Naxçıvanda Zərifə Əliyevanın
90 illik yubileyi qeyd olunub
Naxçıvan şəhərindəki
Heydər Əliyev Muzeyində görkəmli oftalmoloq-alim,
akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi
qeyd olunub.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri Vasif Talıbov yubiley tədbirində
çıxış edərək deyib: “Akademik Zərifə
xanım Əliyevanın alim, həkim, pedaqoq və insan kimi
yaşadığı mənalı ömrü, keçdiyi
şərəfli həyat yolu nəsillərə mənəviyyat
məktəbidir”. Daha sonra o
bildirib: “Zərifə xanımın oftalmologiya
ixtisasını seçməsinin bir neçə səbəbi
var. Onlardan birincisi, bu xeyirxah insanın həyatının fəlsəfəsindən
- insanlara işıq, nur bəxş etmək missiyasından irəli
gəlirdisə, ikincisi, həmin dövrdə Azərbaycanda
oftalmologiyanın az inkişaf etməsindən qaynaqlanırdı.
Nəhayət, ən ciddi səbəblərdən biri də
İkinci Dünya müharibəsindən sonra keçmiş
SSRİ-də, o cümlədən Azərbaycanda traxoma göz
xəstəliyinin geniş yayılması idi. O zaman Azərbaycanda
“Traxoma ilə mübarizə haqqında” qərar qəbul edilsə
də, nəticə görünmürdü. Çünki bu
xəstəliyə qarşı təsirli müalicə
üsulları yox idi. Oftalmoloq həkimlər
çatışmırdı. Belə bir şəraitdə kəskin
gedişə malik xəstəlik kimi traxomaya qarşı
mübarizə təkcə oftalmologiya elmi üçün
yox, bütövlükdə dünya, o cümlədən Azərbaycan
səhiyyəsi üçün də həyati əhəmiyyətə
malik idi. Sənədlərdən məlum olur ki, ötən əsrin
ortalarında dünyada 40 milyona yaxın insanı traxoma
tutmuş, onlardan 8 milyonu kor olmuşdu. Azərbaycanda da xəstəlik
ocaqları genişlənir, ən çox uşaq müəssisələrini,
məktəbləri əhatə edirdi. 1948-ci ildə
Naxçıvan Muxtar Respublikasında 7 min nəfər
traxomaya yoluxmuşdu. Onlardan 2 mindən çoxu uşaqlar idi.
Yaşlıları, o cümlədən uşaqları
görmə qabiliyyətinin itirilməsi kimi əzablı xəstəlik
gözləyirdi. Belə bir acınacaqlı vəziyyət tək
Naxçıvan Muxtar Respublikasında yox, bütün Azərbaycanda
ciddi həyəcan siqnalının çalınmasına əsas
yaratmışdı”. Ali Məclisin Sədri qeyd edib ki, ali təhsilini başa
vuran gənc Zərifə xanım 1949-cu ildə
Naxçıvanda traxomaya qarşı mübarizəyə həsr
edilmiş səyyar seminarlarda iştirak edib, bu sahədə əldə
etdiyi elmi və praktik nailiyyətlərin tətbiqinə nail
olub. Ali Məclisin Sədri
Hippokratın “Gözəl davranış haqqında” əsərində
yazdığı “İnsana sevgi olan yerdə sənətə
də məhəbbət vardır” fikrini xatırladaraq, qeyd
edib ki, akademik Zərifə xanım Əliyeva həkim kimi təkcə
Hippokratın andına yox, həm də onun qoyduğu əxlaqi
dəyərlərə sadiq qalıb, bu təlimi yeni bir elmi
istiqamət səviyyəsində davam etdirib.
“Zərifə
xanım əsl ana, vəfalı ömür-gün
yoldaşı, ailəsinə qəlbdən bağlı olan
insan idi. Ailə əsrlər boyu Azərbaycanda böyük mənəvi
dayaq rolunu oynayıb. Dəyanətli şəxsiyyət və
dərin zəka sahibi olan Zərifə xanım ümummilli
lider Heydər Əliyevin ömür-gün yoldaşı kimi
bu çətin, lakin şərəfli missiyanı da layiqincə
yerinə yetirən, ulu öndərə etibarlı mənəvi
dayaq olan Şəxsiyyət və Ana idi. Bir-birini heyrətamiz
şəkildə tamamlayan bu iki parlaq şəxsiyyətin ailə
həyatı müasir Azərbaycan cəmiyyəti
üçün bir nümunə, milli dəyərlərimizə
sədaqətin nadir örnəyidir”, - deyən Ali Məclisin
Sədri qeyd edib ki, akademik Zərifə xanım Əliyeva Azərbaycana
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı,
dünya siyasətində öz nüfuzu və yeri olan
İlham Əliyev kimi milli lider bəxş edən Ana kimi də
unudulmazdır.
Sonra
tədbirdə akademik Zərifə xanım Əliyevaya həsr
olunmuş şeirlər söylənilib, Naxçıvan
Dövlət Televiziyasının hazırladığı
“Zirvələrə yüksələn zərif insan
ömrü” televiziya filmi göstərilib.
Tədbir
iştirakçıları görkəmli oftalmoloq-alim Zərifə
xanım Əliyevaya həsr olunmuş sərgiyə də
baxıblar. Yubiley tədbirinin sonunda Cəlil Məmmədquluzadə
adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında
görkəmli şair-dramaturq İslam Səfərlinin
“Göz həkimi” pyesi əsasında hazırlanmış
tamaşa göstərilib.
Atik, Mazlum.
Zaman.- 2013.- 17 aprel.- S. 6.