50 yaşını qeyd
edən Nazim Əliyevin gecikmiş
etirafı: “Vaxtında xaricə getmədiyim üçün
peşmançılıq çəkirəm”
Azərbaycan
çempionatları tarixinin ən məhsuldar futbolçusu
ünvanı artıq neçə ildir ki, Nazim Əliyevdədir.
Futbolçu
vaxtlarında “qol maşını” olan Əliyevin bu gün
anadan olmasının 50 ili tamam olur. AZAL-ın əvəzedicilərinin
baş məşqçisi vəzifəsində
çalışan Əliyevin yubileyi ilə bağlı tədbir
də keçiriləcək. Bu münasibətlə bu gün
saat 12:00-da “Neftçi”nin bazasında futbol veteranlarımız
bir araya gələcəklər. Təbii ki, ən sevdikləri
işi görmək, yəni futbol oynamaq üçün.
Veteranların rəqibi isə şou biznes və media əhlindən
ibarət komanda olacaq. Rəqib komandada çılğın
futbol azarkeşi olan Ağadadaş Ağayev, meyxanaçı
Vüqar və müğənni Zamiq kimi tanınmış sənət
adamları yer alacaqlar. Oyundan sonra futbol veteranları bunu daha təmtəraqla
qeyd etmək üçün yığışıb
“Kolizey” restoranına üz tutacaqlar. “Çempion” qəzeti
olaraq, biz də Azərbaycan futboluna xidmətləri olmuş
bir şəxsi unuda bilməzdik. Qərara aldıq ki, 50 illik həyat
macərası və futbolçu karyerası ilə
bağlı Nazim Əliyevdən müsahibə alaq. Səbəbkar
da suallarımızı məmnuniyyətlə
cavablandırdı. Onun bu müsahibəsini oxusanız,
peşman olmazsınız.
“Başıaşağı yox,
başıdik gəzirəm”
-
Öncə 50 yaşınızın tamam olması münasibətilə
sizi təbrik edirik.
- Təşəkkür
edirəm.
- 50 yaşda geri boylananda nə
görürsünüz?
- Adi insanlar kimi,
normal həyat yaşamışam.
Həm SSRİ, həm
də müstəqil Azərbaycan görmüşəm.
Sovet hökumətinin bütün
bölgələrini, şəhərlərini
pulsuz gəzmişəm.
Dünyanın bir çox
ölkələrində olmuşam.
- Səhvləriniz
çox olub, yoxsa doğrularınız?
- Desəm ki, səhv etməmişəm,
gülməli çıxar.
Səhvsiz insan ola bilməz.
Amma çox şükür ki, böyük qəbahət işlətməmişəm.
Ola bilər ki,
cavanlıq səhvləri
etmişəm ki, bunlar da yüngül
səhvlərdir.
- Arzuladığınız
kimi həyat sürə bildinizmi?
- Deyərdim ki, hə. Bəziləri xoşbəxtliyi avtomobildə, evdə görürlər. Bahalı maşınlar
sürüb, villalarda
yaşamağı arzulayırlar.
Mənim
maşınım da olub, evim də.
İnsana nə lazımdır?
2-3 otaqlı ev
olsun ki, bayırda qalmayım. O boyda villa guya nə işə yarayır? Onun bir otağında
yaşayırsan da.
Heç
kimə həsəd aparmadan, normal həyat yaşamışam. Başıaşağı yox, başıdik gəzirəm. Heç kimə
yaltaqlıq eləməmişəm.
Mən pişik ilindənəm.
Elə buna uyğun da yaşayıram. Ürəyim
istəyən kimi yaşayıram, qərarları
özüm verirəm.
“Mənfi xüsusiyyətim
sözün düzünü
deməyimdir”
- Mənfi və müsbət cəhətləriniz...
- Hamı ürəyiyumşaq
olduğumu deyir və bunu məndə
mənfi hal kimi qiymətləndirənlər
var. Amma mən bunu müsbət xasiyyət kimi görürəm. İnsanlara hörmət
etməyi, onları başa düşməyi bacarmaq lazımdır.
İnsan
təkcə özü
üçün yaşamamalıdır.
Sənin varın-dövlətin
ola bilər.
Şəxsən mən bir başqasının ac olduğunu
eşidəndə rahat
yemək yeyə bilmirəm. Mənfi cəhətim isə
sözün düzünü
deməyimdir. Ürəyimdən keçəni gizlətmirəm,
qarşımdakı insanın
üzünə deyirəm.
