Yaşıl səsin təravəti

 

Zaur Rzayev: Atam məni musiqi məktəbinə gətirəndə qəbul eləmədilər, dedilər yaşı azdır. Atam dedi ki, yaşını neylirsiz, əvvəlcə, bu uşağın səsinə qulaq asın, sonra nəticə çıxarın. “Çahargah” oxudum, görkəmli musiqiçilər qulaq asdılar”.

Bu dünyada hər şeyin öz rəngi, fəsilləri var - səsin də: yaşıl, qırmızı, sarı... Rəng çalarları, fəsil duyumu digər gözəl sənətkarlar kimi Zaur Rzayevin səsində, oxuduğu mahnılarda da aydın hiss olunur. Amma onun səsi bizdən ötrü daha çox yaşıla çalır, bahar təravətlidir. Əziz oxucular, yəqin ki, duydunuz, “Üz-üzə”nin növbəti qonağı Azərbaycanın və Dağıstanın Xalq artisti Zaur Rzayevdir.

- Zaur müəllim, bəzən cavan adam özünü illərin yorğunu kimi aparır. Elə də olur ki, 60-70 yaşlı insan gənc kimi görünür - hərəkətlərində, danışığında şuxluq duyulur. Siz özünüzü hansı yaşda hiss edirsiniz?

- Müəyyən mənada yaşın fərqi yoxdur. Daxili hisslərin güclüdürsə, sənin həqiqi yaşını tez üzə çıxarır. Artıq altmışı haqladığımı yada salanda qəribə hisslər keçirirəm. Öz-özümə deyirəm ki, sanki dünən uşaq idim, bəs nə tez ötdü bu 60 il? Əslində, belə demək olarsa, yaşı biz özümüz kiçildirik. Çünki elə bilirik ki, yaş altmışa çatdı, artıq həyat bitdi. Belə deyil axı. Səməd Vurğun 50 il yaşayıb, dünyasını dəyişib, bundan sonra, bəlkə, 5 min il də yaşayacaq, Mikayıl Müşfiq 30 il, Hüseyn Cavid 58 il yaşayıb. Peyğəmbərimiz 63 il yaşayıb, amma böyük bir dünya qoyub gedib. Yəni baxır necə yaşayırsan. Yaşamağı yaşadan insanın əməlləri, həyatda saldığı izlərdir. İnsanda sağlam düşüncə, insanlara sevgi, yaxşı ətraf olanda adam özünü daha gümrah hiss edir.

 

“Nəfsini saxlamağı bacarmalısan”

 

- Bəs sizi gənc saxlayan nədir - sənətdi, ailədi, ətrafınızdakı insanlara sevgidi, bəlkə gözütoxluqdu?

- Bilirsiniz, nəfsini saxlamağı bacarmalısan, kiminsə çörəyinə gözünü dikməməlisən. İnsan bu dünyadan kəfəndən başqa heç nə aparmır...

- Zaur müəllim, hər dəfə yaşdan söhbət düşəndə ürəklərə kövrəklik bəxş edən “Cavanlığım” mahnısı qulağımızda səslənir. İstər-istəməz bir az kövrəlirik... O illərdə siz, həqiqətən, çox populyar idiniz, çox yerdə sizin ifa etdiyiniz mahnıları oxudurdular...

- “Dilbərim”i 18-20 yaşımda oxumuşam.

- Yəqin aşiq olan çağlarınız idi?

- O yaş elə aşiqlik dövrüdür də. Özü də o mahnının adı “Dilbərim” yox, “Zeynəbim”dir, Anadoludan gəlib, “Dilbərim” şəklində ifa eləmişəm. Həmin mahnıda bir az türk nəfəsləri elədiyim üçün başım ağrıdı.

- İndi o mahnılar az oxunur. Siz vokala keçmisiniz. Cavanlar da nəyə görəsə, o mahnıları oxumurlar. Bəlkə “embarqo” qoymusunuz, bəlkə o “möhürü” poza bilməyəcəklərindən qorxurlar?

- Oxumaq üçün cəsarət lazımdır. O mahnılar nə qədər oxunsa da, aktuallığını itirmir. İndiki cavanların çoxu nədənsə bayağı musiqiyə meyil edirlər, o musiqilərə ki, cəmiyyətə lazım deyil.

 

“Ondan da yaxşı oxuyaram, amma hafizələrdə o səsim qalıb”

 

- Zaur müəllim, sənət bəzən kökdən gəlir. Sizin nəsildə musiqiçi olubmu?

- Olmayıb. Bu sualı mənə həmişə verirlər. Amma atam vaxtilə çox həvəsində olub. Dəmiryolçu ailəsində böyümüşəm. Gözləməzdim mənim oğlum oxuyar. Azər, həm də kinqboksinq üzrə idmançıdır, Afinada Azərbaycanın bayrağını qaldırdı, birincilik qazanaraq qızıl medal aldı.

- Heç ustadınız Hacıbaba Hüseynovla aranızda anlaşılmazlıq olubmu?

