Kərim Kərimov - SSRİ-ni
kosmos dövləti edən dahi azərbaycanlı (1)
Onun adı bir vaxtlar gizli saxlanılırdı. İş yoldaşlarından başqa, heç kimə onunla təmasa girməyə icazə verilmir, atdığı hər addım diqqətlə izlənilir, ailəsi və özü SSRİ dövlət rəhbərləri səviyyəsində güclü şəkildə mühafizə olunurdu.
Zahirən ruslara heç də bənzəməyən
hündürboylu, qarayanız,
olduqca gülərüz
olan bu insan
ilk andan qarşısındakında
xoş bir təəssürat oyadırdı. Rus dilində
təmiz və ləhcəsiz danışdığından
bəziləri onu yəhudiyə, digərləri
isə ruslaşmış
qafqazlıya bənzədirdilər.
Amma onun hansı millətə mənsub olduğunu ətrafındakıların
çoxu belə bilmirdi və bu da o dövrdə
SSRİ xüsusi xidmət
orqanları tərəfindən
sirr kimi qorunurdu. Tanışları, iş yoldaşları
üçün, sadəcə
olaraq, Kərim Əliyeviç idi. Amma o dövrdə milli mənsubiyyəti belə, gizli saxlanan Kərim Əliyeviç SSRİ adlı
bir imperiyanın kosmosu fəthi uğrunda həyata keçirdiyi qlobal layihələrə rəhbərlik
edən iki məsul şəxsdən
biri idi. Həmin şəxslərdən
biri, Sergey Korolyovu sovet kosmonavtikasının
anası, onu isə atası adlandırırdılar. O dövrdə
onun razılığı
və icazəsi olmadan kosmosa peyk göndərmək mümkün deyildi. Bu məsələdə son sözü
o deyirdi. Kosmosun fəthi uğrunda
SSRİ-nin ABŞ-la soyuq
savaşa girdiyi bir vaxtda ölkə
rəhbərləri ona
zəng edərək birbaşa tapşırıq
verir və onun məsləhətlərinə
rəğbətlə yanaşırdılar.
25 il ərzində o, Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasına rəhbərlik
etdi. Kosmonavtlar uçuşun gedişi barədə yalnız ona raport verirdilər.
O daim Korolyov ilə birgə idi və kosmosa
uçuşla bağlı
bütün problemləri
ikilikdə həll edirdilər. Korolyov ölümündən bir
az əvvəl onu bu vəzifədə
yalnız bu böyük insanın əvəz edə biləcəyini demişdi.
Bu böyük insan azərbaycanlı, Sosialist
Əməyi Qəhrəmanı,
Lenin, Stalin və SSRİ Dövlət
mükafatları laureatı
general-leytenant Kərim
Kərimov idi. Amma bu naməlum
qəhrəmanın azərbaycanlı
olmasını uzun müddət heç kim bilmədi. Yalnız 1986-cı ildə
Azərbaycan Xalq artisti, rejissor Vasif Babayev xoş bir təsadüf nəticəsində SSRİ kosmonavtikasına
rəhbərlik edən
bu böyük insanın azərbaycanlı
olduğunu üzə
çıxardı...
Bakıdan kosmosun fəthinə uzanan yol
Kərim
Abbasəli oğlu Kərimov 1917-ci il
noyabr ayının
14-də Bakıda neft
mühəndisi ailəsində
anadan olub. Atası Abbasəli Kərimov dövrünün tanınmış
ziyalılarından biri
idi. O, Sankt-Peterburqda
ali texniki
məktəbi bitimişdi.