Yaxşını da, pisi də. Yalan danışmağı xoşlamıram. Ağa
ağ, qaraya
da qara deyirəm.
İndiki zəmanəyə görə bu, mənfi xüsusiyyətdir.
Çünki sözün düzünü
desən belə, bundan xoşu gəlməyənlər olur.
- Həyatda ən çox üzüldüyünüz
və sevindiyiniz an...
- Anamı itirəndə çox üzülmüşəm.
Ən sevincli günlərim də övladlarım dünyaya gələndə
olub.
- Futbol aləmində sakit insan kimi tanınırsınız.
Evdə necəsiniz?
- Evdə sərtəm. Amma ailəni idarə etməyi də bacarıram. Ailədə bir adamın sözü keçməlidir.
“Oğlumun futbolçu olmağını istəmirdim”
- Oğlunuz
Elgiz Kərəmlini
(“Kəpəz”in futbolçusu)
futbola siz yönləndirmisiniz?
- Yox, onu mən
heç vaxt futbola aparmamışam. Amma dayısı, babası bunun marağında olub. Açığı, mən özüm
Elgizin futbolçu olmağını istəmirdim.
Deyirdim ki, çətin işdir. Uşağın özü də
futbolçu olmaq istəyib. Amma təəssüf ki, onda yaxşı
alınmadı. Hər şey
yaxşı gedirdi, aşağı yaş qrupu yığmalarının
hamısında oynayıb.
U-21-ə də çağırılırdı
ki, zədə aldı və iki il bundan əziyyət çəkdi. Çox geri düşdü.
Amma şükürlər olsun
ki, artıq zədə problemi yoxdur, son vaxtlar da oyunlarda 90 dəqiqə iştirak edir. Bu da
məni sevindirir.
- Elgizə futboldan məsləhətlər
verirsinizmi?
- Əlbəttə, məsləhətlərimi
verirəm. Amma bu elə bir işdir ki, meydançaya çıxdın, nəinki
atanın, hətta məşqçinin sözləri
də yaddan çıxır. Çünki meydançada tam başqa olursan. Məşqçinin tapşırıqlarını yerinə yetirə bilər, buradan oraya, oradan buraya
qaça bilərsən.
Amma oyunun içindəki proseslərin hamısı
futbolçunun özündən
asılı olur.
Bəzən görürsən ki, məşqçi kənardan qışqırıb-bağırır.
Özüm də futbolçu
olduğum üçün
bilirəm ki, həmin oyunçu məşqçisini heç
eşitmir də.
İndi məşqçinin tapşırdığı
kimi, hamı hərəkətdə olur,
daim qaçır.
Amma kim
tez davranır, tez düşünür, dəqiq ötürmə verirsə, o da qalib gəlir. Bu da futbolçunun
fərdi bacarığından
asılıdır.
- Oğlunuza
Nazim Əliyevin karyerası kimi bir karyera arzulayırsınızmı?
- Təbii ki, istəyirəm mənim kimi oynasın, qollar vursun. Düzdür,
onun meydançadakı
mövqeyi fərqlidir.
Onu da arzulayıram ki, məndən çox pul qazansın.
“Pulumuz qurtarmışdı,
Banişevski gətirib
verdi”
- 50 illik həyatınız ərzində yəqin ki, az maraqlı hadisə ilə üzləşməmisiniz.
Onlardan birini deyərdiniz...
- Maraqlı hadisə çox olub, amma ən yaddaqalanı
Banişevski ilə bağlı olub. 1982-ci ildə “Neftçi”
komandası Çexoslovakiyaya
getmişdi. Futbolçuların hamısı ailəli getmişdi, evli olanlar həyat yoldaşlarını da aparmışdılar. İmaməli Həmidov və mən həmin vaxt əvəzedici heyətdə idik, amma bizi də
aparmışdılar. İmaməli həmin vaxt
əvəzedicilərin kapitanı
idi. Ora turist kimi getdiyimiz üçün İmaməli ilə mən bütün pullarımızı xərclədik.
