Bakuvi irsinin öyrənilməsi Azərbaycanın tanıdılması üçün mühüm vasitələrdən biridir

 

YUNESKO 2013-cü ili Azərbaycanda Seyid Yəhya Bakuvi ili elan edib. Azərbaycan tarixi və mədəniyyətinin formalaşmasında mühüm yerə sahib olan bu dühanın şəxsiyyətinin və mənsub olduğu Xəlvətiyyə təriqətinin ən önəmli tədqiqatçısı Qafqaz Araşdırmalar İnstitutunun rəhbəri, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Mehmet Rıhtımdır.

 

Əvvəlı ötən sayimizda

 

 Seyid Yəhya Bakuvini araşdırıb öyrənməyinizə nə səbəb oldu?

- Mən 1997-ci ildə Azərbaycana gəldim və Qafqaz Universitetində müəllim olaraq işləməyə başladım. O zamanlar mənim üçün məchul olan Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı və s. ilə çox maraqlanır, tezliklə hər şeyi öyrənmək istəyirdim. Yaşadığım bəzi hadisələr Seyid Yəhya Bakuvi ilə tanış olmağıma vasitə oldu. Belə ki, Şirvanşahlar sarayını ilk dəfə gəzəndə buradakı türbə -  çox diqqətimi çəkmişdi. Saray və türbə, bunlar bir-birinə çox zidd məfhumlardı. Məntiqi cəhətdən burada qəbir olmamalı idi. Türbənin bir dərvişə aid olduğunu öyrənəndə isə təəccübüm daha da artdı. Çünki sufilər tərki-dünya həyat tərzi sürən insanlardı. Onlar dünyadan üz çevirib, sadəcə, Allaha yönəlirlər. Saray isə dünyəvi işlərin və hakimiyyətin ən yuxarıdakı simvoludur. Bu ikisinin bir yerdə olması mənə çox qəribə gəlmişdi. Bu ziddiyyət bu şəxsin kim olduğunu öyrənmək üçün məndə böyük maraq oyatdı. O elə qeyri-adi, mühüm bir şəxs olmalı idi ki, onun məqbərəsi şəhərin belə, ən hörmətli yerində olsun. Bu adi bir dərviş ola bilməzdi. Bir çoxlarından türbənin kimə aid olduğunu soruşsam da, suallarım cavabsız qalmışdı. Nəhayət, Şirvanşahlar muzeyində işləyən Məryəm xanımdan türbənin Seyid Yəhya Bakuviyə aid olduğunu öyrəndim.

Bundan sonra Seyid Yəhya Bakuvinin həyatı və fəaliyyəti məni daha da maraqlandırdı və onunla bağlı məlumatlar toplamağa başladım. Əldə etdiyim bilgilər onun yazmış olduğu kitablardan bəhs edirdi. Onları axtarmalı və baxmalı idim.

- Bakuvinin əsərlərini tapmısınız və çap etdirmisiniz. Həmin kitablar haqqında məlumat verə bilərsinizmi?

- İlk araşdırmalarım zamanı Türkiyədə, Süleymaniyyə kitabxanasında Seyid Yəhya Bakuvinin bir neçə kitabını tapdıqdan sonra araşdırma arzum reallaşmağa başladı. Həmin kitabları ilk dəfə əlimə alıb oxuyanda çox təəccüblənmişdim. Onların çox böyük təsəvvüf, fəlsəfi, ədəbi əsərlər olduğunun şahidi oldum. Kitabxanaya girişim ilə çıxışım arasında çox fərq vardı. Axtardığımdan daha böyük müəzzəm bir mövzu qarşıma çıxmışdı. O zamanlar mən bir dissertasiya mövzusu üzərində işləyirdim, onu saxlayıb Bakuvinin əsərlərini tədqiq etməyə başladım. Seyid Yəhya Şirvani Xəlvətiyyə ədəbiyyatı mövzusunda dissertasiya üzərində işə başladım. Əvvəl kitabxanada aşkarladığım kitabların surətlərini aldım, daha sonra onları tərcümə etməyə dilini sadələşdirməyə başladım. Daha sonra topladığım məlumatları Seyid Yəhya Bakuvi Xəlvətilik adı ilə kitab şəklində çap etdirdim. İstifadə etdiyim mənbələrin əksəriyyəti Türkiyədən əldə etdiyim mənbələr idi. Bu sırada Azərbaycanda Bakuvinin farsca əlyazmalarının olduğu bir risaləsi Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun kitabxanasında aşkarlandı. Mütəfəkkirin İstanbulda Süleymaniyyə kitabxanasında aşkar etdiyimŞəfaül-əsraradlı kitabını yeddiillik zəhmətdən sonra 2010-cu ildə Bakıda, 2011-ci ildə Türkiyədə nəşr elədik. 550 il sonra öz vətəninə qayıdan bu əsərin hər iki nəşri böyük rəğbət gördü. İndi ikinci üçüncü nəşrləri hazırlanır. Seyid Yəhya Şirvaninin çapa hazırlanan digər bir əsəri gözəl bir dua məcmuəsidir. Nəzmlə yazdığı farsca əsərləri Əlyazmalar İnstitutunda dəyərli alim Nəzakət Məmmədova ilə birgə hazırlanır, inşallah, yayda nəşr olunacaq.