Təhsilini başa vurduqdan
sonra vətənə
qayıdan Abbasəli bir müddət neft mədənində işləmişdi. Azərbaycan bolşeviklər
tərəfindən işğal
olunandan sonra o, neft sənayesində mühəndis kimi çalışmışdı. Gələcəkdə SSRİ kosmonavtikasının rəhbərlərindən biri
olacaq Kərim hələ orta məktəbdə oxuyarkən
texniki elmlərə xüsusi həvəs göstərirdi. O dövrdə
Azərbaycanda radio təzə-təzə
yayılmağa başlamışdı
və obrazlı şəkildə desək,
bu sirli qutu balaca Kərimi
maqnit kimi özünə cəlb edirdi. Yeri gəlmişkən onu da xatırladaq
ki, Azərbaycanda ilk dəfə radio verilişlərini
qəbul etməyə
və onu dinləməyə imkan verən radioqüllə Azərbaycan Xalq Cümhuriyyəti dövründə
Fransa mütəxəssisləri
tərəfindən Gəncədə
quraşdırılmışdı.
Azərbaycan bolşeviklər tərəfindən işğal
olunandan sonra Moskva radiodan təbliğat vasitəsi kimi istifadə etmək qərarına gəldi və bu məqsədlə
1926-cı ildə Bakıda
ilk radioqəbuledici quraşdırıldı.
Radioya olan böyük maraq Kərimi bu sahəni öyrənməyə sövq
etdi. Hələ orta məktəbdə
oxuyarkən atasının
da yardımı ilə Kərim bir neçə radioqəbuledici yığaraq
işlətməyə başlamışdı.
Orta məktəbi bitirdikdən
sonra, 1936-cı ildə
Kərim Azərbaycan Sənaye İnstitutuna daxil oldu. Radio sahəsində xüsusi bacarığını
və biliyini nəzərə alaraq, tələbə ikən onu Azərbaycan radiosunda işə götürdülər. Burada bir
müddət işlədikdən
sonra Kərimi Mərdəkan radio qovşağının
rəhbəri vəzifəsinə
təyin etdilər.
1941-ci ildə Kərim
Kərimov Azərbaycan
Sənaye İnsititutunun
elektromexanika fakültəsini
bitirdi. Ancaq ali məktəbdə
oxuyarkən texniki elmlərə, xüsusən
də radiotexnika sahəsinə böyük
maraq göstərməsi
və özünü
bu sahənin mahir bilicisi kimi göstərməsi
SSRİ xüsusi xidmət
orqanlarının diqqətini
özünə cəlb
etdi. Ona görə SSRİ xüsusi xidmət orqanlarının tövsiyəsi
ilə Kərim Kərimovdan hərbi sahədə istifadə etmək barədə qərar qəbul edildi. Bu məqsədlə
onu hərbi zavodlardan birinə işə göndərdilər.
Burada işlədiyi qısa müddətdə onun texniki sahədəki qeyri-adi istedadı hərbi sahə rəhbərliyinin də diqqətini cəlb etdi. Ona görə də müharibənin qızğın
çağında, cəbhədə
SSRİ-nin taleyinin həll edildiyi ağır bir vaxtda - 1942-ci ildə Kərim Kərimovu Dzerjinski adına
Artilleriya Akademiyasına
oxumağa göndərdilər.
Onu burada birbaşa V kursa qəbul etdilər. 1943-cü ildə
burada təhsilini başa vuran Kərim Kərimovu hərbi zavodlardan birinə almanları vahiməyə salan və məhəbbətlə
“Katyuşa” adı ilə tanınan “BM-13” atəş qurğusu üzrə mütəxəssis
kimi işləməyə
göndərdilər. Kərim Kərimova
burada mərmilərin
istehsalına nəzarət
etmək tapşırılmışdı.
Zavodda işlədiyi müddətdə Kərim
Kərimov “Katyuşa”ların
daha da təkmilləşdirilməsi
ilə bağlı bir neçə təklif verdi. Onun təklifləri mütəxəssislər
tərəfindən yüksək
qiymətləndirildi. O vaxtdan da Kərim
Kərimov raket texnikası üzrə istedadlı mühəndis
kimi hərbi sənaye rəhbərliyinin
diqqətini cəlb etdi və onu
raket texnologiyaları hazırlayan konstruktor bürosunda işə dəvət etdilər. Bundan sonra Kərim Kərimov həyatını
raket texnologiyalarının
hazırlanmasına həsr
etdi və bu da onun
şöhrət zirvəsinə
gedən yolunun əsasını qoydu.
