Məmləkətin
Xan Çinar Adamı
Musa Yaqub poeziyaya təbiət gətirdi, təbiilik
gətirdi. Təbiətin ruhunu gətirdi. Təbiəti
özündən, ömründən keçirib gətirdi. Təbiətin
göründüyündən qat-qat gözəl və
böyük olduğundan söz açdı. Ağac dilində,
yarpaq pıçıltısında, budaq ləhcəsində
danışıq gətirdi dilimizə. Nanə kimi əsmək,
palıd kimi dözmək öyrətdi bizə.
Poeziyamızın həmişəyaşıl şairi oldu.
Baharlaşdırdı - yarpaqlatdı, göyərtdi,
yaşıllaşdırdı şeirimizi. Musa Yaqub şeiri ilə
təbiətə qovuşduq. Kəpənək qanadlı,
çiçək ətirli sözlər qondu ruhumuza.
Şeirin cızlarına ağac əkdi - cərgə-cərgə,
sətir-sətir.
Meşə saldı, gül bitirdi şeirdə.
Şeiri təbiətləşdirdi.
Yarpız qoxulu şeirlər doğuldu.
Torpaq ətri gəldi şeirdən.
Təbiətin bizə qoyun
açdığına inandırdı bizi.
Bizi təbiətləşməyə səslədi.
Təbiətlə unudulmuş
doğmalığımızı, qohumluğumuzu yada
saldı.
Təbiətdən uzaq
düşdüyümüzü xatırlatdı.
Sətirlər arasından çayların
nəğməsi, bulaqların zümzüməsi
söz-söz, kəlmə-kəlmə ruhumuza axdı.
Ağaclaşdıq, çiçəkləşdik,
qayalaşdıq, dağlaşdıq.
Ağac ömrü yaşadıq, dağ
ömrü sürdük.
Göyərmək sevinci, kəsik gövdə
kimi ağrımaq, ağlamaq öyrəndik Musa Yaqub şeirlərindən.
Ovcumuza aldığımız bulaq suyu kimi
içdik o sözləri.
Başımıza çəkdik dupduru,
büllur şeirləri.
Təbiətlə danışmaq, təbiəti
dinləmək dərsi verdi bizə Musa Yaqub.
Dinlədikcə insanlaşdıq,
saflaşdıq, təbiətlə simsarlaşdıq, durulduq,
ömrümüz bulaq kimi axıb keçdi.
Elə doğmalaşdıq, elə mehrləndik
ki, bu qovaq bacılar, çinar qardaşlar, palıd dədələrnən,
nağıl meşələrnən...
Fidanların boyunu sevmək, oxşamaq
keçdi ürəyimizdən.
Sinəmiz yaşıl düzlər kimi
üfüqlərə dirəndi.
***
Musa Yaqub sözü göyərtdi.
Musa Yaqub şeiri sözün
çiçək açdığı torpaqdır.
Musa Yaqub sözü cücərtmək
üçün ömrünü şum elədi.
Sözü qurudub gövdəsini odun eləmədi.
Sözü yandırmadı.
Hər söz öz yerində cücərdi.Musa
Yaqub poeziyası sözdən meşə salmaq şairliyidir.
Sözdən bənövşə bitirmək
şairliyidir.
Sözdən bulaq axıtmaq şairliyidir.
Musa Yaqub şeirində sözün təbiətlə
eyniləşmək, bərabərləşmək səlahiyyəti
var.
Sözün payızı var, yazı var.
Sözün xəzəli var, barı var.
Qışdan çıxan sözün əriyib
bulaq olmağı var...
Musa Yaqubun kitabını açmaq
havasından doymadığımız meşəyə girməkdir.
Meşə saflığına, meşə
ömrünə girməkdir.
Musa Yaqubun sətirləri
könlümüzü sulayan, suvaran arxlar kimi uzanıb gedir
ruhumuza...
***
Musa Yaqubun vətən sevgisi özünəməxsusdur,
bənzərsizdir.
Vətənin hər şeyi vətəndir
- dağı da, çiçəyi də,
cığırı da.
Doğma məzarlar da vətəndir.
Qərib yaylığında
gözyaşı da vətəndir.
Musa Yaqubun vətən sevgisi meşədən,
çaydan, zəmidən keçib gəlir.
Yaxşı adamlardan keçib gəlir.
Yaxşı adamlar da vətəndir.
Ona görə yaxşıları qoruyun
deyir.
Təmiz ürəkləri, zərif
çiçəkləri qoruyun deyir.
Xeyirxah adamlar açılan
qapılardır deyir.
Torpağın əbədi istisi kimidir
xeyirxah adamlar.
Pislərə nə var, kolda dovşan kimi,
tikan olub gül ləçəyinə bürünə-bürünə
də yaşaya bilər...
