Xalid Səid əfəndi - Mahmud Kaşğarlının “Divan”ını
Azərbaycan türkcəsinə çevirən məşhur türkoloq (3)
Xalid Səid bolşeviklərin türk və əsarət altında olan digər müsəlman xalqların ərəb əlifbasından latın qrafikasına keçidi məsələsini gündəmə gətirməsinin arxasında hansı oyunların dayandığını dərhal anlamışdı. Türk xalqlarına nifrət edən Stalin və Kremldəki digər rəhbərlər bu yolla onları öz köklərindən, Türkiyədən ayrı salmaq, tarixlərini unutdurmaq, biri-birilərini başa düşməmələri üçün fərqli hərflərdən ibarət latın əlifbasını tətbiq etmək niyyətində idilər. Bu məsələni həmin dövrdə yalnız Xalid Səid deyil, həm də digər vətənpərvər türkoloqlarımız yaxşı anlayırdılar. Buna görə də türkoloqlarımız bu təxribata yol verməmək üçün və türk xalqlarının vahid latın əlifbasına keçidi uğrunda mübarizəyə başladılar.
Xalid Səidin Azərbaycandakı fəaliyyəti hələ arzu edilən səviyyədə araşdırılmayıb və onun adı repressiyaya uğrayan digər məşhur türkoloqlarımızla müqayisədə demək olar ki, çəkilməyib. Halbuki onun xalqımız qarşısındakı xidmətləri kifayət qədər böyük olub. Bəlkə də, buna səbəb bizim bilmədiyimiz pərdəarxası məsələlər olub... Amma yenə də qeyd etmək istəyirik ki, Bəkir Çobanzadə kimi Xalid Səid əfəndinin də Azərbaycanda türkologiyanın inkişafında əvəzsiz xidmətləri olub və onun bütün mübarizəsi türk xalqlarının elmi, mədəni, mənəvi yaxınlaşmasına və bu müstəvidə də bolşevik rejiminin əsarət altında olan türkləri parçalama, bir-birlərinə yadlaşdırma siyasətinə qarşı çevrilib. O, öz mübarizəsini Özbəkistanda və yaxud hansısa başqa bir türk respublikasında davam etdirə, Türkiyəyə qayıdaraq orada çox rahat yaşaya, elmi fəaliyyətini davam etdirə bilərdi. Ancaq Xalid Səid bolşevik rejiminə qarşı apardığı mədəni-maarifçilik mübarizəsi üçün Azərbaycanı seçdi. Çünki həmin dövrdə Azərbaycan faktiki olaraq əsarətdə olan türk xalqlarının mübarizə mərkəzi, ilhamverici qüvvəsi rolunu oynayırdı. Bu baxımdan Xalid Səidin Azərbaycana qayıdışını təsadüfi hesab etmək olmazdı. O, öz üzərinə götürdüyü şərəfli və olduqca məsul bir vəzifəni həyata keçirmək, bolşeviklərə qarşı daha məqsədyönlü mübarizə aparmaq və onu təşkil etmək üçün Bakını seçmişdi.
Azərbaycana qayıtdıqdan sonra Xalid Səid əvvəlcə Balaxanıda, sonra Qusarda müəllim işləyir, daha sonra Bakıya qayıdaraq öz fəaliyyətini burada davam etdirir. Bakıda o məşhur türkoloq Bəkir Çobanzadə, folklorşünas alim Salman Mümtaz və digərləri ilə tanış olur. Bu tanışlıq onların dilimizin, mədəniyyətimizin, mənəviyyatımızın qırmızı imperiya tərəfindən işğalına qarşı birgə mübarizə işində mühüm rol oynayır. Xalid Səid əfəndinin həmin dövrdə ən böyük xidmətlərindən biri də Azərbaycanda və digər türk respubliklarında latın qrafikasına keçidlə bağlı apardığı təbliğat işi idi. Latın qrafikası məsələsinə keçid gündəmə gələn kimi, o bu sahədə bir sıra təkliflə çıxış edir. Təbii ki, bu işdə məqsəd türk xalqları arasında vahid latın qrafikalı əlifbanın yaradılması idi. Çünki Xalid Səid bolşeviklərin türk və əsarət altında olan digər müsəlman xalqların ərəb əlifbasından latın qrafikasına keçidi məsələsini gündəmə gətirməsinin arxasında hansı oyunların dayandığını dərhal anlamışdı. Türk xalqlarına nifrət edən Stalin və Kremldəki digər rəhbərlər bu yolla onları öz köklərindən, Türkiyədən ayrı salmaq, tarixlərini unutdurmaq, biri-birilərini başa düşməmələri üçün fərqli hərflərdən ibarət latın əlifbasını tətbiq etmək niyyətində idilər. Bu məsələni həmin dövrdə yalnız Xalid Səid deyil, həm də digər vətənpərvər türkoloqlarımız yaxşı anlayırdılar. Buna görə də türkoloqlarımız bu təxribata yol verməmək üçün və türk xalqlarının vahid latın əlifbasına keçidi uğrunda mübarizəyə başladılar. Qeyd edək ki, həmin dövrdə Azərbaycan Müəllimlər İnstitutunda və Azərbaycan Dövlət Universitetində dərs deyən Xalid Səid Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri olan Səmədağa Ağamalıoğlu ilə yaxın dost idi. O, bundan istifadə edərək vahid əlifbaya keçidlə bağlı fikirlərini S. Ağamalıoğluya deyir. Kreml tərəfindən həyata keçirilən yeni əlifba siyasətinin arxasında hansı məqsədlərin dayana biləcəyini ağlına belə gətirməyən və onların səmimiliyinə inanan Səmədağa Ağamalıoğlu Xalid Səidin təklif etdiyi türk xalqlarının vahid latın əlifbasına keçidi təklifini birmənalı şəkildə dəstəkləməyə başlayır.