Üstündən xeyli illər ötəndən, təqaüdə
çıxandan sonra Kərim Kərimov “Novaya qazeta”nın
müxbiri Orxan Camala verdiyi müsahibəsində (14 may, 2003) o dövr haqqında belə demişdi: “Bizim mütəxəssislər,
o cümlədən Korolyov
və Qluşko qırıcı təyyarələrimizin
reaktiv mühərriklərlə
işləməsinin daha
məqsədəuyğun olacağı
və bunun havada düşmən üzərində
üstünlüyümüzü təmin etməyə imkan verəcəyi qənaətinə gəlmişdilər.
Onlar bununla bağlı Stalinə müraciət edərək,
qırıcı təyyarələrimizin reaktiv mühərriklərlə
təmin edilməsinə icazə verilməsini xahiş
etmişdilər. Amma Stalin bunu yersiz təklif hesab edərək,
onların hər ikisini həbs etdirmişdi. Həmin vaxt mən
Dzerjinski adına Artilleriya Akademiyasını təzə
bitirmişdim. İş elə gətirmişdi ki, məni də
raket texnologiyaları ilə məşğul olan zavoda göndərmişdilər.
O vaxt bu raketlər ağır yanacaqla işləyirdi və bəzi
hallarda ondan istifadə edilməsinə şübhə ilə
yanaşırdılar. Ancaq məhz bu raketlər əsasında
əfsanəvi “Katyuşa”ların istehsalına başlanıldı.
“Katyuşa”lar cəmi 30 kilometr məsafəyə qədər
uça bilirdi. Əslində “Katyuşa”ların
hazırlanmasında Korolyovun böyük rolu olmuşdu. Amma
onunla institut rəhbərliyi arasında xoşagəlməz
münasibətlər mövcud idi və bu da onun Stalinə
yazdığı məktuba görə həbs edilməsində
mühüm rol oynadı. Amma tale elə gətirdi ki, Stalin
Korolyovu həbsdən çıxararaq, rəhbər vəzifəyə təyin
etməyə məcbur oldu”.
Qeyd
edək ki, 1943-cü ildə SSRİ kəşfiyyatı
Almaniyanın uçuş məsafəsi 300 kilometr olan yeni
raket hazırladığı barədə məlumat
almışdı. 1 ton trotil götürməyə qadir olan
bu raketlərlə - məşhur FAU-2 ilə Hitler mütəmadi
olaraq Londona raket zərbələri endirirdi. Sonralar bu raketlər
amerikalıların əlinə keçmişdi. Mütəxəssislərin
dediklərinə görə, bir FAU-nun mühərrikinin
gücü Dnepr Su- Elektrik Stansiyasını hərəkətə
gətirən turbinin gücünə bərabər idi.
SSRİ-də hazırlanan “Katyuşa”larla müqayisədə
FAU-2-lər maye yanacaqdan istifadə edirdilər. Stalin bunu
eşitdikdə SSRİ-nin raket istehsalında Almaniyadan geri
qaldığını anladı. Ona görə Korolyovun həbsdən
azad edilərək yenidən raket texnologiyası ilə məşğul
olmağa göndərilməsi qərarına gəldi. Kərim
Kərimovun Korolyovla ilk tanışlığı da o
dövrdən başladı. Bütün bunlara baxmayaraq,
SSRİ raket texnologiyaları sahəsində ABŞ və onun
müttəfiqlərindən geri qalmaqda davam edirdi. Korolyovun da
dediyi kimi, SSRİ subyektiv səbəblər üzündən
öz düşmənlərindən bu işdə xeyli geridə
qalmışdı.
Zaman.-2013.-24 aprel.-S.12.