“Hər yeni rol elə arzusunda olduğum
roldur”
Əməkdar artist Kazım Abdullayev 35
ildir ki, sənət aləmindədir. Bu müddətdə o, müxtəlif tamaşalarda
(“Ölülər”, “Mesenat”, “Hökmdar və qızı”,
“Dirilən adam” və s.), eləcə də filmlərdə (“Atları yəhərləyin”,
“Qorxma, mən səninləyəm”, “Əlvida, cənub şəhəri”,
“Hökmdarın taleyi”, “Cavid ömrü” və s.) onlarla
yaddaqalan rollar ifa edib. Lakin çəkildiyi filmlərdə
ən çox mənfi rollar oynamaq ona nəsib olub. Elə bu səbəbdən Kazım Abdullayev
tamaşaçılar arasında mənfi rolların mahir
ifaçısı kimi tanınır. Bu
günlərdə Kazım müəllimlə redaksiyamızda
görüşüb, bizi maraqlandıran suallarla ona müraciət
etdik. Beləliklə, müsahibimiz Akademik
Milli Dram Teatrının aktyoru, Əməkdar artist Kazım
Abdullayevdir.
- Kazım müəllim, hazırda teatrda məşqləri
gedən hansı tamaşalarda rol almısınız?
- Hazırda çalışdığım Akademik Milli
Dram Teatrında bir neçə tamaşa üzərində
iş gedir. Onlardan biri də F. Dürremantın
“Yaşlı qadının gəlişi” əsəri əsasında
hazırlanan tamaşadır. Mənə bu
tamaşada keşiş rolu həvalə olunub. Onu da qeyd
edim ki, hazırda teatrın repertuarında olan
tamaşaların əksəriyyətində - “Qarabağnamə”,
“Mesenat”, “Qatarın altına atılan qadın”, “Teleskop” və
“Xanuma”da çıxış edirəm.
- Bəs hansı filmə çəkilirsiniz?
- Demək olar ki, bu sahədəki işimdə bir qədər
boşluq yaranıb. Hazırda “Xəzər” televiziyasında
nümayiş etdirilən “Susmuş vicdan” teleserialının
növbəti çəkilişlərindəyəm; bir də
dublyajlardayam...
- Nə əcəb sizi “Qorxma, mən səninləyəm-2”
filminin çəkilişlərinə dəvət etməyiblər.
Səhv etmirəmsə, 1981-ci ildə çəkilmiş həmin
filmdə siz Məmməd rolunda çəkilmisiniz...
- Elədir. Amma bu dəfə dəvət
almadım. Görünür, bu dəfə
çəkilən filmdə həmin obraz nəzərdə
tutulmayıb.
- Dublyajdan söz düşmüşkən, son illər
dublyaj filmlərindən səsiniz daha tez-tez gəlir. Amma etiraf edək ki, dublyaj olunan filmlər nədənsə
ürəyə yatmır. Bunun əsas səbəbi
nədir?
- Bəri başdan deyim ki, dublyaj sənəti kinonun
ayrılmaz bir qoludur. Səsləndirilən hər
bir yad, əcnəbi obrazın xarakterini qavramaq,
duyğularını, hisslərini emosional şəkildə
tamaşaçıya çatdırmaq xüsusi məharət
tələb edir. Amma bu sahədə bizdə
problemlər yaşanır. Bildiyiniz kimi, hazırda bu
iş əsasən telekanallarda aparılır. Onlar
da filmləri dublyaj etmirlər ki, sadəcə, səsləndirirlər.
Yəni 20-30 nəfərin iştirakı ilə
çəkilən bir filmi əksər televiziya kanalları
dublyaj prosesində üç-dörd nəfər aktyorla səsləndirirlər.
Onların qarşısına şərt qoyulur
ki, bir günə bir filmi təhvil versinlər. Yəni
daha az vəsait xərcləməklə vəziyyətdən
çıxmağa çalışırlar. Onları
da qınamıram. Çünki onların
maliyyə cəhətdən gücləri o qədər
çox deyil ki, böyük aktyor qüvvəsi cəlb etsinlər.
Bilirsinizmi, dublyaj prosesi tərcümədən
başlayır. Daha sonra gəlir mətn
düzücüsü, cilalayıcısı, səslərə
uyğun aktyorların seçilməsi, rejissura. Birincisı, indi bizdə tərcümə o qədər
də peşəkar səviyyədə deyil. İkincisi, mətn düzücümüz yoxdur.
Yəni bunun həm texniki, həm də yaradıcı səbəbləri
var. Dublyaj olunmuş film, demək olar ki, 20-25 faiz yenidən
yaradılmış hesab olunur... Bir sözlə,
mükəmməl dublyaj odur ki, hər obrazın öz aktyoru
olur və filmlər sinxron tərcümə edilir, pauzalar,
vurğular yerli-yerində olur. Obraz ağlayanda onu səsləndirən
aktyor da ağlayır, güləndə aktyor da gülür və
fonda obrazın səsi eşidilmir. Amma bütün bunlara baxmayaraq, biz nə isə etməyə
çalışırıq.
