Azərbaycanın
bilinməyən tarixi: Azərbaycanda təsəvvüf
Azərbaycan adlandırılan Cənubi Qafqaz və Qərbi
İran arasındakı tarixi-coğrafi məkan miladi 639-cu
(hicri 18) ildə İslam dini ilə tanış olmuşdur.
İslam ordusunun İrana daxil olmasının ardınca, Azərbaycan
qapılarına qədər gəlib çıxmış və
ərəbdilli mənbələrdə “Qədim Türk yurdu”
deyə vəsf edilən, bu ölkəyə sülh təklif
etmişdir.
Əsrlərdən bəri Bizans və Sasani
yürüşləri altında yaşayan bölgə əhalisi
bu təklifi dərhal qəbul etmişdir. İsfəndiyar ibn
Fərruxzad və Utbə ibn Fərqadın qəbilə rəisləri
arasındakı görüşmələr nəticəsində
“Amannamə” adlı sülh müqaviləsi
bağlanmışdır. Xəlifə Hz. Ömərin
razılığı ilə hazırlanan bu “Amannamə”
başda Təbərinin tarixə dair əsəri olmaqla
çox sayda tarixi mənbədə mövcuddur. İnsan
haqları bəyannaməsi mahiyyətində olan bu sənədlə
azərbaycanlılara can, mal, namus və dini baxımdan tam təminat
verilir, əhali bununla toxunulmazlıq hüquqlarına sahib
olurdu. Bəlazurinin verdiyi bir məlumata görə, Hz. Əli
xəlifəliyi dövründə Azərbaycana bir heyət
göndərərək əhalinin əhvalını öyrənmələrini
tapşırmış və bu bölgə əhalisinin namaz
qılıb, oruc tutduqları haqqında məlumat
almışdır. Beləliklə, hələ Əməvilərin
hakimiyyəti təsis edilmədən əvvəl Azərbaycan
İslami etiqada nail olmuş və müsəlmanlığı
ilk qəbul edən bölgələrdən biridir.
Təsəvvüfün VIII əsrdə bir məfhum və
düşüncə sistemi kimi ortaya çıxması bilinsə
də, Hz. Peyğəmbərin (s.a.s) və səhabələrinin
həyat tərzində də rast gəlindiyi məlumdur. Azərbaycan
türk ədəbiyyatının ən mühüm mənbələrindən
olan “Kitabi-Dədə Qorqud”da bir çox təsəvvüfi məna
ilə yanaşı, “qara donlu dərvişlərdən” bəhs
edilərək siyah/qara yun xirqə geyən sufilərdən xəbər
verilməsi türk və Azərbaycan təsəvvüf tarixi
köklərinə işıq salır. Bundan başqa, Əhməd
ibn Həmbəlin “Kitabuz-zühd” əsərində və bir
sıra tarixi mənbələrdə təsəvvüf mədəniyyəti
üçün mühüm bir şəxsiyyət olan və
ömrünü tam bir tərki-dünya tərzi içində
keçirən Veysəl Qəraninin Azərbaycanla
bağlılığını göstərən faktlar, bu
torpaqların İslam mədəniyyəti və təsəvvüfi
ilə sıx əlaqəsini sübut edən ən
mühüm dəlillərdəndir. Sufilərin məmnuniyyətlə
qarşıladığı İslami şərtlər və
mütəvazi həyat tərzi bölgə əhalisinin
psixologiyasına və dünya görüşlərinə də
uyğun gəldiyi üçün təsəvvüf bu
bölgədə geniş yayılmışdır.
