“Turizm xidmət səviyyəsinin
artırılmasını tələb edir”
QVAMI MƏHƏBBƏTOĞLU,
Azərbaycan
Turizm İnstitutunun (ATİ) rektoru, tarix elmləri doktoru Cəfər
Cəfərov ölkədə turizmin vəziyyəti, ali təhsil
ocağında təhsilin səviyyəsi, tələbələrin
bu sahəyə marağı, tədris olunan ixtisaslar, kadr
hazırlığı və digər məsələlərlə
bağlı qəzetimizə müsahibə verib.
- Cəfər müəllim, rəhbərlik
etdiyiniz ali təhsil ocağı - Azərbaycan
Turizm İnstitutu artıq yeddinci ilini başa vurdu. Ötən
7 ili necə dəyərləndirərdiniz?
-
Bildiyiniz kimi, Azərbaycan turizm sənayesinin inkişaf etdirilməsi,
turizm, səyahət və istirahət sahəsində
ixtisaslı kadrlara olan ehtiyacı ödəmək məqsədi
ilə mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsi
üçün 7 il bundan öncə - 2006-cı ildə Azərbaycan
Turizm İnstitutu təşkil olundu. Həmin
ilin iyulun 5-də ölkə başçısı bu instituta
rektor təyin olunmağımla bağlı sərəncam
imzaladı. Bununla da mənim, həmçinin
yeni təşkil olunmuş məktəbin qarşısına
mühüm vəzifələr qoyuldu. Qarşıya
qoyulmuş vəzifələri qısa zaman kəsiyində həll
etmək o qədər də asan deyildi. Çətinliklərə
rəğmən, bu kimi işlərin öhdəsindən gələ
bildik. Sözün həqiqi mənasında,
institut qura bildik. Elə həmin il məktəbimizin
ilk tələbələrini (200 nəfər) qəbul etdik. Üstəlik, ötən müddətdə bir
sıra ilklərə də imza atdıq. Belə
ki, ölkəmizdə ilk dəfə olaraq institutumuzun məzunları
bakalavr pilləsində ikili diplom - həm Azərbaycan Turizm
İnstitutunun, həm də Avstriyanın Krems Tətbiqi Elmlər
Universitetinin diplomlarını aldılar. Sonradan
bu magistratura səviyyəsində də öz həllini
tapdı. Eyni zamanda üçüncü
ildir ki, ATİ-də doktorantların hazırlığı həyata
keçirilir. İlklərdən söz
düşmüşkən, ölkəmizdəki dövlət
ali məktəbləri arasında ilk dəfə
olaraq ATİ-də 2008-2016-cı illəri əhatə edən
strateji plan qəbul olundu. ATİ Avropa Kredit Transfer Sistemini
(AKTS) ölkəmizdə bütünlüklə tətbiq edən
ilk dövlət ali təhsil müəssisəsi
kimi təhsil tariximizə düşdü. ATİ-nin
Dünya Turizm Təşkilatına “qoşulmuş üzv” kimi
təsdiq olunması isə bizləri daha səmərəli fəaliyyət
göstərməyə səfərbər etdi. Bir
sözlə, bu 7 ildə institutumuz uzun müddət fəaliyyət
göstərən ali məktəblərin
sırasında özünəməxsus yer tuta bildi.
- Bu
göstəricilər həm də sizin rəhbərlik
etdiyiniz ali məktəbin geniş xarici əlaqələrindən
xəbər verir.
-
Heç bir təhsil ocağı özünə qapanıb
qalmamalıdır. O, dünyanın aparıcı təhsil
ocaqları ilə əməkdaşlıq etməlidir. Odur ki,
institutumuz yarandığı gündən indiyədək bu
istiqamətdə mühüm addımlar atıb: 30 xarici ali məktəb, 34 beynəlxalq təşkilat
və şəbəkə ilə əlaqələr qurub.
- Bəs ATİ-nin tələbələri
hansı ölkələrdə təcrübə keçirlər?
- Ölkəmizdə
ilk dəfə ATİ tələbələri
üçün nəzərdə tutulan 22 həftəlik
istehsalat təcrübəsi semestrinin (altıncı semestr
praktikaya həsr olunur) tətbiqi sayəsində tələbələr
təkcə ölkəmizdə deyil, Türkiyə, Şimali
Kipr və İsrailin turizm müəssisələrində təcrübə
keçirlər. Hazırda ATİ-nin 150-dən çox tələbəsi
respublikamızda və 11 nəfər Türkiyədə, 20 nəfər
İsraildə, 11 nəfər Şimali Kipr Türk
Cümhuriyyətində praktikadadır. Onu da
deyim ki, işə təminatın əsas yolu praktikadan
keçir. Praktikada özünü
yaxşı göstərən şəxs həmin müəssisədə
öz karyerasını da qura bilir. Yeri gəlmişkən,
bəzi turizm şirkətləri də bizim tələbələri
öz müəssisələrinə cəlb etməyə
çalışırlar. Məktəbimizin
nəzdində fəaliyyət göstərən Məzunlar
Assosiasiyası bu cür əlaqələrin qurulmasında
faydalı işlər görür. Buna rəğmən,
biz sənaye işçilərindən ibarət İdarə
Heyəti də təşkil etməyi
düşünürük.