- Amma insafən deyək ki, “Spase”nin təqdim
etdiyi “Həzrəti Yusif” serialını çox uğurlu
dublyaj nümunəsi hesab etmək olar.
- Doğrudur. Dublyajı aylarla davam
etdirilmiş “Həzrəti Yusif” serialında hər kəs
öz səsini ayrıca yazdırıb. Yəni
onun dublyajında bu sənətə xas olan xüsusiyyətlərə
riayət olunub. Güman edirəm ki, bu sahə
də diqqətdən kənarda qalmayacaq.
- Kazım müəllim, bu gün tamaşaçılar
televiziya seriallarından da şikayətlənirlər...
- Yeri gəlmişkən, bildiyiniz kimi, ölkə
başçısı İlham Əliyev milli televiziya filmlərinin
istehsalına 5 milyon manat maliyyə yardımı göstərilməsi
barədə sərəncam imzalayıb. Artıq
həmin vəsait də telekanallar arasında
bölüşdürülüb. Ümid
edirəm ki, bu addım həmin sahədə, sözün həqiqi
mənasında, çevriliş etməyə imkan verəcək.
“İslahatlar labüd idi”
- Hazırda çalışdığınız sənət
ocağında aparılan islahatlara da münasibətinizi bilmək
maraqlı olardı. Yəni bu, teatrda hiss
olunurmu?
- Bəri başdan deyim ki,
islahatlar labüd idi. Teatrı tərpətmək
lazım idi. O keçmiş xatirələrlə
yaşayırdı. Amma… Mərahim Fərzəlibəyov, Bəhram
Osmanov, Ağakişi Kazımov kimi rejissorlarla
çalışmışıq. Hazırda
teatrda rejissor ştatı yoxdur. Mənim
fikrimcə, bu, düzgün deyil. Bir də,
mənə elə gəlir ki, 65 yaş məsələsi
aktyorların başının üstündən Domokl
qılıncı kimi asılmamalıdır. Unutmayaq ki, aktyoru saxlayan, yaşadan elə səhnədir.
- Sizcə, bu islahatları keçirməkdə gecikməmişik?
- Deyə bilmərəm. Amma teatrda bir canlanma var. Ötən
il “Teatr. Çexov.
Yalta-2011” devizi altında A. P. Çexov adına Yalta
Teatrında keçirilən IV Beynəlxalq Teatr Festivalında
yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Xəcalət”
pyesi əsasında Əməkdar incəsənət xadimi Bəhram
Osmanovun səhnələşdirdiyi eyniadlı tamaşa
böyük uğur qazandı. Hansı ki, həmin
tamaşa islahatlara qədər repertuarımızda idi. Bu sözləri elə türk
yazıçısı Tuncer Cücenoğlunun “Uçqun”u
haqqında da demək olar. Sadəcə,
hazırda aparılan islahatlar bu sahədə olan
inkişafı daha da sürətləndirməyə xidmət
edir.
“Erməniyə nifrət oyada bilmişəm”
- Kazım müəllim, siz erməni obrazlarını
daha məharətlə yaradırsınız...
- Görünür, onların iblis xislətini kino vasitəsilə
millətimə çatdırmaq mənim payıma
düşüb. Azərbaycan
Televiziyasının “Ekran” Yaradıcılıq Birliyində
çəkilən “Bəsdir, ağlama” filmində erməni
obrazı oynamışdım. İkinci dəfə
həmin obraza qayıtmaq istəmirdim. Amma
elə oldu ki, “Bakı film” kinostudiyasının çəkdiyi
“Seçilən” filmində prezidentə sui-qəsd
hazırlayan beynəlxalq terrorçu Zorik Babayan rolu da mənə
həvalə olundu.
- Bəs dediniz ki, bir daha…
- Doğrusu, ssenari məni tutdu. Razılıq
verdim.
- Kazım müəllim, belə rolları oynamaqla
özünüzə mənfi imic
formalaşdırmadınız ki?
- Bu rollara görə məni təbrik edənlər də
olub, mənə qıyqacı baxanlar da... Demək,
rolları inandırıcı oynamışam. Yəni erməniyə nifrət oyada bilmişəm.
Bu mənada üzərimə düşən
missiyanı yerinə yetirmişəm. Bir də
sizə bir şey deyim. Düşməni
heç vaxt zəif göstərmək olmaz. Sovet dönəmində düşməni, yəni
faşistləri çox zəif göstərirdilər. Onlar isə Moskvaya qədər gəlib
çıxmışdılar. Heç zəif
də Moskvaya qədər gəlib çıxa bilərdi?
- Ondan sonra bu tipli rollarda görünmədiniz.
- Sözün düzü, bu yaxınlarda da bir filmdə
mənə erməni obrazını həvalə etmək istədilər.
