Kərim Kərimov - SSRİ-ni kosmos dövləti edən dahi azərbaycanlı (2)

 

Almaniyada istehsal edilən FAU raketlərin bir hissəsinin amerikalıların əlinə keçməsi Stalini bərk təşvişə salmışdı. Üstəlik alman raket texnologiyalarının ixtiraçılarından hesab edilən FAU-ların yaradıcısı general Braun da özü ilə işləyən məşhur konstruktorlarla birgə amerikalılar tərəfindən oğurlanaraq ABŞ-a aparılmışdı.

 Ona görə də Stalin qısa müddətdə hərbi konstruktorlara yeni və güclü reaktiv raketlər hazırlamaq barədə göstəriş vermişdi. Ağır və dağıdıcı müharibədən çıxan ölkənin maliyyə baxımından çox pis durumda olmasına baxmayaraq, yeni raket texnologiyasının hazırlanması üçün Stalinin əmri ilə böyük həcmdə vəsait də ayrılmışdı. Amma SSRİ-dən olan mütəxəssislərin gecə-gündüz çalışmalarına baxmayaraq, FAU tipli raketlərin hazırlanması prosesi uzanırdı. Stalinin göstərişi ilə 1946-cı ildə Kərim Kərimovun da tərkibində olduğu bir qrup mütəxəssis raketqayırma təcrübəsini öyrənmək məqsədi ilə Almaniyanın Nordhauzen və Blyayherod şəhərlərinə göndərildi. SSRİ-dən olan mütəxəssislər burada almanlar tərəfindən müharibənin sonlarında məhv edilən FAU-2-lərin qalıqlarını öyrənməyə başladılar. Həmin dövrdə FAU-lar hazırlanan zavodda işləyən ikinci dərəcəli mütəxəssislərdən bəzilərini axtarıb tapmaq mümkün oldu. Onlar FAU-ların bəzilərinin yaxınlıqdakı göldə batırıldığını bildirdilər. Onların köməyi ilə raketlərin bəzi hissələri gölün dibindən çıxarıldı və onların əsasında FAU-nın yığılmasına başlanıldı. Həmin dövrdə sırf bir təsadüf nəticəsində general Braunun köməkçilərindən biri Qretrub amerikalıların əlinə keçməmişdi. Onun yeri SSRİ xüsusi xidmət orqanları tərəfindən müəyyən edildi. Az sonra o ələ keçirildi. Bununla əlaqədar Kərim Kərimov “Novaya qazeta”ya verdiyi müsahibəsində belə deyir: “Qretrub olduqca şıltaq adam idi. O, FAU-nun yığılmasına heç cür yardım etmək istəmirdi. Buna görə onu sərt cəzalandırmaq və ya öldürmək də olmurdu. Ona görə də uzun müddət Qretrubu FAU-nun yığılmasına yardım üçün dilə tutmalı olduq.

Çətinliklə bu işə razılıq verən Qretrub əvəzində bildirdi ki, o, hər gün təzə sağılmış inək südü içməyə öyrəşib. Ona görə də təcili sağılan inək tapmalı olduq. Yalnız bundan sonra onun köməyi ilə FAU-2-nin birini yığa və onu Kapustin Yar poliqonunda uğurla sınaqdan çıxara bildik.”

Alman mütəxəssislərin yardımı ilə sınaqdan çıxarılan ilk FAU yenə də Stalini razı salmadı. O, alman FAU-su əsasında yeni raket istehsalına başlanılması və onun “özününküləşdirilməsi” barədə göstəriş verdi.

 

İlk mükafat

 

Kərim Kərimov həmin dövrdə ballistik raketlərin radioölçmə sistemlərinin yaradılması üzrə yeni bir uğura imza atdı. Onun araşdırmaları nəticəsində raketlərin daxili parametrlərinə nəzarət edən “Don” radioölçmə sistemi yaradıldı. Bununla da almanların məşhur FAU-larının təkmilləşdirilməsi istiqamətində uğurlu bir addım atılmış oldu. Bu ixtirasına görə, Kərim Kərimov  Stalin və SSRİ Dövlət mükafatlarına layiq görüldü.