“Elə
bu səbəbdən...”
- Amma nədənsə
ATİ-də xarici ölkələrin nümayəndələri
görünmür, yəni təhsil almırlar...
- Bəri
başdan deyim ki, tədrislə bağlı heç bir problemimiz
yoxdur. Hətta 2006-cı ildə 200 tələbə, bir
fakültə, 2 kafedra, 3 ixtisasla tədris prosesinə
başlayan ATİ hazırda 2 fakültə, 8 kafedra, 11 ixtisas,
1200-dən artıq tələbə ilə kadr
hazırlığını həyata keçirir. Bu il ATİ-yə bakalavr üzrə 375, magistraturaya
85 nəfərin qəbulu nəzərdə tutulub. O ki,
qaldı konkret sualınıza... Bu, hər şeydən əvvəl,
hələ ki,
universitetimizdəki şəraitin istənilən səviyyədə
olmamasından irəli gəlir. Yeri gəlmişkən, bu
yaxınlarda 29 ölkənin 200 universitetini öz ətrafında
cəmləşdirmiş İpək Yolu Universitetləri
Assosiasiyasının Malayziyada keçirilən bir tədbirində
oldum. (Mən bu Assosiasiyanın 9 nəfərdən
ibarət İdarə Heyətinin üzvüyəm). Məlumat üçün bildirim ki, tədbirin
keçirildiyi universitetin ərazisi 1500 hektar idi. Təhsil ocağı elə bir o qədər də
meşə sahəsinə malik idi. Bir
sözlə, burada kampus, yəni müvafiq maddi-texniki bazaya və
infrastruktura malik təhsil şəhərciyi vardı. Bizim isə belə imkanlarımız yoxdur. Yeri gəlmişkən, ümumiyyətlə, bizdə
belə geniş imkanlara malik tədris ocaqları, demək olar
ki, yoxdur. (Doğrudur, Bakı Dövlət
Universitetinin, “Qafqaz”ın, eləcə də Naxçıvan
Dövlət Universitetinin müəyyən imkanları var,
amma əraziləri o qədər də böyük deyil).
Elə bu səbəbdən də
özümüzü xarici ölkələrdən tələbə
qəbuluna hazır hesab etmirik. Bu problem
çözüləndən sonra xaricdən də tələbə
qəbulunu düşünürük.
- Yəqin ki, bununla bağlı
müvafiq qurumlara müraciətləriniz olub?
- Təbii.
Zənnimcə, bu məsələnin həlli
olduqca vacibdir. Çünki biz ATİ-ni
regional mərkəz formasında görürük. Düşünürəm ki, ATİ bunun
üçün yetişib.
- Cəfər müəllim, bəs
ATİ bu tədris ilində hansı yeniliklərə imza
atacaq?
- Bizim əsas
işimiz turizmlə bağlı təhsilin keyfiyyətini
artırmaqdır. Odur ki, turizm bilicilərini bu
sahəyə cəlb etməkdə davam edəcəyik. Artıq institutumuzu bitirənləri də bu sahəyə
cəlb etməkdəyik. Yeri gəlmişkən,
indiyədək ATİ-dən 725 nəfər məzun olub.
Onlardan 12 nəfəri magistraturanı,
qalanları isə bakalavr proqramını uğurla başa
vuranlardır. 72 məzunumuz Avstriyanın İMC Krems Tətbiqi
Elmlər Universitetinin birgə icra etdiyimiz proqram üzrə bu
ali məktəbin də diplomunu alıb. Biz öz məzunlarımıza böyük ümidlər
bəsləyirik. Bildiyiniz kimi, mən turizm
sahəsi üzrə mütəxəssis deyiləm,
tarixçiyəm. Arzum bu təhsil
ocağını sırf turizmçilərin ixtiyarına verməkdir.
Bir də güman edirəm ki, bu tədris ili
bizim təhsil ocağında struktur
ilə bağlı reformaların sona
çatdığı il olacaq. Yaxın gələcəkdə
bu təhsil ocağının Xidmət Akademiyası, yaxud
menecment mərkəzi kimi fəaliyyət göstərəcəyinə
də əminəm. Proqram idarəçiliyi
formasına keçid də hədəfdədir.
