“Məni “Cücələrim”
“Ulduz”a gətirib”
O, həm
kino, həm də rəssamlıq aləmində öz
sözünü demiş sənət adamlarındadır. Lakin bir çoxu onun ixtisasca mühəndis
olduğunu bilmir. Bu günlərdə o,
bizimlə söhbətində həm aktrisa, həm də rəssam
kimi sevilməsində məhz onun mühəndisliyinin
mühüm rol oynadığını da söylədi.
Beləliklə, həmsöhbətimiz
çoxlarının “Ulduz” filmindən Yetər kimi
tanıdığı Əməkdar artist Suğra
Bağırzadədir.
- Suğra xanım, son illər filmlərdə
görünməməyinizin səbəbi nədir?
-
Bilirsiniz, film kollektiv sənətdir, burada həm rejissor, həm
ssenarist, həm də tərəf-müqabilin ürəyincə
olmalıdır. Bu mənada indiyədək
çəkildiyim bütün filmlərdə, əgər belə
demək mümkünsə, söylədiyim üçlük
bir-birini tamamlayıb. O ki, qaldı son zamanlar filmlərə
çəkilməməyimə... Nə gizlədim,
son zamanlar ürəyimcə məni qane edən rola dəvət
olunmamışam. Amma hiss edirəm ki, kinosevərlər
mənim üçün darıxıblar.
-Hansı rolda oynamaq istərdiniz?
- Mən
həm anayam, həm nənəyəm, həm də həyat
yoldaşıyam, hansı rolu versələr oynayaram. Həm mənfi, həm də müsbət obraz yarada
bilərəm. Amma rol mənə təsir
etməlidir.
- Sizə elə gəlmirmi ki, kinoya
çəkilməməklə unudula bilərsiniz? Unudulmaq təhlükəsindən qorxmursunuz ki?
- Yox, ona
görə ki mən həmişə verilişlərdə,
televiziya kanallarında, sərgilərdəyəm. Yəni, demək olar ki, həmişə camaatla təmasdayam,
ona görə də unudulmaq təhlükəsini hiss eləmirəm.
- Yeri gəlmişkən, bir kino
adamı kimi son illərdə çəkilən filmlər barədə
nə deyə bilərsiniz?
- Desəm
ki, son illər yüz faiz mənim ürəyimcə olan film
çəkilib, bu, doğru olmaz. Əvvəla onu
deyim ki, son illərdəki filmlərdə qadın obrazları
azdır. Tarixi mövzularda çəkilən
istər bədii filmlərdə, istərsə də
seriallarda elə bil ki, kasıbçılıq hiss olunur.
Halbuki belə filmlərdəki geyimlər,
istifadə olunan əşyalar da tarixilik nöqteyi-nəzərindən
diqqət mərkəzində olmalıdır. Mənə belə gəlir ki, bu və ya digər
film üçün kifayət qədər vəsait
ayrılmalıdır.
-
Suğra xanım, son illər bu sahəyə kifayət qədər
vəsait ayrılır. Hətta deyilənlərə
görə, elə bir dövlət yoxdur ki, bizim qədər
bu sahəyə pul ayırsın. Bu isə,
o deməkdir ki, görünür, pul hər şeyi həll eləmir.
Bəlkə, çatışmayan şeyi
başqa yerdə axtarmaq lazımdır, təkcə vəsaitdə
yox.
-
Razıyam. Bu məsələdə kadrlar da
önəmli rol oynayır. Yeri gəlmişkən,
bu yerdə Siyavuş Kəriminin dediyi bir kəlam yadıma
düşdü.
Müsahibələrinin birində: “Sizcə, ölkəmizdə
Səid Rüstəmov kimi bəstəkarlar niyə
yetişmir?” sualına o belə cavab verib: “Səid Rüstəmov
kimi bəstəkar yetişdirmək üçün Üzeyir
Hacıbəyov kimi müəllim lazımdır”.
-
Suğra xanım, bəs son illərin dublyajları barədə
nə deyə bilərsiniz? Etiraf edək ki, onlar
sovet dönəmindəki dublyajlardan çox aşağı
səviyyədədir.
- O
zamanlar bir filmin dublyajına çox aktyorlar dəvət
olunardılar. Onlar sınaqdan keçirilərdilər.
Yəni bu məsələyə ciddi fikir verilərdi.
Bu mənada, aktyorlar sanki yeni bir rola çəkilirlərmiş
kimi həmin rolları canlandırardılar. İndi isə
vəziyyət bambaşqadır: bir filmi bir aktyor səsləndirir.
Belə olan təqdirdə həmin filmin
hansı keyfiyyətindən danışmaq olar? Həm də o zamanlar filmlərin dublyajları, bir
qayda olaraq, kino rejissorlarımıza həvalə olunardı.
İndi isə...
“ Yalnız bir dəfə səhnəyə
çıxmışam ”
- Suğra xanım, sizi teatr səhnələrində
görməmişəm.
