Xalid Səid əfəndi –

 

Mahmud Kaşğarlının “Divan”ını Azərbaycan türkcəsinə çevirən məşhur türkoloq (5)

 

İstintaq zamanı Xalid Səid əfəndi özünü olduqca ləyaqətli və təmkinli aparmış, yoldaşlarını satmamışdı. Onu xarici ölkə kəşfiyyatına işləməkdə və ətrafına çoxlu sayda özü kimi əqidədə olan casuslar yığmaqda günahlandırırdılar. O isə bütün bunları rədd edərək məqsədinin SSRİ Konstitusiyası çərçivəsində verilən azadlılqara uyğun şəkildə xalqların ədəbiyyat və dilinin inkişaf etdirilməsinə öz töhfəsini verdiyini söyləmişdi. Bununla əlaqədar şahid kimi üzünə duran bəzi əqidə yoldaşları ilə bağlı isə Xalid Səid əfəndi demişdi ki, siz bu işgəncə metodlarınızla istənilən insanın boynuna heç xəbəri olmadığı, tanımadığını belə öldürdüyünü qoya, doğma atasını belə  tanımadığını, qeyri-qanunişəkildə anadan olduğunu dedirdə bilərsiniz.  

Türkçülük ideyasını yayanlarla haqq-hesabı çəkmək istəyən SSRİ xüsusi xidmət orqanları nəhayət ki, repressiya maşınını işə saldılar. 1937-ci il iyunun 3-ndən 4-nə keçən gecəni Azərbaycan ədəbiyyatı və elmi üçün ən faciəli günlərdən biri hesab etmək olar. Belə ki, 1937-ci il iyun ayının 3-dən 4-nə keçən gecə məşhur yazıçı dramaturq Hüseyn Cavid, məşhur şairlər Əhməd Cavad, Mikayıl Müşfiq və türkoloq alim Xalid Səid əfəndi və digərləri xüsusi xidmət orqanları (NKVD) əməkdaşları tərəfindən həbs edildilər. Nə qədər qəribə olsa da o dəhşətli gecədə həbs olunanlardan yalnız 3-nün Hüseyn Cavidin, Əhməd Cavadın və Mikayıl Müşfiqin adı çəkildiyi halda, Xalid Səid əfəndi unudulmuşdu. Bununla əlaqədar yenə də Azər Turanın yazdıqları yada düşür. Azər Turan yazır: “Cavid Əfəndinin həbsindən sonra Azərbaycanda milli-humanitar təfəkkürün üzərində bir təcavüz baş verdi. Adətən, biz 3 nəfərin-Hüseyn Cavidin, Əhməd Cavadın və Mikayıl Müşfiqin iyunun 3-dən 4-nə keçən gecə həbs olunduğundan danışırdıq. O dövrün istintaq materiallarını araşdıranda, 4-cünün - Xalid Səidin də adına rast gəldim”.

İstintaq zamanı Xalid Səid əfəndiyə qarşı irəli sürülən ittihamda deyilirdi ki, o, bolşevik Rusiyasının əsarəti altında yaşayan xalqların müstəqilliyinə nail olmaqVahid Türk-Tatar dövləti yaratmaq istəyib və bu məqsədlə də ətrafına  tanınmış alimlər və ictimai-siyasi xadimləri yığaraq gizli təşkilat qurub.

Burada bir haşiyə çıxaraq, Xalid Səid əfəndi, Hüseyn Cavid, Əhməd Cavad və Mikayıl Müşfiqin həbs edildiyi gecə ilə bağlı qəribə hadisəni xatırlatmaq istəyirik. Adı çəkilən şəxslərin həbs edildiyi gecə Bakıda güclü yağış yağırmış. Küçələri, həyətləri, evləri, hər yeri bir andaca su basıbmış. Bəlkə də həmin an bu günahsız insanların həbsinə obrazlı şəkildə desək göylər də ağlayırmış. Adətən buna oxşar hadisələr tarixdə çox olub. Görünür bu da Uca Yaradanın bilmədiyimiz, mahiyyətini heç vaxt anlaya bilməyəcəyimiz bir sirridir...

Xalid Səid əfəndi həbs edilən gecə onun varı-dövləti olan xəzinəsini- yazdığı elmi əsərlərini,  əlyazmalarını, o cümlədən “Divanü- luğat it-türk” divanının çapa hazır olan 1500 səhifəlik əlyazması variantını müsadirə etdilər. Onların çoxundan bu günə kimi xəbər yoxdur.

