Sevil Rəsulova:
“20 Yanvardan 5 gün sonra cəbhəyə yollandım”
Ölkəmizin ərazi bütövlüyü
uğrunda gedən döyüşlərdə
qadınlarımız da fəal olublar. Onlardan kimi ön cəbhədə
kişilərlə çiyin-çiyinə
döyüşüb, kimi də arxa cəbhədə
yaralı əsgər və zabitlərimizə tibbi yardım
etməklə şücaət göstərib. Onlardan biri də ön cəbhə-də
vuruşmuş I qrup Qarabağ
mühari-bəsi əlili Sevil Rəsulovadır...
Sevil xanıma ilk
sualımız onun ön cəbhəyə nə zaman yola
düşməsi ilə bağlı oldu. O, gözlərini
bir nöqtəyə zilləyib, fikrə getdi. Az sonra gözləri
yaşardı. Və beləcə, söhbətə
başladı: “Ölkəmizə qarşı ərazi
iddiaları irəli sürən Ermənistanın təcavüzkar
hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin
onlara havadarlığından hiddətlənən camaat
Bakının küçələrinə və
meydanlarına çıxaraq, buna öz qəti
etirazını bildirəndə 1990-cı ilin 20 Yanvarında
onlara qarşı sovet ordusunun döyüş hissələri
yeridildi və misli görünməmiş faciə törədildi.
Həmin gecə mən də iki uşağımla - 13
yaşlı Tahir və 11 yaşlı Təranə ilə birgə
Bakıda idim (Bacımgilə baş çəkməyə
getmişdim). Bir anda xəyalən döyüş meydanına
düşdüyümü zənn etdim. Axı inanmazdım
ki, üzərimizə gələn vaxtilə bizə
şanlı ordu kimi təqdim olunan sovet qoşunudur. Ətrafımdakı
adamların, eləcə də uşaqlarımın fəryadı
məni xəyallardan ayırdı. Məhz o anda bunun gerçək
olduğunu duydum. Heç bilirsiniz, necə atəş
açırdılar... İnanın, sözlə ifadə etməyə
çətinlik çəkirəm... Birtəhər
özümüzü müdafiə edə bildik. Mən elə
şeyləri yalnız faşistlərdən bəhs olunan
kinolarda görmüşdüm. Gördüklərimdən elə
sarsıldım ki... Ermənilərə qarşı nifrətim
o qədər artdı ki... Uzun sözün qısası... Bu
faciədən sonra özümə gələ bilmirdim. Elə
bil havalanmışdım. Yanvarın 25-də Mingəçevirə
qayıdıb, kimsəyə bir söz demədən Ağdama
yola düşdüm və könüllü kimi batalyona
yazıldım. Doğrudur, mənə evə
qayıtmağı məsləhət gördülər,
fikrimdən dönmədim. Dedim ki, mən də ermənilərə
qarşı vuruşmaq, Vətən qarşısındakı
borcumu vermək istəyirəm”.
Şelli kənd sakinləri Fikrət Məmmədov və
Xosrov dayıdan silahdan istifadə qaydalarını öyrəndiyini,
az sonra döyüşçülərdən birinə
çevrildiyini və silahdaşları tərəfindən
“qız qardaşımız” kimi
çağırıldığını dilə gətirən
Sevil xanım: “Onların səmimiyyəti məni
döyüşlərə daha da ruhlandırdı”,- dedi və
əlavə etdi: “Naxçıvanskidə, Sırxavənddə
vuruşdum, Malıbəylidən dinc sakinlərin
çıxarılmasında iştirak etdim. Ağdərə
yüksəklikləri uğrunda gedən döyüşlərdə
vuruşdum. Elə burada 1992-ci ilin iyul ayının 30-da
batalyonumuzun 4 döyüşçüsü şəhid
oldu, mən isə ayağımdan yaralandım. Elə
yaralı vəziyyətdə onların dördünü də
döyüş meydanından çıxara bildim. Mən isə
müalicə olunmaq üçün Müngəçevir
Şəhər Xəstəxanasına göndərildim.
Taleyin işinə bax ki, elə həmin xəstəxanada kor
bağırsağından əməliyyat olunmuş oğlumla
da görüşdüm”.
