Qəzənfər Ağayev: “Ötən
bir ildə inamla və səmərəli işləmişik”
Astara
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər
Ağayev Bu
gün ölkəmizin hər bir bölgəsində müxtəlif
layihələr uğurla həyata keçirilir, geniş
tikinti və abadlıq işləri aparılır. Belə rayonlarımızdan biri də Cənub
bölgəsinin mirvarisi sayılan Astaradır. Azərbaycan
Prezidenti İlham Əliyevin
14 aprel
2012-ci il sərəncamı ilə Qəzənfər
Ağayev Astara Rayon İcra Hakimiyyətinin
başçısı təyin edildikdən sonra rayonda
işgüzar əhvali-ruhiyyə xeyli yüksəlib, hər
bir sahədə əsaslı dönüşə nail olunub.
Bəs ötən bir ildə hansı işlər
görülüb, nə kimi istəklər gerçəkləşdirilib?
2013-cü ildə həyata keçiriləcək layihələr,
həlli vacib məsələlər hansılardır?
Astara
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər
Ağayevlə söhbətimizdə bu suallara ətraflı cavab
aldıq.
- Qəzənfər
müəllim, ötən bir ildə həyata keçirilən
infrastruktur layihələrin, eyni zamanda quruculuq-abadlıq
işlərinin nəticələrini biz Astara şəhərini
gəzərkən əyani şəkildə gördük. Ölkəmizin sərhəd qapılarından olan
Astara şəhəri, həqiqətən, çox gözəlləşib.
Bu bizi çox sevindirdi. Yəqin
ki, rayon ərazisini gəzmiş olsaq, bir ildə
yaradılmış bir-birindən gözəl ünvanları
da görə bilərik. Onu da deyim ki,
“Zaman-Azərbaycan” qəzeti tez-tez Astarada aparılan quruculuq-abadlıq
işləri barəda yazılar dərc edir. Bununla belə, istərdik ki, birilik fəaliyyətiniz
barədə oxucularımıza özünüz məlumat verəsiniz.
- Öncə
deyim ki, Astara Rayon İcra Hakimiyyətinin
başçısı kimi fəaliyyətə
başladığım ilk günlərdən astaralılardan
yalnız xoş münasibət, xeyirxahlıq və
işgüzarlıq görmüşəm. Məni
daha çox təsirləndirən ilk günlərdə
rayonun ağsaqqalları ilə keçirdiyim görüş
oldu. Çox səmimi, təsirli və
işgüzar şəkildə keçən bu
görüş mənə unudulmaz anlar bəxş etdi.
Onlar bütün işlərdə mənə dəstək
olacaqlarını bildirdilər. Ötən bir il ərzində həmişə bu
xeyir-duanın məsuliyyətini üzərimdə hiss
etmiş və onların dəstəyini görmüşəm.
Ötən bir ildə inamla və səmərəli
işləmişik. Məhz buna görə
mən bütün astaralılara ürəkdən təşəkkür
edirəm.
Onu da deyim ki, ictimaiyyətin müxtəlif nümayəndələri
ilə görüşlər təkcə tanışlıq məqsədi
daşımır, həm də əhalini
düşündürən, narahat edən məsələləri
birbaşa özlərindən eşitməyə şərait
yaradır. Məsələn, Pəlikəş icra nümayəndəliyinə
daxil olan kəndlər rayonun ən ucqar dağlıq ərazisində
yerləşir. Həmin ərazidə,
xüsusən, dağların zirvəsində yerləşən
Sım kəndində yerli əhali ilə görüşlər
zamanı burada həlli vacib olan çoxlu problemin olduğuna
baxmayaraq, uzun illər əməli tədbirlərin
görülmədiyinin, ümumilikdə bu ucqar ərazinin diqqətdən
kənarda qaldığının şahidi oldum. Nümayəndəlikdə yerləşən Doli,
Şəvqə və Sibyət kəndlərinə avtomobil
yolunun və elektrik xəttinin olmadığını eşidəndə
təəccübləndim.
Bu məni çox narahat etdi. Lazım olan texnika, yerli əhalinin bu işə cəlb
olunması və dövlət vəsaiti ilə bu vacib məsələləri
həll etdik.
Möhtərəm Prezidentimiz İlham Əliyevin
çox düzgün olaraq qeyd etdiyi kimi, dövlət siyasətimizin
mərkəzində Azərbaycan vətəndaşıdır. Hər
şeyi biz Azərbaycan vətəndaşı
üçün edirik. Budur bizim məqsədimiz.