“Turızmdə
peşə təhsılı önəmlıdır”
- Bir
neçə ay öncə “Nabran Holiday Village” turizm mərkəzində
faciə baş verdi. Bununla bağlı sizin
fikirlərinizi də bilmək maraqlı olardı.
- Bəri
başdan deyim ki, istirahət mərkəzlərinin normal fəaliyyəti
üçün təkcə otelin, yaxud həmin ərazidə
yaxşı iqlimin olması yetərli deyil. Orada
çalışacaq, keyfiyyətli kadrların olması daha
vacibdir. Belə olmasa, arzuolunmaz qəzalar
da qaçılmaz olacaq. Hesab edirəm ki, konkret Nabranda
baş vermiş hadisə də elə bacarıqlı
kadrların olmaması ucbatından baş verdi.
Onu da deyim ki, turizm mərkəzlərində
çalışanlar peşə məktəbinin süzgəcindən
keçməlidirlər. Müəssisə
rəhbərləri də bu işin marağında
olmalıdırlar. Yəni onlar kadr
hazırlığına investisiya qoymalıdırlar.
İşçiyə təkcə xalat geyindirməklə
iş bitmir ki... Yəni turizmin inkişafı
kadrlardan asılıdır. Bu sahədə
kadr hər şeydən öndə olmalıdır. Bu sahədəki uğurun 90%-i də kadrlarla
bağlıdır. Bir sözlə,
yaxşı mütəxəssis olmadan keyfiyyətli turizmdən
danışmaq doğru deyil. Doğrudur, bu iş müəyyən
müddət tələb edir. Bayaq dediyim kimi,
artıq 725 məzunumuz var. Güman edirəm ki, onların istehsalatda
onların mövqeyi möhkəmləndikcə Azərbaycan
turizmində güclü bir irəliləyiş olacaq.
- Cəfər müəllim, bu sahədə
çalışanların hamısının ali
təhsil almaları vacibdir?
- Turizm sənayesində
ali təhsil tələb edən ixtisaslar
da var, ali təhsil tələb etməyən ixtisaslar da. Məsələn,
aşpazdan ali təhsil tələb olunmur.
Ümumiyyətlə, otelçilik sahəsində
çalışanların təxminən 20 faizinin ali təhsilli olmasına ehtiyac var. Qalanları
üçün isə peşə təhsili olduqca önəmlidir.
Yeri gəlmişkən, ATİ-nin nəzdində
Bakı Turizm Peşə məktəbi də fəaliyyət
göstərir. Özü də bura maraq
böyükdür. Gələcəkdə
bu məktəbi Təlim Oteli formasına çatdırmaq niyyətindəyik.
Unutmayın ki, dünyada peşə təhsilli
adamların görə biləcəkləri işlər daha
çoxdur.
- Bu sahədə
dil bilmək də önəmli amil hesab olunur...
- Təbii.
Bizim məktəbdə təhsil 3 dildə (azərbaycan,
rus və ingilis) tədris olunur. Yəni azərbaycan
dilini bilən tələbə üçün rus və
ingilis dilləri məcburidir. Bundan
başqa, tələbə 3-cü dil də (ispan, ərəb,
alman, fransız) öyrənməlidir. Bilirsinizmi,
turizm sahəsində xarici dil bilmədən
çalışmaq müşkül məsələdir.
Burada bir məsələni də vurğulamaq
istərdim. Turizmin inkişafı
üçün hər bir ölkə vətəndaşında,
hər şeydən əvvəl vətən, torpaq sevgisi
olmalıdır. İlk növbədə
bu hisslər turizm sahəsində çalışan insanlarda
olmalıdır. Turizm sahəsində
çalışan kadrlar öz xalqının mədəniyyətini,
tarixini, adət-ənənələrini yüksək səviyyədə
bilməli, onu təbliğ etməlidir.
“Turızm destınasİyasi təşkıl
etməlıyık”
- Cəfər müəllim, qonaqpərvərliyin
turizmdə rolu barədə nə deyə bilərsiniz?
- Turizm elə
qonaqpərvərlik anlamındadır. Turizm sahəsində
çalışan gülərüz, mehriban olmasa, o, uğur
qazana bilməz. Amma bu heç də o demək
deyil ki, hər şey bununla bitir. Gərək
bu sahədə bununla yanaşı, professionallıq da
olmalıdır. Təbii ki, xalqın ənənəvi
qonaqpərvərliyi də burada müəyyən rol
oynayır.
- Elədir.
