Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

QVAMI MƏHƏBBƏTOĞLU,

Artıq neçə ildir ki, respublikamızın hər guşəsində aparılan abadlıq-quruculuq işləri geniş vüsət alıb. Bunun nəticəsində istər paytaxtımız, istərsə də rayon və şəhərlərimiz öz görkəmlərini, sözün həqiqi

 mənasında, günbəgün dəyişir. Ölkə başçısı İlham Əliyev Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair keçirilən müşavirədə bu barədə deyib: “Ölkəmizdə aparılan geniş

quruculuq işləri hamımızı sevindirir. Ölkəmiz inkişaf edir, güclənir. Bu özünü həm statistik göstəricilərdə göstərir, eyni zamanda biz bu müsbət dəyişiklikləri gündəlik həyatda görürük. Həm Bakı

şəhərində, həm də bütün şəhər və rayonlarımızda çox böyük quruculuq və abadlıq işləri aparılır... Bakının inkişafına çox böyük diqqət göstərilir. Bakının müasir meqapolisə, böyük şəhərə çevrilməsindəki

səylərimiz öz nəticəsini verməkdədir. Şəhərimizdə həm abadlıq-quruculuq işləri uğurla aparılır, həm də infrastruktur layihələri icra edilir”.

Respublikamızda geniş vüsət alan sosial-iqtisadi inkişaf 1980-ci ildə, yəni 33 il əvvəl ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dönəmində təşkil olunmuş Nizami rayonunda da yüksələn templə davam edir. Bəli, bu gün Nizami rayonu paytaxtımızın ən abad, ən yaraşıqlı guşələrindən biridir. Rayon ərazisində reallaşdırılan abadlıq-quruculuq tədbirləri dövlət başçısı İlham Əliyevin də daimi diqqət mərkəzində olduğu üçün bu işlər xüsusi zövqlə aparılır. Prezident İlham Əliyev, eləcə də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dəfələrlə Nizami rayonunda olub, bir sıra obyektlərin açılışında iştirak ediblər.

Kiçik də, böyük də diqqət  mərkəzindədir...

Rayon sakinləri ilə söhbətimiz zamanı məlum oldu ki, Tahir Budaqov Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduqdan sonra rayonun inkişafına diqqət daha da artıb. Hətta rayonda uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsi də diqqət mərkəzində olub. Belə ki, son iki-üç ildə həyətlərdə müxtəlif əyləncə avadanlıqları quraşdırılıb, mini stadionlar, meydançalar təşkil edilib. Demək olar ki, rayonun hər yaşayış yerində onlara rast gəlmək mümkündür. Elə bu yazı ilə bağlı Nizami rayonunun Bəhruz Nuriyev küçəsindəki 31-ci binanın həyətində olarkən buradakı uşaq şəhərciyində istirahət edən onlarla balacanın sevincinə də şərik olduq. Buraya nəvələrini gəzdirməyə gətirmiş rayon sakini Əlif Ömərov yaradılmış şəraitdən razılıq etdi. Onun sözlərinə görə, valideynsiz uşaqların yaşayışı üçün nəzərdə tutulmuş “Gənclər Evi” də T. Budaqovun təşəbbüsü ilə təşkil olunub. Buradakı Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi isə yüzlərlə uşağı qoynuna alıb...

Dövlət qayğısı sayəsində Nizami rayonunda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində mühüm işlər görülüb: yeni məktəb binaları və əlavə tədris korpusları inşa edilərək istifadəyə verilib. Hazırda Nizami rayonunda 23 orta məktəb, 2 lisey, 1 özəl türk liseyi, 24 məktəbəqədər tərbiyəəssisəsi fəaliyyət göstərir. Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilovanın verdiyi məlumata görə, ötən tədris ilində rayonun orta məktəb və liseylərini 2109 şagird bitirib. Ali məktəblərə sənəd vermiş 1872 nəfərdən 1168-i tələbə adına layiq görülüb. Onu da qeyd edək ki, ölkə üzrə ən yaxşı ümumtəhsil məktəblərinin 10-u məhz Nizami rayonunun payına düşür. Xatırladaq ki, ölkəmizdə rəsmi fəaliyyətə başlamış ilk özəl ali məktəb - Xəzər Universiteti də bu rayondadır. Bu gün həmin təhsil ocağının adı dünyanın ən aparıcı ali məktəbləri ilə yanaşı çəkilir. Dünyanın müxtəlif ölkələrində “Xəzər”in məzunlarını görmək mümkündür. Rayonun Qara Qarayev 66 ünvanından yerləşin “Xeyir-Şər” evi isə yaşlı, imkansız insanların görüş yeridir.