Biz xalq üçün
çalışırıq, qururuq, yaradırıq, ölkəmizi
gücləndiririk. Hər bir dövlət
məmuru öz vəzifə borcunu şərəflə yerinə
yetirməli, vətəndaşlara hörmət etməlidir.
Bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin
qəti tələbidir.
Son bir il ərzində şifahi qəbullar, yerlərdə
keçirilən səyyar qəbul və görüşlər
bir çox mühüm sosial problemlərin həlli
üçün şərait yaratmışdır. Məhz vətəndaşların
təklifləri əsasında Mərkəzi bazar ətrafında
nəqliyyatın sıxlığının aradan
qaldırılması məqsədilə magistral yolda hərəkətin
birtərəfli olması təmin edilmiş, Şovaş,
Siyatük, Şüvi, Vəznəş, Sərək kəndlərinə
təbii qaz verilmiş, Telman, Şahağac kəndlərinə
təbii qaz çəkilişi sürətlə davam
etdirilir. Xıçaso kəndində çay
üzərində körpü salınmış, Telman kəndinə,
Şiyəkəran kənd və Ərçivan qəsəbə
1 saylı tam orta məktəblərinə gedən yollar
asfaltlaşdırılmışdır. Kijəbə
qəsəbə sakinlərinin arzusu nəzərə
alınaraq, qəsəbənin mərkəzində müasir tələblərə
uyğun şəkildə yeni park salınır. Son bir il ərzində şəhər 7 saylı və
Telman kənd tam orta məktəbləri üçün
tikilmiş binaların açılış mərasimləri
keçirilmişdir. Hazırda isə Siyakü,
Şağlazüzə, Vaqo, Hamoşam, Asxanakəran,
Motlayataq, Şüvi, Suparıbağ və Rüdəkənar
kəndlərində müasir tipli yeni məktəb
binalarının tikintisi davam etdirilir.
Möhtərəm Prezidentimizin keçən ilin mart
ayının 13-də tarixi səfərindən sonra rayonumuzda
tikinti, quruculuq və abadlıq işləri daha da sürətləndirilmişdir. Cənab
Prezidentin sərəncamları ilə ayrılan vəsait
hesabına Mərkəzi Xəstəxananın Poliklinika korpusu
yenidən qurulur, şəhər, qəsəbə, kəndlərdə
yol-abadlıq işləri sürətlə aparılır.
Ötən ilin son günlərində möhtərəm
Prezidentimiz cənab İlham Əliyev daha bir tarixi sərəncamı
ilə astaralıları sevindirdi. Cənab Prezident 27 dekabr 2012-ci il tarixdə “Astara rayonunun Ərçivan kəndinə
qəsəbə statusunun verilməsi haqqında” Sərəncam
imzaladı. Bu bir daha sübut etdi ki, Astara
rayonunun inkişafı ölkə rəhbərinin gündəlik
qayğısı ilə əhatə olunmuşdur. İndi Ərçivan qəsəbəsində
quruculuq və abadlıq işləri geniş vüsət
almışdır.
- Rayonda sahibkarlığın
inkişafına necə dəstək və qayğı
göstərilir? Yerli iş adamlarından gözləntiləriniz
hansılardır?
-
Rayonumuzda özəl sektorun, sahibkarlığın
inkişafına mövcud imkanlar daxilində hər cür
şərait yaradılmışdır. İş
adamlarımız Astaranın sosial-iqtisadi inkişafına
layiqli töhfələrini verirlər. İlk dəfə
olaraq, iş adamı tərəfindən
şəhərimizin mərkəzində 9 mərtəbəli
yaşayış binasının tikintisi sakinlərimizin
böyük sevincinə səbəb olmuşdur. Şəhərdə 7 mərtəbəli yeni
binanın inşası da başa çatdırılır.
Həmin yaşayış binalarında gənclərin
mənzillə təminatına daha çox üstünlük
verilməsi nəzərdə tutulmuşdur. Xəzər dənizinin sahilində
yaradılan ailəvi istirahət mərkəzləri, turizm
obyektləri və digər istirahət guşələri
ayrı-ayrı iş adamlarımızın gərgin və səmərəli
əməyinin nəticəsidir.