Ümumiyyətlə, siz nə vaxtsa hansısa teatrda,
hansısa tamaşada rol ifa etmisinizmi?
-
Yalnız bir dəfə... O da Mədəniyyət Fondunun
“Sönməyən ulduzlar” İctimai Teatrında. Bu teatrda istedadlı sənətkar Hafiz Fətullayevin
quruluş verdiyi Şıxəli Qurbanovun “Sənsiz”ində
Maral obrazını ifa etmişəm. Yeri gəlmişkən,
bu tamaşa Akademik Milli Dram Teatrında da nümayiş olunub.
- Teatrda
çalışmağı özünüz istəməmisiniz,
yoxsa hansısa bir səbəb olub?
-
Bilirsiniz, dəvət də olunmamışam, mən də
bunun fərqinə varmamışam.
- Buna görə təəssüflənirsiniz?
- Əlbəttə. Onu da deyim ki, indiyədək on bir
filmə çəkilmişəm. Mənə elə gəlir ki,
rejissorlar hələ
aktyorluq potensialımdan kifayət qədər bəhrələnməyiblər.
- Suğra xanım, nə əcəb
rejissorluq həvəsinə düşməmisiniz?
- Mənim
aləmimdə rejissorluq çox ağır bir sənətdir.
Bəlkə, elə bu səbəbdən indi də
buna cəsarət etmirəm. Sizə bir
sirr də açım. Mən orta məktəbi
bitirəndə aktirsa olmaq fikrində idim. Lakin
atam icazə vermədi. Onda dedim ki, rejissorluğu
seçim. Bu sənətə də yiyələnməyimə
izn vermədi. Dedi ki, nəslimizdəkilərin
hamısı mühəndisdir, sən də mühəndis
olmalısan. Mən da onun sözündən
çıxmadım.
“Daha yetər!” demisinizmi?
- Sizin
“Ulduz” filmində ifa etdiyiniz Yetər obrazı hamının
ürəyincədir. Yəni digər filmlərdə
də maraqlı rollar ifa etməyinizə baxmayaraq, sizi
çoxu elə Yetər kimi tanıyır. Sizə Yetər kimi müraciət edənlər
varmı?
- Təbii.
Hətta mən bundan qürur duyuram.
- Suğra xanım, yəqin ki,
jurnalistlər həmişə sizdən müsahibə alanda
Yetərlə bağlı suallar da verirlər. Heç Yetərlə
bağlı suallara: “Daha yetər!” demisinizmi?
-
Heç vaxt. Unutmayın ki, Yetərin mənim sənət
aləmində öz yeri var. Bu mənada ona həmişə
hörmət etmək mənim borcumdur.
- Elə isə, Suğra xanım, Yetəri
sizin prototipiniz kimi düşünmək olarmı?
- Əsla yox. Axı o rolu oynayanda hələ məktəbli
idim - doqquzuncu sinifdə oxuyurdum. Mən isə
o filmdə, sadəcə, tələb olunan obrazı
yaratmışam.
- Ümumiyyətlə, yaxınlarınızdan
Yetər adını daşıyan varmı?
- Yox...
- Rejissor
Ağarza Quliyevin Süleyman Ələsgərovun əsəri əsasında
çəkdiyi “Ulduz”un çəkilişlərindən
təxminən əlli il keçir. Həmin tamaşada siz
müqtədir aktyorlarla Bəşir Səfəroğlu, Nəsibə
Zeynalova, Lütfəli Abdullayev,
Səyavuş Aslan, Hacıbaba Bağırov, Fazil Salayev kimi
görkəmli aktyorlarla birgə çəkilmisiniz. İndi onların bir çoxu həyatda yoxdur. Hər dəfə onlardan biri dünyalarını dəyişəndə
nələr düşünürsünüz?
- Həqiqətən
də, həmin filmdə çox görkəmli aktyorlarımız
çəkiliblər. Onlarla bağlı xatirələrim
çoxdur. İnandırım sizi, onlardan
biri dünyasını dəyişəndə yaman kövrəlirəm.
Sonra da özümə belə təsəlli verirəm:
onların hər biri ulduzdur, ulduzlar isə sönmür.
-
Suğra xanım, sizin gələcək taleyinizin incəsənətə
bağlanması musiqidən - 1959-cu ildən, yəni 12
yaşınızda başlayıb. Sovet dövlətinin
paytaxtı Moskva şəhərində Böyük Teatrda Azərbaycan
mədəniyyəti ongünlüyü çərçivəsində
“Cücələrim” Uşaq Mahnı və Rəqs Ansamblı
iştirak edirdi və bu tədbirdə siz “Cücələrim”in
solo ifaçısı idiniz. Həmin tədbirdə
“Cücələrim” alqış sədaları altında
neçə dəfə səhnəyə
çağırıldı, sizin ifanız isə Niyazinin
dirijorluğu ilə “Ən yaxşı uşaq səsləri”
valına daxil edildi. Bu mənada, sizin vizit
kartınız Yetərdir, yoxsa “Cücələrim”
mahnısı?
