“Bütün pis xarakterlərin kökü pis
vərdişlərdir”
Ərşad Əzimzadə, yazıçı-jurnalist, “Ana Təbiət” Natural Gigiyena Mərkəzinin rəhbəri
- Sizə görə, həyatda ən asan və ən çətin şey nədir?
Ən asan şey - məsləhət vermək, ən çətin şey - məsləhətə əməl etməkdir.
- Ucqar bir kənddə yaşamağa məcbur olsaydınız,
dolanışığınızı necə çıxarardınız?
-
Böyük məmnuniyyətlə ucqar dağ kəndində şöhrətli Amerika alimi Norman Uokerin tövsiyə etdiyi kimi, yaşayardım! Yəni
öz əllərimlə ekoloji cəhətdən
təmiz olan meyvə, tərəvəz
və bostan məhsulları
yetişdirərdim,
bir neçə
keçi saxlayardım, sağlam həyat
tərzi keçirərdim, sağlamlıq
və xoşbəxtlik yolunu camaata da
öyrədərdim,
özümü dünyanın ən
xoşbəxt
adamı sayardım.
- Keçdiyiniz ömür yoluna
baxanda ən çox nəyə üzülür, nəyə sevinirsiniz?
- Həyatım iki hissədən ibarətdir: 60 il mən də hamı kimi, öz
qanımı ölü qidalarla zəhərləməklə və sağlamlığıma
balta vurmaqla məşğul olmuşam, bu üzdən 30 il 8 “sağalmayan” (tibb
elminin fikrincə) ağır xəstəlikdən əzab çəkmişəm, gəncliyimi erkən itirmişəm. Buna üzülürəm. Sevinirəm ki, “ziyanın
yarısından qayıtmaq özü də xeyirdi” el məsəlində deyilən kimi, sonradan naturopat alimlərin təlimlərini mənimsəyib, qeyri-sağlam həyat tərzinin üstündən cızıq çəkmiş və özüm-özümü
təbii
üsullarla müalicə etmişəm, gəncliyimi qismən də olsa qaytarmışam.
- Valideyn və müəllimlərdən başqa
özünüzü kimlərə borclu bilirsiniz?
- Ana təbiətə və Hippokrat, İbn Sina, Herbert
Şelton, Pol Breqq, Katsudzo Nişi, Norman Uoker, Abram Zalmanov kimi
naturopat alimlərə və onları mənə tanıdan Mayya Qoqulan (Rusiya) adlı mətin və mübariz (2 dəfə xərçəngə görə əməliyyat olunub, ölüm
yatağına düşüb, son nəfəsdə Nişinin əsərini oxuyub və özünü təbii üsullarla
sağaldıb) bir jurnalistə.
-
Uğrunda hər şeydən keçə biləcəyiniz varlığın adı?
- Bəşəriyyəti pis vərdişlərdən xilas etməyə qadir müdrik insanın
yolunda canımı da qurban verməyə hazıram.
- Özünüzü hansı
peşədə daha yaxşı ifadə edə bilərdiniz? İndiki
işinizdən
razısınızmı?
- Peşəm jurnalistlikdir, bir qədər də nasirliyim və şairliyim var. Düz 50 il
boş yazılarımla insanların başına
“ağıl” qoymağa, onlara düz yol göstərməyə
çalışmışam. Halbuki elə mən özüm də yanlış yolda olmuşam. İndi təqaüdə
çıxmışam. Bütün
boş vaxtımı, dünyanın ən
möhnətkeş
ziyalısı Həsən bəy Zərdabinin yarımçıq
qalan işinə sərf edirəm - maarifləndirmə yolu ilə insanları nəfsin və tamahın
caynağından qurtarmağa çalışıram. Bir də,
15 ildir var qüvvəmlə
çalışıram ki, parlament sağlam həyat tərzi haqqında qanun qəbul etsin. İndiki əməyimdən dərin həzz alıram.