Bütün daşı-torpağı,
bulağı, qarı-çovğunu ilə vətəni
könlünə yığmaq, sinəsində vətən
sevgisinə yuva qurmaq istəyir Musa Yaqub.
Vətən
ağırlığını çiyninə
götürüb özünü yurd yeri eləyir Musa Yaqub.
Təmtəraqlı, hay-küylü,
pafoslu “sevgi” əvəzinə, təbii, sadə,
ölümüynən bir ovuc vətən torpağını
artırmaq eşqi ilə yaşayır...
***
Bənövşəyə, laləyə
yaman üz göstərməyən Musa Yaqub, bir gün dizlərinin
üstündə cüyürlər yatacağına inanacaq qədər
safdır, sadəlövhdür.
Gündüzlər Günəşlə,
gəcələr Ayla, səhərlər quşlarla
görüşən Musa Yaqub, budağının havaya,
kökünün torpağa nə qədər işlədiyi
ilə ölçmək istəyir ülfətini.
Yanından axan çay, nəğməsini
eşitdiyi yer, ətrafında uyuyan çiçəklər
Musa Yaqubun kainatıdır - torpaq kainatı, arx kainatı,
ağac kainatı, dağ kainatı...
Hər yerdən baxanda dünyanı sevən,
təpədən-dırnağacan təmizliyə bürünən
Musa Yaqub üçün torpağa sitayiş hər şeydən
əzəldir.
Hər yerdən baxanda dünyanı sevmək
də hər kişinin işi deyil.
Soyuq qarın təmizliyinə
qızınan, ümiddən kölgəsi belə göyərib
qalxan, balta yarasını sağaldan ağaca, nakam
kötüyün şumal pöhrəsinə bir insan kimi
üz tutan Musa Yaqub dünyanın göyərməz qara
daşının da göyərəcəyinə inam
yaradır.
***
Musa Yaqub xoşbəxtliyi təbiətdə
tapmağı bacaran şairdir.
Ömür boyu çinarlaşmaq xoşbəxtlikdir.
Geniş qəlbinə geniş
dünyanı yerləşdirmək xoşbəxtlikdir.
Yarpaq olub çeşmələrdə
axmaq səadətdir.
Daş olub bulaqda qalmaq səadətdir.
Əlləri ilə yarpaq-yarpaq çinar budağından
tutub, yaylaq dilində oxumaq xoşbəxtlikdir.
Sevinci də, qüssəsi də
özününküdür Musa Yaqubun.
Fərəhi - gülündən
üzünə bahar çilənən, buz altında
çiçəkləri açılacaq qədər
qeyri-adidir.
Təkləri ananda ürəyi əsən
Musa Yaqub bəxtəvərdir.
Şikayətçi deyil, çoxları
kimi zarımır, ağlamır.
Təmənnasızdır - təbiət
kimi.
Bəxtəvərliyin yeni meyarıdır
Musa Yaqub.
Onun üçün bəxtəvərlik
bir zərrə yaxşılığa uşaq tək
oynamaqdır.
Arx qırağında ağac kimi bitməkdir.
Bir yaz gecəsində ağac olmaq, yamac
olmaq, çöl olmaq, göl olmaq, baharla qol-boyun olmaqdır.
Kədəri də bənzərsizdir - bir
otdan asılı qalan sahibsiz qaranquş yuvası, vaxtsız
düşüb, budağına qayıda bilməyən yarpaq,
yoncalıqda yel ağzında titrəyən qəribsəmiş
tək sünbül kimi...
Musa Yaqub sarala-sarala Günəş
gözləyən bir günəbaxan arzusunda yaşamaq qədər
zərifdir, təbiidir.
Sevgisini günəbaxan Günəşə
deyən kimi çatdırır bizə.
Dünyasını təbiətdən
keçirib sevdiyindən hər şeyi təbiidir.
Ağaclar, çiçəklər
canlıdır.
Həmsöhbətdir,
bacı-qardaşdır, mehriban dostdur, sevgili qədər əzizdir
Musa Yaqub üçün.
Musa Yaqub üçün torpaq müqəddəsdir,
ürək kimidir - satıla bilməz.
Vətəndir, atadır, anadır torpaq.
***
Musa Yaqub təbiəti şəhərə,
insanların içinə gətirmək istədi.
Amma şəhəri dəyişdirə
bilmədi.
Şəhərin üzünü təbiətə
sarı döndərə bilmədi.
Ona təbiəti sevdirə bilmədi.
Şəhərin havasına
dağların saf, təmiz havasını qata bilmədi.
Şəhərdən təbiətin həniri
gəlmədi.
Şəhər gözünün
qulağı ilə də baxmadı təbiətə.
