Sevil Rəsulova: “20 Yanvardan 5 gün sonra cəbhəyə yollandım”

 

Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qadınlarımız da fəal olublar. Onlardan kimi ön cəbhədə kişilərlə çiyin-çiyinə döyüşüb, kimi də arxa cəbhədə yaralı əsgər və zabitlərimizə tibbi yardım etməklə şücaət göstərib.  Onlardan biri də ön cəbhə-də vuruşmuş I qrup Qarabağ  müharibəsi əlili Sevil Rəsulovadır...

 Sevil xanıma ilk sualımız onun ön cəbhəyə nə zaman yola düşməsi ilə bağlı oldu. O, gözlərini bir nöqtəyə zilləyib, fikrə getdi. Az sonra gözləri yaşardı. Və beləcə, söhbətə başladı: “Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən camaat Bakının küçələrinə və meydanlarına çıxaraq, buna öz qəti etirazını bildirəndə 1990-cı ilin 20 Yanvarında onlara qarşı sovet ordusunun döyüş hissələri yeridildi və misli görünməmiş faciə törədildi. Həmin gecə mən də iki uşağımla - 13 yaşlı Tahir və 11 yaşlı Təranə ilə birgə Bakıda idim (Bacımgilə baş çəkməyə getmişdim). Bir anda xəyalən döyüş meydanına düşdüyümü zənn etdim. Axı inanmazdım ki, üzərimizə gələn vaxtilə bizə şanlı ordu kimi təqdim olunan sovet qoşunudur. Ətrafımdakı adamların, eləcə də uşaqlarımın fəryadı məni xəyallardan ayırdı. Məhz o anda bunun gerçək olduğunu duydum. Heç bilirsiniz, necə atəş açırdılar... İnanın, sözlə ifadə etməyə çətinlik çəkirəm... Birtəhər özümüzü müdafiə edə bildik. Mən elə şeyləri yalnız faşistlərdən bəhs olunan kinolarda görmüşdüm. Gördüklərimdən elə sarsıldım ki... Ermənilərə qarşı nifrətim o qədər artdı ki... Uzun sözün qısası... Bu faciədən sonra özümə gələ bilmirdim. Elə bil havalanmışdım. Yanvarın 25-də Mingəçevirə qayıdıb, kimsəyə bir söz demədən Ağdama yola düşdüm və könüllü kimi batalyona yazıldım. Doğrudur, mənə evə qayıtmağı məsləhət gördülər, fikrimdən dönmədim. Dedim ki, mən də ermənilərə qarşı vuruşmaq, Vətən qarşısındakı borcumu vermək istəyirəm”.

Şelli kənd sakinləri Fikrət Məmmədov və Xosrov dayıdan silahdan istifadə qaydalarını öyrəndiyini, az sonra döyüşçülərdən birinə çevrildiyini və silahdaşları tərəfindən “qız qardaşımız” kimi çağırıldığını dilə gətirən Sevil xanım: “Onların səmimiyyəti məni döyüşlərə daha da ruhlandırdı”,- dedi və əlavə etdi: “Naxçıvanskidə, Sırxavənddə vuruşdum, Malıbəylidən dinc sakinlərin çıxarılmasında iştirak etdim. Ağdərə yüksəklikləri uğrunda gedən döyüşlərdə vuruşdum. Elə burada 1992-ci ilin iyul ayının 30-da batalyonumuzun 4 döyüşçüsü şəhid oldu, mən isə ayağımdan yaralandım. Elə yaralı vəziyyətdə onların dördünü də döyüş meydanından çıxara bildim. Mən isə müalicə olunmaq üçün Müngəçevir Şəhər Xəstəxanasına göndərildim. Taleyin işinə bax ki, elə həmin xəstəxanada kor bağırsağından əməliyyat olunmuş oğlumla da görüşdüm”.

