Naxçıvanda Atıcılıq Mərkəzi fəaliyyətə başlayıb

Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının Atıcılıq Mərkəzi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak edib.

 Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının sədri Asəf Məmmədov açılış tədbirində çıxış edərək deyib ki, muxtar respublikada uşaq və gənclərin idmanla məşğul olmasına, onların müxtəlif səviyyəli çempionat, turnir və yarışlarda iştirak etməsinə hərtərəfli şərait yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: “2013-cü il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə Atıcılıq Federasiyasının yaradılması qərara alınmışdı. Bundan sonra Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyası təsis olunaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Qısa müddət ərzində federasiya formalaşıb və fəaliyyəti təmin edilib. Bu gün isə Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının yeni Atıcılıq Mərkəzi istifadəyə verilir”.

Ali Məclisin Sədri bildirib ki, bu gün Azərbaycan müharibə şəraitində yaşayır. Ona görə də ölkəmizdə, eləcə də muxtar respublikada gənclərin hərbi vətənpərvərlik ruhunda böyüdülməsi, onlara ilkin hərbi vərdişlərin öyrədilməsi və ordu sıralarına hazırlanması vacib məsələdir. Bu baxımdan atıcılıq idman növünün inkişafı mühüm əhəmiyyət daşıyır. Ali Məclisin Sədri Atıcılıq Mərkəzinin fəaliyyətə başlaması münasibətilə kollektivi təbrik edib, açılışı bildirən lenti kəsib. Məlumat verilib ki, Atıcılıq Mərkəzində inzibati bina, iki stend və sportinq meydançası, oxçuluq və tir sahələri, peyntbol meydançası, hərbi-idman oyunlarının keçirilməsi üçün ərazi vardır. İnzibati binada qeydiyyat, silah və digər otaqlar yerləşir. Binanın foyesində quraşdırılan elektron lövhədə Atıcılıq Mərkəzinin təqdimat filmi izlənilib və Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının internet saytı haqqında məlumat verilib. Bildirilib ki, www.naf.nax.az internet saytı 3 dildə hazırlanıb. Ali Məclisin Sədri mərkəzdə istifadə olunacaq silah və avadanlıqlara baxıb, idmançıların nümunəvi çıxışlarını izləyib. 

Mazlum Atik

Zaman.-2013.-11 dekabr.-S.6.