18 YANVAR
Axşam saat 11 idi. Dövlət telefonu çaldı.
“Eşidirəm”, - dedim.
Adətən, bu vaxtlar katib - “Gedəkmi evimizə?” -deyə soruşduqdan sonra “odboy” komandası
verərdik. İndi
isə: “Bir yer var, ora
getməliyik”,- dedi. Mən “Oldu”,-dedim. Pilləkənləri birlikdə düşdük.
Aşağıda birinci
katib əli ilə “Niva”nı göstərib “getdik” dedi.
Katib yolda: “Mərkəzi Komitədən zəng elədilər, hərbi hissəyə gedib, hərbçilərin komandiri
ilə görüşmək
lazımdır. Üç
gündür gəliblərmiş,
bəlkə bir ehtiyacları var”,-dedi.
Bakıda mitinqlər gedirdi. Meydan insanlarla dolu idi. Elə rayonlarda da insanlar küçələrə
çıxmışdılar.
Rayonda artıq boşalmaq üzrə olan hərbi hissəyə qoşun gətirilməsi məsələnin
ciddiliyindən xəbər
verirdi. Maşınımız magistral yola
çıxdı. Hərbi hissə
rayon mərkəzindən 5 kilometr aralıda idi.
Gecənin qaranlığında
uzaqdan iri tonqallardan saçan alov ətrafı işıqlandırırdı. Yaxınlaşdıq. Hərbi hissənin girəcəyində
Kürdəmir-İmişli yolu üzərində irili-xırdalı çoxlu
sayda tonqallar qalanmışdı. Əksəriyyəti gənclərdən ibarət
dəstələr topa-topa
yığışıb, söhbət
edirdilər.
Maşından düşüb salamlaşdıq. Hamısı rayon mərkəzində yaşayan insanlar idi. Çoxu da qohum, qonşu,
tanış...
- Yoldaş katib,
onlara deyin buradan çıxa bilməyəcəklər. Hamısına
od vurub
yandıracağıq. İçəri tankla doludur. 15-də
təyyarələrlə gətiriblər,
- irəli duran gənc söylədi.
Soyuq, həm də çox soyuq idi. Gənclərin üzündə bir sarsıntı, qəm var idi.
Biz isə qeyri-müəyyən
vəziyyətdə idik.
Əslində rayonlarda vəziyyət
sakit görünsə
də, hər şey bir qığılcıma
bənd idi. Rayonların əksəriyyətində rəhbərlərin
gözü nə qədər mərkəzdə
olsa da, əsasən xalqla həmrəy idilər.
Əhali
sakit və təmkinlə gözləyirdi.
Amma kimin nəyi gözlədiyi də bəlli deyildi. Qeyri-müəyyənlik vardı.
- Yoldaş katib,
niyə yuxarıya demirsiz. Bunlar xalqı qırmağa
gəliblər. Əhalini qıracaqlar.
Bir çarə tapmaq lazımdır. Biz tanklara buradan çıxmağa imkan verməyəcəyik. Ölsək də,
burada öləcəyik.
Bir az irəlilədik.
Hərbi hissənin qapısına çatmamış
əsgər irəli çıxıb, “dur!” işarəsi verdi.
Bu işarəyə öyrəşməmiş
katib şoferi- biz ona öz aramızda
özbəklərə oxşadığından
“əkə” deyirdik - bir az irəlidə istəmədən
maşını saxladı.
Əsgər “nə lazımdır?”-deyə soruşdu. Rus dilində danışırdı.
Katib: “Komandirlə görüşməliyəm”,-
deyib özünü təqdim etdi. Hələ sakitlik zamanında da hərbi hissəyə
kənar şəxslərin,
o cümlədən rayonun
rəhbər işçilərinin
də girişi qadağan idi. 15 dəqiqədən sonra icazə alındı. Bizi “UAZ” markalı,
içərisində əsgərlər
oturmuş maşın
qarşıladı. Təxminən
1 kilometr yarım getdikdən sonra meydanda yenə əsgər “dur!” işarəsi verdi.
Meydan əsgərlə dolu idi, həm
də necə əsgər. 1,9-2 metr hündürlükdə nəhəng
əsgərlər idilər.
Bunlar mənim indiyə qədər gördüyüm
əsgərlərdən deyildilər.