Xalid Səid Xocayev-Şəhid türkşünas” kitabının müəllifi, Hüseyn Cavid və Əli bəy Hüseynzadə irsinin araşdırıcısı Azər Turan bununla əlaqədar yazır:

Xalid Səid əfəndinin “Divan”ından başqa 11 böyük elmi əsəri yağmalanıb. “Orxon kitabələrinin izahlı tədqiqi”, “Türk dilinin tarixi qrammatikası”, “Cığatay ədəbiyyatı haqqında mühazirələr”, “Türküstan tarixinin qısa icmalı”, “Müfəssəl sintaksis” və digərləri də onların arasındadır.”

İstintaq zamanı Xalid Səid əfəndi özünü olduqca ləyaqətli və təmkinli aparmış, yoldaşlarını satmamışdı. Onu xarici ölkə kəşfiyyatına işləməkdə və ətrafına çoxlu sayda özü kimi əqidədə olan casuslar yığmaqda günahlandırırdılar. O isə bütün bunları rədd edərək məqsədinin SSRİ Konstitusiyası çərçivəsində verilən azadlıqlara uyğun şəkildə xalqların ədəbiyyat və dilinin inkişaf etdirilməsinə öz töhfəsini verdiyini söyləmişdi. Bununla əlaqədar şahid kimi üzünə duran bəzi əqidə yoldaşları ilə bağlı isə Xalid Səid əfəndi demişdi ki, siz bu işgəncə metodlarınızla istənilən insanın boynuna heç xəbəri olmadığı, tanımadığını belə öldürdüyünü qoya, doğma atasını belə  tanımadığını, qeyri-qanuni şəkildə anadan olduğunu dedirdə bilərsiniz. 

Amma hər gün onlarla qurbanını gedər-gəlməzə yola salan repressiya cəlladları Xalid Səid əfəndini sağ saxlamaq niyyətində deyildilər. O “pantürkist” adı altında ölümə göndərilməli idi. Elə də oldu. 1937-ci ilin oktyabr ayının 12-də keçirilən məhkəmənin son iclası Xalid Səid əfəndi, qəlbi daim türk dünyasının gələcəyi və azadlığı üçün döyünən insan üçün sonuncu oldu. İclasda heç bir sübut olmadan Xalid Səid Xocayevə qarşı Azərbaycan SSR CM-nin 68-ci maddəsi ilə əksinqilabi pantürkist təşkilatın üzvü və Türkiyənin xeyrinə kəşfiyyat işi aparması barədə ittiham irəli sürildü. Bu əsasda da ona güllələnmə hökmü kəsildi. Həmin gün gecə yəni həbs ediləndən təxminən 4 ay sonra 1937-ci il oktyabr ayının 12-dən 13-nə keçən gecə Xalidi Səid Xocayevi, həmçinin SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının görkəmli simaları olan Vəli Xuluflu, Bəkir Çobanzadə və Məmməd Kazım Ələkbərli ilə birgə güllələdilər. Onların günahı mənsub olduqları türk millətini anaları kimi sevmələrində və onun yolunda şirin canlarından keçməyə hazır olmaları idi.

Amma türk qanına susayan Stalinbolşevik cəlladları bu böyük insanları ölümə göndərməklə kifayətlənmədilər. Onlar qurbanlarının ailələrindən belə əl çəkmədilər. Belə ki, Xəlil Səid Xocayevi gedər-gəlməzə göndərən cəlladlar ertəsi gün, oktyabrın 13 də onun ömür-gün yoldaşı, dünya hərb tarixinin ən məşhur simalarından biri kimi tanınan general Səməd Bəy Mehmandarovun bacısı qızı Sitarə xanımı da sürgünə yolladılar. Sitarə xanım ərinin güllələnməsindən sonra əzablı və olduqca məşəqqətli, təhqiramiz bir sürgün həyatı yaşadı. Amma o ərinin yadigarı olan qızını böyüdə bildi.

Türk-islam düşməni cəllad Stalin öləndən sonra repressiya qurbanlarına bəraət verildi.