Xalid Səidin latın əlifbasının rürk respublikalarında yayılmasında göstərdiyi xidmətlər, fədakarlıqlar yuxarıların da diqqətini cəlb edir. Onu həmin dövrdə yeni fəaliyyətə başlayan Elmlər Akademiyasına dəvət edərək, latın qrafikasına keçidlə bağlı yaradılan komitədə işə götürürlər.
Xalid Səidin latın qrafikasına keçidlə bağlı bir xidməti də Əlifba Komitəsinin üzvləri - Bəkir Çobanzadə, Salman Mümtaz, Səmədağa Ağamalıoğlu, Vəli Xuluflu və digərləri ilə birlikdə Bakıdan Krıma və Türküstana səfərlər etməsidir. O, bu səfərlər çərçivəsində yerli əhali ilə, ziyalılarla keçirilən görüşlərdə iştirak edir, onlara ortaq latın qrafikalı əlifbaya keçidin böyük əhəmiyyət daşıdığını başa salırdı.
Bu məqsədlə Xalid Səid 1926-cı ildə Krımda özünün “Yeni əlifba yollarında əski xatirə və duyğularım” adlı kitabını latın qrafikası ilə nəşr etdirir. Bu əsər Azərbaycanda latın qrafikası ilə çıxan ilk kitab hesab edilir. Xalid Səidin ortaq latın qrafikalı əlifbanın yaradılması uğrunda apardığı mübarizəyə verdiyi bir töhfə də 1926-cı ildə çap etdirdiyi “Osmanlı, özbək, qazax dillərinin müqayisəli sərfi” adlı elmi tədqiqat əsəri oldu. Bu elmi əsərlə də o, türk xalqlarının ortaq latın əlifbasına keçidinin vacibliyini və onun tarixi bir əhəmiyyətə malik olduğunu bir daha sübut etdi.
Xalid Səidin ən böyük xidmətlərindən biri də 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayda türk xalqlarının ortaq latın əlifbasına keçidinin vacibliyi ilə bağlı etdiyi çıxışı oldu. O, türk xalqlarının bir-birilərini asanlıqla başa düşəcəyini və bu yolda ortaq latın əlifbasının vacibliyini sübut etmək üçün doğma özbək türkcəsində danışdı. Bu isə qurultay iştirakçıları tərəfindən rəğbət və məhəbbətlə qarşılandı. Xalid Səidin irsini araşdıran Azər Turan mətbuata verdiyi açıqlamasında bildirir: “Xalid Səidin fəaliyyəti ilə bağlı araşdırmalar apararkən Əli bəy Hüseynzadənin gündəliyi əlimə keçdi.
Türkoloji qurultayla bağlı gündəliyində Əli bəy yazır ki, özbək Xalid Səid fasih türkcə danışdı. Ortaq ədəbi türkcənin, ortaq türk mədəniyyəti coğrafiyasının yaradılmasının zəruriliyini qeyd etdi.
Onun adını bir də, 1926-cı ildə keçirilən Birinci Türkoloji Qurultayın stenoqramında gördüm. Stenoqramda Xalid Səid qurultayın Bakıdan nümayəndəsi kimi təqdim olunur və göstərilir ki, o, özbək dilində çıxış etdiyi üçün stenoqrama alınmadı”.
Bu gün Xalid Səidin türkologiya elminin inkişafında göstərdiyi xidmətlərə qiymət vermək çətindir. İş orasındadır ki, Xalid Səid türk xalqlarının ortaq latın qrafikasına keçidi uğrunda apardığı mübarizə olduqca ağır bir dövrə təsadüf etmişdi. Bolşeviklər proletar beynəlmiləlçiliyini irəli sürərək, milli azlıqda olan xalqları assimilyasiyaya uğratmaq və onları tarixin səhnəsindən silmək siyasəti yeridirdilər. Şübhəsiz ki, bütün bunları Xalid Səid yaxşı bilirdi və özünün də hər an məhv ediləcəyi təhlükəsindən xəbərdar idi. Ancaq o həyatını müqəddəs və şərəfli bir işin həyata keçirilməsinə həsr etmişdi və bu yolda da ölümə getmək onun üçün bir şərəf idi.
Ona görə də qətiyyətlə türkçülüklə bağlı mübarizəsini davam etdirirdi. Bu istiqamətdə də o, türkologiya ilə bağlı araşdırmalarını davam etdirərək “Türk dillərinin müqayisəli qrammatikası” (Bakı, 1926), “Müxtəsər üslubiyyat “ (”Müxtəlif üslubiyyat” Bakı, 1933) kitablarını çap etdirir. Adıçəkilən əsərlər elmi və türk xalqlarının ortaq dilinin yaradılması baxımdan olduqca əhəmiyyətli idi. Günümüzdə gündəmə gələn müstəqil türk dövlətləri arasında ortaq dil, ortaq əlifba məsələsi hələ 80-85 il bundan əvvəl bir sıra türkoloqlarla yanaşı, Xalid Səid tərəfindən ortaya atılmış və bu işin necə həyata keçiriləcəyi yolları göstərilmişdi.
Həmin dövrdə Xalid Səid həm də Özbəkistanın Azərbaycanda qeyri-rəsmi səfiri kimi fəaliyyət göstərirdi.
Zaman.- 2012.- 20-21 sentyabr.-
S.13.