- Sizdən başqa Seyid Yəhya Bakuvi mövzusunu araşdıran olub?

- Bəli, daha əvvəllər onun haqqında yazanlar olub. A. Bakıxanov, Firudin bəy Köçərli, M.Ə. Tərbiyət, S. Mümtaz kimi ziyalılar Bakuvi haqqında yazıblar.  Əliəjdər Seyidzadə, Zakir Məmmədov, Azadə Musabəyli, Sara xanım Aşurbəyli,  S. Vəliyev, C. İbrahimov, M. Mahmudbəyov onunla əlaqəlı yazan alimlərdən bir neçəsidir. Hətta Səməd VurgunBakı dastanıpoemasında ondan söz açmışdır. Bunlardan Əliəjdər Seyidzadəni xüsusilə qeyd etmək istəyirəm. O bu məsələni 50-60-cı illərdə tədqiq etmək istəyib, amma o dövrün bu tip məsələlərə mənfi münasibəti səbəbi ilə bu reallaşmayıb. O, bəzi səhvlər istisna olmaqla, Bakuvi haqqında bir çox düzgün məlumatlar əldə edə bilmişdi. Ancaq bu mövzunun müstəqil şəkildə elmi cəhətdən öyrənilməsi, hərtərəfli işlənməsi, xüsusən Seyid Yəhyanın əsərlərinin, fikirlərinin, məktəbinin tədqiq edilməsi mümkün olmamışdı. Bunun bir neçə səbəbi var.  Əvvəla, Sovet dövründə dini-təsəvvüfi məsələlərin olduğu kimi araşdırılmasına qoyulan məhdudiyyətlər çox idi. Təsəvvüf elmi sahəsində mütəxəssis yox idi. Adıçəkilən elm fəlsəfə ya ədəbiyyatda işlədilirdi. Halbuki  bu məsələni anlamaq üçün islami elmləri, o cümlədən təsəvvüf elmini bilməli, bununla yanaşı, əski Azərbaycan əlifbasını oxumağı bacarmalı, həm ərəb fars dillərini bilmək lazımdır. Bütün bunları bilmədən bu mövzuda tədqiqat işi aparmaq düzgün nəticələr əldə etmək, əlbəttə ki, mümkün deyildi.

Onu da qeyd edim ki, hələ bu sahədə görüləcək çox işlər var. Bakuvinin fikirləri, məktəbinin Azərbaycandakı dünyadakı təsirləri, ədəbi dil xususiyyətləri kimi məsələlərin öyrənilməsinə başqa alimlərin qoşulmaları çox vacibdir.

- YUNESKO 2013-cü ili Azərbaycanda Seyid Yəhya Bakuvi ili elan edib. Bu il çərçivəsində hansı işləri görməyi planlaşdırırsınız?