- İki böyük muğam ustasından - Xan Şuşinskidən, Hacıbaba Hüseynovdan dərs almışam. O dövrdə bu mahnıları oxuyanda Hacıbaba müəllim etiraz etdi, “ətrafındakı tələbələri zəhərləyirsən. Onlar da sənin kimi oxumaq istəyirlər” dedi. Dedim ki, Hacı, burda nə var ki, balaca bir nəfəs eləmişəm, amma kökü Azərbaycan musiqisidir.

80-ci illərdə Hacıbaba müəllim “bərəyə bax, bərəyə, neçün gəldin bərəyə” oxuyanda zarafatla dedim: “Hacı, nə oldu, mənə deyirdin... “Sən düzsən”, - dedi.

- Bu yaşda “Cavanlığım”ı eyni coşqu ilə ifa edə bilərsiniz?

- Bəlkə ondan da yaxşı oxuyaram, amma hafizələrdə o cavan səsim qalıb axı.

Ən gözəl məhəbbət mahnılarda yaranır

- Yarpaqlar töküləndə, təbiət yaşıllaşanda, xəfif külək əsəndə... Bu anların hansında daha çox duyğulanırsınız?

- Əlbəttə, payız aylarında. Bir az yaşlanandan sonra payız daha çox çəkir adamı...

- Səsinizdə həmişə qürur, bir az da sərtlik hiss olunur. Həyatda da sərtsinizmi? Bəlkə bu, doğulduğunuz torpağın “xarakterindən” irəli gəlir?

- Atam məni musiqi məktəbinə gətirəndə qəbul eləmədilər, dedilər yaşı azdır. Atam dedi ki, yaşını neylirsiz, əvvəlcə, bu uşağın səsinə qulaq asın, sonra nəticə çıxarın. “Çahargah” oxudum, görkəmli musiqiçilər qulaq asdılar. Rəhmətlik Əhməd bəy Bakıxanov soruşdu ki, bala, haralısan? Dedim: “Hacıqabuldan, Bakıya yaxın yerdi”. Dedi: “Vay, vay. A bala, ora istidi, o Kürün suyunu inək içir, o palçıqlı su ilə bu səsi necə saxlamısan?”

- Məhəbbəti daha çox həyatda yaşamısınız, yoxsa mahnılarınızda?

- Əlbəttə, mahnılarda. Ən gözəl məhəbbət mahnılarda yaranır, sonra da həyata keçir. Mənə məhəbbəti öyrədən mahnılarım olub.

 

“Yeri gələndə səslə də çox şey eləmək olur”

 

- 15 ildən çoxdur ki, Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində çalışırsınız. Eyni zamanda həm də bədii rəhbər işləyirsiniz. Sevilən xanəndənin birdən-birə Zabitlər Evinə üz tutması nə ilə bağlı olub?

- Bu da mənim içimdən gələn bir istək idi. 93-94-cü illərdə mən və başqa müğənnilər Xanlara, Murova gedib, əsgərlər qarşısında konsert verirdik. Ondan sonra hərbçilərdən, əsgərlərimizdən ayrılmaq istəmədim...

- Cəbhə bölgələrinə səfərlərdən bir xatirə danışa bilərsinizmi?

- 3-4 il əvvəl Naxçıvan Muxtar Respublikası ərazisindəki hərbi hissələrdə konsert verməyə getmişdik. Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmov da bizimlə birgə idi. O çox mərd, vətənpərvər insan idi. Getdiyimiz hərbi hissələrin birində erməni ilə üzbəüz idik, başımızı qaldırsaydıq, vurardılar. Hərbi mövqeyə 84 yaşlı Məlik müəllimlə piyada qalxmalı olduq. Məlik müəllim əsgərlərə xatirələrini danışdı, sonra müğənni Zümrüd Məmmədova, şair Abdulla Qurbani də çıxış etdilər. Onu da deyim ki, bəzi müğənniləri belə səfərlərə dəvət eləmişik, deyib ki, nə verəcəklər gəlim? Demişəm, ora cəbhə bölgəsidir ey, a bala...

- Zaur müəllim düşməni vahiməyə salmaq üçün silahına güvənir, yoxsa səsinə?

- Top-tüfəng, əlbəttə, çox şeyi həll edir, amma yeri gələndə səslə də çox şey eləmək olur.

- Siz Mədəni-Maarif Texnikumunu, Asəf Zeynallı adına Musiqi Məktəbini, sonra Konservatoriyanı bitirmisiniz. Bəzi müğənnilər isə deyirlər ki, musiqi təhsili nəyimə lazımdır, səsim var, oxuyuram, camaat da əl çalır.

- Allah yaratdığının hamısına səs verir. Gündəmdə olanların da səsi var. Amma bəziləri əlinə mikrofon alsa, canlı oxuya bilməz.

Ermənilər Qarabağı işğal etdilər, səsi olmayanlar da musiqimizi

- Zaur müəllim, sovet dövründə mahnılara görə Bədii Şura vardı; xoşa gəlməyən mahnıların oxunmasına icazə verməzdi. İndi kim nə yazır, nə cür istəyir oxuyur, əhalinin də mənəviyyatını korlayır. Bu, musiqimizə qəsd deyilmi?