Pal-paltar aldıq,
yedik-içdik. Gündə də
bir dəfə yemək verilirdi. Pulumuz qurtarmışdı, İmaməli
çoxlarına ağız
açdı, amma kimdir bizə xaricdə borc pul verən? Bunu Banişevski də eşidibmiş. Bir gün
qapı döyüldü,
açıb gördük
Banişevskidir. İçəri
girdi və xeyli pul çıxarıb
qoydu stolun üstünə və dedi ki, uşaqlar
məni bağışlayın,
az oldu,
götürün xərcləyin.
Dahi futbolçu dahi insan olduğunu da göstərdi.
“Başla oynamağımın
səbəbkarı o olub”
- Futbolçu karyeranızdan razı qaldınızmı? Yəni indi
“kaş bunu belə edəydim” dediyiniz bir şey
varmı?
- Karyeramdan o qədər də razı qalmamışam. Mənim şansım çox
olub. 1992-ci ildə Asəf Namazov İranda işləyəndə məni
də dəvət etmişdilər. Getdim, amma
orada qala bilmədim. 1993-cü ildə Şahin Diniyevin oynadığı
“Hapoel”dən təklif
gəldi. Demək olar
ki, müqavilə də bağlanmışdı.
Sadəcə olaraq, Almaniyaya
getmək qalmışdı.
Bir günün içində
bilet də alınmışdı, amma
getmədim. Həm övladım
yeni dünyaya gəlmişdi, həm də özüm ölkədən kənara
çıxmaq istəmirdim.
Amma səhv elədim, indi də buna
görə peşmançılıq
çəkirəm. Amma artıq
gecdir.
- Birgə oynadığınız futbolçuların
hansından daha çox öyrənmisiniz?
- Maşallah Əhmədov, İsgəndər Cavadov, Vəli Qasımov, Nazim Süleymanov, Novruz Əzimov, Vaqif Sadıqov, Şahin Diniyev, Yunis Hüseynov kimi futbolçularla çiyin-çiyinə oynamışam.
Hətta
Rəşid Özbəyov
və Asəf Namazovla da birgə
oynamışam. Bunlar bir
məktəb olublar.
Amma başla oynamağımın
səbəbkarı Anatoli
Banişevski olub.
Fərdi
məşqlər edirdim,
bir gün Banişevski kənardan baxırdı və səhvlərimi görüb
mənə yaxınlaşdı,
topla necə rəftar etməyi başa saldı. Xüsusən də, başla
daha yaxşı oynamağın yolunu göstərdi.
“Maşın yuyan da, buts daşıyan da görmüşəm”
- Həmçinin
güclü məşqçilərin
rəhbərliyi altında
da oynamısınız.
Hansını xüsusi
vurğulaya bilərsiniz
ki, ondan öyrəndiklərinizi hazırda
tətbiq edirsiniz?
-
Ağasəlim Mircavadov, Asəf Namazov, Vaqif Sadıqov kimi
güclü məşqçilərim olub. Şahin Diniyevlə
birlikdə işləmişəm. Bu,
görüb-götürmək dövrüdür. Məsələn,
millimiz küncdən zərbədən sonra Türkiyəyə
gözəl qol vurmuşdu. Bu ev
tapşırığını Vaqif Sadıqov yaradıb.
Foqts da ondan öyrənib, tətbiq edib.
- Sizin dönəminizdə əsgər
dili ilə desək, “dembel-molodoy” söhbəti yəqin ki,
olub?
- Bəli,
SSRİ dövründə belə şeylər olub. Bizim
vaxtımızdan əvvəl bu, lap güclü olub. Mən
maşın yuyan da, buts daşıyan da görmüşəm.
Mən də yaşlı futbolçuların hörmətini
saxlamışam, amma belə şey etməmişəm.
“Neftçi”də bir dövr var idi ki, həmin vaxt hər cavan
futbolçunu bir yaşlıya tapşırırdılar.
Onlar bir otaqda qalırdılar. Hətta futbola gedəndə gənclər
yaşlıların zənbillərini
daşıyırdılar. Bunlar şərt idi. Təcrübəlilər
də həmin gənclərə cavabdehlik
daşıyırdılar.
- Son olaraq, ad gününüzdə
özünüzə nə arzu edərdiniz?
- Həm
özümə, həm də xalqıma
cansağlığı, firavan həyat arzu edirəm. Ən
böyük arzum da Qarabağın qayıtmasıdır.
Bundan böyük nə arzu ola bilər. Bir də, futbolumuzun
günü-gündən çiçəklənməsini
arzulayıram.
Zaman.-2013.-3 aprel.-S.15.