Zülmə və zalıma boyun əyməyən böyük ədib (3)

 

ƏZIZ MUSTAFA ,

 

Götenin “Faust”u ilə müqayisədə “İblis”də məsələyə dar çərçivədən deyil, ümumbəşəri mövqedən yanaşma daha güclüdür.

 Bu da Cavidin özünəməxsus romantizimindən, onun bəşəri sevgisindən, problemə yalnız yaşadığı ölkə, mənsub olduğu dini çərçivədən deyil, günümüz üçün də aktual olan qlobal dəyərlər prizmasından yanaşmasından irəli gəlir. Bu baxımdan Cavid Götedən daha yüksək zirvədə dayanır. “İblis” i yazarkən Cavidin bir məqsədi olmuşdur: Bu da insanın səadətinin öz əlində olması və bu səadətin mənasını anlaya bilməyəndə fəlakətə sürüklənməsi ilə bağlıdır. Bu baxımdan iblis əsərdə rəmzi məna daşıyaraq daha çox qəhrəmanın daxili aləminin açılmasına xidmət edib. Dramaturq demək istəyir ki, insan həm öz səadətinin, həm də fəlakətinin səbəbkarıdır. Ona görə də insan öz fəlakətinin səbəblərini iblisdə deyil, özündə axtarmalıdır.

”Şeyx Sənan” faciəsinə müxtəlif dövrlərdə fərqli yanaşıblar və bu gün də həmin yanaşma davam edir. Bunun müəyyən səbəbləri var. Bu da hər şeydən öncə  Şeyx Sənanın dinini dəyişməsi ilə bağlıdır. Ümumiyyətlə, İslam aləmində din dəyişməyə ən böyük faciələrdən biri kimi baxılıb. Çünki İslam dini Uca Allah tərəfindən göndərilən sonuncu və ən mükəmməl din, Qurani-Kərim isə bir Allah möcüzəsidir. Bəşəriyyət onu gözləyən fəlakətlərdən yalnız bu dinə möhkəm sarılmaqla xilas ola bilər. Digər tərəfdən də İslam dini Uca Allah tərəfindən göndərilimiş bütün dinlərə hörmət və məhəbbətlə yanaşaraq kitab əhlinə, yəni göydən dini kitablar endirilmiş, peyğəmbər göndərilmiş qövmlərə səmimi münasibət bəsləyir. İslam dinində irqindən və dinindən asılı olmayaraq bütün insanlar Adəm və Həvvanın övladlarıdır. Bu mənada İslam dini bəşəri məhəbbət və sevgi, qardaşlıq, dinc yanaşı yaşamaq dinidir. Bütün bunları Cavid yaxşı bilirdi və o, mükəmməl dini təhsil almış, uşaqlıqdan olduqca dini bir mühitdə böyümüşdü. Məntiqi baxımdan dinimizi dərindən bilən böyük bir insan (Cavid) Şeyx Sənanla- dinini dəyişən bir adamla bağlı məsələyə toxunmamalı, ondan yazmamalı idi. Çünki bu, həmin dövrdə yaxşı qarşılanmaya bilərdi. Amma Cavid bütün bunları bilə-bilə “Şeyx Sənan” faciəsini yazdı. Niyə? Bu suala cavabı əslində Cavidin ilahi eşqə böyük qiymət verməsində, sevgini bütün yaradılmışların ən böyük neməti hesab etməsində axtarmaq lazımdır. Şeyx Sənanın sevgisi də ilahi sevgidir, amma bu sevgidə o büdrəyir, dinini dəyişməklə uca mərtəbədən enərək alçalır, özünü, Cavidin ifadəsi ilə desək, göylərdən yerə endirir, donuz otarmağa məcbur olmaqla məhvə gedən yolunun əsasını qoyur. Ona görə də Şeyx Sənanın dinini dəyişməsi əslində digərlərinə də bir ibrət dərsidir və Cavid böyük bir mütəfəkkir kimi oxucusunu bu yolla tərbiyələndirməyə çalışır. Cavidin “Şeyx Sənan”ı yazmasının da səbəbi budur:İslamdan dönmək insanın faciəsi, onun göylərdən yerə enməsi, bunun sonu isə fəlakət deməkdir. Cavidin ustalığı həm də onun bu faciəyə fəlsəfi baxımdan yanaşması, faciənin mahiyyətini mahir bir filosof kimi oxucuya təqdim edə bilməsi, insanların çoxunun ilahi sevgini tam varlıqları ilə dərk edə bilmədiklərini önə çıxarmasıdır. Cavidə görə, əgər bəşər övladı ilahi sevgini dərindən dərk edə bilsəydi, onda insanlar arasında ayrı-seçlilik olmazdı və onlar fəlakətlərə sürüklənməzdilər. O dövrdə Azərbaycanda və bütün İslam dünyasında dinin böyük nüfuza sahib olduğunu nəzərə alanda Cavidin bu əsəri yazması qəhrəmanlıq kimi qiymətləndirilə bilər. Ancaq bu əsərə görə Cavid din xadimləri tərəfindən tənqid edilmədi. Çünki ö dövrdə dinimizin baş bilənləri olan ilahiyyatçılar Cavidin “Şeyx Sənan”ı yazmaqla digərlərinə ibrət dərsi verdiyini dərhal anlamışdılar. Təəssüflər olsun ki, SSRİ dönəmində “Şeyx Sənan” dinə qarşı mübarizə əsəri kimi qəbul edildi və onun müəllifinin simasında isə ateizm əlamətləri axtarıldı. Xüsusilə ötən əsrin 50-ci illərinin sonlarından başlayaraq bəzi üzdəniraq sosializm məddahları Şeyx Sənanın simasında Cavidin dinə qarşı çıxdığını, onun ateist olduğundan gen-bol yazdılar. Əslində isə belə deyildi. Cavid bu əsərində dinə qarşı çıxmamışdı, əksinə dinini dəyişməyin faciələrə səbəb olduğunu önə çıxararaq oxucusunun bundan ibrət dərsi götürməsinə çalışmışdı. Təəssüflər olsun ki, günümüzdə belə “Şeyx  Sənan”a sosializm prizmasından yanaşaraq Cavidin guya dinə qarşı çıxığını, faciədə dinimizlə heç bir əlaqəsi olmayan dini ehkamları tənqidi etməsini onun ateistliyi kimi qələmə verməyə cəhd edirlər. Bunun isə heç bir əsası yoxdur. Çünki Cavidin bu faciədən xeyli sonralar qələmə aldığı məşhur “Peyğəmbər” əsəri dramaturqun dinimizi nə qədər ürəkdən sevdiyini və ona olan dərin məhəbbətini bir daha ortaya çıxardı. “Peyğəmbər” kimi dünya şöhrətli bir əsər yazan Cavid isə dinə qarşı çıxa bilməzdi və onu dinsiz kimi qələmə vermək istəyənlərin dediklərinin istər sovet dövründə,  istərsə də indi heç bir elmi və məntiqi əsası yoxdur.

