“Çağ”
daha bir yeniliyə imza atdı
“Çağ”
Öyrətim İşlətmələri Şirkəti tədris
prosesində informasiya texnologiyaları vasitələrindən
geniş istifadə edir. Bütün fənn otaqları,
laboratoriyalar ən müasir elektron cihazlarla təchiz olunub,
bunlar tədris prosesindəki lazımi proqramlarla təmin
olunub. Bu barədə Bakı Özəl Türk Liseyində
keçirilmiş “Elektron Məktəb Sistemi”nin təqdimatında
Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş
İdarəsinin rəisi Mesut Kurnaz məlumat verib. O daha sonra
deyib: “Bu dərs ilindən başlayaraq təmsil etdiyim qurumun
bütün müəssisələrində şagirdlərin
dərsi qavrama fəallığını daha da
artırmağa imkan verəcək interaktiv elektron lövhələrin
(onlara “ağıllı yazı taxtası” deyirlər) də
istifadəsinə başlanılıb. Artıq 250 ədəd
elektron lövhə sinif otaqlarında
quraşdırılıb. Lövhələrin
alındığı zavodların mütəxəssisləri
şirkətə dəvət edilib, müəllimlərimizlə
birlikdə 6 ay müddətində Azərbaycanın orta məktəb
dərsliklərinə uyğun proqramlar hazırlanıb, dərsliklərin
əsası interaktiv lövhələrin yaddaşına
yazılıb. Dəvət olunan mütəxəssislər tərəfindən
tədris ediləcək fənlər üzrə müəllimlərin
xüsusi seminarları keçirilib. Müəllimlərə
lövhədən istifadə qaydası öyrədilib”. O həmçinin
qeyd edib ki, interaktiv lövhələr “Çağ”ın
respublikamızda fəaliyyət göstərən
bütün müəssisələrində qurulub və
hazırda istifadədədir.
“Müasir texnologiya tədrisin
keyfiyyətini qaldırmağa kömək edəcək”
“Çağ” Öyrətim
İşlətmələri Şirkətinin prezidenti Ənvər
Özərən bildirib ki, “Elektron Məktəb Sistemi” Azərbaycan
təhsilində yeniliyə doğru atılan addımdır.
Onun sözlərinə görə, bu müasir texnologiya tədrisin
keyfiyyətini qaldırmağa kömək edəcək:
“Artıq bizim təhsil müəssisələrində dərs
jurnalları da elektron formatda tətbiq olunur. Bu jurnallar vasitəsilə
şagirdlərin nəinki gündəlik, həftəlik,
aylıq, illik fəaliyyətlərini də izləmək
mümkündür. Artıq valideynlər hansı məkanda,
hansı ölkədə olmalarından asılı olmayaraq,
övladlarının davamiyyəti, bilik və
bacarığı barədə davamlı məlumat ala bilirlər”.
Daha
sonra o, Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə
başlamış “Çağ”ın 20 il ərzində əldə
etdiyi uğurlardan söz açıb: “1994-cü ildən
bü günə qədər liseylərimizin şagirdləri
102 qızıl, 166 gümüş və 255 bürünc
olmaqla 523 medal qazanıblar. Respublika fənn olimpiadalarında
şagirdlərimiz 230 qızıl, 248 gümüş, 245
bürünc medal əldə ediblər. Beynəlxalq
yarışlardan medal gətirən şagirdlərin hər
biri təhsil haqqından azad olunublar. Şagirdlərin təlim-tərbiyəsi
ilə ən təcrübəli alim və pedaqoqlar məşğul
olurlar ki, onların da 83 faizi Azərbaycanda yetişən
kadrlardır”. O, “Çağ”ın fəaliyyətinin 20 illiyi
münasibətilə oktyabr ayının sonlarında kitab nəşr
edəcəklərini də deyib.
“Biz xarici təhsili, sözün həqiqi
mmənasında, Azərbaycana gətirmişik”
Ənvər
Özərən “Çağ”ın təhsil müəssisələrini
bitirmiş, hazırda dünyanın müxtəlif ölkələrində
çalışan məzunlarından danışıb. Onun
sözlərinə görə, hazırda həmin məzunlar
xarici ölkələrdə fəaliyyət göstərən
Azərbaycan diasporunun formalaşmasında, Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılmasında önəmli rol oynayırlar.
O, respublikamızda təşkil olunan ətraf mühitin
mühafizəsi beynəlxalq layihə olimpiadalarının
(”İnepo-Avrasiya”) da Azərbaycan həqiqətlərini
dünyaya çatdırılmasında müəyyən xidmətləri
olduğunu qeyd edib: “Biz mücərrəd olimpiada
keçirmirik. Elə götürək bu ilin aprelində Heydər
Əliyev adına İdman-Konsert Kompleksində
keçirilmiş Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq
Layihə Olimpiadasını... Həmin tədbirə
dünyanın 42 ölkəsinin 400-dən çox nümayədəsi
qatılmışdı. Onlar buradan ayrılanda özləri
ilə Azərbaycan sevgisi də apardılar və bu sevgini
ölkələrindəki neçə-neçə insanla
bölüşdülər”. Ənvər Özərən
çıxışının sonunda maraqlı bir məqama
da toxunub: “İndi bəziləri elə ixtisas dalınca xaricə
gedirlər ki, əslində buna lüzum yoxdur. Çünki
bizim Qafqaz Universitetində onların seçdikləri
ixtisaslar var. Özü də həmin ixtisaslar yüksək səviyyədə
tədris olunur. Məlumat üçün deyim ki,
“Qafqaz”dakı kimya laboratoriyasının dünyanın
heç bir ölkəsinin tədris müəssisəsində
analoqu yoxdur. Bir sözlə, biz xarici təhsili, sözün həqiqi
mənasında, bura gətirmişik”. Qafqaz Universitetinin
rektoru, professor Əhməd Saniç çıxış edərək
bu yeniklərə münasibətini bildirib. Onun sözlərinə
görə, belə texnologiyaların təhsilə tətbiqi
cəmiyyətin, zamanın tələbidir.
Daha
sonra tədbir iştirakçıları sinif otaqları -
interaktiv lövhələrlə tanış olublar. Məlumat
üçün bildirək ki, interaktiv lövhənin
üstündə xüsusi elektron qələm ilə yazmaq
olur. Lövhə slaydları, videonu göstərməyə,
şəkil çəkməyə (adi lövhədəki
kimi), real vaxtda əks olunan şəkilin üstündə
qeydlər etməyə, hər dəyişikliyi daxil etməyə
və s. imkan verir.
Qeyd
edək ki, tədbir çərçivəsində interaktiv
lövhələrin istifadəsindən bəhs edən
qısametrajlı film də nümayiş edilib.
Zaman.- 2012.- 27-28 sentyabr.-
S.12.