Azərbaycanın hər yerində rast gəlinən,
tarixi çox qədimlərə gedib çıxan və xalq
tərəfindən “Pir”, “Övliya”, “Şıx” deyə
adlandırılan minlərlə qəbir və məqamların
varlığı, bir çox yaşayış məskənlərinin
adında bu anlayışların mövcudluğu, zəngin təsəvvüfi
keçmişdən xəbər verən zəruri
faktlardır. “Pir” sözü təsəvvüfi mənada bir
təriqətin qurucu mürşidi deməkdir. Azərbaycanda
bu termin məna dəyişikliyinə uğrayaraq müqəddəs
sayılan yerlər mənasını kəsb etmişdir. Bir
növ qüdsiyyə ifadə edən qəbir, qaya, dağ,
ağac və s. kimi yerlər xalq tərəfindən “pir”
adlanır. Azərbaycanda pir adında bir çox türbələr,
qəbirlər vardır. Bu pir məqamları əsas etibarilə
tarixən bu yerdə yaşamış təsəvvüf ərbabının
qəbirləridir. Əsrlərin təxribatına, xüsusilə
də kommunist rejiminin təzyiqlərinə və məhv etməsinə
baxmayaraq, bu yerlər və onların adları xalqın
yaddaşında silinməmişdir. Bu gün buralar
qeyri-şüuri olsa da, ibadət yeri kimi diqqətləri cəlb
edir, bəzi mənfəətpərəst işbazlar tərəfindən
qazanc mənbəyinə çevrilir.
Azərbaycanda həqiqi mənada təsəvvüf təmsilçiləri
X əsrdən etibarən görünməyə
başlayır. Təsəvvüfün sistemləşdiyi XII əsrdən
etibarən Sühraverdiliyin təsiri ilə Əbhəriyyə,
Zahidilik, Xəlvətiyyə və Səfəviyyə təriqətlərinin
ortaya çıxdığı məlumdur. Azərbaycan
Hürufilik, İşraqilik və Əxilik kimi mühüm fəlsəfi
və mistik görüşlərin yaranmasına da meydan
olmuşdur. Bəhs edilən məsələlər bu bölgənin
təsəvvüf fəlsəfəsi və ədəbiyyatı
baxımından önəmli bir mədəniyyət mərkəzi
olduğunu göstərir. Yusif Həmədani, Nizami Gəncəvi,
Xaqani Şirvani, Mahmud Şəbüstəri, İmadəddin
Nəsimi, Şah Qasım Ənvar, Seyid Yəhya Bakuvi, Şah
İsmayıl Xətai, Məhəmməd Füzuli, Mir Həmzə
Nigari kimi yüzlərlə mütəfəkkir və sufi
şairlər burada yaşamışdır.
Təsəvvüfi dövrdə Azərbaycanda təsis
edilən ilk təkyələrdən biri Pirsaatçay (Pirsəid)
hövzəsində olan Pir Hüseyn xanəgahıdır. Qismən
xaraba bir halda günümüzə qədər gələn
ribat xarakterli bu böyük təkyə XI əsrdə təsəvvüfün
bölgədəki fəaliyyət dairəsi və
gücü haqqında məlumat verir.
Əbu Səid Abdal Bakuvi bu dövr sufilərindəndir.
Həyatının sonlarında Bakıda
yaşadığı və burada vəfat etdiyi mənbələrdə
bildirilir. Bu sufinin Bakı yaxınlığındakı təkyə
və qəbri “Xəlifə damı” adı ilə məlum
olub, indiki “Təzə Pir” məscidinin olduğu yerdədir. Əbu
Səid Abdal Bakuvi sahib olduğu bir quyudan çıxan nefti
sataraq ondan əldə etdiyi az miqdarda gəlirlə dərvişlərinin
və qonaqlarının ehtiyaclarını ödəyirmiş.
Sultanların fərmanı ilə Bakıdakı Şubanı
nefti və əkinləri onun türbəsinin məsrəfi
üçün vəqf edilmişdi. Osmanlı sultanı III
Muradın da bu vəqflərin qorunmasına dair fərmanları
vardır.
Azərbaycanda sufi qadınlar arasında bildiyimiz tək
şəxsiyyət Əbdürrəhman Caminin “Nəxafat əl-üns”
əsərində müəyyən qədər məlumat
verdiyi Bərdəli Fatimədir. Ərdəbildə
yaşamış, həcvlər, təziyənamələr
söyləyən arifə bir xanım olduğu bilir
Mehmet Rıhtım,
Filologiya elmləri üzrə
fəlsəfə doktoru, dosent
Zaman.- 2012.- 7-9 yanvar.- S. 2.