Rauf Mərdiyev: “İctimai işlərin kökündə fədakarlıq dayanır”
Bu gün Azərbaycan gəncləri ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilirlər. Onlar siyasi, iqtisadi, humanitar,
sosial tədbirlərin, layihələrin hazırlanmasında, keçirilməsində mühüm rol
oynayırlar.
Dövlətin
gənclərin fəaliyyəti üçün
qurduğu geniş imkanlar nəticəsində bu təbəqə
cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Müsahibimiz olan “İrəli”
İctimai Birliyinin sədri
Rauf Mərdiyev də aktiv fəaliyyəti ilə diqqət mərkəzində
olan gənclərdən biridir. O, 1986-cı ildə Bakı şəhərində, müəllim ailəsində dünyaya göz
açıb. Orta təhsilini 286 saylı məktəbdə alan müsahibimiz buranı əla qiymətlərlə başa vurub. 2004-cü
ildə isə yüksək balla, Azərbaycan Dövlət İqtisad
Universitetinin Maliyyə
fakültəsinə daxil olub. Bakalavr təhsilini
başa vurduqdan sonra hərbi
xidmətə yollanıb. Sonra isə
həmin universitetin
magistraturasında təhsilini
davam etdirib. İlk tələbəlik illərindən etibarən “İrəli” İctimai Birliyinə üzv olub. Bir çox layihələrin təşəbbüskarı və rəhbəri
olub. Aktiv fəaliyyəti, zəhmətsevərliyi
ilə digər üzvlərin rəğbətini qazanan
müsahibimiz 2012-ci ildə
üzv olduğu təşkilatın
sədri
seçilib.
- Rauf
bəy ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edən gənclərdən birisiniz. Sizdə ictimai işlərə maraq necə
formalaşıb?
-
Ümumiyyətlə, insanın baxışlarının
formalaşmasında onun yaşadığı mühitin,
xüsusilə ailə və məktəbin rolu böyükdür. Mən müəllim ailəsində
böyümüşəm,
valideynim eyni zamanda mənim
müəllimim olub.
Təhsilə, biliyə marağımı
məhz bu mühit
formalaşdırıb. Hər zaman bilmədiyim
suallara özüm cavab tapmağa
çalışmışam. Yəqin ki, ictimai işlərə maraq məhz
bu axtarışların nəticəsində meydana gəlmişdir.
Məktəb dövründə təhsilimə çox diqqət yetirmişəm. Buna görə
universitetə qəbul olduqdan sonra
ictimai işlərə qoşulmaq
üçün mənə daha əlverişli imkan
yarandı. İlk olaraq, oxuduğum
universitetin tələbə gənclər təşkilatında fəaliyyətə başladım. Tələbə yoldaşlarımla tədbirlər təşkil edirdik, layihələr hazırlayırdıq. Bütün bu sosial fəaliyyətlərim ictimai işlərə
marağımı artırdı. 2006-cı
ildə “İrəli” İctimai Birliyinə üzv oldum və bu uzun bir yolun
başlanğıcı idi.
- İctimai işin özəlliyi nədədir? Burada sizi özünə bağlayan nədir?
- İctimai işlərin kökündə fədakarlıq dayanır. Yəni sizin gördüyünüz
işdən
özünüz deyil, başqaları da faydalanır. Biz gənclərlə işləyirik.
Etdiyimiz müxtəlif
layihələrlə, tədbirlərlə gənclərə özlərini
inkişaf etdirməkdə, arzularını
gerçəkləşdirməkdə, uğur qazanmaqda
yardımçı oluruq. Gördüyün
işlərin real nəticələrinin olması insana böyük
zövq verir. Bir sözlə, mən
sevdiyim işi görürəm
və ya
gördüyüm işi sevirəm.
-
İctimai işlərə qoşulanda hansısa Birliyin sədri olmaq barədə fikirləşmisinizmi?-
Karyera yüksəlişində bəzən gənclər qarşısında seçim olur: böyük
mexanizmin kiçik hissəsi olmaq və ya kiçik mexanizmin böyük hissəsi olmaq. Daha
böyük və
daha faydalı işlər
görmək
üçün mən
birinci yolu seçdim. Peşəkar və təcrübəli
“İRƏLİ”
ailəsinə qoşulmaq və burada fəaliyyət göstərmək mənim
fərdi
inkişafımda çox böyük rol oynadı. Sədr və rəhbərlik
vəzifəsinə gəlincə,
bu, ilk öncə məsuliyyətdir. Bu məsuliyyəti daşımaq
gücü və
iradəsi illərin təcrübəsi və zəhməti
ilə
formalaşır.