- Üzr istəmək sizə ağır gəlmir ki?
- “Yaxşı at özünə qamçı vurdurmaz” məsəli mənim üçün fəaliyyət və davranış qanunu olub. Çalışmışam
elə işləyim, elə davranım ki, kimsəni incitməyim. Alınıb. Heç vaxt kimdənsə üzr istəmək məcburiyyətində qalmamışam.
Özümü haqlı saydığım “səhv hərəkətə” görə üzr istəməyi isə
özümə rəva görməmişəm. Üzr istəmək mənim üçün
ağırdı. Dəqiqəbaşı üzr
istəyən adamları saxtakar
hesab edirəm və xoşlamıram.
- Sabir deyir: “Ağladıqca kişi
qeyrətsiz olur”, siz necə düşünürsünüz?
- Uşaq
vaxtı ağlağan olmuşam. Yetkinlik
çağlarında kədərdən ağlardım (yeganə qardaşım
İkinci Dünya müharibəsində həlak olanda, atamı erkən itirəndə, anamın hər iki gözü tutulanda və s.).
Ağır həyat məni o qədər əzdi ki, ağlamağı unutdum: daha heç bir faciə mənim gözümdən yaş çıxara
bilmir. Amma kiminsə xoş məramı, xoş əməli, xoş rəftarı məni kövrəldir, qeyri-ixtiyari
gözlərim
yaşarır.
- “Kaş ki... ölkədə doğulaydım,
... xalqın nümayəndəsi olaydım” dediyiniz olurmu?
- Naturopat
alimlərin əsərlərini oxuyandan, sağlam həyat tərzinə keçəndən sonra bu qənaətə gəldim ki, yer üzünə səpələnmiş insanları dərisinin rənginə, dilinə, dininə görə bölmək yanlışdır. “Dilemma” poemasını və “Bəşəriyyətin xoşbəxtlik konsepsiyası” adlı
elmi-publisistik əsərimi
yazarkən məndə belə bir mülahizə möhkəmləndi: bütün insanları
iki qismə bölmək kifayətdir - yemək üçün yaşayanlar, bir də yaşamaq üçün
yeyənlər. Yaxşı,
pis ölkə
yoxdur. Millətlərə gəlincə, problem hər kəsin öz daxilindədir. Hara getsən,
o problem də səninlə gedəcək.
- Evinizdə inciklik olurmu? Olursa, birinci kim barışır?
-
Çox az olur. Nadir hallarda
küsüşürük. Barışıq
addımını mən
atıram.
-
Özünüzü kimin qarşısında günahkar
bilirsiniz və kiminsə günahını
bağışlamısınızmı?
-
Qarşısında günahkar olduğum adam,
zənnimcə, yoxdur. Günahını bağışladığım
adamlar isə çoxdur. Kin saxlayan adam - öz
daxilini içəridən didir və sağlamlığına balta vurur.
- Sizcə, azadlıq - istədiyini eləməkdir, yoxsa istəmədiyini etmək?
- Görkəmli psixoloq Stiven Kovi belə hesab edir ki,
qarşılıqlı asılılıq tam müstəqil olmaqdan
yaxşıdır. Çünki dünyanı
təkcə tarazlıq və harmoniya qanunları
deyil, həm də
qarşılıqlı asılılıq qanunu idarə edir. Azadlığa gəlincə, onu deməliyəm ki, daxili azadlıq
yoxdursa, heç bir azadlıq yoxdur. Zindana
atılmış qoluqandallı məhbus daxilən azad ola
bilir, amma dünyanı zindana döndərən despot heç cürə daxilən azad ola bilməz. Çünki
o, var-dövlətin,
şöhrətin,
hamını öz itaətində saxlamaq təkəbbürünün müti quludur.
- Sevgi nədir: ümid, qorxu, ya xoşbəxtlik?