- Ermənilər Qarabağı işğal etdilər, səsi olmayanlar da musiqimizi.

- Arabir şeir deməyinizdən aydın olur ki, ədəbiyyatı sevirsiniz. Son aylarda hansı yazarların əsərlərini oxumusunuz?

- Bu yaxınlarda Anar müəllimin “Dünya bir pəncərədir” kitabını oxumuşam. Kitab oxumaq gözəl şeydir. İndi informasiya çoxluğudur, amma kitab oxuyursan, beyninə yazılır qalır. Baxdıqların, gördüklərin isə bir neçə gündən sonra yadından çıxır.

- Qardaşınız Mahir də oxuyurdu...

- Bəli. Amma indi başqa işlə məşğuldur.

- Necə bilirsiniz, indi bizdə başımızı qatan əyləncələrə maraq güclüdür, yoxsa silaha?

- Bir tərəfdən, muğam haqqında gözəl sözlər deyilir, o tərəfdən görürsən ki, kanallarda 3-4 nəfər dırnaqarası oxuyanlar var, çıxırlar efirdə bir-birinə evinin təmirindən, nəsə almağından danışırlar. Beləcə, insanlarda Vətənə olan məhəbbət söndürülür... Bir də ki, Vətən haqda mahnı oxuyan, gərək özü də vətənpərvər olsun.

- Bəlkə bunlar tamaşaçıya daha çox torpaqlarımızın işğal altında olmasını unutdurmaq üçündür?

- Yox, bu, mümkün deyil. O, bizim içərimizdə vulkandır, istənilən vaxt oyana bilər. Ordumuz, silahımız güclüdür, əsgərimiz də çoxdur.

 

“Ən yaxşı klip canlı oxumaqdır”

 

- Klip çəkdirmək yaman dəbdədi. Xüsusilə səsi olmayanlar klip çəkdirib, görüntü arxasında gizlənirlər...

- Ən yaxşı klip canlı oxumaqdır. Millətin 70 faizi hakim olub avara-avara şeylərə. Bu, faciədir.

- SMS-lə mahnı yarışmalarından birində münsiflər heyətinin üzvlərindən biri siz idiniz. Ancaq elə bil, az müddətdə oldunuz. Özünüz getdiniz, yoxsa başqa səbəb vardı?

- Yox, özüm getdim, gördüm səhv yerə düşmüşəm. Rəhmətlik Qabil demişkən: “Dəhşət oluruq biz, səhv düşəndə yerimiz”.

Qadın qavalla oxumaz

- Cavan oxuyanlardan bəyəndiyiniz varmı?

- Əlbəttə var - muğam oxuyanlar. Onlara da həmişə deyirəm: indidən 70 yaşında kişi kimi oxumayın. 15 yaşında uşağa “Sevgili canan”ı vermək düz deyil. Hər yaşın özünün oxumağı var. Bir də, qadın qavalla oxumaz. Qadın ayaqüstə oxumalıdır. Həmişə belə olub.

- Ən çox sizi tutan səhnə harada olub?

- 3-4 il bundan qabaq Seulda idim. Orada “Şükriyyə”ni oxuyurdum. Çox lirik, gözəl bir mahnıdır, arxasınca “Sənə qalmaz” mahnısını ifa etdim. O qədər gözəl qarşıladılar ki. Hər şey ifadan asılıdır.

- Asudə vaxtınızda ən çox nə ilə məşğul olursunuz?

- Bağla, ova getmək, balıq tutmaqla. Belə şeyləri çox sevirəm. Mənim adımın mənası silah deməkdir - “Zauer.” Keçmişdə ən məşhur alman firması olub. Atamın bu adda tüfəngi varmış. Adım da o tüfəngdən götürülüb.

- Hacıqabula tez-tez gedirsiniz?

- Bəli. Çalışıram ki, xeyir-şərdən qalmayım.

- Bilirik ki, iki oğlunuz var. Nə işlə məşğuldurlar, ailə qurublarmı?

- Böyük oğlum Nadir hüquqşünasdır, ədliyyə sistemində işləyir. Müqəddəs Həcc ziyarətində də olub.

Kiçik oğlum Azər isə Bakı Musiqi Akademiyasında oxuyur, həm də Opera və Balet Teatrının solistidir. Bir neçə tamaşada uğurla çıxış edib. Ona böyük ümidlərim var.

Hələlik, ailə qurmayıblar. Bu il, inşallah, Nadiri evləndirəcəyəm.

- Zaur müəllim, 60 yaşınız tamam olur. Arzu edirik ki, həmişə beləcə gənclik təravətli, şux olasınız, bizi yeni ifalarla sevindirəsiniz.

- Diqqətinizə görə sağ olun.

 

 

Səməd Məlikzadə,

 

Yeganə Məmmədova

 

Zaman.- 2012.-  28-30 yanvar.- S. 9.