Həyat yoldaşı Sitarə xanım 1954-cü  ilin dekabr ayında müvafiq qurumlara  Xalid Səid Xocayevin işinə yenidən baxılması  ilə bağlı müraciət etdi. Bu müraciət əsasında da 1957-ci il  may ayının 16-da SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Xalid Səid Xocayev barədə 1937-ci il oktyabrın 12-də çıxarılan hökmün ləğv olunması və onda cinayət tərkibi olmadığına görə işə xitam verilməsi barədə qərar qəbul etdi. Beləliklə, Xalid Səid əfəndi güllələndikdən təxminən 20 il sonra bəraət aldı.

Amma yenə də çox təəssüflər olsun ki, Azərbaycanda repressiya qurbanlarının çoxunun adı çəkildiyi halda bu böyük türkoloq alimin adı yenidən unuduldu. Niyə? Şəxsən mən də çoxları kimi bu suala cavab tapa bilmirəm. Bəlkə də Xalid Səid əfəndinin adının çəkilməsinə onun müsadirə olunmuş əsərlərini öz adına çıxaraq özününküləşdirənlər mane olublar? Bu yerdə yenə də istər-istəməz Xalid Səid əfəndinin irsini araşdıran tədqiqatçı alim Azər Turana müraciət etməli oluruq. Azər Turanın sözlərinə görə, Xalid Səid əfəndinin müsadirə olunmuş əsərlərinin heç də hamısı NKVD tərəfindən yandırılmayıb.

O: “Xalid Səidin haqqı 37-ci il repressiya qurbanlarından daha çox əzilib, daha çox danılıb. Onların yaradıcılığı heç olmasa üzə çıxarıldı, çap olundu. Xalid Səidin böyük elmi yaradıcılığı isə tamamilə sıradan çıxarıldı, məhv edildi. Sağlığında nəşr olunan kitabları istisna olunmaqla, əldə 3 kitabı var. Bir də, mən deməzdim ki, Xalid əfəndinin irsi NKVD-nin zindanlarında yandırılıb, məhv olub. Xeyr, onun irsi repressiyalardan sonra da əllərdə olub, kimlərsə ona baxıb, ondan istifadə edib. Yəni Xalid Səid yaradıcılığı diqqətdə olub, amma özü diqqətdə olmayıb... Yəni bütün əsərləri itkin düşməyib”,-deyir.

Bu isə o deməkdir ki, ən azı yüksək vəzifələrdə oturan dilçi və ədəbiyyyatçı məşhur alimlərimizdən kimlərsə Xalid Səidin kitablarını özəlləşdirdikləri üçün onun adının çəkilməsinə hər vasitə ilə mane olublar. Nəticədə o bəraət aldıqdan sonra belə, sapı özümüzdən olan bəzi baltaların çirkli əlləri ilə yeni represiyya dövrü yaşamalı olub.

Yeri gəlmişkən, onu da deyək ki, Xalid Səidin 1926-cı ildə Krımda nəşr olunmuş, Azərbaycanda latın qrafikası ilə çıxan “Yeni əlifba yollarında əski xatirə və duyğularım” adlı kitabı Azər Turan tərəfindən yenidən nəşrə hazırlanır. Onun sözlərinə görə, vaxtı ilə repressiya qurbanlarından olan Əziz Ubeydulin Xalid Səidin bu əsəri haqqında deyib ki, bizdə səyahətnamələr yoxdur. Bu kitab elmi dəyərindən başqa çap olunmuş ilk səyahətnaməmizdir.

P.S. Yazıya son qoyarkən  Xalid Səidi, eləcə də Bəkir Çobanzadəni, Əziz Ubeydullini və ötən əsrin 30-cu illərində repressiya qurbanları olan digər tanınmış türkoloqlarımızı bizə yaxşı tanıtmadıqları və tanımadığım üçün özümü və digərlərini də qınadım...

Xalid Səid əfəndiyə (Xocayev) gəlincə, onun haqqında yazdıqlarımı bu sözlərlə tamamlamaq istəyirəm: O, Türküstandan doğan Günəşin bir zərrəsi idi, amma bu zərrə bütün türk dünyasına öz şöləsini saldı və bununla da Xalid Səid Xocayev türk dünyasını sevənlərin qəlbində əbədiyyətə qədər yaşamaqda davam edəcək. Ruhun şad, yerin cənnətlik olsun Xalid Səid əfəndi. Son

 

 

Zaman.- 2012.- 29 sentyabr.- S.12.