- Sevgi -
haqqında ən çox təzadlı fikirlər söylənilən bir reallıqdır. Mənim düşüncəmə görə, sevgi - bir insanın
başqasını zahiri görkəminə, ağlına, davranışına və əxlaqına görə bəyənmək, onunla müttəfiq olmaq istəyidir. Bu istək
qarşılıqlı olanda ümid verir və xoşbəxtlik
gətirir. Birtərəfli olanda təşviş
doğurur. Faciə
ilə nəticələnə
də bilər.
- Ən çox nə zaman utanırsınız?
- Uşaq
vaxtı böyüklərin yanında danışmağa, bir də zərurət qarşısında nəyisə bazara çıxaranda
utanırdım. Gənclik
illərində
kasıblığımdan utanırdım. İndi isə
millətimin
qarınqulu, şənbaz
olduğuna və “mən salim olum, cümlə-cahan batsa da
batsın” prinsipi ilə
yaşamasına, torpaqlarımızın erməni işğalı altında
olmasına görə
utanıram.
- Ölüm nədir?
-
Ölüm - insan orqanizmində fəaliyyət göstərən 70 trilyon hüceyrənin öz iş qabiliyyətini itirməsi kimi bir bioloji prosesdir.
- Çoxlu pulunuz olsa, hara xərclərdiniz?
-
Çoxlu pulum olsa, 1997-ci ildə təsis etdiyim, lakin işlədə bilmədiyim “Ana Təbiət” Natural Gigiyena Hərəkatının maddi
bazasını yaradardım, işıqlı insanları
başıma yığıb, geniş maarifləndirmə işi aparardım, xoşbəxt olmaq üçün hər cür şəraiti olan Azərbaycanı başdan-başa
uzunömürlülər diyarına çevirərdim və ölkəmi dünyanın
sağlamlıq mərkəzinə döndərərdim
- “Mən almasam, bir başqası alacaq,
mən olmasam,
başqası
olacaq”
düşüncəsi nəyi ifadə edir?
- Təbii haldır.
- Həyatda ən böyük təsəlliniz?
-
1996-cı ildə yazdığım “Möcüzəsiz möcüzə” əsərim düz 15 ildir kitab
“piratları” tərəfindən çoxaldılıb (məndən icazəsiz) satılması, yüzlərlə insanın o kitabdan şəfa tapması,
yazdığım yeni elmi-publisistik əsərlər, bir də bu gün
apardığım hərtərəfli maarifləndirmə işi.
- Sizə hansı mövzuda sual verilməsini heç
arzulamırsınız?
- Elə bir sual yoxdur.
- Yubiley və ad günlərində özünüzü necə hiss edirsiniz?
- Ad
günü keçirmirəm, belə hesab edirəm ki, Ərşad Əzimzadənin dünyaya gəlməsi təzə bir ağacın bitməsindən önəmli hal deyil. Üstəlik, indi ad günlərini hədiyyə almaq tələsinə
çeviriblər.
Yubileylərin
tamam əleyhinəyəm. Onları
ayrı-ayrı müdrik insanların yaradıcılıq gecələri ilə
əvəz etmək daha
faydalıdır.
- Dünyanın hər yerindən görünən uca bir lövhəyə iki-üç kəlməlik nəsihət yazmağı xahiş etsələr, nə yazardınız?
- Qulaqda
sırğa et qızıl qaydanı,
Qidada ləzzət yox, axtar faydanı! (Ə.Əzimzadə).
- Sizə görə, insanda ən yaxşı və ən pis xarakter
hansılardır?
-
Bütün pis xarakterlərin kökü pis vərdişlərdir. Ona görə də Hippokrat deyirdi: “Bizi öldürən qocalıq deyil, pis vərdişlərdi”. İnsanı
sağlam, müdrik, humanist edən
isə sağlam həyat tərzidir. Ona görə
də nifrət bəslədiyim cəhət - qeyri-sağlam həyat tərzi və onun
qaçılmaz nəticəsi olan pis vərdişlərdir. Pis vərdişlərin hamısı - həm fərd üçün,
həm ailə üçün, həm cəmiyyət üçün,
həm də bütün bəşəriyyət üçün
böyük bəladır.
