“Şahdəniz-2” üzrə yekun investisiya sazişi imzalandı

ALLAHVERDİ CƏFƏROV,

Dünən Bakıda “Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanması mərasimi keçirilib. Prezidenti İlham Əliyevin də iştirak etdiyi mərasimdə sazişi Dövlət Neft Şirkətinin (ARDNŞ) prezident Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell imzalayıblar. “BP-Azərbaycan” şirkətindən qəzetimizə verilən məlumatda bildirilir ki, bu saziş Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Türkiyə ərazisindən keçən Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verəcək.

 “Şahdəniz-2” layihəsinin müddəti 2048-ci ilə kimi uzadılıb

“BP-Azərbaycan”dan verilən məlumatda bildirilir ki, “Şahdəniz” layihəsinin ikinci mərhələsi özündə bir sıra elementləri birləşdirir - dənizdə 26 sualtı quyunun qazılması və tamamlanması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, quruda isə Səngəçalda yeni texniki emal və kompressiya qurğularının tikintisi nəzərdə tutulur. “Şahdəniz” layihəsinin ikinci mərhələsi və CQBK-nin genişləndirilməsi layihələrinin ümumi dəyəri təxminən 28 milyard dollar təşkil edəcək. Nəhəng Şahdəniz yatağından hasil ediləcək ildə 16 milyard kubmetr qaz təxminən 3500 kilometr məsafəyə nəql edilərək Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçını enerji ilə təmin edəcək. İlk qaz Gürcüstan və Türkiyəyə satılmaqla 2018-ci ilin sonlarına nəzərdə tutulur, Avropaya isə qazın bundan təxminən bir il sonra çatdırılacağı planlaşdırılır.

Bundan başqa ARDNŞ və “Şahdəniz” tərəfdaşları həmçinin bu layihə üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) müddətinin 2048-ci ilədək artırılması üçün şərtləri də razılaşdırıblar. “Şahdəniz” tərəfdaşları HPBS sahəsi daxilindəki strukturlarda kəşfiyyat və qiymətləndirmə işlərinin aparılmasına dair razılığa gəliblər. Məlumat üçün onu da bildirək ki, Heydər Əliyev Mərkəzində baş tutan yekun investisiya qərarının rəsmi imzalanması mərasimində Prezident İlham Əliyevlə birgə xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, “Cənub qaz dəhlizi” boyunca yerləşən dövlətlərin rəhbərləri - Albaniyanın Baş naziri Edi Rama, Bolqarıstanın Baş naziri Plamin Orişarski, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Xorvatiyanın Baş naziri Zoran Milanoviç, Monteneqronun Prezidenti Filip Vuyanoviç, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər naziri Uilyam Heyq, İtaliyanın xarici işlər naziri Emma Bonino, Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger, ABŞ-ın enerji nazirinin köməkçisi vəzifəsini icra edən Conatan Elkind və eləcə də Avropa Komissiyasından və digər ölkələrdən olan rəsmi şəxslər iştirak ediblər.

“Cənubi qaz dəhlizi” barədə

anlaşma memorandumu imzalanıb

“Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə yekun sazişin imzalanması mərasimi çərçivəsində “Cənubi qaz dəhlizi” barədə anlaşma memorandumu da imzalanıb. Memorandumu Azərbaycanın energetika naziri Natiq Əliyev, Albaniyanın enerji və sənaye naziri Damian Gjiknuri, Xorvatiyanın iqtisadiyyat naziri İvan Vrdoljak, Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç imzalayıblar. Qeyd edək ki, Azərbaycan “Şahdəniz-2” layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya çatdırılması üçün boru kəmərinin seçilməsi ilə bağlı qəbul etdiyi qərarını iyunun 28-də rəsmən açıqlayıb. “Şahdəniz” konsorsiumu son iki il ərzində Avropaya qazın nəqli üçün boru kəmərinin bir neçə seçim variantını nəzərdən keçirib və TAP üzərində dayanıb. Uzunluğu 870 km olacaq TAP kəməri Azərbaycan qazını Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 2,2 milyard dolları təşkil edir.