İblis və rəzalət

Cavid “Şeyx Sənan” faciəsindən sonra ona şöhrət gətirən daha bir əsərini, “İblis”i yazdı. İblis Birinci Dünya Müharibəsi illərində yazılmışdı və bu əsərdə müəllifin əsas qayələrindən biri də insanlara faciələr gətirən, onları müharibələrə sürükləyən, qardaş, arvad qatili olmağa məcbur edən iblisin simasında bəşəriyyətə ibrət dərsi vermək idi. İblislə bağlı Avropada və dünyanın müxtəlif ölkələrində çox əsərlər yazılıb. Onların hər biri özünəməxsusluğu ilə seçilib. Amma Cavidin bu əsərləri yazan müəlliflərdən ən böyük üstünlüyü onun iblislə bağlı məsələyə fəlsəfi, ümumbəşəri mövqedən yanaşmasıdır. Bu baxımdan Götenin “Faust”u ilə müqayisədə “İblis”də məsələyə dar çərçivədən deyil, ümumbəşəri mövqedən yanaşma daha güclüdür. Bu da Cavidin özünəməxsus romantizimindən, onun bəşəri sevgisindən, problemə yalnız yaşadığı ölkə, mənsub olduğu dini çərçivədən deyil, günümüz üçün də aktual olan qlobal dəyərlər prizmasından yanaşmasından irəli gəlir. Bu baxımdan Cavid Götedən daha yüksək zirvədə dayanır. “İblis” i yazarkən Cavidin bir məqsədi olmuşdur: Bu da insanın səadətinin öz əlində olması və bu səadətin mənasını anlaya bilməyəndə fəlakətə sürüklənməsi ilə bağlıdır. Bu baxımdan iblis əsərdə rəmzi məna daşıyaraq daha çox qəhrəmanın daxili aləminin açılmasına xidmət edib. Dramaturq demək istəyir ki, insan həm öz səadətinin, həm də fəlakətinin səbəbkarıdır. Ona görə də insan öz fəlakətinin səbəblərini iblisdə deyil, özündə axtarmalıdır. Qeyd etdiyimiz kimi “İblis” Cavid tərəfindən müharibə əleyhinə yazılıb və bu müstəvidə də insana olduqca güclü psixoloji təsir bağışlayır. Bu əsərdə Cavidin böyük bir psixoloq olduğu, hadisələrin təsvirinə əsl bir psixoloq kimi yanaşması da üzə çıxır. Yazdığı əsərində həm filosof, həm psixoloq, həm də insanların faciələrinə bəşəri baxımdan yanaşa bilmək isə dünya ədəbiyyatında Cavid kimi tək-tük yazarlara məxsusdur. Cavidi bu baxımdan yalnız istedadlı dramaturq deyil, həm də mahir bir filosof, psixoloq və dahi  hesab etmək olar. “İblis”də Cavidin böyüklüyü müharibəni orduların simasında deyil, insanların müharibə əhval-ruhiyyəsində verməsi onu yüksək sənətkarlıqla təsvir etməsindədir.