- Bu ilin Seyid Yəhya Bakuvi ili elan edilməsi çox əlamətdar bir hadisə idi. Məhz bu tarixi hadisə Azərbaycan tarixi mədəniyyətinin formalaşmasında əvəzsiz rola sahib Bakuvinin daha dərin ətraflı araşdırılıb öyrənilməsi üçün çox gözəl bir imkandır. Seyid Yəhya Bakuvi irsinin öyrənilməsi bütün dünyaya Azərbaycanın tanıdılması üçün mühüm vasitələrdən biridir. Fəlsəfə İnstitutu tərəfindən Bakuvi ilə bağlı iyul ayının 2-3-ündə beynəlxalq simpozium təşkil olunacaq. Bundan başqa, konfranslar keçiriləcək. Onun həyat yaradıcılığı ilə bağlı həm Azərbaycanda, həm Türkiyədə nəşr olunacaq kitab hazırlıqlarımız var. Seyid Yəhya Bakuvinin 18-ə yaxın əsərinin hamısını nəşr etmək fikrindəyik. İctimai Televiziya ilə birlikdə bir sənədli film üzərində aparılır. Bundan əlavə, Bakuvi mövzusunda Əlcəzair Türkiyədə sərgi simpoziumlar təşkil olunacaqdır.

- Bakuvinin bir sufi mütəfəkkiri kimi tanıdılması necə olmalıdır? Onun məktəbindən günümüzə nələr gəlmişdir?

- Bir elm xadimi olaraq, məni maraqlandıran xüsus Bakuvinin tarixi bir şəxsiyyət olaraq kim olduğu, fikir dünyasının nələri ehtiva etdiyi, onun mədəniyyətimiz baxımından ortaya qoyduğu dəyərlər və günümüzdə onun düşüncələrinin bizə nələr vəd etdiyi kimi məsələlərdir. Təəssüf ki, Türkiyədə də, Azərbaycanda da, digər İslam ölkələrinin çoxunda da bu kimi şəxsiyyətlərin fikirləri, əsərləri araşdırılmır, sadəcə, onların türbələrindən nəsə umulur. Bunlar, həqiqətən, həm dini, həm də məntiqi cəhətdən doğru deyil. Ancaq bəziləri üçün bunlar mənfəət mənbəyidir. Bu duruma mən çox təəssüf edirəm. Belə şeylər onların həqiqi şəxsiyyətlərinin gizlənməsinə səbəb olur və dinin mövhumat kimi anlaşılmasına gətirib çıxarır.

Bakuvi yaşadığı dövrdə yüksək təfəkkür və biliyə sahib intellektual, ensiklopedik bir şəxsiyyət idi. Bakıda qurduğu institutda dövrün yüksək elmi məsələləri müzakirə edilirdi. Onun məktəbi müsəlman dünyasında şöhrət qazanmışdı və bir çox yerdən elmli insanlar bura gəlir, onun tədris halqasında daha da yüksək biliyə yiyələnir və sonra ölkələrinə qayıdaraq orada bu institutun filialını açırdılar. Araşdırmamızda bunlardan bir qisminin şəxsiyyətini və yerlərini təsbit etdik. Bakuvi məktəbi Anadoluda, Balkan ölkələrində, İranda, Şimali Afrikada, Hindistanda, İndoneziyada, Malayziyada yayılmışdı. Bunlara əlavə olaraq, günümüzdə də ABŞ, Kanada, İtaliyada yaşamaqdadır. Yəni Bakuvi məktəbi tarixə qarışıb yox olmamışdır. Onun yolu və fəlsəfəsi dünyada yaşamaqdadır. Rüşeymi sevgi və məhəbbət olan bu yol insanları və xalqları bir-birinə yaxınlaşdıracaq, dünyanı gözəlləşdirəcək əsasları özündə birləşdirir. Beş əsrdən artıq bir müddətdə onun məktəbindən yetişən minlərcə şair və mütəfəkkir olmuş, bunlar minlərcə əsər qoyub getmişlər. Şahlar, xanlar və sultanlar onun məktəbinə mənsub idi. Şirvanşah İbrahim Xəlilullah, Fərrux Yəssar, Uzun Həsən, Sultan Yaqub, Qanuni Sultan Süleyman, Qansu Qavri, Yavuz Sultan Səlim kimi dövlət adamları bu məktəbə mənsub idilər.

Ümid edirəm ki, bu torpaqlardan çıxmış, öz milli kimliyini və mənəvi dəyərlərini təmsil edən Bakuvini Azərbaycanda araşdıranlar və anlayanlar çox olacaqdır. Azərbaycanın Mövlanəsi olan Bakuvinin adı türbəsinin üstünə yazılmasa da, həqiqəti kimsə dəyişdirə bilməyəcək, onun izini kimsə silə bilməyəcək və qəlblərdən məhəbbətini çıxara bilməyəcəklər.

 

 

BƏYLƏR MƏCIDOV

 

Zaman.-2013.-17 aprel.-S.7.