İki cəbhənin
veteranı
Balaxanım
Murtuz qızı Tağıyeva 1926-cı ildə Qazıməmməd
rayonunda (indiki Hacıqabul) dəmirçi ailəsində
anadan olub.
Orta
təhsilini həmin rayonun dəmir yolu məktəbində
aldıqdan sonra rayon məhkəməsində kargüzar kimi
işə başlayıb. Müharibənin ikinci ili atası xəstələnib
vəfat edib.
O illərdə
başqaları kimi, onun da qəlbində Hitlerə
qarşı nifrət yaranıb. Odur ki, o da ön cəbhəyə
getmək istəyib. Əvvəlcə, fikrini anası Xavər
xanıma bildirib. Lakin anası razı olmayıb. “Mənim səndən
başqa kimim var, axı?” - deyib. Nəhayət, günlərin
bir günü çətinliklə də olsa, anasını
razı sala bilib. Balaxanım anası ilə birgə Əli
Bayramlı Rayon (indiki Şirvan şəhəri) Hərbi
Komissarlığına gəlib, könüllü cəbhəyə
getmək üçün ərizə yazıb. Əvvəlcə, onu Bakıya kursa
göndəriblər. Burada 6 ay hərbi kurs keçdikdən
sonra onu Krasnodar vilayətinə yola salıblar. Orada onun
bacarığını və rus dilində sərbəst
danışdığını görüb, zenit-artilleriya
batalyonunda taqım komandiri vəzifəsinə təyin ediblər.
Beləcə, Balaxanım kiçik leytenant rütbəsində işə
başlayıb.
O
günləri kino lenti kimi göz önündən keçirən
əmək və müharibə veteranı, ehtiyatda olan zabit,
ağsaçlı ana söhbətini belə davam etdirdi:
“Krasnodardan sonra Lvov, Kerç, Krım, Simferopol, Odessa, Varşava və digər
yerlərdə düşmənə qarşı vuruşdum. 1945-ci il
mayın 9-da Hitler Almaniyası
təslim olanda sevincimizin həddi-hüdudu
yox idi. Varşavada eşitdim bu xoş xəbəri...
Onu da deyim ki,
döyüşdə qızlarımız
əsl qəhrəmanlıq
göstərirdilər. Onlardan bir neçəsi
qollarımın üstündə
can verdi...”
Müharibə qurtardıqdan 3 ay sonra -
1945-ci ilin 10 avqustunda
B. Tağıyeva doğulduğu
rayona qayıdıb. Qatardan düşəndə
onu anası qarşılayıb. Bu üç ildə anası xeyli qocalmış, saçları
ağarmışdı. Balaxanım yenidən Qazıməmməd
Rayon Məhkəməsində işə düzəlib.
Bir neçə il məhkəmə
katibi kimi fəaliyyət göstərib.
Sonra anası ilə Əli Bayramlıya köçüblər. Az sonra həmkarı, müharibə
veteranı, 2-ci qrup əlil Xanhəsən Həsənovla ailə həyatı qurub. Burada da işsiz qalmayıb.
Şəhərin Vətəndaşlıq Vəziyyəti Aktlarının
Qeydiyyatı şöbəsinin
müdiri vəzifəsində
işə başlayıb.
İllər ötdükcə o, daha da tanınmağa
başlayıb. Şəhər
İcraiyyə Komitəsində
Partiya Təşkilat katibi, Azərbaycan Ali Məhkəməsinin və
yerli Şəhər Məhkəməsinin xalq icraçısı seçilir,
7 il Şəhər
Məhkəməsinin sədrini
əvəz edib.
Quş qanadlı
illər artıq geridə qalıb. Zaman öz
sözünü çoxdan
deyib, hər şey dəyişib.
Yaşı 90-ı haqlamış Balaxanım Tağıyeva
30 ildən artıqdır
ki, təqaüddədir.
Müharibə illərində
aldığı 1 orden
və 3 medalı, Əmək Veteranı medalını, fəxri fərman və döş nişanlarını
keçmişin yadigarı
kimi bu gün
də əzizləyə-əzizləyə
özündə saxlayır.
2003-cü ildə həyat
yoldaşını, ondan
bir az
sonra isə oğlu Rəfaili itirib. Hazırda iki oğlu, 7 nəvəsi, 4 nəticəsi var.
Balaxanım
nənə söhbət əsnasında dəfələrlə
vurğuladı ki, torpaqlarımızın 20 faizinin erməni
faşistlərinin tapdağı altında olması ilə
heç cür barışa bilmir. İnanır ki,
xalqımızın birliyi, Ali Baş Komandan İlham Əliyevin
uzaqgörən siyasəti nəticəsində
torpaqlarımız düşməndən azad ediləcək.
“Və onda mən rahat öləcəyəm”, - dedi.
Bu
gün Tağıyevlər ailəsində ikinci bir
Balaxanım da yaşayır. Oğlu Elçinin qızı
Balaxanım...
Babək Əsgər,
Musaxan Heydərli
Zaman.-2013.-24 aprel.-S.6.