Sevil xanım müalicədən sonra, daha doğrusu,
özünün dediyi kimi, ayağının yarası
sağalar-sağalmaz yenidən cəbhəyə
qayıdır. Bu dəfə isə o, Əsgəran uğrunda
gedən döyüşlərin birində başından və
çiynindən qəlpə yarası alır. Bu barədə
söz düşəndə döyüş
yoldaşlarıma deyirdim ki, mənim yaralarım sağalacaq, təki
Vətənin yaraları sağalsın. Mənim
yaralarımı həkimlər sağaldacaqlar, Vətənin
yaralarını isə biz sağaltmalıyıq.
Laçın döyüşlərində isə Sevil
xanım belindən və onurğa sütunundan yaralanır: “Bəli,
3 dəfə ölümlə üzləşmişəm. Erməniyə
olan nifrətim ölümümə qalib gəldi”,- sözləri
ilə söhbətini davam etdirən
döyüşçü qadın heç vaxt xatirindən
silinməyəcək bir döyüş epizodundan da söz
açdı: “Döyüş əməliyyatından öncə
yoldaşlarımla birgə müəyyən müzakirələr
aparırdıq. Bu zaman kiminsə oxuduğu mahnı ətrafa
bir sakitlik gətirdi. Ana haqqında oxunan bu mahnı
hamımızı kövrəltdi... Ertəsi gün həmin
mahnını ifa edən oğlanın şəhid olması xəbərini
aldım. İnandırım sizi, onun ölüm xəbəri
məni elə yaraladı ki... İndiyədək bu yaram hələ
də sağalmaq bilmir. Və mənə elə gəlir ki, bu
aldığım yara o biri yaralarımdan daha dərinə
işləyib. İnandırım sizi, onun oxuduğu
mahnının bu iki misrası həmişə qulaqlarımda
səslənir:
Ölüm yatağında can verən
zaman,
Kaş özün yanımda olaydın, ana”.
Bu misraları özünəməxsus şəkildə
zümzümə edən
Sevil xanımın gözləri yenə bir nöqtəyə zilləndi və gözlərində yenə
yaş göründü. Az
sonra gözlərinin yaşını silə-silə
dedi: “Mənim yalnız bir arzum var. Qoy torpaqlarımız erməni
tapdağından azad edilsin və mən də şəhid olmuş döyüş yoldaşlarımın
məzarlarına üz
tutaraq, bu xəbəri onlara çatdırım”.
Qeyd edək ki, I qrup Qarabağ müharibəsi əlili Sevil Rəsulovanın iki övladı, beş nəvəsi var. “Mən onlarla nəfəs alıram”,- deyən Sevil
xanım onlarla münasibətlərinin normal olduğunu dilə gətirdi. Amma hazırda Sevil xanım tək yaşayır. Onun sözlərinə
görə, Mingəçevir
Şəhər Əhalinin
Sosial Müdafiə Mərkəzinin direktoru Əhməd Safxanov ona baxıcı - dayə ayırıb.
Mingəçevir Şəhər Xəstəxanasının
baş həkimi Muxtar Paşayev də ondan öz
köməyini əsirgəmir.
Dediyinə görə,
Zümrüd Rəhimovanın
onun döyüş yolundan bəhs edən “Od içindən
keçən ömür”
adlı kitabının
ərsəyə gəlməsində,
onun təqdimatında
Mingəçevir Turizm
Kollecinin direktoru
professor Əyyub Əyyubovun
çox xidməti olub. Sevil xanım qəzetimiz
vasitəsilə ona təşəkkürünü də bildirməyi unutmadı. Həmin kitabdan söz düşəndə o belə
deyir: “O illərdən
mənə əziz bir xatirə kimi qalan “Od içindən keçən
ömür” oldu”.
Məlumat üçün bildirək ki, Sevil Rəsulova 1960-cı ildən Ağdaş rayonunda anadan olub. Bakıdakı 175 saylı məktəbdə
təhsil alıb.
1982-ci ildə taleyini Mingəçevir şəhərinə bağlayan
Sevil Rəsulova Rezin Məmulatı Zavodunda nəzarətçi
kimi əmək fəaliyyətinə başlayıb.
Qvami Məhbətoğlu,
Esmira Hidayətova
Zaman.- 2012.- 19-23 yanvar.- S. 5.