 

 “İblis” faciəsinin başlanğıcını dramaturq özünəməxsus şəkildə böyük ustalıqla verib. Belə ki, top-tüfəng səsləri altında iblisin qəhqəhələri eşidilər və bundan sonra əsərin qəhrəmanı Arif görünür. Arif ilk vaxtlar sadə, təmiz bir insandır. O, həyatını həqiqəti axtarmağa sərf edir, ancaq onu tapa bilmir və sonda ümidsizliyə qapılır. İblis də bundan istifadə edərək onun zəif damarını tutaraq yoldan çıxarmağa çalışır. İblis bu məqsədlə də əlindəki qızıl (altun) və qurğuşunlarla fəaliyyətə başlayır. Arif də bu altun və qurğuşunların əsirinə və qurbanına çevrilir.

 

 İblisin təsiri altına düşən və onunla görüşənə kimi olduqca humanist və ürəyi yumşaq olan, qan axıtmağı ən böyük günah hesab edən Arif dəyişir, heç nəyin üstündə həyat yoldaşı Xavəri boğur, qardaşını öldürür. Amma bununla kifayətlənməyərək 5 qızıla sahib olmaq üçün yəhudini də o biri dünyaya göndərir. Cavid öz qəhrəmanının dəyişərək belə bir vəziyyətə düşməsini onun iblisə uyaraq insanlığını unutması ilə izah edir. Onun hər dəfə işlədiyi cinayətdən sonra isə iblis qəhqəhə çəkərək gülür və bundan həzz alır. Arifin cinayətlərindən və şərindən xilas olmaq üçün insanların bircə yolu qalır: Onu öz aralarından qovmaq. Elə də edirlər, Arifi insanlar öz aralarından qovurlar və o tək-tənha qalır. Əslində Arif etdiyi cinayətlərə görə daha ağır cəzalara layiq idi. Onu həbs etmək, həbsxanaya göndərmək olardı. Ancaq bu, Arif üçün yüngül cəza olacaqdı. Ona görə də Arifə zahirən yüngül, amma mahiyyətcə məhv olmaq anlamına gələn insanların arasına qatılmaqdan məhrum edilmək kimi daha ağır cəza verirlər. Bu cəza Arif üçün ölüm deməkdir və aydın məsələdir ki, o, cəmiyyətdən ayrı yaşaya bilməyəcəkdi.

 Bu baxımdan Cavidin “İblis” əsəri yolunu azan insanların faciəsini əks etdirir və dramaturq böyük ustalıqla insanları Arifin başına gələnlərdən ibrət dərsi götürməyə çağırır. Ümumiyyətlə, Cavidin istər “İblis”, istərsə də də sonralar yazdığı digər əsərlərindəki qəhrəmanları daha çox həqiqət axtarır və sonda onu tapa bilməyərək faciələrlə üzləşirlər. Bu baxımdan “İblis” əsərindəki Arifin faciəsi və onun başına gələnlərə iblisin gülməsi əslində insan oğlunun haqq axtarışına gülməsi idi. Çünki iblis bilirdi ki, haqq axtarışı üçün insan oğlu ilahi kamillik zirvəsinə ucalmalıdır. Bu zirvəyə ucalmadan haqq axtarmaq insan oğlunu faciələrə aparıb çıxarır.

 

Zaman.-2013.-21avqust.-S.12.