NDU-da
“Zəncirlənmiş Prometey”in
premyerası keçirilib
Naxçıvan Dövlət Universitetində
(NDU) universitetin Tələbə
Teatr Studiyasının
səhnələşdirdiyi qədim yunan dramaturqu Esxilin “Zəncirlənmiş Prometey”
faciəsinin premyerası
olub.
Premyeradan öncə universitetin
rektoru, akademik İsa Həbibbəyli çıxış edərək
Azərbaycanın qədim
və zəngin teatr tarixindən, müasir ənənələrindən
danışıb. Bildirib
ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin “Azərbaycanda peşəkar
milli teatrın yaradılmasının 140 illiyinin
qeyd olunması”, “Azərbaycan Respublikasında
“Milli Teatr Günü”nün təsis
edilməsi” haqqında
1 mart 2013-cü il tarixli
sərəncamları milli
mədəniyyətin, teatr
sənətinin inkişafına
göstərilən diqqət
və qayğının
bariz ifadəsidir. Universitetin on beş
yaşlı Tələbə
Teatr Studiyasının
fəaliyyəti boyu qazandığı sənət
uğurlarından danışan
rektor, Azərbaycan məktəb teatrı tarixində ilk dəfə
səhnələşdirilən tamaşanın ideya-bədii
xüsusiyyətlərindən söz açıb.
Qeyd edək ki, qədim
yunan mifologiyası əsasında yazılmış
bu əsər Tələbə Teatr Studiyasının yaradıcısı,
mənəvi hamisi olan universitetin rektoru, akademik İsa Həbibbəylinin ideyası və elmi məsləhətçilyi
ilə səhnəyə
vəsiqə qazanıb.
Bu əsər Tələbə Teatr Studiyasının rəhbəri,
İncəsənət fakültəsinin Teatr və mədəniyyətşünaslıq
kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar
mədəniyyət işçisi Gülxarə Əhmədova
və kafedranın aktyorluq sənəti ixtisası üzrə
müəllimi Tofiq Seyidovun yozumunda müəyyən
ixtisarlarla müasir milli təfəkkürün
işığında uğurlu səhnə təcəssümünü
tapıb. Tamaşadakı dekorasiya, butaforiya işi, qədim
yunan mədəniyyətini əks etdirən eskiz və geyimlər,
işıq effektləri əsərin qayəsini tarixilik zəminində,
eyni zamanda müasirlik kontekstində, yeni düşüncənin
işığında tamaşaçıya
çatdırmağa uğurla xidmət edir. Musiqi tərtibatçıları
Tofiq Seyidov və Elnur Rzayevin seçdiyi, Prometeyə həsr
olunmuş qədim yunan musiqiləri uğurlu səhnə tərtibatını
tamamlayaraq səhnədə mifik aura yaradır. Səhnə-zal
arasında əlaqə də bunu qüvvətləndirən
rejissor uğurudur. Naxçıvan MR Bəstəkarlar Təşkilatının
sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar
incəsənət xadimi, kafedranın baş müəllimi
Şəmsəddin Qasımovun skripka və xor
üçün yazdığı musiqilər, səhnədə
ilk dəfə A kapella xordan istifadə teatrın tarixində
mühüm yenilikdir.
Tamaşanın
ən böyük uğuru antik ədəbiyyat nümunəsi
olan, gərgin və mürəkkəb psixoloji situasiyalarla zəngin,
düşüncə, təfəkkür, ideyalar mübarizəsi
olan mənzum bir dramda qeyri-professional aktyorların öz
obrazları üzərində professionalcasına işləmələridir.
Tamaşada baş rolu - Prometey obrazını İncəsənət
fakültəsinin Teatr və mədəniyyətşünaslıq
kafedrasının müəllimi Elnur Rzayev, Od Allahı dəmirçi
Hefesti Tofiq Seyidov, Okeanidlərin böyüyünü Azərbaycan
Respublikasının Əməkdar mədəniyyət
işçisi Gülxarə Əhmədova, Çay Allahı
İnaxın qızı İonu Aktyorluq ixtisası üzrə
II kurs tələbəsi Çinarə Feyzullayeva, Ulu Qüvvət
obrazını Pedaqoji fakültənin Bədən tərbiyəsi
və idman ixtisasının II kurs tələbəsi Xatın
Ağayeva, Hermest rolunu Tarix-filologiya fakültəsinin Azərbaycan
ədəbiyyatı ixtisası üzrə III kurs tələbəsi
Cavid Kazımbəyli uğurla ifa ediblər.
Tamaşadan
sonra keçirilən müzakirədə sənət məbədi
Naxçıvanda antik sənət incisinin səhnəyə
qoyulması Azərbaycan mədəniyyət tarixində,
Naxçıvan Dövlət Universitetinin incəsənət
tarixində mühüm hadisə, Azərbaycanda peşəkar
milli teatrın yaradılmasının 140 illiyinə qiymətli
töhfə kimi dəyərləndirildi.
MAZLUM ATIK
Zaman.-2013.-20 aprel.-S.6.