Sevil xanım müalicədən sonra, daha doğrusu, özünün dediyi kimi, ayağının yarası sağalar-sağalmaz yenidən cəbhəyə qayıdır. Bu dəfə isə o, Əsgəran uğrunda gedən döyüşlərin birində başından və çiynindən qəlpə yarası alır. Bu barədə söz düşəndə döyüş yoldaşlarıma deyirdim ki, mənim yaralarım sağalacaq, təki Vətənin yaraları sağalsın. Mənim yaralarımı həkimlər sağaldacaqlar, Vətənin yaralarını isə biz sağaltmalıyıq. Laçın döyüşlərində isə Sevil xanım belindən və onurğa sütunundan yaralanır: “Bəli, 3 dəfə ölümlə üzləşmişəm. Erməniyə olan nifrətim ölümümə qalib gəldi”,- sözləri ilə söhbətini davam etdirən döyüşçü qadın heç vaxt xatirindən silinməyəcək bir döyüş epizodundan da söz açdı: “Döyüş əməliyyatından öncə yoldaşlarımla birgə müəyyən müzakirələr aparırdıq. Bu zaman kiminsə oxuduğu mahnı ətrafa bir sakitlik gətirdi. Ana haqqında oxunan bu mahnı hamımızı kövrəltdi... Ertəsi gün həmin mahnını ifa edən oğlanın şəhid olması xəbərini aldım. İnandırım sizi, onun ölüm xəbəri məni elə yaraladı ki... İndiyədək bu yaram hələ də sağalmaq bilmir. Və mənə elə gəlir ki, bu aldığım yara o biri yaralarımdan daha dərinə işləyib. İnandırım sizi, onun oxuduğu mahnının bu iki misrası həmişə qulaqlarımda səslənir:

 

Ölüm yatağında can verən zaman,

Kaş özün yanımda olaydın, ana”.

 

Bu misraları özünəməxsus şəkildə zümzümə edən Sevil xanımın gözləri yenə bir nöqtəyə zilləndi gözlərində yenə yaş göründü. Az sonra gözlərinin yaşını silə-silə dedi: “Mənim yalnız bir arzum var. Qoy torpaqlarımız erməni tapdağından azad edilsin mən şəhid olmuş döyüş yoldaşlarımın məzarlarına üz tutaraq, bu xəbəri onlara çatdırım”.

Qeyd edək ki, I qrup Qarabağ müharibəsi əlili Sevil Rəsulovanın iki övladı, beş nəvəsi var. “Mən onlarla nəfəs alıram,- deyən Sevil xanım onlarla münasibətlərinin normal  olduğunu dilə gətirdi. Amma hazırda Sevil xanım tək yaşayır. Onun sözlərinə görə, Mingəçevir Şəhər Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Əhməd Safxanov ona baxıcı - dayə ayırıb. Mingəçevir Şəhər Xəstəxanasının baş həkimi Muxtar Paşayev ondan öz köməyini əsirgəmir. Dediyinə görə, Zümrüd Rəhimovanın onun döyüş yolundan bəhs edənOd içindən keçən ömüradlı kitabının ərsəyə gəlməsində, onun təqdimatında Mingəçevir Turizm Kollecinin direktoru professor Əyyub Əyyubovun çox xidməti olub. Sevil xanım qəzetimiz vasitəsilə ona təşəkkürünü bildirməyi unutmadı. Həmin kitabdan söz düşəndə o belə deyir: “O illərdən mənə əziz bir xatirə kimi qalan  Od içindən keçən ömüroldu”.

Məlumat üçün bildirək ki, Sevil Rəsulova 1960-cı ildən Ağdaş rayonunda anadan olub. Bakıdakı 175 saylı məktəbdə təhsil alıb. 1982-ci ildə taleyini Mingəçevir şəhərinə bağlayan Sevil Rəsulova Rezin Məmulatı Zavodunda nəzarətçi kimi əmək fəaliyyətinə başlayıb.

 

 

Qvami Məhbətoğlu

 

Esmira Hidayətova

 

Zaman.- 2012.- 19-23 yanvar.- S. 5.