- Həm
“Cücələrim”, həm də Yetər. Qeyd
edim ki, məni “Cücələrim” “Ulduz” filminə gətirib.
Ondan əvvəl bir filmdə -Zeynəb Kazımovanın
“Yollar və küçələrlə” filmində baş
rollardan birinə çəkilmişdim... Buna rəğmən,
Yetər mənim üçün daha önəmlidir.
Anam
gülləri sevərdi
- Bəs rəssamlığa nə
vaxtdan başladınız?
-
1990-cı ildən. Anam Məleykə xanım
gülləri hədsiz sevirdi. Onun bu sevgisi
mənə də sirayət etdi. Sonradan isə
güllərə olan marağım düşüncələrimi,
dünyaya baxışımı ifadə etmək
üçün bir vasitəyə çevrildi. Beləcə,
ömrü az olan güllərin
ömrünü uzatmağa, onları əbədiləşdirməyə
başladım. Güllərdən ibarət
mürəkkəb kompozisiyaların yaradılmasında isə
mühəndis və kimyaçı olmağımın
çox köməyi oldu. Yeri gəlmişkən
onu da deyim ki, indiyədək bu sahə üzrə keçirilən
müxtəlif beynəlxalq sərgilərdə iştirak
etmişəm, müəyyən nailiyyətlərə imza
atmışam. Məlumat üçün bildirim ki, mən
Kinematoqrafçılar İttifaqının, Azərbaycan Rəssamlar
İttifaqının, Baltikyanı ölkələr və
MDB-nin Kinematoqrafçılar Konfederasiyasından başqa,
2003-cü ildən nüfuzlu beynəlxalq təşkilat olan
Ümumdünya Floristika Şurasının üzvüyəm.
Özü də bu şurada həm Azərbaycanın,
həm də türkdilli ölkələrin yeganə nümayəndəsiyəm.
- Suğra xanım, Bakıda
Miniatür Mərkəzi var. Nə vaxtsa əsərlərinizdən
ibarət bir mərkəz təşkil etmək fikriniz
varmı?
-
Bilirsiniz, bunun üçün, ilk növbədə, maddi vəsait
lazımdır. İkinci bir tərəfdən də
belə bir mərkəz üçün yer
ayrılmalıdır. Maddi çətinliklərə
baxmayaraq, bu məsələ ilə bağlı müraciət
etmişəm. Deyiblər ki, hələlik,
buna imkanımız yoxdur.
- Ümumiyyətlə, bu sənəti
öyrənmək istəyənlər varmı?
- Var,
lakin onlarla məşğul olmağa yerim yoxdur. Bütün çətinliklərə rəğmən,
bu sənətin sirlərini bir nəfərə - Minaxanım
Əliyevaya öyrətməyə çalışıram.
Bilirsinizmi, həcmindən asılı olmayaraq, bir əsəri
ərsəyə gətirmək üçün 2 il vaxt tələb olunur. Ona
görə də, eyni zamanda 4-5 əsər üzərində
işləyirəm.
Yüz
faizin əllisi
- Siz həm rəssam, həm də
aktyor kimi fəaliyyət göstərirsiniz. Amma
çoxları bilmir ki, siz həm də
kimyaçısınız. Bu 3 sənəti həyat
salnamənizdə faizlə necə göstərərdiniz?
-
Heç bir tərəddüd etmədən mühəndisliyimə
əlli faizi ayırardım.
- Niyə?
- Əvvəla, mənim mühəndislik diplomum var. Neft-Kimya
İnstitutunu bitirmişəm. Daha sonra C. Cabbarlı adına
“Azərbaycanfilm” Kinostudiyasının aşkarlama sexində
uzun müddət, daha doğrusu, 1975-ci ildən 2003-cü ilədək
çalışmışam. Bu illərdə
neçə-neçə filmin aşkarlanmasında bir mühəndis
kimi çalışmışam. Qalan əlli
faizi isə aktyorluq və rəssamlığıma verərdim.
Yeri gəlmişkən, hələ orta məktəbi
bitirəndə mənim aktyorluq stavkam var idi. Yəni iki filmə çəkilmişdim. Mən hələ orta məktəbdə oxuyarkən
neçə-neçə filmdə səsləndirdiyim
rolları demirəm. Yeri gəlmişkən,
mən ikinci sinifdən dublyaj işində olmuşam.
- Sizə bir sualla da müraciət
etmək istəyirəm. Səhv etmirəmsə,
yaşınız 66-nı ötüb. Amma
üzünüzdə həmin yaşın əlamətlərindən
əsər-əlamət yoxdur. Bəs bunun
səbəbi nədir?
- Sirri? Sözü düzü, heç qocalmağa vaxt yoxdur. O qədər başım qarışıqdır ki, heç qocalmağa da vaxt tapmıram. Elə ki, vaxtım boş oldu, o zaman qocalacağam.
Zaman.-2013.-3 avqust.-S.7.