Sonradan aydın olacaqdı ki, bu hərbçilər
əvvəllər Əfqanıstanda
döyüşmüş, xüsusi təlim görmüş qoşun hissələri idi. Əliavtomatlı əsgərlə birlikdə bir polkovnik bizə yaxınlaşdı. Polkovniklə katibin arasında avtomatlı əsgər durdu. Mənim də arxa tərəfimdə əli
silahlı bir əsgər durdu. Sürücümüz də tək
qalmadı.
- Ya vas sluşayu,
-dedi zabit, (mən sizi eşidirəm-rusca ) özü
də alam-kalamsız.
- Mən raykomun birinci katibiyəm. Mərkəzi Komitənin tapşırığı
ilə gəldik.
Siz qonaqsız, bəlkə bir ehtiyacınız var.
- Heç bir ehtiyacımız yoxdur. Biz hərbçiyik. Təyyarə ilə bura enmişik. Yanacağımız da təyyarə
ilə gəlib, yeməyimiz də. Tapşırıq alan kimi yolumuza davam edəcəyik. Siz çöldəki gənclərə söyləyin,
buradakı evlərdə
uşaqlar, qadınlar
var. Gecdir. Tonqalları söndürüb
getsinlər. İnsanları təşvişə salmasınlar.
Çöl də soyuqdur.
Onlar istəsələr
də bizə mane ola bilməzlər,
əliyalın insanlardı.
O, sakit və arxayın danışsa da, ifadələrində bir əsəbilik, nigarançılıq hiss olunurdu.
Əmrə tabe olduğu
aydın olsa da, sanki “mənə
aid bir şey
yoxdur, mən, sadəcə, icraçıyam”
demək istəyirdi.
Katib hərbçi qaydası ilə “aydındır” dedi və biz sağollaşmadan geri döndük.
Biz ayrıldıq. Hərbi hissənin qapısından
çıxana qədər
bizi hərbçilərin
maşını müşayiət
etdi. Çöldəki insanlar bizim
maşını görüb,
irəli hərəkət
etdilər. Qapıdakı əsgər diqqətlə
və nigaranlıqla onlara tərəf baxırdı.
Hamının üzündə bir
sual sezilirdi: “Onlar niyə gəliblər?”
Katib: “Biz camaata nə deyək?” - deyə
soruşdu. Cavab verə bilmədik.
Qapını açıb, maşından
endik. İnsanlar bizi araya aldılar.
Hamı susurdu. Soyuq adamı kəsirdi.
Tüstünün iyi ətrafı
bürümüşdü. Burada durduğumuz 3-5 dəqiqə mənə il kimi göründü. Ən yaşlı bir kişi: “Yoldaş
katib, söylədinizmi
ki, biz ölərik, amma onları buraxmarıq?”- deyə
soruşdu.
Katib heç nə demədi. Nə deməliydi,
nə deyə bilərdi ki... Dönüb maşına mindik. İnsanlarla başımızın işarəsi
ilə sağollaşdıq.
Yarım saata qədər yolu heç kim
danışmadı. Evimizə yaxın
yerdə, meydanda maşından düşdüm.
Evə tərəf addımladım.
Səhər işə başlayanda
milis şöbəsindən
məlumat daxil oldu: “19 yanvar 1990-cı il tarixdə,
gecə saat 3 radələrində rayon ərazisində
“Jiquli” markalı avtomobil qarşıdan gələn hərbi nəqliyyat kolonundakı zirehli texnika ilə toqquşma nəticəsində tam əzilmiş,
avtomobilin sürücüsü
həlak olmuşdur. Avtomobil tam əzildiyinə və sürücü tanınmaz
vəziyyətə düşdüyünə
görə şəxsiyyətini
müəyyənləşdirmək mümkün olmayıb”.
Həmin gecə hərbi
hissədə olan zirehli texnika hissənin şərq tərəfində yerləşən
ehtiyat darvazadan torpaq kənd yolu ilə çıxıb,
Bakı istiqamətinə
hərəkət edərkən
tanklardan biri həmin “Jiquli”nin
üstündən keçmişdi
Həmin gün sürücünün meyitini
qəza baş verən yerdə torpağa tapşırdıq. Dünən axşam hərbi
hissənin önündəki
insanların hamısı
ora toplaşmışdı.
Hava daha da soyumuşdu.
İnsanlar qəzəb və
nifrət püskürürdülər.
Sabah 20 yanvar olacaqdı.
Qara Yanvar...
Gündəlikdən bir yarpaq.İlk
dəfə çap olunur.
18-21 yanvar 1990-cı il.
Ağarəsul Məmmədov
Zaman.- 2012.- 18 yanvar.- S. 8.