Şəhərdə ağaclar boy verməkdən
binalar ucaldı.
Binalar qırdı ağacları.
Şəhəri qatil binalar
bürüdü, basdı.
Ağaclar azaldı, binalar artdı.
Ağaclar azaldıqca təbiət
uzağa düşdü.
Musa Yaqub ağacı, çiçəyi,
pöhrəni sevməyi öyrədə bilmədi şəhərə.
Şəhər təbiətdən istədiyini
aldı, amma ona sevgisini verə bilmədi.
Qırılmış ağaclarını
ayaqlar altına atdı - döşəmə-döşəmə.
Qurudub öldürdü - qapı-qapı,
ev-ev, bina-bina, mənzil-mənzil.
Meşələrdə vüqarlı, əzəmətli
palıd ağacları şəhərdə yazıq günə
qaldı.
Təbiət adamları şəhər
adamı olanda qırılmış palıdın
gününə qalır, ondan nə desən düzəldirlər.
Şəhər təkcə şəhərdəki
təbiəti qırmadı, şəhərdən uzaqdakı
təbiəti də qırıb daşıdı şəhərə.
Şəhərə təbiətin
ölüsünü daşıdı şəhər.
Musa Yaqub şəhəri təbiətləşdirə
bilmədi.
Amma şəhər də Musa Yaqubu dəyişdirə,
özgələşdirə, yadlaşdıra, şəhərləşdirə
bilmədi.
Musa Yaqubu təbiətdən ayırıb
şəhərə çəkə bilmədi.
Təbiətə pərvanə
vurğunluğunu, sədaqətini əlindən ala bilmədi.
Musa Yaqub bir dəstə bənövşə
ətrini bütün şəhər həyatına dəyişmədi.
Musa Yaqub şəhərə bir adamlıq
təbiət gətirə bildi.
Bir nəfərlik təbiilik gətirə
bildi.
Şəhər nə qədər
çalışsa da, onları itirmədi, qorudu, saxladı,
daim özü ilə gəzdirdi.
Özünü, təbiiliyini, təbiətliyini
qorudu, saxladı.
Hər kəsin içinə əkmək
istədi təbiətdən gətirdiklərini.
Bitəni də oldu, quruyanı da.
Heç nəyi qırmadı,
qırpmadı.
Qola, qanada, budağa qıymadı.
Ağaca qıymadı.
Ağac qıran adama da qıyar.
Çünki ağacda adamı
görmür, adamda ağacı görmür.
Musa Yaqubun yanında olmaq təbiət
qoynunda olmaqdır.
Çünki hər şeyi təbiətə
bənzəyir - sözü də, yerişi-duruşu da,
saçları da, siri-sifəti də.
Kədəri payız meşələri
kimi həzin və qüssəli, fərəhi yaz
yağışları kimi gurşaddır.
***
Çiçək sözlü,
gözünün səsi ilə danışan Musa Yaqubu eləmədikləri
yandırır.
Balsız qalan arılar kimi, özünə
vurduğu yaralar kimi yandırır.
Arxı quruyub yağışa həsrət
qalan söyüdlər kimi yandırır.
Bəsləsə də, torpaqda sevgisi
göyərməyən, ancaq həsrəti daş
üstündə özbaşına bitən Musa Yaqubu eləmədikləri
yandırır.
Qaratikanın çiçək
açmağına belə sevinə bilən Musa Yaqubu eləmədikləri
yandırır.Heç kim inanmaz ki, Musa Yaqub eləmədiklərini
eləyə bilərdi.
Çünki eləmədikləri onu Musa
Yaqub elədi.
Çünki eləmədikləri elədiklərinin
gözəlliyini anlatmağa xidmət göstərdi.
Çünki eləmədikləri onu
özgələşməyə qoymadı, yadlaşmağa
qoymadı, dəyişməyə qoymadı.
Musa Yaqub elədiklərini elədi - təmənnasız,
umacaqsız, əvəzsiz - Musa Yaqubluğunu qorumaq
üçün.
Elədiklərini elədi, ancaq dəyişmədi,
dönmədi, özündən üz döndərmədi.
Dəyişmədi - nə
özünü, nə də özümlüyünü, nə
mənini, nə də mənliyini, nə təbini nə də
təbiiliyini...
Dəyişən dönüklə
eynidir.
Dönük ölənlə eynidir.
Ölən qurtaranla eynidir.
Dəyişməyən - qurtarmır -
Musa Yaqub kimi...
Dəyişmədi.
Məmləkətin Baş Təbii
Adamı oldu.
Məmləkətin Palıd Adamı
oldu.
Əzəmətli Xan Çinar Adamı
oldu...
LOĞMAN
Zaman.-2012.- 22-24 sentyabr.- S.4.