Bu bəlanın
qarşısına sipər
çəkən isə sağlam həyat tərzidir.
- Nə vaxtsa hansısa müğənniyə, sənətçiyə heyran, ya da aşiq
olmusunuzmu?
- Mən yaxşı sənətə heyran oluram, sənətçilər isə yadımda qalmır.
- Övladlarınız sizi atsalar,
onlara nə deyərdiniz?
- Bunu təbii hal kimi qəbul edərdim. Çünki
bütün əsrlərdə övlad ata-anadan çox, öz
epoxasına oxşayır. İndi
şoular, reklamlar, boş seriallar dünyanı
basdığı bir mühitdə
övladdan nəciblik
gözləmək əbəsdir.
- Ən çox sevdiyiniz və sevmədiyiniz sözlər?
-
Müdriklərin kəlamı - sevdiyim sözlərdir, kef məclisləri haqqında söhbətlər isə məni darıxdırır.
Yazmışam:
Cahillərin məclisində dürr töksən də ağzından,
Dürrü saman sanacaq başı dumanlı nadan.
- Fürsət olsa,
ölümqabağı nə vəsiyyət edəcəksiniz?
- Nə qədər gec deyil, sağlam həyat tərzinə keçin - bəşəriyyəti üstümüzə gələn dəhşətli sunamidən o xilas edəcək.
- Ən çox nədən qorxursunuz?
- Qorxuram
ki, yazdığım elmi-publisistik əsərləri bəşəriyyətə təqdim etməmiş, sağlam həyat tərzi haqqında qanunun qəbul edilməsinə nail olmamış
dünyadan köçüm.
- Xoşbəxt olmaq üçün nəyiniz çatmır?
- Əhalinin səhiyyə mədəniyyətini, xüsusilə də qida mədəniyyətini yüksəltmək üçün güclü rupor.
- Sizin kimlərə və nə kimi xeyriniz var?
- Cismi və ruhu xəstə olan zavallı insanlara
lazımam, onlara sağlamlıq və xoşbəxtlik yolunu göstərirəm.
- Bu dünya bir insan şəklində qarşınızda dursa,
ona nə deyərdiniz?
- İnsan yekcins deyil. Baxır hansı
insanın libasında. Bir var, 95 il gənc qalmağı bacaran
qüdrətli alim Pol Breqq kimi, bir də var, qarnının, pulun, sərvətin, şöhrətin müti qulu olan insan kimi.
Birinci halda deyərdim: “Əfsus ki, bəşəriyyət sənin həyat yolunu davam etdirmir!”. İkincilərə isə
“bədbəxtsən, amma bədbəxt olduğunu bilmirsən. Bu, ikiqat faciədir
“.
- Həyatınızda sizə təklif edilmiş nədənsə imtina etmisinizmi?
- Təkliflər o qədər az olub
ki, imtina etməyə lüzum qalmayıb.
- Gənclik hansı yaşda bitir?
- Yaş
nə
sağlamlıq ölçüsüdür, nə də sinn ölçüsü.
Mən 40
yaşlı qoca da tanıyıram, 90-100 yaşlı gənc də. İndiki
insanlar gənclik illərini başa
vurmamış dünyadan köçürlər. İnsan bir neçə yüz il
azar-bezarsız yaşamağa qadirdi.
- Dostlarınız çoxdurmu?
İnsanlar niyə dost olurlar?
- Əqidəmi, məsləkimi və həyat tərzimi bölüşən hər kəs mənim dostumdur. Hətta dağlar da bir-birinə söykənir ki, yalqız
olmasın.
Zaman.-2013.-17 dekabr.-s.7.