Mingəçevir Politexnik İnstitutunun
Günəşi
Çalışdığı təhsil ocağında
- Mingəçevir Politexnik
İnstitutunda onun haqqında çox eşitmişdik. Buna rəğmən, yenə də onun dərs
dediyi tələbələrlə
həmsöhbət olmaq
istədik. Söhbət Mingəçevir Politexnik
İnstitutunun ümumi
iqtisadiyyat kafedrasının
baş müəllimi
Günəş Şəfaqətovdan
gedir.
Bu təhsil ocağının IV kurs tələbəsi Emin Əbdürəhimli Günəş
müəllimi qeyri-adi
bacarığa malik pedaqoq kimi dəyərləndirdi:
“O dərs deyəndə
sanki hər tələbə ovsunlanır.
Bu isə hər
şeydən əvvəl,
Günəş müəllimin
izah etdiyi mövzunu daha maraqlı çalarlarla, başqa sözlə desək, daha yaddaqalan şəkildə
izah etməsindən irəli gəlir. Elə bu kimi xüsusiyyətlərinə
görə, o, hər
bir tələbənin
sevgisini qazanıb desəm, səhv etmərəm. Hətta bu
təhsil ocağını
başa vuranlar belə bizi görəndə onu soruşur, salamlarını
çatdırmalarını xahiş edirlər”. (Yeri gəlmişkən,
sonradan həmsöhbət
olduğumuz Tərtər
rayon sakini Raquf Quliyev də Günəş müəllimin
pedaqoq kimi onun həyatında oynadığı roldan danışdı. Bildirdi ki,
hazırda bank işçisi
kimi fəaliyyət göstərməsində məhz
onun əməyi daha çoxdur). Həmsöhbət olduğumuz digər
tələbələr də
Günəş müəllimin
ünvanına xoş
sözlər dedilər.
Onlardan biri belə dedi: “Günəş müəllim
həm də biz tələbələrin problemləri
ilə mütəmadi
maraqlanır, onları
çözməyə çalışır.
Odur ki, dərsdən sonra onun ətrafında
həmişə tələbələri
görmək mümkündür.
Günəş müəllimlə görüşəndə ilk sualımız
tələbələrin ona
olan sevgisi ilə bağlı oldu. Heydər Əliyevin “Müəllimlik
sənəti, peşəsi
cəmiyyətdə ən
yüksək qiymətə
layiq olan bir peşədir. Müəllim olmaq kimi şərəfli bir iş yoxdur”,
- sözləri
ilə söhbətə
başlayan Günəş
müəllim daha sonra dedi: “Müəllim
gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin
etibar etdiyi şəxsdir. Odur ki, şərəfli
olduğu qədər
də mürəkkəb
olan bu peşəni
seçərkən çox
götür-qoy etmişəm.
Sözün düzü, mən
heç vaxt müəllim olmaq istəməmişəm. Lakin 1994-cü ildə Mingəçevir Politexnik İnstitutunun rektoru Akif Hacıyevlə
söhbət zamanı
məndə bu peşəyə maraq artdı. Daha doğrusu, o, məni yaxşı müəllim
ola biləcəyimə
inandıra bildi. Dedi ki, hər
bir uşaq fikirləri, duyğuları,
maraqları ilə özünəməxsus xüsusi
bir dünyadır. Sizdə onların dünyalarına
nüfuz etmək bacarığı görürəm.
Onunla söhbətdən sonra məndə bu peşəyə birdən-birə
maraq artdı və elə o ildən müəllim kimi fəaliyyətə başladım. Konkret sualınıza
gəlincə isə,
çalışmışam ki, özümdə əsil müəllimə
xas olan keyfiyyətləri əxz edim. Fikrimcə, elə bu səbəbdən tələbələr
məni özlərinə
yaxın bilirlər”.
Daha sonra müasir gənclərlə bağlı
fikirlərini bizimlə
bölüşən Günəş
müəllim bildirdi:
“Mən gənclərə
həmişə dəstək
olmağa çalışıram.
Hətta
yeri gələndə
gənclərimizə diqqət
yetirməyən yaşlı
nəslimizin bəzi nümayəndələrini də
qınayıram. Qoy kimsə
unutmasın ki, onlar bizim sabahımızdır.
Yeri gəlmişkən, mən
gəncləri ağacın
pöhrəsinə bənzədirəm.
Hansı
ki, o pöhrəni istənilən səmtə
əymək mümkündür.
Odur ki, onların vətənpərvər gənclər
kimi yetişmələrində
təkcə bir müəllim kimi deyil, həm də adi bir
vətəndaş kimi
əlimdən gələni
əsirgəmirəm. Çalışıram ki, onlar yad təsirlərə düşməsinlər”.
Söhbətinin sonunda o, təhsillə
bağlı bir iradını da bildirdi: “Əldə etdiyim məlumatlara əsasən deyə bilərəm ki, əksər ölkələrdə
təhsil sistemində
proqram hər il dəyişmir. Ən yaxşı halda dərslik 5 il müddətinə
nəzərdə tutulur.
Amma bizim ölkədə bu belə deyil.
Elə götürək mənim
tədris etdiyim fənni. Son 20 ildə həmin dərslik 6-7 dəfə dəyişib”. Onu da qeyd edək ki, bu günlərdə
Günəş müəllimin
50 yaşı tamam olub. Bu münasibətlə
AMEA İqtisadiyyat İnstitutunun
dissertantı Günəş
Şəfaqətovu təbrik
etməklə yanaşı,
ona çətin, həm də şərəfli peşəsində
uğurlar diləyirik.
ESMİRA HİDAYƏTOVA,
ƏSGƏR HÜSEYNOV
Zaman.-2013.-18 aprel.-S.6.