Sahibkarlığın inkişafı və yersiz
müdaxilələrin qarşısının alınması
məqsədilə bundan sonra da tərəfimizdən lazım
olan bütün tədbirlər görüləcəkdir. Qəzetinizin
yaratdığı fürsətdən istifadə edərək, sahibkarlarımıza
demək istəyirəm ki, yeni-yeni layihələrin həyata
keçirilməsi üçün təşəbbüs
göstərəcəyiniz təqdirdə, tərəfimizdən
sizə hər cür kömək ediləcəkdir. Rayonumuzun təbiəti, relyefi, yerləşdiyi ərazi
sahibkarlığın hərtərəfli və geniş
şəkildə inkişafı üçün çox əlverişlidir.
Xüsusən, turizmin inkişaf etdirilməsi
istiqamətində yeni layihələr həyata keçirmək
olar. Rayonda istehsal olunan məhsulların,
xüsusən heyvandarlıq və sitrus məhsullarının
emalı məqsədilə kiçik sexlərin
yaradılması da məqsədəuyğundur.
- Astara
respublikamızın yaxşı potensialı olan aqrar rayonudur.
Burada əsasən sitrusçuluq,
çayçılıq, tərəvəzçilik və
heyvandarlıq inkişaf etdirilir. Çəltikçilik
sahəsində də uğurlar var. Son bir ildə rayonda kənd
təsərrüfatının inkişafı və bu sahədə
görülən işlər barədə nə deyə bilərsiniz?
-
Rayonumuzun torpaqları münbitdir. Bol məhsul
yetişdirmək üçün iqlim şəraiti də əlverişlidir.
Mövcud torpaq sahələrinin 17.563 hektarı
kənd təsərrüfatına, 8.080 hektarı əkinə
yararlı sahələrdir. Aqrar sahədə
torpaq islahatı aparılan zaman 42.279 hektar dövlət
mülkiyyətində saxlanılmış, 11.798 hektarı
xüsusi mülkiyyətə verilmişdir. Aqrar bölmədə 71 fermer təsərrüfatı
yaradılıb. Son illərin statistik məlumatlarına
nəzər salsaq, rayonda kənd təsərrüfatı sahəsində
əldə edilən göstəricilərin ilbəil
artdığını görərik.
2012-ci ildə
rayonda 44.474 ton tərəvəz, o cümlədən 14.481 ton
kartof, 10.310 ton taxıl (buğda, çəltik və
qarğıdalı), 381 ton yaşıl çay
yarpağı, 32.261 ton sitrus və subtropik meyvələr
istehsal edilmişdir. Bu göstəricilər
2010-2011-ci illərin göstəriciləri ilə müqayisədə
xeyli çoxdur. Yerlərdə olarkən vətəndaşlar
yetişdirilən bir çox məhsulların
satışında çətinliklərlə üzləşdiklərini
bildirirdilər. Bununla əlaqədar
müvafiq tədbirlər həyata keçirdik. Lənkəran konserv zavodu ilə əlaqə
saxladıq və tez xarab olan feyxoa meyvəsinin əhalidən əlverişli
qiymətə qəbuluna şərait yaratdıq. Digər sitrus meyvələrinin sərfəli qiymətə
satılmasını təmin etdik. Rayonda
çəltik əkinlərinə marağın
artırılması üçün yerlərdə təbliğat
işlərini gücləndirdik. Son bir
ilin nəticələri göstərir ki, bu sahəyə maraq
tədricən artır. Məlumat üçün deyim
ki, keçən il Astara düyüsünün bir
kiloqramı ən azı 2,5-3 manata
satıldı. Astara düyüsü öz əvvəlki
şöhrətini geri qaytarır. Hazırda
bu düyüyə olan tələbat həddindən artıq
çoxdur. Rayonumuzda
çayçılığın inkişafı
üçün əlverişli şərait vardır. Astara çayının şöhrəti dünyaya
yayılıb. İspaniyanın Madrid,
Rusiyanın Moskva şəhərlərində keçirilən
beynəlxalq sərgilərdə “Astara çayı”
qızıl medallara layiq görülmüşdür. Son bir ildə rayonda Astara çayının
şöhrətinin bərpa edilməsi üçün
konkret tədbirlər görülür. Təkcə
keçən il rayonda 110 hektarda yeni
çay sahəsi salınmışdır.
Bütün bunlarla yanaşı, açıq demək
istəyirəm ki, rayonda qızıl kimi qiymətli və bərəkətli
mövcud torpaq sahələrindən tam səmərəli
istifadə olunmur. Torpaq payı almış kənd sakinləri
illərlə öz torpaqlarına üz tutmur, əkin
keçirmir, boş və istifadəsiz saxlayır, mal-qara
üçün örüşə çevirirlər. Mən kəndlərdə əhali ilə
görüşlər keçirərkən torpaqlardan səmərəli
istifadə edilməsinin vacibliyini dəfələrlə
vurğulamışam.