 

Nizami rayonunda idmanın inkişafına da ciddi fikir verilir. Belə ki, rayonda 5 stadion, 6 idman-sağlamlıq kompleksi, ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi gənclərin istifadəsindədir. Rayonda 65 min tamaşaçı tutumuna malik müasir tipli stadionun - Bakı Olimpiya Stadionunun inşa olunması burada beynəlxalq yarışların keçirilməsinə daha real şərait yaradacaq.  Yeri gəlmişkən, 2015-ci ildə ölkəmizdə keçiriləcək Birinci Avropa Oyunlarının əsas mərkəzi məhz bu rayon olacaq. Xatırladaq ki, rayonun ərazisində “Olimpiya kəndi” də salınır,  Milli Gimnastika Arenası tikilir.  Hamıya yaxşı məlumdur ki, «Eurovision -2012» mahnı yarışması ilə əlaqədar aparılan yenidənqurmalar Bakının gözəlliyinə yeni naxışlar əlavə etdi. Heç şübhəsiz ki, bu beynəlxalq yarış da  Bakıya - onun rayonlarına, xüsusilə, Nizami rayonuna da öz töhfəsini verəcək.

Rəqəmlər nələr deyir?

Respublikamızda dinamik inkişafın təmin edilməsində Nizami rayonunun öz yeri var. Belə ki, ötən il rayonda sənaye məhsulunun həcmi 418,8 milyon manat olub ki, bu da 2011-ci ilə nisbətən 5,6 faiz çoxdur. (Bu ilin ilk 9 ayında 308,2 milyon manat dəyərində məhsul istehsal olunub. Bu da əvvəlki ilin müvafiq dövründəkindən 5,8 faiz artıqdır). Ötən il rayon üzrə istehsal olunmuş ümumi sənaye məhsulunun 280,9 milyon manatlığı və ya 67,1 dövlət sektorunun payına düşüb. Rayon üzrə məhsul istehsalının artımında bu ilin avqustunda 60 illiyi qeyd edilmiş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun aparıcı rolu olub.  Yeri gəlmişkən, qeyd edək ki, ölkəmizin sosial-iqtisadi inkişafında mühüm rol oynayan bu zavod ötən əsrin əvvəllərində ən çətin günlərini yaşadı. Hətta o bağlanmaq təhlükəsi ilə üzləşdi. Ümumilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı bu zavodda ciddi dəyişikliklər yaratdı. İmzalanmış “Əsrin müqaviləsi  əssisəni dirçəltdi: zavodda ciddi texnoloji dəyişikliklər başladı, yeni avadanlıqlar alındı, xarici şirkətlərlə müqavilələr bağlandı. Bu gün zavodda 15 adda məhsul istehsal olunur. Bu məhsullar 22 xarici ölkəyə satılır. Beynəlxalq bazarda həmin məhsullara tələbat xeyli artıb. Təbii ki, bütün bunlar ulu öndərin uğurlu strategiyasının nəticəsidir. Onu da qeyd edək ki, son illərdə bu

əssisənin 500 nəfər işçisi “Neftayıranlar məhəlləsində onlar üçün inşa olunmuş 7 yaşayış binasında yeni mənzillərlə təmin edilib.

Rayonda əhalinin işlə təminatı da günün tələbinə çevrilib. Belə ki, ötən il Nizami rayonunda 3088 yeni iş yeri açılıb ki, bunun da 224-ü yeni açılmış müəssisə və təşkilatların, 1010-u mövcud müəssisə və təşkilatların, 1836-sı isə fiziki şəxslərin payına düşüb. (Bu ilin 9 ayında 1483 iş yeri açılıb ki, bunun 307-si yeni açılmış müəssisələrin, 71 mövcud müəssisə və təşkilatların, 1105-i fiziki şəxslərin payına düşüb). Bütövlükdə rayonda son on ildə 22 947 yeni iş yeri açılıb ki, bunun da 22817-si daimidir.

 

 

 

 

 

 

 

