Kamal Quliyev: “Rəhim
müəllimin sayəsində çempionluq
mübarizəsi gərginləşdi”
Topaz
Premyer Liqasının 25-ci turunda keçirilən “Neftçi”
- “Qarabağ” oyununda ciddi qalmaqal yaşandı və hələ
də bu matç ətrafında söz-söhbət davam
edir.
Məlumat
üçün qeyd edək ki, görüşün baş
hakimi Rəhim Həsənov “Neftçi”nin qapısına
penalti təyin etmiş, müdafiəçi İqor Mitreskiyə
isə qırmızı vərəqə göstərmişdi.
Başda Böyükağa Hacıyev olmaqla, “Neftçi” tərəfi
“Qarabağ”a məğlubiyyətin yeganə səbəbkarı
kimi məhz referini göstərdi. Biz də konkret
narazılıqlarla bağlı “flaqman”ın məşqçisi
Kamal Quliyevlə əlaqə saxladıq. Gənc mütəxəssis
də baş hakimi günahlandırdı.
- “Qarabağ”la oyunda baş verənlərə
necə şərh verərdiniz?
- Məncə,
bu oyunla bağlı artıq şərhə ehtiyac yoxdur. Çünki
hər şey göz qabağında idi. Matçda
yaşananları qalmaqal adlandırmaq düzgün deyil. Sadəcə
olaraq, hakim səhvləri oldu. Bu səhvlər də
bağışlanmaz idi.
- Siz hakimi günahlandırsanız
da, Rəhim Həsənov səhv qərar vermədiyini
bildirir. Hətta qeyd edib ki, onu tənqid edənlər öncə
futbolu bilsinlər, sonra danışsınlar...
-
Burada qəribə heç nə yoxdur. Hər kəs
özünü müdafiə etmək istəyir. Rəhim Həsənov
da bunu edir. Həsənovu təyin edən qurumun sədri Xaqani
Məmmədov da oyunda idi. Əgər Xaqani müəllim
deyirsə ki, orada səhv yoxdur, Rəhim Həsənov
çıxıb deməyəcək ki, səhv var idi. Mən
bu barədə danışaraq, özümü yormaq da istəmirəm.
Gör biz nə gündəyik ki, çempionatın belə
ağır oyunu Rəhim Həsənov kimi hakimə
tapşırılır.
- Araz Abdullayev gözlənilmədən
start heyətində yer almış və sona qədər
oynamışdı. Onun psixoloji durumu nə yerdədir?
-
Arazın psixoloji vəziyyəti hələ də pisdir. Lakin
biz zədə və vərəqə cəzalılarına
görə məcburiyyətdən Arazı meydançaya
buraxdıq.
- Rəşad Sadiqov cəzalı
olduğu üçün iştirak etmirdi. Kapitanın yoxluğu
komandanın oyununa nə dərəcədə təsir etdi?
- Əlbəttə
ki, çox təsir etdi. Oyun onu göstərdi ki, Rəşad
komandanın “dirəyi”dir. Rəşadın yoxluğu bizi
çətinliyə saldı, oyun üslubumuz tamam pozuldu. Rəşadın
çıxışı digər futbolçulara da çox
təsir edir. Bunların başında Flavinyo və Vobay gəlir.
Onlar bir-birlərini çox yaxşı başa
düşürlər. Buna baxmayaraq, futbolçularımız
ikinci hissədə əllərindən gələni etdilər.
Lakin bir nəfər azlıqda idik. Rəhim Həsənovu da
saysaq, biz oyunu iki nəfər azlıqda tamamladıq. Futbolçulara təşəkkür edirəm.
Bu matç mənə
1992-93-cü illəri xatırlatdı.
- Nikolas Kanales “altılıq” mərhələsində
ilk qolunu vurdu. Onun son vaxtlar qol problemi
yaşaması nə ilə bağlıdır? Kanales lazımi
ötürmələrlə təmin olunmur, yoxsa böyük komandalara qol vurmaqda çətinlik çəkir?