“İnsanın gələcəyə aid planları uzunmüddətli olmalıdır”
- Rauf bəy, həyatda uğur qazanmağın
yolları hansılardır?
- Arzular
insanı yönəldir. İnsanın uğur qazanması
üçün hədəflərinin olması çox önəmlidir. İlk öncə
nə isə istəməlisiniz, ürəyinizin səsini
dinləməlisiniz və hədəfinizə doğru
addımlamağa başlamalısınız. Bəzən uğurun formulu çox sadədir: düzgün bildiyiniz
işləri, doğru vaxtda və doğru formada etməlisiniz. Uğura aparan yol heç zaman
düz olmur. Əgər siz hədəfinizə heç bir maneəsiz irəliləyirsinizsə, ehtimal var ki, səhv yoldasınız. İstədiyini əldə etmiş hər
kəsin həyat hekayətində çətinliklər və mübarizə vardır.
Bundan başqa, gərək ilk növbədə gördüyün işi sevəsən. Gördüyün işi sevmək hələ o demək deyil ki,
iş seçimin doğrudur. Eyni zamanda
özünə
peşə olaraq
seçəcəyin işi sevməklə yanaşı, onu bacarmağın
da çox önəmlidir.
Yəni
işində
uğur qazanmaq istəyən kəs sevdiyi və bacardığı
peşə sahəsi ilə məşğul olmalıdır. Bundan başqa, işində
müvəffəqiyyət qazanmaq
üçün məsuliyyətli və zəhmətsevər olmaq da əsas şərtlərdən biridir. Mən həyatda uğur qazanmaq
iddiasında olan şəxslərə tövsiyə
edirəm ki, işlərində rastlaşa biləcəkləri
enişli, yoxuşlu yollar onları həvəsdən salmasın. Gördüyüm
qədərilə bilirəm ki, tutduğumuz yol
nə qədər doğru olursa olsun, hansısa
problemlə üzləşmək ehtimalımız
var. Həyatda
tutduğumuz yolda heç bir maneə
yoxdursa, bu yol bizi hədəfimizə aparmaya da bilər. Buna görə
heç nəyə fikir vermədən məqsədlərimizə
doğru inadla və
inamla addımlamalıyıq.
“İctimai işlər insanın
formalaşmasında əvəzolunmaz təcrübədir”
- İnsanın
formalaşmasında ictimai işlərin
nə kimi əhəmiyyəti
var?
- İctimai işlər insanın formalaşmasında əvəzolunmaz təcrübədir. Xüsusən də gənclərin
ictimai fəaliyyətlərdə
iştirak etmələri çox önəmlidir. İctimai işlərdə təcrübəsi
olan insanlar daha təşəbbüskar olurlar.
Çünki ictimai işlərlə
məşğul
olanda yeni insanlar tanıyırsan, onlarla əməkdaşlıq
edirsən, ünsiyyətdə olursan və
s. Bütün bunlar insanın yenilikçi, təşəbbüskar fərd olaraq
formalaşmasına müsbət
təsir edir. Sosial fəaliyyətlər zamanı insan birinci növbədə özünü təsdiqləmiş və yeni üfüqlər müəyyənləşdirmiş
olur. Bundan başqa, sosial işlərdə təcrübəsi olan adamlar
hansısa problemə
münasibəti,
onun həlli
yolları haqqında təşəbbüslərin irəli sürülməsi
bacarığının olması baxımından digər insanlardan fərqlənirlər.
- “İrəli” İctimai Birliyi minlərlə gənci ətrafına toplamağa və onların etibarını
qazanmağa necə nail olub?
- “İrəli” 30 mindən çox gənci ətrafında birləşdirməyə nail olan ictimai birlikdir. Onun öz prinsipləri
var. “İrəli”
İctimai Birliyinin qarşısında duran əsas məqsədlərdən
biri Azərbaycan gəncliyinin inkişaf
etdirilməsinə dəstək
olmaqdır. Bizim ictimai birlik gəncliyin
inkişafını cəmiyyətin inkişafı, cəmiyyətin
inkişafını isə
Azərbaycanın
inkişafı kimi dəyərləndirir. Buna
görə də bütün fəaliyyətlərimizin təməlində gəncliyin-cəmiyyətin-dövlətin inkişafı
prinsipi durur. Azərbaycan
gəncliyinin
inkişaf etdirilməsi
istiqamətində
respublikamızın Prezidenti cənab
İlham Əliyevin siyasətini
dəstəkləyirik. Dövlətin gənclər siyasətinin uğurla həyata keçirilməsi üçün
bizim ictimai birlik də
öz töhfəsini
verir.