Rayon fasiləsiz içməli  su ilə təmin olunur

Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının rayon təsərrüfatı şöbəsinin müdiri Babək Tatlıyevin sözlərinə görə, rayonun yaşayış fondu 730 binadan ibarətdir ki, bundan da 515-i mərkəzi istilik sistemi vasitəsilə, 215-i isə divar sobaları ilə qızdırılır. 2013-2014-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq 17 nəfərdən ibarət qərargah fəaliyyət göstərir. Mərkəzi istilik sisteminin, su və kanalizasiya xətlərinin, istilik məntəqələri və qazanxanaların, soba və tüstü bacalarının normal fəaliyyətini təmin etmək məqsədilə müvafiq profilaktik tədbirlər görülür, təmir-bərpa işləri aparılır. Yeri gəlmişkən, Nizami rayonunun böyük bir hissəsinə 24 saat fasiləsiz içməli suyun verilməsi istiqamətində işlərə start verilib. Artıq 51490 abonentin 46 mini fasiləsiz su ilə təmin edilib. Hələlik rayonun yalnız Elşən Süleymanov, Bəhruz Nuriyev, Şərifli küçələrinin bir

hissəsinə, eləcə də Keşlə qəsəbəsinin bəzi yerlərinə içməli su qrafiklə verilir. Həyata keçirilən yenidənqurma işləri başa çatdıqdan sonra bu ərazilərə də 24 saat içməli suyun verilməsi təmin ediləcək. Rayonun eləcə də elektrik enerjisi təchizatının, “mavi yanacaq” la təminatının yaxşılaşdırılması da diqqət mərkəzindədir.

Qeyd edək ki, rayonun inzibati ərazi bölgüsünə daxil olan Keşlə qəsəbəsinin ərazisi və əhalisi Nizami rayonunun təqribən yarısı qədərdir. Ötən il burada 328 saylı məktəbin yeni binası, həmçinin bu təhsil ocağına təhlükəsiz gəliş-gedişin təmini məqsədilə Babək prospektində yeraltı keçid istifadəyə verilib. “Şəfa” stadionunun qarşısında yeraltı avtomobil yolunun və piyada keçidinin inşası davam etdirilir. 100 yerlik uşaq bağçasının təməli qoyulub. Bunlardan başqa, yeni qaz, elektrik xətləri çəkilb.

Son

Bəli, son illər bu rayonun da müxtəlif sahələrə aid neçə-neçə yeni ünvan (səhiyyə və təhsil müəssisələri, yollar, yol ötürücüləri və yol qovşaqları, piyada keçidləri, parklar, infrastruktur obyektləri və sairə) yaranıb. Bütün bunlar isə Nizami rayonunun yeni inkişaf mərhələsinə qədəm qoyduğunun sübutudur. Bu inkişafda Heydər Əliyev kursunun davamçısı İlham Əliyevin xidmətləri danılmazdır. Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqovun sözləri ilə desək, görülmüş bu kimi işlər Nizimi rayon sakinlərində dövlətə inamı, cənab Prezidentə etimadı daha da möhkəmləndirib, ümummilli lider Heydər Əliyevin siyasi kursunun alternativsizliyini bir daha təsdiq edib. Yəni qazanılan hər bir nailiyyətə dövlət başçısının bu rayona göstərdiyi böyük diqqət və qayğı sayəsində nail olunub.

 Bu rayonda “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilmiş cari və perspektiv işlərin müfəssəl konturları aydın göstərir. Bütün bunlar Nizami rayonunun sosial-iqtisadi həyatında daha bir məhsuldar dövrün yaşanacağından xəbər verir. İnanırıq ki, daha geniş abadlıq işləri və müasir layihələr həyata keçirildikcə Nizami rayonu yeni parklar, körpülər, digər müxtəlif obyektlərlə paytaxtımızın, belə demək olarsa, vizit kartına çevriləcək.

 Nizami rayonunda qarşılaşdığımız bir neçə problemlemdən də söz açmaq istərdik. Bu gün rayondakı “Təbriz” (keçmiş “Sevinc”) kinoteatrının yerləşdiyi parkın, eləcə də Heydər bağı - Park Bulvarın Cəmşid Naxçıvanski küçəsindəki hissəsinin yenidən qurulmasına ciddi ehtiyac var. Bu həm də həmin ərazidə yaşayan yüzlərlə insanın daha mənalı istirahətinə zəmin yarada bilər. Digər bir məsələ isə 8-ci kilometr bazarı ilə bağlıdır. Bu ərazidə o qədər avtomobil olur ki, piyadalar üçün səkilər belə keçilməz hala düşür. Burada yeraltı piyada keçidlərinə, eləcə də avtomobillər üçün yeraltı dayanacaqların salınmasına ehtiyac duyulur. Onu da qeyd edək ki, rayonda tıxac məsələsinin həlli istiqamətindəəyyən işlər görülüb. Belə ki, metronun “Koroğlu” stansiyasının (“Qara Qarayev”, “Neftçilər” və “Xalqlar Dostluğu” metrostansiyaları da bu rayonun ərazisindədir) yaxınlığında dünya standartlarına uyğun inşa olunmuş körpü kompleksi həm də rayonun simasına bir yenilik gətirib.

Yazı Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.

Zaman.-2013.-18 dekabr.-S.14.