“Hotelçilik ağır zəhmət tələb
edən işdir”
Hörmətli oxucu, bu gündən etibarən ayda bir dəfə sizə ölkədə fəaliyyət göstərən iş adamları ilə onların məşğul olduqları sahə, bu sahənin problemləri, incəlikləri barədə müsahibələr təqdim edəcəyik. İlk müsahibimiz hotelçilik sahəsində böyük təcrübəsi olan “Ariva” hotelin baş direktoru Azad Əhmədovdur.
- Azad bəy, bir az hotel işindəki təcrübəniz
barəsində danışaq. Bizə və
oxucularımıza bu işə necə
başladığınızı deyə bilərsinizmi?
- 1984-cü ildən bu işin içərisindəyəm. O vaxtlar Azərbaycan Dövlət Xarici Dillər Universitetinin birinci kursunda oxuyarkən “İnturist” otelində işə düzəlmişəm. İşlədikcə yavaş-yavaş vəzifəm də artdı. Sonra qeydiyyat şöbəsinə keçdim. Beləliklə, gecə növbəsində işlədikcə gecə müdiri vəzifəsində də çalışdım. Təxminən 2007-ci il olardı “İnturist” hotel bağlandıqdan sonra bu yönlü digər işlərdə də işləməyə başladım. Nəhayət “Ariva“ hotelə dəvət aldım və hazırda burada otelin baş direktoru kimi işləyirəm. Onu da deyim ki, özüm dünyanın bir sıra ölkələrində hotelçiliklə bağlı treninqlərdə iştirak etmişəm. Həmin ölkələrdən Türkiyənin Antalya şəhərinin, Rusiya və Misirin adını çəkə bilərəm.
- Ümumiyyətlə hotelçilik
ağır işdirmi?
- Bəli, hotelçilik ağır zəhmət tələb edən işdir. Onu da deyim ki, əvvəllər daha çətin idi. Sovet dövründə turist, qonaqlar çox idisə, hotellər barmaqla sayılacaq dərəcədə az idi. Bu da öz növbəsində işləri daha da ağırlaşdırırdı. Hazırda hotellər durğunluq dövrünü yaşayır. Bunun səbəbi də viza şərtlərinin ağır olmasıdır. Viza almaq üçün şərtlər ağırlaşdıqca turistlər başqa ölkələrə getməyə üstünlük verirlər.
- Demək istəyirsiniz ki,
hazırda o qədər də iş yoxdur?
- Elədir ki var. Bayaq da dediyim kimi məsələ vizadadır. Turistlər bu zaman Gürcüstan və İranı seçirlər. Həmçinin indi otellərin də sayı çoxalıb. 5 ulduzlu hotellərin sayı olduqca çoxluq təşkil edir və qiymətlər də bahadır. Dövlət əhəmiyyətli tədbirlər olandan-olana hotelə turist gəlir. Adi vaxtlarda hotellər boşdur. Xərcimiz çox çıxdığından da qiymətləri aşağı sala bilmirik. Yenə heç olmazsa, qonaq çox olsa, qiyməti endirmək də olar. Buna görə ən sərfəlisi 3-4 ulduzlu otellərdir. Hətta 5 ulduzlu hotel sahibləri bu vəziyyətdən çıxış kimi məcbur qiymətləri aşağı salırlar.
- Hoteldəki ulduz sayının xidmətə
təsiri varmı?
- O
baxır hotelin müdir və menecerinin necə işləməyinə. Elə müştərilərimiz
olub ki, bizə deyirlər sizdəki
xidmət 5 ulduzlu oteldən daha yaxşıdır. Yenə
deyirəm xidmət hotelin rəhbərliyindən və
işçilərindən asılıdır.
-
Özünüz hazırki vəziyyətinizə gəlmək
üçün xeyli təcrübə toplamısınız.
Bəs hazırki nəslin təcrübəsindən
razısınızmı?
- Artıq turizm sektoru inkişaf etdikcə bu işə yeni nəsil gəlir. Bizdə adi “belboylar” belə təhsilli uşaqlardırlar. Düzdür, o qədər də təcrübələri yoxdur, baxmayaraq universitet oxuyublar. Ancaq düşünürəm getdikcə vəziyyət yaxşılaşacaq. Bəzi işçilər gəlir baxırsan turizm universitetini bitirib amma hotelçilikdən heç bir anlayışı yoxdur. Bir sözlə, biz də içşilər Türkiyə səviyyəsində deyil. Ancaq getdikcə hər şey düzəlir.
-Onlara bu işlə məşğul
olmağı məsləhət görürsünüzmü?
-Əlbəttə. Hoztelçilik gəlirli sahədir. Təbii ki, viza problemi olmadıqca.
- Hazırda hansı problemlərlə üzləşirsiniz?
- Dediyim
kimi öncəlik viza problemidir. Bir də telekanallarda
yalnış məlumatlar verilir. Düzdür,
torpaqlarımız işğal olunub, lakin bunu elə göstərirlər
sanki bizim ölkədə müharibə gedir. Gələn
qonaqlar da bunu bizə söyləyirlər. Deyirlər elə
bilirik ölkənizdə müharibə gedir və ya sizdə
hər kəs bizneslə məşğul olur. Yalnış
imic qazanmışıq. Buraya gəlindən sonra isə
bildirirlər ki, ölkəniz heç də Avropadan geri qalmır. Mən bu məsələ
ilə bağlı iclaslarda da məsələ
qaldırmışam. Bir də ölkəmizin təbliğatı
zəifdir bu yöndə.
- Sonda qiymətlər barəsində soruşum.
Sizin hoteldə qiymətlər münasibdirmi? Məsələn, bir həftəlik və ya bir aylıq
qonaq qalmaq neçəyə başa gəlir?
- Bizdə yemək daxil olmaqla “fitnes”, sauna, türk hamamı bütün bunlar xərcə daxildir. 4 ulduzlu hotellərin daşımalı olduğu kreteriyalar var ki, biz onlara cavab veririk. Bizdə bir həftəlik qalmaq istəyən 350 manat, bir aylıq isə 1200-1300 manat ödəyir. Bu da gündəlik 45-50 manata başa gəlir. Sadaladıqlarım da daxil olmaqla. Bir günlük 60-70 manatdır ki, gələni məmnun etmək üçün hətta otağı 50 manatdan da veririk. Bizdə qonaq qalanlar da elə əksəriyyəti iş adamlarıdır.
Zaman.- 2013.- 5 dekabr.- S. 8.