Şahbuz rayonunda yeni sosial obyektlərin açılışı olub

Şahbuz rayonunun Qızıl Qışlaq, Güney Qışlaq və Ayrınc kəndlərində yeni sosial obyektlər istifadəyə verilib.

  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimlərində iştirak edib. Qızıl Qışlaq kənd tam orta məktəbinin yeni binasının açılış mərasimində çıxış edən Ali Məclisinin Sədri yeni təhsil ocağının istifadəyə verilməsi münasibətilə kənd sakinlərini təbrik edib, kollektivə tədrisdə uğurlar arzulayıb. Ümummilli lider Heydər Əliyevin “İnsanın şüurlu həyatı, onun gələcəyi, onun cəmiyyətdə özünə yer tutması məktəbdən başlayır” fikrini xatırladan Ali Məclisin Sədri deyib ki, ulu öndərin bu tövsiyələrinə uyğun olaraq, muxtar respublikamızda ümumtəhsil məktəblərinin fəaliyyəti gücləndirilir, şəhər, qəsəbə və kəndlərdə eyni tədris şəraitinə malik məktəb binaları tikilir. Bu da gələcəyimiz olan gənc nəslin hərtərəfli yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ona görə dəəllimlərimiz onlar qarşısında qoyulan tapşırıqları uğurla yerinə yetirməli, şagirdlərimiz yaradılan şəraitdən istifadə edərək hərtərəfli biliklərə malik olmalıdırlar. Qızıl Qışlaq kənd tam orta məktəbinin məzunları gələcəkdə Azərbaycanın, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının inkişafında yaxından iştirak edəcəklər. Bu isə onu deməyə əsas verir ki, məktəb yalnız bu kəndə deyil, ümumilikdə, ölkəmizin gələcəyinə xidmət edəcəkdir.

Ali Məclisin Sədri məktəbin nailiyyətlərinin qənaətləndirici olduğunu bildirərək deyib ki, bu il məktəbi bitirən məzunlardan 3-ü ali məktəblərə, 3-ü isə orta ixtisas məktəblərinə qəbul olub. Məktəbin müəllimlərinin əməyi də dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib, 2012-ci ildə məktəbin müəllimi “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub.

Ali Məclisin Sədri qazanılan nailiyyətlərə  görə məktəb kollektivinə təşəkkürünü bildirib, açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan məktəb binası 110 şagird yerlikdir. Şahbuz rayonunun Qızıl Qışlaq, Güney Qışlaq və Ayrınc kəndlərində aparılan tikinti-quruculuq işləri ilə yanaşı, bu yaşayış məntəqələrində əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi də diqqət mərkəzində saxlanılıb, elektrik, rabitə, qaz və su xətləri yenilənib. 

 

Zaman.-2013.-10 dekabr.-S.6.