Amma razı olmadım. Məncə,
bu səpkidə rollar kifayətdir. Deyəsən,
mənfi obrazlar mənim yaradıcılığıma
biçilib. Bütün filmlərdə,
demək olar ki, mənfi rollarda oynamışam.
“Tamadalığa pis baxmıram”
- Kazım müəllim, teatrda da roldan imtina etmisiniz?
- İstər 20 il çalışdığım
Sumqayıt Dövlət Musiqili Dram Teatrında, istər
sonralar aktyoru olduğum Bakı Bələdiyyə
Teatrında, istərsə də hazırda
çalışdığım Akademik Milli Dram Teatrında
bu vaxta qədər mənə həvalə edilən hər
hansı roldan imtina etməmişəm. Əksinə,
zahiri, konkret əsərdəki həcmindən, xarakterindən
asılı olmayaraq, hər bir obraza fərdi yanaşıb,
ona ürəyimi vermişəm. Yəni
rejissor məni hansı rolda görübsə, o rolda da
oynamışam.
- Belə çıxır ki, Milli Dram Teatrı sizin
3-cü iş yerinizdir? Yenə də gözünüz
hansısa teatrda var?
- Allah eləməsin. Bura mənim, əgər
belə demək mümkünsə, sonuncu
dayanacağımdır.
- Bu yerdəyişmələrin əsaslı səbəbləri
varmı?
- Elə bir əsaslı səbəb olmayıb. Amma nə
gizlədim, Bələdiyyə Teatrından çıxandan
sonra düz iki il işsiz qaldım.
- Nə əcəb o ağır günlərdə
tamadalıq etmək fikrinə düşmədiniz?
- Əslində tamadılığa pis
baxmıram. Mənim fikrimcə, o boyda məclisləri də idarə
etməyi, oradakı şəxslərlə dil tapmağı
bacarmaq lazımdır. Nə yazıq ki, mən
bunu bacarmıram.
“Həmişə öz işim barədə
düşünməyi xoşlayıram”
- Kazım müəllim hansı rolda özünü
oynayıb?
- Hər rolda əslində mən varam. O rolların mənfisindən,
müsbətindən asılı olmayaraq.
- Dediyiniz kimi, həqiqətən də, bir insan xarakteri
yaradırsınız, onun həyatını yaşayırsınız.
Tamaşadan sonra o insanın sizin
timsalınızda çəkdiyi ağrı-acılar gec
keçir?
- Demək olar ki, oynadığım rolun təsirindən
birdən-birə çıxa bilmirəm. Bu mənada
hər oynadığım rol ən azı 10-12 saat mənimlə
olur.
- Arzusunda olduğunuz hansısa rol varmı?
- Var, təbii ki. İnsan həmişə arzu ilə
yaşayır da... Mənə belə gəlir
ki, oynayacağım hər yeni rol elə mənim arzusunda
olduğum roldur.
- Siz necə, digər həmkarlarınız kimi
rejissorluq etmək fikrinə düşmüsünüz
heç?
- Yox, mən həmişə öz işim barədə
düşünməyi xoşlayıram.
- Kazım müəllim, siz Ədil İskəndərovun
tələbəsi olmusunuz. Onu necə
xatırlayırsınız?
- Ədil müəllim kinostudiyada Kinoaktyor
Teatrı yaratmaq istəyirdi. Elə bu niyyətlə bizim təyinatımızı
ora verdirmişdi. Amma iş elə gətirdi ki,
1974-cü ildə onu Kinostudiyanın direktoru vəzifəsindən
birdən-birə kənarlaşdırdılar. Yeni təyin
edilmiş direktor isə dedi ki, bu məsələdə sizə
heç bir köməklik göstərə bilmərəm. O
zaman Ədil müəllimin zalda dediyi sözlər indi də
xatirimdədir: “Bağışlayın ki, sizə heç bir
koməyim dəymədi”. Beləcə, mən və mənim
kurs yoldaşlarım Kinostudiyada işlə təmin
olunmadıq...
“Yalnız mənzilə ehtiyacım var”
- Yəqin ki, Prezident təqaüdü
alırsınız?
- Mən yalnız bir il Prezident
mükafatı almışam. Qalan dövrlərdə
isə maaşımla, bir də bu, ya digər çəkilişlərdən
əldə etdiyim vəsaitlə ailəmin gündəlik tələbatını
qarşılamağa çalışmışam. Bu gün mənim bir aktyor kimi yalnız mənzilə
ehtiyacım var.
- Hər sənət sahibi övladının bu sənəti
davam etdirməsini istəmir. Xüsusən də sənət
adamları... Uşaqlarınızda
atalarının sənətini davam etdirmək istəyi olubmu?
- Mənim qızım Xarici Dillər Universitetini,
oğlum isə İqtisad Universitetini bitirib. Lakin nədənsə
sonradan oğlum sənət əhli olmağa qərar verdi. Hazırda o, montaj rejissoru
kimi fəaliyyət göstərir.
Qvami Məhəbbətoğlu
Zaman.- 2012.- 17 yanvar.- S.
8.