- Qəzənfər
müəllim, gənclər böyük qüvvədir. İstedadlı gənclərə qayğı və
diqqət göstərilməsi bu gün daha aktualdır.
Rayonda bu istiqamətdə görülən
işlər diqqəti cəlb edir. Bu barədə
fikrinizi bilmək istəyirik.
- Tamamilə
doğru deyirsiniz, gənclərə etimad göstərmək,
onları daha məsul vəzifələrə irəli çəkmək
günümüzün ən vacib məsələsidir. Son dövrdə rayonumuzda bu məsələyə
daha ciddi diqqət yetiririk. İcra
aparatında, rayonun idarə, müəssisə və təşkilatlarında
məsul vəzifəyə irəli çəkilənlər
sırasında gənclər üstünlük təşkil
edirlər. Gənclərə etimad göstərməyimiz
rayonda işgüzar mühitin formalaşmasına, sağlam
ab-havanın yaranmasına səbəb olur. Gənclərimizin fəallığı artıb.
Biz bu sahəyə diqqəti daha da
artıracağıq.
- Siz mətbuata
açıq olan, kütləvi informasiya vasitələrinə
önəm verən rəhbərsiniz. 80 yaşlı “Astara” qəzetinin
qısa müddətdə müasir tələblər səviyyəsində
buraxılması sizin qayğı və diqqətinizin nəticəsidir...
- Kütləvi informasiya vasitələrinin
(KİV) rolunu həmişə düzgün qiymətləndirmək
lazımdır. Ulu öndər Heydər Əliyev
bu sahənin inkişafına daim diqqət yetirmiş, haqlı
olaraq mətbuatı cəmiyyətin aynası
adlandırmışdır. Yerli mətbuatın
idarəetmədə əhəmiyyəti əvəzsizdir. Bütün bunlara
görə yerli qəzetin fəaliyyətinin kökündən
yaxşılaşdırılması üçün konkret tədbirlər
həyata keçirdik. “Astara” qəzetinin oxucuların sevimlisinə
çevrilməsi bizim uğurumuzdur.
- Qəzənfər
müəllim, Astarada gördüklərimizlə
yanaşı, sizdən eşitdiklərimiz də bizi sevindirdi.
Təbii ki, qarşıda görüləsi
işlər də çoxdur. Bu barədə
məlumat verməyinizi xahiş edirik.
-
Qarşıda görüləsi işlər, həqiqətən,
çoxdur. Əvvəla,
başladığımız işləri daha sürətlə
və keyfiyyətlə başa çatdırmaq əzmindəyik.
Astara şəhərində, qəsəbə və
kəndlərdə daha geniş miqyasda tikinti, quruculuq və
abadlıq işləri davam etdiriləcək, rayonda
qazlaşdırma işi başa
çatdırılmalıdır. Qarşıdakı
aylarda sakinlərimizin çoxdan gözlədikləri Ərçivan-Sərək-Şüvi-Siyatük-Alaşa-Qapıçıməhəllə
kəndlərini əhatə edən dairəvi yol
asfaltlaşdırılacaq. Artıq bu
işə bir neçə gündür ki,
başlanılıb. Siyakü-Rinə
yolunun asfaltlaşdırılması dağ kəndlərinə
gedən sakinlərin ürəyindən olacaq. Rayonda turizmin inkişafını təmin etmək məqsədilə
yeni obyektlər inşa ediləcək, mövcud turizm obyektlərinin
fəaliyyəti yaxşılaşdırılacaq. Şəhərdə
kanalizasiya sisteminin qurulması, əhalinin içməli su ilə
təmin edilməsi məqsədilə yeni su xəttinin
çəkilməsi, mövcud elektrik xətti təsərrüfatının
yenidən qurulması, şəhərdaxili və kəndarası
yolların əsaslı təmir olunması, körpülərin
salınması, təhsil, səhiyyə və mədəniyyət
müəssisələrinin tikintisi və digər
mühüm sosial obyektlərin inşası ilə əlaqədar
qarşıya qoyulan vəzifələr yerinə yetiriləcək.
-
Maraqlı söhbətə görə çox sağ olun. Sizə şərəfli
və məsul işinizdə uğurlar arzulayırıq.
Səməd Məlikzadə,
MƏRDAN QURBANOV
Zaman.-2013.-23 aprel.-S.7.