“Azərbaycan gəncliyinin böyük
potensialı var”
- İşinizlə əlaqədar olaraq gənclərlə daha çox ünsiyyətdə olursunuz. Azərbaycan gəncliyinin
potensialını necə
qiymətləndirirsiniz?
- Gənclər dövlətin onlar üçün
qurduğu bütün şəraitdən fəal şəkildə yararlanmağa
çalışırlar. Ümumiyyətlə, Azərbaycan
gəncliyinin
böyük potensialı var. Dövlətimiz
də bunu dəyərləndirir.
Hazırda Azərbaycan
gənclərinin bir çoxunun
ölkənin
hüdudlarını aşacaq geniş-miqyaslı fəaliyyətləri var və
ən əsası bu fəaliyyətin miqyası və keyfiyyəti zaman ötdükcə artmaqdadır.
-
Yuxarıda qeyd etdiniz ki, Azərbaycan gəncliyinin inkişafına nail
olmağı qarşınıza məqsəq qoymuş bir qurumsunuz. Gənclərin inkişafına
maraqlı olan digər
təşkilatlarla əməkdaşlıq edirsinizmi?
- Biz,
“İrəli” İctimai Birliyi olaraq, Azərbaycan gəncliyinin inkişafına dəstək olmaq istəyən bütün təşkilatlarla əməkdaşlıq etməyə hazırıq. Hazırda bu istiqamətdə 200-dən çox yerli və xarici təşkilatla əməkdaşlıq edirik. Bizim tərəfdaşlar
arasında dövlət
qurumları, özəl
şirkətlər, ictimai təşkilatlar
vardır.
“İrəli” həmişə yeniliklər axtarışındadır
- Xarici təşkilatlarla əməkdaşlığınızın
əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Demək olar ki, dünyadakı bütün gənclərin problemləri ümumi olaraq eynidir. Biz xarici təşkilatlarla əməkdaşlıq edərək, onların gənclərin problemlərinin həlli istiqamətlərində qazandıqları təcrübədən yararlanmaq istəyirik. Ümumiyyətlə isə, istər yerli, istərsə də xarici təşkilatlarla əməkdaşlıq rəqabət mühitini formalaşdırır. Bu da bir-biriləri ilə əməkdaşlıq edən təşkilatların inkişafını sürətləndirir. Bu günə kimi “İrəli” həyata keçirdiyi bütün fəaliyyətlərində yüksək keyfiyyət prinsipinə sadiq qalıb. İnkişaf strategiyamıza uyğun olaraq, hər il bir pillə irəliləmiş oluruq. Bunu da cəmiyyətimiz dəyərləndirir. Çünki bizim ictimai birliyin ətrafına bu qədər gənc toplaması təsadüfi deyil. “İrəli” İctimai Birliyi olaraq, həmişə yeniliklər, yeni təşəbbüslər axtarışındayıq.
- Ümumiyyətlə, Azərbaycan reallığının dünyaya çatdırılması istiqamətində nə kimi fəaliyyətləriniz var?
- “İrəli” İctimai Birliyi təsis edildiyi gündən etibarən Azərbaycan reallığının dünyaya çatdırılması işi ilə fəal şəkildə məşğul olur. Bu istiqamətdə bir çox layihələr həyata keçirmişik. Demək olar ki, bu qəbildən olan layihələrimiz hər il olur. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işinin səmərəli olması üçün gərək birinci növbədə dediklərimizi xarici vətəndaşlar bilib, dərk etsinlər. Onlar bizim dediklərimizə inandıqdan sonra eşitdikləri məlumatların daşıyıcılarına çevrilirlər. Buna görə çalışırıq ki, dediklərimizə xarici tərəfdaşlarımız inansınlar.
- Dövlətin gənclərə diqqət və qayğısını qənaətbəxş hesab edirsinizmi?
- Prezident cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə bildirib ki, gənclər cəmiyyətin aparıcı qüvvəsidir və gəncliyin inkişafı dövlətin prioritetidir. Şübhəsiz ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Prezident İlham Əliyevin bütün fəaliyyətləri ölkə gəncliyinin intellektual potensialının üzə çıxarılmasına yönəlib. Bunun nəticəsidir ki, ölkənin neft kapitalını insan kapitalına çevirmək məqsədilə dövlət səviyyəsində bir çox proqramlar həyata keçirilir. Dövlətin ümumi inkişaf strategiyası ölkənin gələcəyinə hesablanıb. Amma insan kapitalına investisiya uzunmüddətli investisiyadır və biz indiki yatırımların real nəticələrini yaxın gələcəkdə daha aydın görəcəyik.
Zaman.-2013.-10 dekabr.-S.7.