Bakı YUNESKO-nun
Hökümətlərarası Komitəsinin
8-ci sessiyasına ev
sahibliyi edir
Dünən Bakıda YUNESKO-nun Qeyri-Maddi
Mədəni İrsin
Qorunması üzrə
Hökumətlərarası Komitəsinin 8-ci sessiyası
və Qeyri- Maddi Mədəni İrs üzrə Konvensiyanın 10 illik yubleyi çərçivəsində
QHT Forumu işə başladı.
Sessiyanın açılış mərasimində
çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev 116 ölkədən 750 nəfərdən
artıq nümayəndənin iştirak etdiyini bildirdi.
Hökümətlərarası Komitənin bu
sessiyasına beynəlxalq ictimaiyyət, media
və iştirakçıların daha böyük marağı hiss
olunurdu. Sessiyanın gündəliyində
duran əsas məsələlərdən
biri QHT-lərin akkreditəsi meyarları və
şərtlərini nəzərdən keçirmək, həmçinin
təcili qorunmaya ehtiyacı olan Qeyri-Maddi Mədəni
İrsin siyahısı və Bəşəriyyətin
Qeyri-Maddi Mədəni İrsinin
reprezentativ siyahısı üzrə qərar
verilməsidir. QHT-lərin
akkreditə olunmasının məqsədi Hökumətlərarası
Komitəyə məsləhət xidmətlərinin göstərilməsidir.
Bu səbəbdən Hökumətlərarası
Komitənin bundan əvvəl keçirilmiş 7-ci sessiyasında QHT-lərin
akkreditə olunması və qiymətləndirilməsi
meyarlarının nəzərdən
keçirilməsi məsələsi də gündəmdə
yer alıb. Həmin sessiya
zamanı təşkil olunmuş QHT Forumunda mədəni vasitəçilik, məlumatlılığın
artırılması, təmsilçilik və təşviqkat
işlərində QHT-lərin mühüm
rolu müzakirə edilib.
QHT-lərin iştirakı, 2013-cü il konvensiyasının
yerinə yetirilməsi, qeyri-maddi mədəni
irsin potensialının gücləndirilməsi
və qorunmasında yerli və beynəlxalq
proseslərə kömək göstərilməsi məsələləri
də öz əksini tapıb. Təcili qorunmaya ehtiyacı olan Qeyri-Maddi Mədəni İrsin
siyahısında Azərbaycanın qədim Çövkən
oyunu da yer alıb. Sessiya çərçivəsində konvensiyanın milli səviyyədə icrası ilə
bağlı dövri hesabatların dinlənilməsi,
geniş tərkibli müzakirələr və mədəni tədbirlər də əksini
tapdı. Dekabr ayının 8-də tədbir
yekunlaşdıqdan sonra qonaqların Qobustan Dövlət Tarix və
Bədii Qoruğu,
Qala Dövlət Tarix-Etnoqrafiya
Qoruğu, Azərbaycan İncəsənət
Muzeyi, İçərişəhər və
Bakının digər görməli yerlərinə səyahət
də plana daxil olunub. YUNESKO-nun beynəlxalq
əhəmiyyətli bu tədbiri Azərbaycanın
zəngin mədəni irsinin qorunması, eyni zamanda ölkəmizin
mədəni və turizm
imkanlarının təşviq olunması və ölkəmizin
marağının artması baxımından əhəmiyyətli
hadisədir.
TÜRKANƏ ƏSƏDOVA
Zaman.- 2013.- 3
dekabr.- S. 2.