Universitetimizin Kimya fakültəsinin “canlı ensiklopediyası”

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor müəllim heyəti, kimya fakültəsinin tələbələri, görkəmli alim və akademiklər, eləcə də sadə insanlar onu tanıyır, ürəkdən sevir, yüksək qiymətləndirirlər.

O, həyata geniş yaradıcı münasibəti, zəngin saf daxili aləmi, həssas qəlbi və şəxsiyyətinin bütövlüyü, xeyirxahlığı ilə seçilir. Sözügedən alim Əbdülməcid Seyidrza oğlu Rzayev 1923-cü il aprelin 15-də Qusar şəhərində anadan olub. 1939-cu ildə Qusar şəhər orta məktəbini bitirib və Azərbaycan Dövlət Darülfünün (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə qəbul olunub. 1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar 14 nəfər qrup yoldaşları ilə birlikdə ordu sıralarına göndərilib. Böyük Vətən müharibəsi illərində göstərdiyi qəhrəmanlıqlara görə “Qırmızı Ulduz” və “I dərəcəli Böyük Vətən müharibəsi” ordenləri ilə təltif olunub. 1946-cı ildə ordudan təxris olunduqdan sonra Azərbaycan Dövlət Darülfünündə təhsilini yenidən davam etdirib. 1949-cu ildə ali məktəbi bitirib, aspiranturaya daxil olub və 1952-ci ildə Neft Daşlarının metal konstruksiyalarının korroziyadan qorunması məqsədi ilə yaradılmış Bakı Lak Boya İstehsalat Birliyinə işə göndərilib. Burada şöbə müdiri, baş mühəndis, daha sonra isə direktor vəzifəsində çalışıb.

1961-ci ildə akademik Y. H. Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunda laboratoriya müdirinin müavini vəzifəsində fəaliyyət göstərib, 1963-cü ildə “Qlikol efirləri və naften turşularının emalı” mövzusunda müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edib. 1966-cı ilə qədər həmin institutda baş elmi işçi vəzifəsində çalışıb. 1966-cı ilin may ayında Ə. S. Rzayev Üzvi kimya və kimya texnologiyası kafedrasının müdiri vəzifəsinə işə dəvət olunub və 1972-ci ilə kimi həmin vəzifədə çalışıb. Onun gəlişi ilə fakültədə elmi işlər canlanıb, yeni laboratoriyalar açılıb, laboratoriyalar avadanlıq və reaktivlə təchiz edilib. Əbdül müəllim kafedrada yeni sintez edilmiş maddələrin element analizi laboratoriyasını təşkil edib, onun rəhbərliyi altında 6 nəfər kimya üzrə fəlsəfə doktoru hazırlanıb. O, 100-dən çox elmi məqalə, ondan artıq kitab, 25 müəlliflik şəhadətnaməsi, 3 patent müəllifidir. Əbdül müəllimin tələbələri içərisində EA-nın müxbir üzvi, professor, elmlər doktoru, zavod direktorları və s. vardır.

Dos. Ə.S.Rzayev maraqlı dərin məzmunlu seminarları ilə indi də müəllim və tələbələri heyrətləndirir. Hamı onu kimya fakültəsinin “canlı ensiklopediyası” adlandırır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 90 illik yubileyi münasibətilə səmərəli elmi pedaqoji fəaliyyəti nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə (ötən ilin aprel ayının 18-də) “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

O, bizim üçün yüksək mədəniyyət, ziyalılıq, düzlük, öz işinə sadiqlik, bütün bilik və bacarığını xalqına xidmət işinə yönəldən böyük bir insandır. Əgər mən peşəkar ədəbiyyatçı kimi Ə.S.Rzayev haqqında əsər yazası olsaydım, heç şübhəsiz ki, “Canlı ensiklopediya haqqında povest” adlandırardım. Biz müəllim və tələbələr ondan öyrənirik və onu çox sevirik. Allahdan ona can sağlığı və uzun ömür arzulayırıq. Yubileyin mübarək Əbdülməcid müəllim!

 

 

Gülnarə Babayeva

 

Zaman.-2013.-23 aprel.-S.6.