem ərindən boşandı. Həmin ildə də Folkner Estellə ailə həyatı qurdu. Bu xoşbəxt ailə həyatı, belə demək mümkünsə, Folknerin nəsr sahəsində qazanacağı uğurların əsasını qoydu. Estell Folknerin ilk oxucusu kimi ona bəzi məsləhətlər verməyə, adi oxucunu daha çox nələrin maraqlandırdığını izah etməyə başladı. Bu da Folknerin daha uğurlu yaradıcılığının əsasını qoydu. 1929-cu ildə Folkner “Sartoris” romanı ilə oxucularının görüşünə gəldi. “Sartoris” romanı hər halda onun yazdığı digər nəsr əsərlərindən daha maraqlı idi, burada müəllifin öz dəst-xətti aydın görünməyə başlamışdı. Ona görə də bu roman ədəbi tənqidin və oxucuların diqqətini müəyyən qədər özünə cəlb edə bildi. “Sartoris romanı ilə Folkner özünün uydurduğu Yoknapatofa əyalətində cərəyan edən hadisələrə həsr ediləcək 15 cildlik romanlar silsiləsinin əsasını qoydu. “Sartoris”i yazandan sonra artıq ədəbi sahədə püxtələşməyə başladığı hiss edilən Folknerin növbəti romanı olan “Səs-küy və qəzəb” Amerikada özünəməxsus maraqla qarşılandı. Bu roman Amerikanın tanınmış ədəbi tənqidçiləri tərəfindən ən uğurlu əsər kimi dəyərləndirildi. Bununla belə, Folknerin ədəbi dilindəki özünəməxsusluq oxucuların hadisələri lazıminca qavramalarına mane olurdu. Çünki Folkner əsərlərində təhkiyə üsuluna üstünlük verirdi və bu da təsvir edilən hadisələrin oxucular tərəfindən tam, asanlıqla qavranılmasına imkan vermirdi.

Qeyd etdiyimiz kimi, Folknerin əsərləri istər yaradıcılığının ilk, istərsə də daha sonrakı, qələminin püxtələşdiyi vaxtlarında belə, oxucular və tənqidçilər tərəfindən çətin qəbul olunub. Ona görə də yazıçı ilə oxucular və ədəbi tənqidçilər arasında həmişə müəyyən qarşıdurma olub. Folknerin ədəbi tənqidə münasibəti də sanki düşmənçilik prinsipi üzərində qurulmuşdu və daim onlarla münaqişədə idi. Məsələn, tənqidçilərdən və ya oxuculardan biri müəllifə yazanda ki, əsərini başa düşmürəm, Folkner ona məsləhət görürdü ki, əsəri bir də oxusun, yenə başa düşməsə, onda başa düşənə kimi oxusun. O: “Mən özüm də yazdığımı başa düşməyəndə onu başa düşənə kimi oxuyuram”,-deyirdi.

Folkner, bir sözlə, özünün yazdıqlarını başa düşməyənləri anlaya bilmir, bunu onların məntiqi səviyyəsinin azlığı ilə izah edirdi. Amma əslində Folknerin yazdıqlarını adi oxucular deyil, bəzən ən məşhur ədəbi tənqidçilər belə başa düşmürdülər. Çünki onun ədəbi dili ağır idi.

1930-cu ildə Folkner bir neçə həftə ərzində özünə daha geniş şöhrət gətirən “Ölüm yatağında” romanını yazdı. 59 monoloqdan ibarət bu roman dərhal oxucuların və ədəbi tənqidçilərin diqqətini cəlb etdi. Amma yazıçının bu romanı da oxucular tərəfindən az alınırdı. Halbuki tanınmış tənqidçi Konrad Eyken “Ölüm yatağında” romanını yüksək qiymətləndirmiş və buna görə müəllifi tərifləmişdi.

Həmin dövrdə Folkner ailəsi maddi baxımdan sıxıntı keçirirdi və bu da yazıçını yeni əsərlər üzərində işləməyə vadar edirdi. Ona görə də yazıçı hamını təəccübləndirən “dəhşətli bir şey” yazmaq qərarına gəldi və yeni mövzunu bir müddət başında götür-qoy etdi. Sonra isə yazı masası arxasına oturdu və üç həftə ərzində “Müqəddəs yer” romanını yazdı. 1931-ci ildə çap edilən bu əsər, həqiqətən də, maraqlı süjet əsasında qurulmuşdu. Romanda qanqsterlər tərəfindən həyatı puç edilən və bundan sonra pis yola düşməyə məcbur olan gənc bir qadının başına gələnlərdən danışılır. Bu roman dərhal oxucuların böyük marağına səbəb oldu və bestsellerə çevrilərək qısa müddətdə satılıb qurtardı.  Ədəbi tənqid də romanı yüksək qiymətləndirdi. “Müqəddəs yer”romanının bütün nüsxələrinin satılması yazıçıya müvəqqəti də olsa maddi problemlərini həll etməyə imkan verdi.

Bununla belə, Folkner maddi problemlərini birdəfəlik həll etmək üçün daha gəlirli ədəbi fəaliyyət sahəsi axtarmaqda idi. Bu məqsədlə o, ötən əsrin 30-40-cı illərində Hollivudla əməkdaşlıq etməyə başladı O, burada müxtəlif kinofilmlərə yazılan ssenariləri yenidən işləyir,  eyni zamanda özü də kinofilmlərə ssenarilər yazırdı. Hollivudda çəkilən bəzi filmlər, o cümlədən “Şöhrətə aparan yol” (1936), “Qunqa Din” (1939), “Malik olmaq və olmamaq” (1945), “Əbədi yuxu” (1946) kimi məşhur filmlər Folknerin ssenariləri əsasında çəkilmişdi

 Ümumiyyətlə, ötən əsrin 30-40-cı illərini Folknerin ədəbi yaradıcılığında ən məhsuldar dövr adlandırmaq olar. Belə ki, həmin dövrdə Folkner bir-birinin ardınca “Sütun” (1934) “Absalom, Absalom” (1936), “Vəhşi palmalar” (1939), “Kənd” (1940) romanlarını   Düş, Moisey” (1942) kitabına daxil olan hekayələrini yazmışdı.

 

 

  Zaman.-2012.-1-3 sentyabr.-S.12.