Ramil Səfərov Vətəninə və azadlığına qovuşdu

 

Milli Ordumuzun zabiti Ramil Səfərov dünən Macarıstandan ölkəmizə ekstradisiya olundu. Zabitimizin ayağı Vətən torpağına dəyən kimi ölkə başçısı İlham Əliyev onun əfv olunması barədə sərəncam imzaladı.

Azərbaycan ordusunun baş leytenantı Ramil Sahib oğlu Səfərov Macarıstanın Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. Bayrağımızı təhqir etmiş Qurgen Markaryan adlı erməni zabitini öldürdüyünə görə ona belə bir cəza verilmişdi. Ramil Səfərov 8 il ildən çox idi ki, uğrunda canından keçməyə hazır olduğu vətəninin həsrətində idi. Bəli, dünən onun həsrətinə son qoyuldu. Bu olaydan çox şad olduğunu, sevincini ifadə etməyə çətinlik çəkdiyini söyləyən R. Səfərov başda Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyev olmaqla hər kəsə təşəkkür edib: “Bu, ədalətin bərpasıdır. Bu, mənim üçün bir az gözlənilməz oldu”. Daha sonra o, deyib: “Səkkiz il yarım qürbətdə təkadamlıq kamerada qalsam da, bir gün də ümidimi itirmədim. Vaxtı çatanda Ali Baş komandan məsələni həll etdi. Mən bundan sonra da dövlətimə, millətimə xidmət etməyə hazıram”. R. Səfərov hərbi xidmətini davam etdirəcəyi barədə ona ünvanlanan suala cavabında bunu mümkün saydığını deyib.

Macarıstandan Azərbaycana ekstradisiya olunan Ramil Səfərovu Heydər Əliyev Beynəlxalq Aeroportunda Ədliyyə Nazirliyinin yüksəkvəzifəli şəxsləri, jurnalistlər və qohumları qarşılayıblar. Ramil Səfərov onun əfvinə dair Prezident İlham Əliyevin sərəncamı ilə tanış edilib və ona Azərbaycan pasportu təqdim olunub. “Azərbaycana qayıtmağımdan çox xoşbəxtəm. İnsanın həyatında elə anlar olur ki, onu sözlərlə ifadə etmək çətindir. Hazırda mən də belə hisslər keçirirəm. İlk növbədə humanist bir addım olaraq əfv sərəncamı imzalayaraq həbsimi başa çatdıran Prezident, Ali Baş Komandan İlham Əliyevə həm öz adımdan, həm də ailə üzvlərim adından dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm”, - deyə Ramil Səfərov jurnalistlərə bildirib. Ramil Səfərovun atası Sahib Səfərov hadisənin onun üçün gözlənilməz olduğunu və hədsiz sevinc yaşadığını vurğulayıb. Verilən məlumata görə, zabitimizin Bakıya ekstradisiyasında iş adamı İlham Rəhimov da mühüm rol oynayıb. Dünən Ramil Səfərov Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk şəhidliyini, eləcə də anasını məzarını ziyarət edib. Onu çoxsaylı vətəndaşlar müşayiət edib.

Ramil Səfərovun xüsusi reyslə Azərbaycana gətirilməsi və Prezident İlham Əliyevin sərəncamı ilə əfv olunaraq azadlığa buraxılmasına münasibət bildirən Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib: “Dövlət başçısının bu cəsarətli addımı onu göstərir ki, o, Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanı kimi hər bir Azərbaycan vətəndaşının, hər bir əsgər və zabitinin arxasında durur. Bu, həm də düşmən qarşısında bütün Azərbaycan xalqının həmrəyliyi üçün bir çağırışdır”.

Məlumat üçün bildirək ki, Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda dünyaya gəlib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında Müdafiə Nazirliyinin (MN) sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənın İzmir şəhərinə göndərilib. Maltəpə Hərbi Litseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər Gədəbəydəki “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında H.Əliyev adına Ali Hərbi Komandirlər Məktəbinə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub. Vətənə dönməyə 20 gün qalmış - fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini bayrağımızı təhqir etdiyinə görə öldürüb

Qeyd edək ki, Ramil Səfərov, Macarıstanda həbsdə olduğu müddətdə macar dilini öyrənib və ölkənin ən sevilən ədəbiyyat nümunələrini - Maqda Sabonun “Qapı” romanını və Ferens Molnarın “Pal küçəsinin oğlanları” povestini də Azərbaycan dilinə tərcümə edib.

 

 

QVAMI MƏHƏBBƏTOĞLU

 

Zaman.-2012.-1-3 sentyabr.-S.2.