Qaxda turistlərin qəbulu üçün bütün şərait yaradılıb

Qış turizm mövsümünə hər bölgədə olduğu kimi, Qax rayonunda da hazırlıqlar görülür. Qax rayonu da qış mövsümündə turistlərin marağında olan rayonlardan biridir. Rayonda fəaliyyət göstərən turizm obyektlərində qonaqları qarşılamaq üçün, bütün hazırlıqlar demək olar ki, yekunlaşmaq üzrədir.

  Qax rayonunda turizmin inkişafı üçün hər il görülən işlər, yeni-yeni turizm obyektlərinin açılması, obyektlərdə turistlərin istirahətinin tam təmin edilməsi, turistlərin bu məkana olan marağını ildən-ilə daha da artırır. İstirahət üçün Qax rayonuna gələn turistlərə yerli, milli və avropa mətbəxindən olan yeməklər təklif olunur. Rayonun gəzməli, görməli tarixi yerlərinə marşrut üzrə turlar təşkil olunur. Obyekt sahibləri, böyüklərin və uşaqların istirahətini nəzərə alaraq, istirahət məkanlarında hər bir şərait yaradıblar. Qax rayon Mədəniyyət və Turizm şöbəsinin inspektoru Dilarə Əzizovanın sözlərinə görə, rayona gələn turistlər, hotellərlə yanaşı, xüsusi kənd evlərində qalmağa da üstünlük verirlər. Həm də turistlərə iqlim şəraitini nəzərə alaraq yerli xəmir xörəkləri də təklif olunur. Turizm obyektlərinin sahibləri, hər il olduğu kimi bu il də turistlər üçün bütün şəraitlərin yaradıldığını bildirirlər. Obyektlərdə böyüklər və uşaqlar üçün münasib qiymətlərin olduğunu vurğulayırlar. 1 sutka ərzində hansısa bir istirahət məkanında istirahət etmək, 1 nəfər üçün gün ərzində 3 dəfə yemək də daxil olmaqla 30-35 manata başa gəlir. Obyekt sahiblərindən aldığımız məlumata görə, qış mövsümü ilə əlaqədar qiymətlərdə endirimlər gözlənilir. Ümumiyyətlə respublikanın digər bölgələri kimi, Qax rayonunun gözəlliklərini görmək istəyənlərin sayı ildən-ilə artmaqdadır.

Qeyd edək ki, qış turizm mövsümündə Qax rayonunda fəaliyyət göstərən 7 lisenziyalı, turizm obyektlərində, bir dəfəyə 600 turisti yerləşdirmək imkanı var. Onu da qeyd edək ki, 2012-ci ildə rayona 18 mindən artıq turist gəlib, 2013-cü ildə turistlərin sayı 20 mindən çox olub. Odur ki, istirahət üçün Qax rayonunu seçən turistlər bu səfalı gəzməli, görməli məkanda xoş istirahət edə bilərlər.

 Ruslan Abdulov Qax

Zaman.-2013.-18 dekabr.-S.6.