- Hər bir futbolçu
daim eyni formada qala bilməz.
Futbolda elə olur ki,
stabillik alınır.
Ancaq eniş də olur, yüksəliş də. Mən deməzdim ki, Kanales zəifləyib. O, məşqlərdə öz
üzərində çox
işləyir. Onun qol vurmaq qabiliyyətinə
gəldikdə isə
bunu hamı bilir və görür.
Belə olan halda, rəqib komandaların məşqçiləri
iki futbolçusuna tapşırır ki, Kanalesi nəzarətə götürsünlər. İki
futbolçuya qarşı
oynamaq da asan deyil. Düzdür,
onu da qeyd
edim ki, o, ötürmələrdən maksimum
yararlana bilmir. Amma unutmayaq ki, “altılıq” mübarizəsi hələ
yeni başlayıb. İnanıram ki, növbəti oyunlarımızda
Kanales qollarını
sıralayıb, komandamıza
kömək edəcək.
Onun potensialını
hamı bilir, məşqçilər korpusu
da ona güvənir.
- Bruno Bertuççinin vəziyyəti
nə yerdədir? Gələn oyunda 90 dəqiqə
meydançada ola biləcəkmi?
-
Bertuççi zədədən hələ yeni
qayıdıb. Onun zədəsi çox ağır idi.
“Qarabağ”la matçda məcbur qalıb onu da “oda atdıq”.
Onu tam sağalmamış, formasını bərpa etməmiş
oyuna buraxmaq riskli idi. Bertuççi üzərində
çox çalışır və əvvəlki fiziki
durumunu tezliklə bərpa etmək istəyir.
Qarşıdakı oyuna qədər hələ
vaxtımız var. Gedişata görə dəyişə bilər.
Onun əsas heyətdə meydançaya
çıxıb-çıxmayacağı, hələlik, məlum
deyil.
- Bu məğlubiyyətdən
sonra həm “İnter”, həm də “Qarabağ” “Neftçi”yə
bir az da yaxınlaşdı. Bu amil növbəti turlarda
çempionluq şanslarınızın azalması ilə nəticələnməz
ki?
- Rəhim
müəllimin sayəsində çempionluq mübarizəsi
daha da kəskinləşdi. Sağ olsun Rəhim müəllim.
Mübarizə daha da gərginləşdi. Bizə yaxın rəqiblər
xal fərqini azaltdılar. Lakin bu amil bizi qorxutmur. Əvvəlki
kimi, məşqçilərimizin və
futbolçularımızın məsuliyyəti daha ciddi
olacaq. Hər matça sonuncu oyun kimi çıxırıq və
heç bir amil bizi qorxutmayacaq. Həvəsdən
düşmürük, əksinə, bundan sonra daha
güclü oynamalıyıq.
- Son olaraq növbəti turda səfərdə
“Simurq”la qarşılaşacaqsınız. Bu oyunla
bağlı düşüncələrinizi bildirərdiniz...
-
“Simurq” bu mövsüm Azərbaycan çempionatında öz
sözünü deyən klublardandır. Bizi asan oyun gözləmir.
Rəqibə hörmətlə yanaşırıq.
İnşallah, komandamız tez toparlanıb, var gücü ilə
mübarizə apararaq, 3 xalı aktivinə yazdıracaq.
“Neftçi”nin hər oyunu çətin keçir. Bunu mən
özüm oynadığım dövrdən görmüşəm.
Bütün komandalar “Neftçi”yə qarşı var gücləri
ilə mübarizə aparırlar. İstəyərəm ki, həmin
oyunu digər komandalara qarşı da göstərsinlər.
Çox təəssüf ki, bunu etmirlər. Bütün
bunlara baxmayaraq, hədəf qələbədir. Çətin
də olsa, bunun öhdəsindən gəlib, yolumuza davam edəcəyik.
Harun Sadiqli
Zaman.-2013.-11 aprel.-S.15.