Son 6 ildə Azərbaycana
gələn turistlərin sayı 2 dəfədən çox
artıb
Bu gün dünyanın əksər ölkəsində Ümumdünya Turizm Günü qeyd edilir. 37 il əvvəl - 1975-ci ilin 27 sentyabr tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT) tərkibində qurulan Ümumdünya Turizm Təşkilatının (ÜTT) nizamnaməsi təsdiq olunub.
1980-ci ildən
etibarən bu tarix Ümumdünya Turizm Günü kimi qəbul
olunur. ÜTT-yə daxil olduğumuz 2001-ci ildən
başlayaraq bu günü ölkəmizdə də qeyd edirik.
Qeyd edək ki, hazırda ölkəmizlə ÜTT arasında
geniş əlaqələr mövcuddur. Təxminən 20
gün əvvəl ÜTT tərəfindən Bakıda “İpək Yolunun
dadı: kulinariya, mədəniyyət və turizm” adlı beynəlxalq
konfrans keçirilib. Konfransda
ÜTT-nin baş katibi Taleb Rifai də iştirak edib. Qeyd edək
ki, bütün dünyada turizmə böyük əhəmiyyət
verilir. Ümumdünya turizm günü ərəfəsində
dünya ictimaiyyətinə etdiyi müraciətdə BMT-nin
baş katibi Pan Gi Mun da bəyan edib ki, dünyanın ən
geniş iqtisadi sektorlarından biri olan turizm, ətraf
mühitin davamlılığı, təbii inkişaf və
enerji ilə əlaqədə iqlim dəyişikliyinə
qarşı mübarizəmizi təbliğ etmək
üçün xüsusilə önəm daşıyır.
ÜTT-nin açıqladığı məlumatda bildirilir
ki, cari ilin ilk yarısında dünyada 467 milyon insan turizm məqsədilə
yaşadıqları yerlərdən kənara səfər
ediblər. Təşkilatdan belə hesab edirlər ki, ilin
sonuna kimi turistlərin sayının 1 milyarda
çatacağı gözlənilir. Məlumatda göstərilir
ki, ötən ilin eyni dövrü ilə müqayisədə
turistlərin sayı 5% artıb. Ən yüksək artım
Asiyada qeydə alınıb. Bu dövürdə Asiya ölkələrinə
səfər edən turistlərin sayı ötən ilə
nisbətdə 8% çox olub. Avropa ölkələrində
bu göstərici 4%, Amerikada 5%, Afrikada isə 7,9% təşkil
edib. Son illər ölkəmizdə turizmin inkişafına
böyük önəm verilir. Prezident İlham Əliyevin sərancamı
ilə 2011-ci il “Turizm ili” elan edilib. Ölkə
başçısının 6 aprel 2010-cu il tarixli sərəncamı
ilə təsdiqlənən “Azərbaycan Respublikasında
2010-2014-cü illərdə turizmin inkişafına dair
Dövlət Proqramı” isə bu sahənin inkişafına
göstərilən diqqətdən xəbər verir. Həmçinin
2002-ci ildən başlayaraq hər il ölkəmizdə Beynəlxalq
Turizm Sərgisi (AİTF) təşkil olunur. 2006-cı ildə
Azərbaycan Turizm İnstitutu açılıb. Son 6 ildə
ölkəyə gələn turistlərin sayı 2 dəfədən
çox artıb. Dövlət Statistika Komitəsi (DSK) 2006-ci
ildə ölkəmizə 732 min, 2011-cu ildə isə 1,56
milyon turistin gəldiyini bildirir. Son bir il ərzində isə
ölkəyə təşrif gətirən turistlərin
sayında 18% artım qeydə alınıb. Qeyd etdiyimiz kimi,
ötən il turizm məqsədilə ölkəmizə 1,56
milyon insan gəlib və bunlardan 33,2%-i və ya 519,8 min nəfəri
istirahət və əyləncə, 37,9%-i və ya 592 min nəfəri
isə işğüzar məqsədlər üçün
ölkəmizə gəlib.
Zaman.- 2012.- 27-28
sentyabr.- S.8.