Amma heç kimə sirr deyil ki, həmin
şöbələrdə fəaliyyət göstərənlərin
əksəriyyəti turizm üzrə mütəxəssislər
deyil. Onlar özləri də yeni bilgilərə
ehtiyacları olduğunu etiraf edirlər. Artıq
bu problem də çözülür. Belə
ki, Mədəniyyət və Turizm Nazirliyinin Şəmkirdə
təşkil olunmuş kollegiyasının (mən həmin
kollegiyanın üzvüyəm) qərarına əsasən
şöbə müdirləri üçün iki dəfə
həftəlik kurslar təşkil etdik. Növbəti
dəfə də belə tədbir keçirmək niyyətindəydik.
Digər tərəfdən, ATİ fəaliyyətini
təlim, tədqiqat, tədris mərkəzi kimi qurub. ATİ-nin Təlim Mərkəzi qısa müddətli
kurslar təşkil edir, insanlar bu yolla ikinci təhsilə və
ya ixtisasa da yiyələnə bilirlər. Məsələn,
sənayedə çalışan adam,
yaxud tarixçi, ədəbiyyatçı bələdçilik
ixtisasına yiyələnə və bu ixtisas üzrə
sertifikat ala bilər. Bu tipli kursları
keçib, sertifikat və bələdçi kartı
almış peşəkar turizm bələdçilərinin
sayı 30-dan çoxdur.
- Ölkəmizdə turizmin
inkişafı ilə bağlı sizin digər fikirlərinizlə
də tanış olmaq maraqlı
olardı.
- Bizim Xəzər kimi dənizimiz var. Lakin yaxın illərdə dünyanın dəniz turizm bazarına girməyimiz mümkün olmayacaq. Çünki Aralıq dənizi hövzəsi artıq bu sahədə hegemonluq edir. Bizim dəniz turizmimiz bu gün daxili ehtiyacı ödəyir. Biz bu gün müxtəlif tədbirlər, o cümlədən festivallar, konqreslər təşkil etməklə ölkəmizə daha çox turist cəlb edə bilərik. Son illər Bakıda bu istiqamətdə müəyyən işlər gedir. Artıq Bakı beynəlxalq tədbirlərə evsahibliyi edir, dünyanın biznes mərkəzlərindən birinə çevrilir. Bir zamanlar bu, bir xəyal idi. İndi Bakıda inşa olunan otellər 5-10 ildən sonra daha çox qonaq qəbul edəcək. Bütün bunlar həm də xidmət səviyyəsinin artmasını tələb edir. Bir məsələni də vurğulayım. Turizm yalnız yeyib-içmədən ibarət deyil ki... Turizm obyektləri yalnız mövsümi xarakter daşımamalıdır. Yəni yalnız yayda çalışmaqla iş bitməməlidir. Mənim fikrimcə, elə qiymət artımı da bundan irəli gəlir. Yəni sahibkar qısa zaman kəsiyində qoyduğu pulu çıxarmaq üçün xidmət haqqını artırır. Bu gün təbiətimizi, mədəniyyətimizi, milli parklarımızı normal şəkildə ortaya qoyub turizm destinasiyası təşkil etməliyik. Bununla yanaşı, həm də vaxtında özü-özünə yeniləşə bilən geniş infrastruktur, idman və sağlamlıq şəraiti kimi məsələlər həll olunmalı, turizm xidmətləri təklif edilməlidir. Məsələn, Antalyada ilin üç fəslində ənənəvi turizm təşkil olunduğu halda, qışda buradakı otelləri yerli futbolçuların təlim-məşq toplantıları, eləcə də bu kimi tədbirlər hesabına doldurulur və sairə. (Yeri gəlmişkən, Qəbələ rayonu bu istiqamətdə işini qurub və həmin bölgəyə xeyli turist cəlb edib). Yəni turizmin inkişafı bu sahə ilə məşğul olan müəssisələrin rəhbərlərinin də marağında olmalıdır. Mən onlara dəfələrlə demişəm: tutalım ki, hər hansı bir müəssisənin yaxınlığında tarixi abidə var. Həmin abidənin ziyarəti o müəssisənin rəhbərinə aid olan məsələ olmasa da, o, turistləri həmin məkana da cəlb etməlidir. Çünki bu həm də həmin müəssisə rəhbərinin biznesinə xidmət edən məsələdir. Onu da deyim ki, turizm obyektlərinin yaxınlığında maraqlı turizm destinasiyası nə qədər çox olarsa, həmin otelə üz tutanların sayı da arta bilər. (Yeri gəlmişkən, həmin rəhbər obyektinin yerləşdiyi ərazinin abadlaşdırılmasında da fəal iştirak etməlidir). Yəni turizm bir biznesdir. Biznesin də uğur gətirməsi üçün obyekt cəlbedici olmalıdır. Bununla da ciddi məşğul olmaq lazımdır.
Zaman.-2013.-31 avqust.-S.7.