ARDNŞ “Şahdəniz”dəki payını

10%-dən 16,7%-ə çatdırdı

Yekun investisiya qərarına paralel olaraq, ARDNŞ “Statoil” şirkətindən “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəmərində 6,7%, BP isə “Statoil”dən “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəmərində 3,3% iştirak payı alıb. Bu əməliyyatların rəsmiləşdirilməsi prosesinin 2014-cü ildə başa çatdırılması planlaşdırılır. Beləliklə,  “Şahdəniz” tərəfdaşları arasındakı satınalma əməliyyatlarından sonra layihədə şirkətlərin payı aşağıdakı kimi olacaq:  BP, operator (28,8%), ARDNŞ (16,7%), “Statoyl” (15,5%), “Total” (10%), “Lukoyl” (10%), NIKO (10%) və TPAO (9%). Bu faizlərə Statoyldan BP və ARDNŞ-nin müvafiq olaraq aldığı yuxarıda qeyd olunmuş iştirak payları daxildir. Eyni zamanda BOTAŞ və BP-nin TANAP-dakı payları müvafiq olaraq 20% və 12% olacaq. Digər 68%-lik pay isə ARDNŞ-ə məxsusdur. TAP tərəfdaşları isə aşağıdakı şirkətlərdir: ARDNŞ (20%), BP (20%), Statoyl (20%), Fluxys (16%), Total (10%), E.ON (9%) və Axpo (5%).

Prezident İlham Əliyev: “Biz “neft

lənəti” deyilən haldan qaça bilmişik”.

“Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanması mərasimində çıxış edən Prezident İlham Əliyev  deyib ki, “Şahdəniz-2”, TAP və TANAP dünyanın ən iri enerji layihələrindəndir: “Bu layihələr çərçivəsində 35 milyard dollar yatırım qoyulması və 30 min yeni yerinin açılması gözlənilir”. Azərbaycan xalqını bu tarixi günlə əlaqədar təbrik edən prezidentin sözlərinə görə, enerji siyasəti Azərbaycan iqtisadiyyatının transformasiyası və diversifikasiyasına imkan yaradacaq. İ. Əliyev iqtisadiyyatın qeyri-neft sektorunu da inkişaf etdirdiklərini söyləyib: “Biz “neft lənəti” deyilən haldan qaça bilmişik”.  

Mərasimdə çıxış edən Avropa Birliyinin enerji üzrə komissarı Günter Ottinger isə qeyd edib ki, layihənin həyata keçirilməsi AB ilə bölgənin əlaqələrini möhkəmləndirəcək və enerji ehtiyatlarının Avropaya nəqlini müxtəlifləşdirməyə imkan yaradacaq.

BP-nin baş icraçı direktoru:

“On minlərlə yeni yerləri açılacaq”

“Bu, həqiqətən də, Azərbaycan üçün tarixi bir gündür. İlk dəfədir ki, bizim ölkəmiz və bu region bu miqyasda bir layihəyə qədəm qoyur. Bu layihə bizim və regionun gələcəyinə yol açır”, -deyən ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bildirib ki, bu layihə Azərbaycanı Avropa üçün mühüm enerji təchizatçısına çevirir və beləliklə də, bizim uzun illərdən bəri olan arzumuzu gerçəkləşdirir.

BP-nin baş icraçı direktoru Bob Dadli isə bildirib ki, “Şahdəniz-2” və “Cənub dəhlizi” boru kəmərləri yalnız enerji xəritəsini dəyişməyəcək, həm də Avropadakı qaz alıcılarına ilk dəfə olaraq Azərbaycanın qaz ehtiyatlarına birbaşa çıxış imkanı verəcək: “Bu layihə indiyə qədər Azərbaycana yatırılmış ən böyük xarici investisiya olmaqla Azərbaycan, Gürcüstan, Türkiyə və Avropada boru kəmərlərinin marşrutu boyunca on minlərlə yeni yerləri açacaq”.

Məlumat üçün qeyd edək ki, “Şahdəniz” yatağı 1999-cu ildə kəşf olunub. Azərbaycan 2006-cı ildən etibarən “Şahdəniz” layihəsinin birinci mərhələsinin işlənməsindən Gürcüstan və Türkiyəyə qaz ixrac edir.

Zaman.-2013.-18 dekabr.-S.9.