Artıq SSRİ istədiyinə nail olmuş və yeni raketlərin yaradılmasında ABŞ-la ayaqlaşa bilmişdi. Amma həmin dövrdə SSRİ ilə ABŞ arasında soyuq savaş başlamışdı və bu savaşda hərbi cəhətdən daha güclü olan ölkə qalib çıxacaqdı. Ona görə də SSRİ-də ilk atom bombasınıın uğurla sınaqdan çıxarılmasından sonra okeanın o tayında  gizlənən və özünü əlçatmaz hesab edən ABŞ-ı məhv etməyə qadir ballistik raketlərin hazırlanması üzərində yeni iş başladıldı. Əvvəlki kimi, yeni ballistik raketlərin hazırlanmasına Sergey Korolyov, Kərim Kərimov və digər tanınmış mütəxəssislər  cəlb edilmişdilər. Ballistik raketlərdən həm də kosmosa yeni daşıyıcı çıxartmaq üçün istifadə edilməli idi. Hər iki tapşırıq biri-birinə paralel olaraq aparılırdı. İş orasındadır ki, həmin dövrdə SSRİ kəşfiyyatı Braunun rəhbərliyi altında ABŞ-ın ballistik raketlər hazırladığı barədə məlumat əldə etmişdi. Ona görə də 1950-ci ildə SSRİ-də ballistik raketlərin hazırlanması ilə bağlı ilk addımlar atılmağa başladı. Həmin dövrdə Sergey Korolyov və Kərim Kərimov da daxil olmaqla, bütün mütəxəssislər gecə-gündüz iş yerində idilər. Onların çoxu aylarla evə getmirdi. Çünki Stalin yeni ballistik raketin qısa müddətdə hazırlanması barədə göstəriş vermişdi. Yeni ballistik raketin hazırlanması və sınaqdan çıxarılması məqsədi ilə yenə də Korolyovun rəhbərliyi altında xüsusi konstruktor bürosu yaradılmışdı. Kərim Kərimov da bu büronun rəhbər heyətinə daxil idi. 3 illik gərgin çalışmalardan sonra 1953-cü ildə ilk balllistik raketin layihəsi hazır oldu. 1957-ci ildə isə ikipilləli “R-7” ballistik raketi yaradıldı. Bu raket 8800 kilometr məsafəyə uçmalı və bu zaman 3 meqaton nüvə başlığı daşımalı idi. Yeni ballistik raketin ilk üç sınağı uğursuz oldu. Yalnız 4-cü cəhddə yeni raket sınaqdan uğurla keçdi.

 Bununla da SSRİ soyuq müharibə dövründə ABŞ-ı üstələdi. Bu ballistik raketin sınaqdan çıxarılması göstərdi ki, müharibə baş verəcəyi təqdirdə ABŞ özünü SSRİ-nin nüvə hücumundan müdafiə edə bilməyəcək. Bu işdə isə Korolyovla yanaşı, Kərim Kərimovun da böyük xidmətləri oldu. Bu böyük uğura görə, Korolyov və Kərim Kərimov da daxil olmaqla, layihə üzərində işləyən bütün işçi heyət SSRİ-nin ali mükafatlarına layiq görüldülər.

 

 Kosmos uğrunda savaş

 

Ötən əsrin ortalarında ABŞ-la SSRİ arasında soyuq müharibə yalnız quruda deyil, həm də kosmosda gedirdi. Hər iki dövlət yerətrafı orbitə öz peykini göndərməyə çalışırdı. Bu məqsədlə SSRİ Qazaxıstan ərazisində Baykonur kosmik hava limanını inşa etdi. Kosmosun fəthi ilə bağlı mühüm vəzifənin yerinə yetirilməsi yenə də Korolyova və Kərim Kərimova tapşırılmışdı.

Bu istiqamətdə də gərgin axtarışlardan sonra SSRİ-də ilk dəfə yerətrafı orbitə içində iki it olan raket buraxıldı. Raket cəmi 110 kilometr yüksəkliyə qalxdı və uğurla yerə endirildi. Sonrakı illərdə də yerətrafı orbitə kosmik gəmi göndərilməsi üzərində qızğın iş getdi. Amma ilk sınaqlar çox uğursuz alınırdı. Sergey Korolyov, həm də Kərim Kərimov yenə gecə-gündüz iş başında idilər və onlar sınaqların uğursuz başa çatmasının səbəblərini araşdırırdılar. Nəhayət, 1957-ci il oktyabrın 4-də SSRİ-də yerin ilk süni peyki olan “Sputnik-1”-i uğurla yerətrafı orbitə göndərmək mümkün oldu. Bu dünya elm və texnologiyasının inkişafında inqilab demək idi. SSRİ-də bu hadisəni bayram edirdilər. Bu uğurlu işin müəllifləri, o cümlədən Kərim Kərimov və Sergey Korolyov orden və medallarla təltif edildilər. SSRİ-nin kosmosda qazandığı uğurlar ABŞ-da böyük həyəcanla qarşılanmışdı. Çünki bu, SSRİ-nin kosmos dövlətinə çevrilməsi anlamına gəlirdi. Halbuki ABŞ-da bu işə SSRİ-dən əvvəl başlamış və daha çox maliyyə vəsaiti xərcləmişdilər. Ona görə də, Prezident Duat Eyzenhauer dərhal ölkədə yeni texnoloji biliklərin yayılması və bu sahədə uğurlar əldə edən mütəxəssislərin yüksək səviyyədə mükafatlandırılması barədə göstəriş verdi. Eyni zamanda ölkədə Texnoloji İnkişaf və Müdafiə Nazirliyinin yüksək səviyyəli texniki kadrlarla təmini barədə xüsusi qanun qəbul edildi. ABŞ nəhayət ki, 1958-ci il fevral ayının 1-də yerətrafı orbitə “Eksplorer-1” adlı süni peykini göndərə bildi. Amma SSRİ əldə edilən uğurlarla kifayətlənmək fikrində deyildi. Belə ki, yerətrafı kosmik orbitə ilk gəmi göndəriləndən cəmi 1 ay sonra, 1957-ci il noyabr ayının 3-də bu dəfə kosmosa içində Layka adlı it olan “Sputnik-2” kosmik gəmisi göndərildi. Gəminin geri qaytarılması planlaşdırılmamışdı. “Sputnik-2”yerətreafı orbitdə bir neçə dövrə vurduqdan sonra yandı.

 

 

Zaman.-2013.-25 aprel.-S.12.